Страницы

19.06.2017

"Monqol-tatarlar" qıyıqgöz deyildilər

“Monqol-tatarlar” müasir dərsliklərdə qıyıqgöz göstərilsələr də, qədim qravürlərinin hamısında ağ insanlar kimi təsvir olunurlar. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər. Tomas Cefrinin 1757-1772-ci illərdə Londonda 4 cilddə nəşr olunmuş “Müxtəlif qədim və müasir xalqların milli kostyumlarının kataloqu”nda, yezuit Antuan Fransua Prevostun öz səyahətlərinin bəhrəsi kimi hazırlayaraq 1760-cı ildə nəşr etdirdiyi kitabında əks olunan “monqol-tatarlarda” da monqoloidlik müşahidə olunmur. Holland nəşriyyatçısı və kartoqrafı İsaak Tirionun (1705-1769), şotland tarixçisi və coğrafiyaçısı Tomas Salmonun (1679-1767) rəsmlərində də “monqol-tatarların” monqolluğundan əsər-əlamət belə yoxdur. Rus salnamələrindəki miniatürlərdən aydın görünür ki, üz-üzə gələn rus və monqol əsgərləri arasında irqi fərqlər yoxdur; onların geyimlərində və silahlarında da kəskin fərqlər müşahidə olunmur. İvan Qroznının məşhur “Çar-kniqa”sındakı miniatürlərdə çarpışan rus və tatar əsgərləri eyni geyimdə, eyni papaqlı və eyni yaraq-əsləhə ilə silahlanmış göstərilir. 1241-ci ilə aid tampliyerlərlə “monqol-tatarların” Leqnitsa yaxınlığında döyüşünü əks etdirən miniatürdə monqollar qıyıqgözlü yox, rus mujikləri tipində təsvir olunurlar və başlarında ənənəvi ucuşiş rus şlemləri var. 16-cı əsrə aid Buz döyüşünü əks etdirən miniatürdə də eyni mənzərənin şahidi oluruq. 17-ci əsrin ortalarında ərsəyə gəlmiş Sergey Radonejski ikonasının “Kulikov döyüşü” fraqmentindən aydın görünür ki, hər iki tərəfdən eyni antropoloji tipli insanlar vuruşur, monqolluqdan burda əsər-əlamət yoxdur. Henrix 2-ci Nabojnının (1192-1241) məqbərəsində rəsm olunmuş “tatar”ın da monqoloid görkəmi yoxdur, əksinə həm üzü, həm də geyim və silahı ilə rus kazakını xatırladır. 1240-1310-cu illərdə yaşamış erməni tarixçisi və dövlət xadimi Xetum Patmiçin “Şərq torpaqları hekayətləri toplusu”ndakı Girdxuk qalasının monqollar tərəfindən mühasirəsini əks etdirən miniatürdə qaladakılar qara rəngli göstərilsələr də, monqollar ağ xalqın nümayəndələri kimi təsvir olunmuşlar. 1488-ci ilə aid macar xronikasındakı miniatürlərdə monqollar kazak şapkası, topuğa kimi uzun kaftan və sapoqları ilə təsvir olunurlar. Onların sifətlərindən monqoloid yox, slavyan olduqları, kosa yox, sıx saqqallı olduqları aydın sezilir. Əlbəttə bu rəsmlər indi çəkilsəydi, "monqollar" qıyıqgöz təsvir olunardı, çünki müasirlərimizə elə gəlir ki, onlar qıyıqgöz olmuşlar.

İbrahim Sel, "Avrasiya tarixi"

Комментариев нет:

Отправить комментарий