Страницы

22.12.2017

Osmanlı türkləri tərəfindən Xoy şəhəri əhalisinin qətliamı

Məhəmməd Əmin Riyahi Xoyi

Azərbaycan dərslik kitablarında görməməzliyə vurulan Osmanlı və Səfəvilərin müharibələrindən bir hissə

1049-cu hicri qəməri ili Şah Səfi ilə IV Sultan Murad arasında Qəsr-Şirin sülhündən sonra 9 ilə yaxın müddət ərzində Osmanlılar tərəfindən hücum baş vermədi. Bu müddətdə Osmanlı türklərinin qırğını və viranəlikləri, xüsusilə də Xoyun IV Sultan Murad tərəfindən 1045-ci ildə Xoy əhalisinin qətliamı və dağıdılması ilə bağlı Xoyun yaraları yavaş-yavaş sağalırdı. 1130-cu hicri qəməri ilində (1718-ci il) Pasaroviç sazişinin imzalanması ilə nəticələnən Osmanlıların Avstriyaya məğlub olması ilə, Osmanlı türkləri tərəfindən artıq hücumun baş verməyəcəyi və sülh və sakitliyin davam edəcəyi təsəvvür olunurdu. O sazişdən 6 gün sonra imzalanan ticarət anlaşmasının 19-cu maddəsində Osmanlı dövləti öhdəlik götürmüşdü ki, İranın Avropa ilə ticarət yolunda maneələr yaratmasın və 5%-dən çox həcmi olan ticarət məhsullarından gömrük rüsumu tələb etməsin. Bu isə 250 il viranəlikdən sonra Xoyun abadlığa addım atmasının başlanğıcı ola bilərdi.
Sultan Hüseyn dövründə Səfəvilər dövlətinin zəifliyi İranı uçuruma yuvarladı. Belə bir vəziyyətdə təbii idi ki Osmanlı dövləti İranın qərb şəhərlərini ələ keçirmək üçün fürsəti əldən verməsin. Osmanlı dövləti dəfələrlə Azərbaycanı parçalamaq üçün qoşun yeritmiş və təcavüzə əl atmışdı. Lakin dəfələrlə məğlubiyyətin acısını dadmışdı. Xüsusilə də ölçülmüş siyasətləri ilə I Şah Abbas türk işğalçı təcavüzkar qüvvələri İranın Azərbaycan və Qafqaz ərazilərindən təhqirlə və alçaldaraq qovmuş və on minlərlə işğalçı türkü öldürmüşdü. Ondan sonra Səfəvilər sarayı və İran xalqı rahat nəfəs aldı və İranın Çaldıran savaşının intiqamını türklərdən alması ilə məşhurlaşdı.
Lakin şahın Sultan Hüseyn dövründə hakimiyyətdə zəif və bacarıqsız hökumət vardı. Əhməd Dərri Əfəndi adlı ağıllı səfirini Sultan Hüseyn şahın sarayına göndərən Osmanlı şahı III Sultan Əhməd İranın daxili məsələlərindəki qarışıqlığı və destabilliklərlə bağlı dəqiq məlumatlar aldıqdan sonra İrana hücum etmək qərarına gəldi. Bəzi Osmanlı saray şəxslərinin hücuma qarşı olduqlarına, bir müsəlman xalqa hücum etməyə qanunilik bəxş etmək üçün İstanbul şeyxülislamı Abdulla Əfəndidən fitva aldılar. O fitvanın Osmanlı ordusunun Xoy əhalisi və digər şəhərlərin əhalisinin qətliamındakı motivini aydınlaşdırdığını nəzərə alaraq burada üç sual və müftinin cavablarının tərcüməsini qeyd edirik.

