Qulu Məhərrəmlinin “humanizminin” arxasında sadəcə biabır olmaq qorxusu və hiyləgərlik durub
Qulu Məhərrəmlinin mənimlə bağlı şikayət ərizəsini geri götürməsi haqda məlumat yayılıb. Bəlkə də kimlərsə “Nə yaxşı, jurnalistlər məhkəmədə çəkişməməlidir, bitsin daha…” yaxud “Nə humanist addımdır” deyə fikirləşir. Haqlı ola bilərdiniz, əmmalar olmasa idi…
Məşhur “Üzrü günahından betər” məsəli bu yerdə yadıma düşür. Məhərrəmli bu addımı elə atıb ki, onun məni məhkəməyə verməsi “toya getməli olub”. Sən demə o mənim qadın və ana olaraq, cavabdeh qismində məhkəmə salonlarına ayaq döyməyimdən narahat olub. Əcəba kamali-ədəblə şikayət ərizəsini hazırlatdıranda, sonra prosesin getdiyi 4 ay ərzində o mənim qadın ya ana olduğumun fərqinə varmamışdı? Q. Məhərrəmli, indi özünüzü ləyaqət mücəssəməsi kimi qələmə verməyə çalışırsınız. Bəs nümayəndəniz Nicat Gözəlov şəxsən sizin təlimatınız əsasında məhkəmədə məni hüquq etikasına sığışmayan formada çeşidli epitetlərlə “bəzəyəndə”, məni az qala qruplaşmış mafiya dəstəsinin üzvü kimi qələmə verəndə, əlaltılarınız sayt və sosial şəbəkələrdə haqqımda böhtan və olmazın təhqir yazanda, siz də oxuyaraq, ləzzətlə “like”layanda mənim analıq hisslərimi ya keçirəcəyim sarsıntıları niyə unutmuşdunuz görəsən? Yaxşı, lap tutaq ki, Q. Məhərrəmli bu situasiyada öz təbirincə desək, vicdanlı münasibət sərgiləmək istəyib, mənim yazdıqlarımla müqayisədə “qat-qat az günah sahibi olan” Rauf Rəcəbovu niyə bağışlamayıb? Milli Mətbuat gününün kişi-qadına nə aidiyyatı var idi ki? Media işçisi elə media işçisidir, həmkar da həmkardır…
Əslində Q. Məhərrəmli zamandan məharətlə istifadə edib. Məhz jurnalistlərin bayram günündə xanım həmkarına qarşı iddiasını geri götürməsi məsələdən bixəbər kəslər üçün çox effektli təsir bağışlaya bilərdi. Amma bu heç də belə deyil. Çünki nəzərə alsaq ki, hazırda proses hansı mərhələdədir, Q. Məhərrəmlinin bu taktik gedişinin səbəbi tam aydın olar. Nəsimi rayon Məhkəməsinin 14 iyun 2016-cı il qərardadı ilə onun əsərlərindən biri- “Televiziya jurnalistikasının əsasları” metodik vəsaiti Müəllif Hüquqları Agentliyinin mütəxəssisi cəlb olunmaqla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Rəsmi qəbul ediləcək istənilən qərara sayğı göstərəcəyəm, amma şəxsən mənim üçün sonuc bəllidir. Çünki görünən dağa bələdçi lazım deyil! Q. Məhərrəmlinin bu əsəri (yeri gəlmişkən yalnız bu deyil!) Kuznetsov, Tcvik, Yurovskinin əsərindən plagiatdır. Bu perspektivi öncədən görən Məhərrəmli çəkinib ki, bu fakt kimi açıqlansa, həm ictimaiyyət arasında böyük rezonans doğuracaq. Üstəlik indiyədək ona kor-koranə “ləbbeyk” deyib, difiramblar oxuyan, “böyük alim”, “nurlu ziyalı” epitetlərini yağdıran bəzi tələbələri, “yeyib-içmək”dostları, çevrəsi də alimlik statusunu şübhə altına alacaq.
Bunu proqnozlaşdıran Məhərrəmli əla gediş edib: məni-jurnalist qadını bağışlayıb ki, rəy hazır olmamış məhkəmə prosesi dayandırılsın! Ancaq yadından çıxarıb ki, artıq məhkəmə predmetinə çevrilən və bu mərhələyə qədər gəlib çıxan bir məsələ yalnız onun istəyi ilə sonuclana bilməz.
Görünür Q. Məhərrəmli zərgər dəqiqliyi ilə bu jestinin ona qazandıracağı plyusları götür-qoy edibmiş. Sadəcə unudub ki, əfv edən, humanist imici Tanriya və ölkə başçısına xasdır. Onun “humanizminin” arxasında isə sadəcə biabır olmaq qorxusu və hiyləgərlik durub.
Əslində Q. Məhərrəmlinin kişilik nümunəsi göstərərək məni “əfv” etməsi və gender məsələsinə gəldikdə, ilk gündən bir şey düşünürdüm: axı o mənim haqlı olduğumu gözəl bilirdi! ABŞ səfərində baş vermiş hadisələri də, yazdığı əsərlərdəki açıq-aşkar plagiat faktlarını da… Ancaq bu ona mənə qarşı oyun aparmağına, insanları üzərimə yönləndirməyinə mane olmadı.
Odur ki professor, bəlkə siz indi məni deyil, özünüzü bağışlamağa cəhd edirsiniz? Mənim şərəf-ləyaqətimə, mənə qarşı atılan böhtan və təhqirlərə görə… Bu addımı atmaqla azacıq da olsa belə vicdan əzabından (əgər varsa təbii) azad olmağa cəhd göstərirsiniz Amma çifayda… Mən sizi bağışlamıram! Çünki mən Sizin kimi nə şahmatda, nə də həyatda oyunçu deyiləm! Fərqimiz də elə budur!
P.S. Bu arada hansı tanınmış qələm sahibi, xanım həmkarlarımın və hüquq müdafiəçilərin mənimlə bağlı sizdən etdiyi acizanə təvəqqələri də açıqlasaydınız… Kimdir o mifik şəxslər?
Qeyd: Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir.
realmedia.az
Комментариев нет:
Отправить комментарий