Страницы

25.07.2017

Dövlət qəzeti bu dəfə baltanı dövlətə vurdu: "Məmurlar şəxsi obyektlərində xalqı soyur"

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” çimərliklərdən və plyajlarda obyekt açıb vətəndaşları soyan, hüquqlarını pozan, qanunsuzluq edən şəxslərdən yazıb. ulus.az-ın məlumatına görə, qəzet çimərliklərdəki vəziyyəti tənqid edib və özbaşınalıqları yazıb. Sitat: “Dəniz sahilinin zəbti, keyfiyyətsiz xidmət, digər tərəfdən də çimərliklərə girişin ödənişli olması haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur. Belə ərazilərdən biri də Bakının “Şıx” çimərliyidir.  Bu ərazinin ümumiyyətlə, çimmək üçün yararlı olmadığını hələ demirik. Bu, məsələnin ikinci tərəfidir. Söhbət dəniz sahilinin hasarlanmasından və dənizi görmək istəyənlərdən pul alınmasından gedir”. 
Qəzet yazır ki, hara yaxınlaşıblarsa “giriş 2 manatdır”, “giriş 10 manatdır”, “giriş 15 manatdır”, “giriş 25 manatdır” və s. sözlərlə qarşılaşdıq: “Girişi 2 manat olan çimərliklər sizə elə də ucuz görünməsin. İçəri girəndən sonra stol, stul, çətir və uzanmaq üçün günlük təqdim olunur. Çətirlə birgə stolun qiyməti 10, günlüyün qiyməti isə 3 manatdır. Bu kimi hallara “Qızıl balıq”, “Balıq Evi”, “Eldorado” və s. adlı çimərliklərdə rast gəlinir.  “Şıx” Aqua Parka giriş 12, “Dostluq” adlı çimərliyə 5, “Mambo” beach club-a 15, “Ramada Baku”ya isə 25 manatdır. Bəzi obyektlərdə isə avtomobil parkinqinə görə əlavə 50 qəpik və ya 1 manat ödəniş tələb olunur. “Crazy beach” adlı məkana isə maşınla və ya maşınsız daxil olmaq üçün 5 manat ödəməlisən. Hər bir çimərlik obyektində stol və stuldan ötrü də əlavə vəsait- bəzisində 5, bəzisində isə 10 manat tələb olunur. Maraqlı məqamlardan biri də bu obyektlərin çoxunda ödənişlə bağlı heç bir qəbzin verilməməsidir. Bu isə şübhəsiz ki, vergidən yayınma hallarına dəlalət edir. Digər tərəfdən, baxmayaraq ki, mövsümün əvvəlində müvafiq qurumlar Xəzər dənizinin Səbail və Qaradağ sahil zolaqlarında suyun tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilən bakteriyaların olduğunu bəyan edib, insanlar yenə də həmin yerlərə üz tuturlar”.
ulus.az-ın məlumatına görə, hakimiyyət qəzetinin tənqid etdiyi obyektlər məmurlara məxsusdur. Təbii ki, həmin yerlər sadə insanların və ya sahibkarların deyil. Həmin məşhur yerlər ayrı-ayrı məmurların nəzarətindədir. 
Qəzet yazır: “Bakı Şəhər İcra Hakimiyyəti qərar verib ki, bütün çimərliklərə giriş pulsuzdur. Amma pulsuz heç dənizə də baxa bilməzsən. Hər tərəfi hasarlayıblar”.
Məsələ ilə bağlı BŞİH-lə telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin cəhdlərimiz uğursuz oldu. Görünən isə odur ki, isti yay fəslində Xəzərin Bakı sahilindən, xüsusən də “Şıx” zolağından pulsuz istifadə etmək mümkün deyil. 
Özü də söhbət təkcə çimməkdən getmir, dəniz sahilində gəzməyin, yaxud dənizə baxmağın da qarşısı alınır. Onsuz da Xəzər dənizinin “Şıx” sahil zolağının suyu çimmək üçün zərərlidir! 
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşların rahat istirahəti üçün heç bir maneə olmamalıdır. Dövlət başçısı Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı iki il əvvəl müvafiq sərəncam da imzalayıb. Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb olunacaqları hüquqi əksini tapır.
Odur ki, bundan sonra Xəzər sahilboyunda hər hansı bir tikinti, yaxud hasarlama işləri aparılmayacaq. 
Qaldı ki, buna qədərki əngəllərə, vətəndaşlar öz hüquqlarını bilməli və onu tələb etməlidirlər. Hazırkı qanunvericiliyə və müvafiq qərarlara görə, heç kim onların dənizlə təmasını məhdudlaşdıra bilməz.

Комментариев нет:

Отправить комментарий