Страницы

25.11.2017

Vyetnam müharibəsi

 Vyetnam müharibəsində ABŞ bir daha bütün dünyada biabır oldu. Dünyada güclü iqtisadiyyatı, çoxmilyonlu əhalisi, okean flotu və reaktiv aviasiyası ilə tanınan ABŞ onunla müqayisədə dırnaq boyda olan Vyetnama uduzmaqla pis vəziyyətdə qaldı. ABŞ ordusu vətəndaş müharibəsi nəticəsində gücdən düşmüş xırda bir xalqıın başına 8 il ərzində dayanmadan napalm və defoliant bombaları yağdırsa da, qalib gələ bilmədi və Vyetnamdan qaçdı.
 ABŞ Vyetnama 540 minlik ordu kontingenti yeritsə də, qırmızı partizanlara güc gələ bilmədi. ABŞ aviasiyasının Vyetnama 7,7 milyon ton bomba tökməsi də işə yaramadı. Vyetnam müharibəsində 60 min amerikan əsgəri öldü, 2500 əsgər itkin düşdü, 300 min əsgər isə şikəst oldu. Bu siyahıya ABŞ ordusunda muzdlu xidmət edən puertorikanlar salınmamışdır. ABŞ-ın 4100 təyyarəsi, 5100 vertolyotu məhv edildi, 1000-ə yaxın pilotu əsir düşdü. Müharibə qurtaranda ABŞ-ın 550 tankı, 1200 zirehli transportyoru, 1100 təyyarəsi, 500 vertolyotu və 80 gəmisi qənimət kimi vyetnamlıların əlinə keçdi. Müharibə dövründə 27 min amerikalı ordudan qaçdı və ya hərbi xidmətdən yayındı ki, 1974-cü ildə prezident Ford onlarla bağlı əfv fərmanı imzaladı. Müharibədən yayınanlar içərisində ABŞ-ın gələcək prezidenti Bill Klinton da vardı. 1975-ci ildə ABŞ ordusu məğlub olaraq Vyetnamdan çıxdı. Uğursuz Vyetnam müharibəsinə görə ABŞ 738 milyard dollar itirdi. ABŞ-ın “Forçun” jurnalının yazdığı kimi: “Bir Vyetnam partizanının öldürülməsinə 52,5 min dollar sərf olundu”. Müharibəyə görə ABŞ-da iqtisadi vəziyyət pisləşdi, inflyasiya baş verdi, qiymətlər qalxdı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü və milyonlarla adam işsiz qaldı. Tarixçi Filipp Devidson yazırdı: “Bütün müharibə boyunca Birləşmiş Ştatlar hərbi əməliyyatların siyasi, iqtisadi və psixoloji nəticələrinə az diqqət yetirirlər. Dinc əhalinin qırılması, lazımsız dağıntılar heç kəsi düşündürmür, halbuki bunlar hamısı neqativ siyasi effekt yaradır”. Vyetnam müharibəsindəki uğursuzluq və itkilər ABŞ-ın ictimai-siyasi həyatında ağır fəsadlar yaratdı. 100 minlərlə insan küçələrə axışdı, müharibənin dayandırılmasını tələb etdi və hərbi komissarlıqları dağıtdılar.
 “Cəngəllikdə cəhənnəm diskotekası”- amerikan hərbçiləri Vyetnamdakı müharibəyə belə ad qoymuşdular. Cəngəllikdə vyetnamlılar amerikan hərbçilərindən daha effektiv müharibə aparırdılar. Hazırlıqsız adamın rütubətli tropik meşədən sağ qayıtmaq şansı çox azdır. Amerikan hərbçiləri Vyetnam cəngəlliklərində pələngdən tutmuş bakteriyalara kimi müxtəlif təhlükələrlə üz-üzə gəlirdilər. Rütubət və havasızlıq o dərəcədə idi ki, ət konservaları tez xarab olur, ayağa göbələk xəstəliyi düşür, dəridə xırda bir cızıq irinləmiş yaraya çevrilirdi. Vyetnamlılar partlamamış amerikan mərmi və bombalarından mina və fuqaslar düzəldirdilər ki, bu da yankilərin cəngəllikdə hərəkətinə böyük təhlükələr törədirdi. Müharibənin xarakteri elə idi ki, əsgərlər daim həyəcan içində olurdular. Amerikanlar sərt partizan müharibəsinə hazır deyildilər. Yüzlərlə amerikan əsgəri vyetnamlıların qurduğu hiyləgər tələlərə düşür, minalarda partlayır, kilometrlərlə uzanan tunellərdə azıb itirdilər. Daimi