Страницы

15.10.2017

Dünya belə idarə olunur – Qızıl plan

Aqşin Evren

Bəşəriyyətin ilk dövrlərində dünyada aparıcı güc Daş idisə, sonralar bunu Dəmir əvəz etdi. XX əsrdən başlayaraq isə dünyada aparıcı qüvvə İdeya oldu. Və ideya hələ də dünyanın siyasi, iqtisadi vəziyyətini müəyyən etməkdə.
İdeyaların bizə vahid bir mərkəzdən ötürüldüyünü sadə məişət hadisələrindən belə görmək olar. Məsələn, çox uzağa getmədən bir misal çəkim. İstər doğum günlərində, istərsə bayramlarda yazılan təbrik mesajlarına, arzulara baxanda ortaya gülünc bir mənzərə çıxır: Hamı eyni təbriki yazıb! Bu, təkcə insanların təbrik məsələsində bir-birini yamsılaması deyil, həm də eyni sosial həyatı bölüşməsi, onlara müəyyən edilmiş axınla şüursuz olaraq hərəkət etməsidir.
Əsrin əvvəllərindən başlayaraq uşaqların həyatına daxil olan kompüter oyunları – “Kontr strayk”, “Medal of onor” kimi müharibə, “Drayver”, GETA kimi nəqliyyat oyunları uşaqlara nəyi öyrətdi?
Azyaşlılar bu müharibə oyunlarında qarşılarına çıxan “düşmən”ə davamlı olaraq atəş açır və ya onu bıçaqla vurur. Beləcə həmin uşaq şüuraltı olaraq adam öldürməyə hazır insan kimi yetişir.
Və ya nəqliyyat oyunlarında maşını sürətlə sürən, hər mərhələdə yeni maşın almağa çalışan uşaq sonradan – gənc yaşlarında bunları real həyatda təkrarlamağa başlayır.
Təbii, bu, daha çox zəif psixologiyalı insanların həyatında müşahidə olunur. Və mən həqiqətən də bu oyunların həvəskarına çevrilmiş bəzi uşaqların sonralar həmin oyunlardakı kimi davrandığının şahidi olmuşam.
Dünya sistemində insanları yuxuya verməyin bir yolu da onların məqsədlərini, arzularını kiçiltməkdir. Qadın tanıyıram, bələdiyyə 4 sot torpağını müsadirə edib, vecinə deyil, ancaq avtobusda yer tutmaqdan ötrü camaatı əzib keçir. Onun arzusu, mübarizəsi 4 sot torpaqdan bir oturacağa qədər enib. Bu, xalqlarda, dövlətlərdə də belədir. Dünya insanı artıq gözəl, rahat həyat yox, terrorsuz, müharibəsiz həyat axtarır. Bir növ yaşamır, gizlənir.
Daha bir dəhşətli müşahidəni yazım. Uşaqlığı 90-cı illərə düşmüş bizlər əlimizə kəndir keçəndə onu ağaca bağlayıb yelləncək düzəldirdik. Ancaq çağdaş dünya azyaşlısının alt şüurunda kəndirin mahiyyəti dəyişib. Bir-iki ay əvvəl həyətdə oynayan uşaqlara baxırdım. Onlardan biri kəndiri boğazına bağlayıb özünü asmağa, digərləri isə israrla bu hərəkəti təkrar etməyə çalışırdı.
Məsələ burada bitdi: artıq bir neçə insan intihar etməyə proqramlaşdırıldı.
Sözsüz ki, bunlar TV-lərin, mediada yer alan təhrikedici xəbərlərin vasitəsi ilə baş verir. Adını çəkmək istəmədiyim bir kompüter oyunu var. Həmin oyun bu günə qədər minə yaxın gəncin, azyaşlının həyatına son qoyub. Oyunun mahiyyəti çox sadədir: davamlı olaraq insana əmrlər verir: qolunu kəs, əlinə iynə batır və son olaraq intihar et! Təsəvvür edin ki, adi bir oyun artıq min nəfərin həyatına son qoyub.
Dünyada bizim uğurlu, sağlam, faydalı insan olaraq yetişməyimizin qarşısını alan yüzlərlə belə detal var. Nə etməli, gələcəyimiz olan uşaqları bu bataqlıqdan necə çıxarmalı?
Təbii ki, texnologiyadan birmənalı şəkildə imtina etmək olmaz, lakin onun zərərli sahələrindən uşaqları qoruya bilərik. Uşaqlarınıza maşın oyunları oynamağı yox, maşın haqqında nağıl oxumağı öyrədin. Bu, həm onun zehnini, beyninin üfüqlərini açacaq, həm də bioloji olaraq şüadan uzaq, sağlam böyüməsinə zəmin yaradacaq. Son min ildə bəşəriyyət məhz kitabın, elmin sayəsində bu qədər inkişaf edə bilib. Övladlarınızın xilası sağlam təhsildən, mütaliədən, elmdən keçir. Çünki ən böyük xilasedici elm, kitabdır.
Nəhəng Nizami də deyirdi:
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”.

mustaqil.az

Комментариев нет:

Отправить комментарий