-İlk növbədə Rusiya ilə qonşuyuq və 200 illik siyasi, iqtisadi, mədəni və mənəvi birliyimiz var. Biz bu birlikdən sözün əsl mənasında daha çox qazanmışıq. İtkilərimiz çox azdır və onlar elə rus xalqının öz itkilərinə paralel baş verib. Bu gün mövcud olan Azərbaycan xalqının formalaşmasına belə, Rusiyanın, daha sonra SSRİ-nin tərkibində olmağımızın çox böyük təsiri olub. Bizə sivil dünyanın bütün dəyərləri Rusiyadan keçərək gəlib. SSRİ zamanında anadilli milli təhsilimiz formalaşıb və az qala rusdilli təhsil səviyyəsinə yüksəlib. Biz çox gözəl orta və ali məktəblərdə ana dilimizdə dünyəvi təhsil almışıq, bizim üçün Rus və ya Azərbaycan dilində təhsil almaq sırf şəxsi seçim olub və respublikamızda milli təhsilə üstünlük verilib. Sovet dövründə mənim böyüdüyüm İmişli rayonunda 50-dən çox məktəbin yalnız biri rus məktəbi idi, ancaq orada da Azərbaycan bölməsi vardı. Belə imperiya olarmı? Özümüzü elə Cənubi Azərbaycanda, İraqda, Türkiyənin özündə yaşayan azərbaycanlılarla müqayisə etsək, yetər. O ölkələrin heç birində Azərbaycan dilində məktəb yoxdur. Bizdə SSRİ dövründə klassik Avropa musiqisi təhsili verən elə bir güclü məktəb- konservatoriya yaranıb ki, onun analoqu Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə heç yanda yoxdur. Türkiyə bu sahədə hələ də bizim mütəxəssislərdən öyrənir. Güclü teatr, kino, rəssamlıq məktəbi yaranıb, yazıçılar, bəstəkarlar, rejissorlar, rəssamlar, aktyorlar, dünya səviyyəli böyük müğənnilər yetişib. Sual oluna bilər ki, Rusiya, SSRİ olmasaydı, bunlar olmayacaqdı? İranda, Türkiyədə, İraqda, Suriyada olubmu, bizdə də olsun? Mən Türkiyədə olanda bir dəfə onların məşhur alimi və vicdanlı fikir adamlarından biri Oqtay Sinanoğlunun mühazirəsini dinlədim. Dedi ki, dünyanın ən güclü riyaziyyat məktəbi Rusiyadadır. Bizim azərilər onlardan bəzi şeylər qapa biliblər, biz də indi azərilərdən öyrənirik. Belə bir ölkəyə imperiya demək ən azı ədalətsizlikdir, hətta günahdır.
Комментариев нет:
Отправить комментарий