gərginlik, təhlükə hissi, Qərb adamı üçün dözülməz iqlim şəraiti, yerli əhalinin barışmaz nifrəti öz işini gördü. Vyetnam müharibəsi dövründə amerikan hərbçiləri arasında narkonamiya, intihar və fərarilik geniş vüsəl aldı. İş o həddə çatmışdı ki, döyüşmək istəməyən amerikan əsgərləri öz komandirlərinin çadırlarına qranat tullayırdılar. Müharibədən sonra “Vyetnam sindromu”nun təsiri altında depressiyadan əziyyət çəkən 150 minə yaxın veteran intihar etdi. Geri qayıdarkən onları vətəndə heç də qəhrəman kimi qarşılamamışdılar. Elə hallar olmuşdu ki, sinəsi medallı hərbçi aeroportda düşüb vətənə ayaq basarkən üzünə lomba ilə tüpürmüşdülər. Veteranlar Ağ Evin qabağında etiraz aksiyası keçirirdilər və medallarını bu binaya tərəf tullayırdılar. Müharibə Amerikan cəmiyyətini elə dəyişdi ki, o dövrdən çağırışçı orduya son verildi və müqavilə ordusuna keçildi.
 Vyetnam müharibəsi ABŞ silah və texnikasının qeyri-effektivliyini qabarıq şəkildə ortaya qoydu. M16 avtomatı ABŞ əsgərlərinə müharibədə olmazın problemlar yaratdı. Silahı istehsal edən şirkət bildirmişdi ki, bu avtomatları təmizləməyə ehtiyac yoxdur. Odur ki ABŞ generalları Vyetnama avtomat üçün təmizləyici ləvazimatlar gətirməmişdilər. Rütubətli Vyetnam iqlimi və keyfiyyətsiz barıt öz işini görür və avtomatlar tez-tez ilişərək atmırdı. Üzə çıxdı ki, ABŞ-ın “İrokez” hərbi vertolyotları lazımi zirehə malik deyil və onları “Kalaşnikov” avtomatı ilə asanca deşmək olur. ABŞ-ın “Fantom” təyyarələri öz nəhəngliyi səbəbindən təyyarədaşıyan gəmilərin göyərtəsinə çox böyük çətinliklə enirdi. Xatırladaq ki, çəkisi 18 ton olan “Fantom” hərbi təyyarəsinin anoloqu olan Rus “Miq”lərinin çəkisi cəmi 6-8 ton idi! Vyetnamdakı ABŞ aviasiyasına komandanlıq etmiş müharibə veteranı Robin Olds bildirirdi ki, Sovet “Miq”ləri döyüşkənliyinə görə amerikan “Fantom”larından qat-qat üstün idi. ABŞ hərbi hava qüvvələrinin Oqayo ştatındakı muzeyində hələ də amerikan təyyarəçisinin rus “Miq”lərin “şeytancasına cəld təyyarələr” olması barədə yazdığı raport saxlanmaqdadır. Araşdırmalar göstərdi ki, “Fantom”ların atdığı hər 10 raketdən yalnız 1-i hədəfə dəyir.
 2 dekabr 1966-cı ildə Vyetnam havadan müdafiə qüvvələri içində 5 “Fantom” olmaqla 8 ABŞ hərbi təyyarəsini vurub saldılar. Ümumilikdə Vyetnam müharibəsi dövründə ABŞ-ın 900 “Fantom” təyyarəsi vuruldu ki, bu da hərb tarixində rekord göstəricilərdən biri sayılır. Yeri gəlmişkən, “Fantom” pilotları öz amerikan əsgərlərinə vyetnamlılardan az xətər yetirmədi. 9 aprel 1965-ci ildə hava döyüşündə “Fantom”un atdığı raket Miq-17 əvəzinə öz “Fantom”larına dəydi, pilot T.Merfi və operator R.Feqan həlak oldular. 29 iyul 1967-ci ildə “Forrestol” təyyarədaşıyan gəmisində qısa qapanmadan təsadüf nəticəsində açılan atəşdən “Fantom”dan çıxan raket göyərtədəki 29 təyyarəni məhv etdi, 42-sini zədələdi; gəmidəki 134 amerikan əsgəri həlak oldu, 161 əsgər isə yaralandı. 19 noyabr 1967-ci ildə “Fantom”un atdığı bomba öz polklarına düşdü, nəticədə 42 amerikan əsgəri öldü, 45-i isə yaralandı. 15-16 iyun 1968-ci ildə “Fantom”lar səhvən bombalayaraq iki ABŞ katerini batırdılar, bir ABŞ kreyserini və bir Avstraliya esminesini isə zədələdilər. 18 may 1969-cu ildə “Fantom” ona və digər təyyarələrə benzin vuran “Herkules” transport təyyarəsi ilə toqquşdu, nəticədə 3 təyyarə göyərtədən aşıb dənizə düşdü.
