Страницы

21.11.2017

Müqavimətin əlində olan silah onları naümid edir

Böyük Britaniyada mühacirətdə yaşayan iranlı siyasətçi var Ətaullah Mühacirani. Bir çox dövlət postlarında işləyən Mühacirani səhv etmirəmsə 2009-cu ildə İranda keçirilən seçkilərdən sonra Böyük Britaniyaya köçüb. Xaricdə yaşamasına baxmayaraq daim İranda baş verən proseslərə öz şəxsi bloqunda yaxud farsdilli telekanallarda analitik qismində dəvət edilərək münasibət bildirir. 
Seyyid Həsən Nəsrullahı daim tərifləyən Mühacirani, Livan və Hizbullah ətrafında son günlər yaşanan proseslərə münasibət olaraq şəxsi bloqunda bir tarixi hadisəni paylaşıb.
Özü də İranda mədəniyyət naziri işləmiş Mühacirani, işlədiyi müddətdə iki il Livanın mədəniyyət nazirinin Tariq Mitri olduğunu yazır. Mühacirani onun çox alicənab bir şəxs olduğunu və onunla keçirdiyi görüşləri özü üçün qənimət hesab etdiyini yazaraq deyir:

"Bir dəfə onunla görüşdüyüm vaxt o mənə bir hadisəni danışdı. Bildirdi ki, bu hadisəni həmin məclisdə olanlardan başqa heç kəs bilmir. Tariq 2009-cu ildə Livanın o vaxt da baş naziri olan Səid Həririnin başçılıq heyətlə birlikdə informasiya naziri qismində Tehrana səfər etdiyini və Ayətullah Xamenei ilə görüşdüyündən danışıb. Tariq görüşdən öncə Həririnin onu müşayiət edən 6 nazirlə məsləhətləşmə zamanı Hizbullahın tərksilah edilməsinin zəruriliyindən danışaraq bildirdi ki, bu məsələni Ayətullah Xamenei ilə görüşdə qaldıracaq. Razılaşdıq. Ayətullah Xameneinin görüşünə yollandıq. O bizi çox hərarətlə və səmimi qarşıladı. Həririni tərifləyərək mərhum atası haqda da xoş sözlər dedi. Söhbət zamanı gözlənilmədən Səid Həriridən "Notrdam kilsəsinin qozbeli" əsərini oxuyub-oxumadığını soruşdu. Üzündən aydın oldu ki, oxumayıb. Amma başınla elə təkan verdi aydın olmadı oxuyub ya yox. Ayətullah Xamenei sözünə davam etdi. Həmin romanda gözəl bir qızdan danışılır. Parisin gözəl qadınlarından biri idi. Bütün imkanlılar və nüfuz sahibləri onu əldə etmək istəyir. Qızın adı yadımdan çıxıb, nə idi? Tariq deyir cavab verdim, Esmeralda. Təbəssüm edərək dedi ki, siz mədəniyyət naziri olmusuz. Sonra yenə sözünə davam edərək dedi. Amma hamı bilirdi ki, Esmeraldanın iti bir bıçağı var ki, kim Esmeraldaya qarşı səhv addım atmaq istəsə ondan istifadə etməyə çəkinmir. Cənab nazir, Livan həmin gözəl qız kimidir. Çox ölkənin Livanda gözü var. İsrail sizin üçün böyük təhlükədir. Məgər Beyruta kimi gəlməmişdilər? Beyrutu viran edib camaatı qırmadılarmı? Müqavimətin əlində olan silah həmin Esmeraldanın əlindəki bıçaq kimidir ki, onları Livana qarşı hərəkətə keçməkdən naümid edir. 
Tariq deyir görüş davam etdi, amma Həriri Hizbullahın tərksilahı barədə heç nə danışmadı. Görüşdən sonra soruşduq ki, bəs niyə bu barədə bor söz demədiz? Cavab verdi ki, görmədiniz məclisi necə idarə edirdi? Məgər o məclisdə bu haqda danışmaq olardı?

Vüsal Sadıxov

Комментариев нет:

Отправить комментарий