Страницы

17.05.2017

Mərdan Dadaşlı - Bir yad kimi

QALIB Kİ

Gül çiçəkdən yazan şair
Vətənin gülü qalıb ki?
Çox ocaqlar viran olub
Sovrulub külü qalıb ki?

“Gəl-gəl” deyənlər çoxdursa
İstəmirəm sonu busa
İntiqam ruhu yoxdursa
Qarşıda günü qalıb ki?

Ar eyləməz bunu arsız,
Varmı sinə qala dağsız?
Ürəyimin Qarabağsız
Toyu düyünü qalıb ki?

Dərd çoxalır gəlmir saya, 
İndi kimdir çatan haya.
Çoxu dönüb müqəvvaya,
Heç səsi, ünü qalıb ki?

Ömür boyu mən qəm yedim
Heç bilmirəm qalım, gedim
Nəyi yazıb aşkar edim?
Nəsə örtülü qalıb ki?

***
Çıxart məni yer üzünə
Bu həyatdı, ya ölümdü
Baş açmıram, nə bilim?
Tanrım ayırd etmək üçün
Öldür məni, dirilim.

Yer altı nə, yer üstü nə? 
Bu altdırsa, ver üstünə
Çıxart məni yer üstünə 
Çıxart məni, bilinim.

Arzularım selə dönür
Dərdə bir bax, filə dönür
Ömrün günü ilə dönür
Gün tək keçir bir ilim.

Göstər mənə düz yolumu, 
Haqq sözümü, söz yolumu
Azsam əgər öz yolumu
Nəzərindən silinim.

KÜL SƏNİN KİŞİ BAŞINA

Var toplamaq dərdi-sərin.
Yad ətəklər sənin əlin,
Dostu oldun özgələrin.
Düşmən oldun qardaşına,
Kül sənin kişi başına.

Haqqa ox at, arzuna çat,
Namusu sat, mənliyi sat,
Lap özünü- hər şeyi sat,
Nə ziyanı daş-qaşına,
Kül sənin kişi başına.

Əllərim cibimə gəldi,
Pişik gözlərim bərəldi,
Halal yaşamaq hünərdi,
Bax boyuna, bax yaşına,
Kül sənin kişi başına.

Dolan eldə bir yad kimi,
İliş görsən babat kimi,
Bəzən-düzən arvad kimi,
Sürmə də çək göz-qaşına, 
Daş sənin kişi başına.

Pulun olsun lap bir taya.
Nə xeyri var el-obaya?
Çatmısanmi sən bir haya?
Qəlbin yanıb göz yaşına?
Kül sənin kişi başına.

Gözləmə ki, ölüm çatar,
Get ləkəli ömrü qurtar,
Hər nə desəm səni tutar.
Zəhər tökərəm aşına,
Kül sənin kişi başına.

Комментариев нет:

Отправить комментарий