 Vyetnamda ABŞ ordusu bütün barizliyi ilə- “yandırılmış torpaq” taktikası, bütöv ölkənin ekosisteminin məhv edilməsi, dinc əhalinin kütləvi öldürülməsi və zorakılığı ilə özünü göstərdi. Hesablamalara görə, müharibə dövründə amerikan aviasiyası Vyetnamda adambaşına 100 kiloqramdan çox bomba yağdırmışdır. Amerikanlar qadağan olunmuş ağ fosfor bombalarından, boğucu və zəhərləyici qazlardan, klimatik silahlardan geniş istifadə etdilər. 1962-1971-ci illlər arasında ABŞ təyyarələri Vyetnam ərazisinə 77 milyon litr “Agent Oranj” və 44 milyon litr dioksin zəhəri səpdilər. Vyetnamın 16 faiz torpağı toksiki zəhərlə suvarıldı. Kimyəvi silah ölkə cəngəlliklərinin 60 faizini və meşələrinin 30 faizini məhv etdi. Təkcə 1969-cu ildə amerikanlar Cənubi Vyetnamda 285 min adamı qazla və 905 min hektar əkin sahəsini ximikatla zəhərlədilər. 3 milyon vyetnamlı ağır xəstəliyə yoluxdu, 18 yaşına kimi 1 milyondan artıq insan irsi ötürülən əlil oldu. Ximikat flora və faunaya ciddi zərər vurdu; 1 milyon hektar cəngəllik ərazisi zəhərləndi ki, həmin yerlərdən 132 növ quş, çoxlu heyvanat və çay balığı yoxa çıxdı. Ximikatın səpildiyi torpaqlarda bir daha bitki bitmədi. ABŞ-ın Vyetnama qarşı apardığı ekoloji müharibə- onun tarix boyu törətdiyi ən böyük cinayətlərdən biri sayılır.
 Amerikan əsgərlərindən biri sonradan belə demişdi: “Biz vyetnamlıları adam yox, həşərat hesab edirdik”. Amerikanlar vyetnamlıların düyü becərmək üçün istifadə etdiyi torpaq bəndlərini qəsdən dağıdırdılar ki, aclıq yaransın. Təkcə Kuanqnqay əyalətində 140 min insanı evsiz-eşiksiz qoydular. 1968-ci ildə amerikan əsgərləri Sonqmi kəndini mühasirəyə alıb sakinlərin uşaqdan böyüyə kimi hamısını qırdılar. İçində 173 uşaq və 182 qadın (17-si hamilə) olmaqla 504 kənd sakini qətlə yetirildi. Kəndə hücum edən əsgərlər evlərin içinə qranat atır, gizlənən sakinləri tapıb yerindəcə güllələyirdilər. Amerikanlar o qədər quduzlaşmışdılar ki, hətta kənddəki inək, donuz və toyuqları da güllələyirdilər. Onlar bir çox Vyetnam kəndlərini bu yolla Yer üzündən silsələr də, Sonqmi qətliamını dünya ictimaiyyətindən gizlətmək mümkün olmadı. Məsələ mətbuata sızdı və hiddətə səbəb oldu. Dinc Vyetnam kəndlilərinin skalpını çıxardaraq və qulağını kəsərək boyunbağı düzəldən ABŞ əsgərləri barədə hamı bildi; bu ləkə nə mundirdən, nə bayraqdan, nə də əsgər şərəfindən heç vaxt silinməyəcək. Sonqmi qətliamına görə cəmi 1 əsgər günahkar bilinib həbs cəzası kəsilsə də, prezident Riçard Niksonun personal əmri ilə o cəmi 3 gündən sonra əfv olundu və azadlığa buraxıldı.
 “Nyu York Tayms” qəzeti 6 noyabr 1972-ci ildə yazırdı ki, Vyetnam müharibəsi “ABŞ-ı mənəvi biabırçılığa gətirib çıxardı”. Vyetnam müharibəsi ABŞ hərbi nəzəriyyələrini, hərb sənətinin reseptlərini və strateji doktrinalarını fiaskoya uğratdı. İudey strateqləri tərəfindən möhtəşəmliyi dünyaya car çəkilən ABŞ ordusu zəif Vyetnam ordusu ilə bir neçə illik müharibədə öz biabırçı məğlubiyyətini etiraf etməli oldu.

İbrahim Sel, “Amerikan ordusu haqqında mif”

Комментариев нет:

Отправить комментарий