Страницы

08.06.2017

Zamiq Səfai - Kasıblıq

Ey dad, üzü dönsün, nə xəcalətdi kasıblıq,
Abrım aparıb dövrdə, zillətdi kasıblıq.

Bir gün gələn onsuz da köçür fani cahandan,
Bəzən də bu köçməkliyə illətdi kasıblıq.

Dövlətlilərin olsa da hər qədri cəlalı,
Ol qədr kasaddır içi, dövlətdi kasıblıq.

Comərdlik elə bir neçə gün ac qal, ey insan,
Asan deyil əlbəttə, məlalətdi kasıblıq.

Əl çirkidi pul, kim ki deyir boşla yalandır,
Yox misli təmizlikdə, rəzalətdi kasıblıq.

Gördüm kasıbı, halını sordum, xəbər aldım,
Dad etdi, dedi: İtkidi, firqətdi, kasıblıq.

Mərdanələrin bağrını dəlmiş bu fəqirlik,
Tək-tək hamısın dənlədi, rehlətdi kasıblıq.

Cənnətlə verib müjdəmi, dün söylədi vaiz,
Guya fəqirin əfvinə fürsətdi kasıblıq.

Lənət yoxa, pul getdi, əzizlər də bərabər,
Tərk eylədilər kuyimi, nifrətdi kasıblıq.

Artdıqca varı, dövləti əndamını açmış
Bir qismi elin, rədd elə iffətdi kasıblıq.

Düzdür ki, Xuda qılsa əta zövqü-səfadır,
Lakin soracaq mülkünü nemətdi kasıblıq.

Hər harda olursansa əgər, gəlsə deyinmə,
Qismətdi, Səfai, götür, hikmətdi kasıblıq.

Комментариев нет:

Отправить комментарий