Страницы

14.09.2017

1400 İŞİD-çi arvadı əsir düşdü

İŞİD mənsubu olan, indisə əsir düşmüş terrorçuların həyat yoldaşları İraqdakı həbsxanalardan kənarda olsalar da, durumları həddən artıq pisdir.
RT telekanalının hazırladığı reportajda bildirilir ki,  bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir. Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar. “Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik”,- İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.
İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib. Qadınların əksəriyyəti Türkiyə vətəndaşlarıdır və aralarında postsovet ölkələrindən, o cümlədən Rusiyadan, Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan qadınlar da var. Bu qadınlar uşaqları ilə birlikdə həbsxananın həyətindəki çadırlarda yaşayırlar. Qadınlardan biri deyir: “Bizi buraya gətirəndə bir qadın özünü partlatdı. Əsgərlər atəş açmağa başladılar”. İŞİD terrorçusu olan əri Mosulda öldürülmüş başqa qadın isə ağlayaraq söyləyir: "Evə qayıtmaq istəyirəm. Buraya təsadüfən gəldim. Gerçəkdən də, evə dönmək istəyirəm. Yalvarıram, məni buradan çıxarın".
Həbsxananın yeri açıqlanmır, çünki ailə üzvlərini və yaxınlarını İŞİD terrorçuları qətlə yetirmiş iraqlılar ələ keçmiş qadınlarla uşaqlardan qisas ala bilərlər.
Həbsxananın həyətindəki çadır düşərgəsi BMT-nin nəzarətindədir.

Комментариев нет:

Отправить комментарий