Страницы

29.05.2017

Əliağa Vahid - Birdənəsən

Gözəllər içrə sən, ey mahiparə, birdənəsən,
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi-məst ilə qılan işarə birdənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə birdənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə birdənəsən.

Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.

Комментариев нет:

Отправить комментарий