Страницы

17.05.2017

Əlixan Qaya - İçimdə bir mahnı

Mən əsrimdə özüm kimi yaşayıram
Dünənki gün yaddaşımda sabahımı yaşayıram.
Gün keçir ömür sovuşur
Dəmiryol üstündə qatar dayanıb
Müsafir gözləyir
Bir azdan yola düşəcək
Zaman vaqondan
Şüşənin tərini silə-silə
Əl edir:
-Şair, bir az tələs!

İçimdə bir mahnı

Gecələr içimdə bir mahnı bəsləyirəm
Gündüz mahnılarıma musiqi axtarıram
Yaz açılır
Yay gəlir
Payız ötür
İçimdə bir mahnı məni çağırır
-Qaçma məndən,
Oxu məni,
Bir il də yaşadım səni...

Mən dəli dalğaları öz içimdə yaratdım

Buludlara çəkildim
Yağış olub buludda
Göydən yerə töküldüm
Mən gecələr sükutda
Qanadıma büküldüm
Tikişimdən söküldüm
Qulaq verdim sükuta
Kölgə səsi gəlirdi
Kəndin yol ayrıcında
Neçələri acından
Ayrıldı ana-bacısından
əsən yellə-küləklə
bir duyğulu ürəklə
mən dəli dalğaları
öz içimdə yaratdım

Qızım Sevdanın doğum gününə

Yumşaq ürəkli
Balaca ərköyün bir qız uşağı
Həyatımın bacasından
Qırmızı şal salladı
“Yaz ata şeir yaz”
Dedi mənə
Mən də bir şeir yazıb
Qırmızı şalına bağladım
Qızımın gözlərindən
Mənim şeirim yaranır
Yolum çamurludu bu Yer üzündə
Qaragilə gözlərindən
Gözüm işıq alır
Əli açıqsan, İlahi
yollarda atımı yorma
Mənə qıysan da
Qızıma qıyma.

***
Qonşu qızına
Bizdən bir hasar o yana
Bənd oldum.
Mən nə biləydim
Alın yazısına nöqtə qoyub İlahi
Ay qız, yuxumda məni görsən
Çox yuxumdan
Dön bəri bax
Pəncərədən göylərə bax
Göy üzündə ulduzumuz öpüşür.

Комментариев нет:

Отправить комментарий