1-ci sual: Özü padşahlıq iddiasında olan Rafizi Təhmasibin icazəsi ilə bir qrup Rafizi (şiə) müsəlmanlarla müharibəyə qalxarsa, müsəlmanların imamı, sultanlar sultanının təhlükəsizliyi və sakitliyinə təcavüz baş verməmişdirmi?
Cavab: Möminlərin, əsasən də bu məlunları məhv etməli olduqlarını və onlarla hər hansı sülhün müharibədən bezmək olduğunu nəzərə alaraq onların vəzifəsidir ki, iqtidarı gücləndirdikdən sonra dərhal bu bezməyi kənara qoymalıdırlar.
2-ci sual: Şah İsmayılın təyinatlarının hökumət etdiyi və rafizilərin yaşamaq üçün seçdiyi əraziləri düşmən torpağı hesab etməliyikmi? İlk üç xəlifəyə və sairəyə lənət edən rafizilər qeyd olunan xəlifələri mürtəd adlandırır… Quran ayələrini öz əqidələrinə əsasən təhrif olunmuş şəkildə təfsir edir, sünni ardıcılları qətl və qırğını təlim keçir, müharibədə qənimət kimi ələ keçirilən qadınlarla yastığa baş qoymağı qanuni və halal hesab edirlər.
Cavab: Bu ərazilər düşmən əhalinin ərazisidir və onların əhalisi ilə mürtədlər kimi davranmaq lazımdır.
3-cü sual: Bəs bu ərazi (yəni İran şiələri) rafiziləri, onun digər sakinləri, əslində kafir (yəni Gürcüstan və Ermənistan xristianları) zümrəsindədirlərmi və onlarla necə davranmaq lazımdır?
Cavab: Rafizilər haqda, kişilərin hamısı qılıncdan keçirilməlidir, qadınlar və uşaqlar əsir götürülməlidir, onların əmlakı qələbə qəniməti hesab olunmalıdır. Qadınlar və uşaqlar qılıncdan başqa vasitələrlə "İslam"ı qəbul etməyə məcbur edilməlidir. Lakin "İslam"ı qəbul etməzdən öncə bu qadınlarla bir yatağa girməyə icazə yoxdur. Kafirlər haqda isə onların qadınları və uşaqları əsir götürülməli, əmlakı isə qələbə qəniməti kimi götürülməlidir. Onların qadınları və uşaqları islamı qəbul etməyə məcbur edilməməlidir. Lakin qadınları ilə islamı qəbul etməyə maraqlı olmadıqları halda da bir yatağa girmək icazəlidir.

Osmanlı dövləti öz sərkərdələrindən üçünə üç istiqamətdən İrana hücum etməyi tapşırdı: Arif Əhməd Paşa İrəvana, Bağdad valisi Həsən Paşa Kirmanşaha, Abdulla paşa Köpürlüzadə isə Xoy və Təbrizə. Xoy şəhəri müdafiəsiz idi. 1045-ci ildə dağıdılması, sonrakı illərlə dincliklə diqqəti cəlb edəcək dövlət qüvvəsi yox idi. Osmanlılar hücum etdikləri vaxtdan bir il yarım öncə Sultan Hüseyn şah paytaxtı və taxt-tacı əfqan Mahmuda vermişdi. Padşahlıq iddiasında olan şah Təhmasib də Xoy əhalisinin ondan kömək gözləyəcəyindən daha çox zəif idi.
Xoy əhalisinin Novruz bayramı şənlikləri keçirilməsi üçün hazırlanmağa başladığı Qışın son həftəsində Osmanlı qoşunu Xoya gəlib çatdı. IV Muradın rəhmsizliyi, qırğını xatirələrini öz ata-babalarından eşidən əhali qəm-kədərə batdı. Sadəcə iki yol vardı: ya heç bir müqavimət olmadan təslim olmalı, ya da şəhər uğrunda öz canlarını qurban verməli idi. Buna görə ikinci yolu seçdilər.
Hadisəni ixtisarla İştihardinin yazılarına istinad edirik. Osmanlıların irəliləməsi xəbəri yayılan kimi, Xoy hakimi minbaşı qalanı buraxdı və Təbrizə qaçdı. Şəhər və kəndlərin əhalisi Fərurəqə getdilər və ömrünün qoca vaxtlarını keçirməkdə olan Şahbaz xandan istədilər ki, onların başçısı olsun və qalanın müdafiəsini üzərinə götürsün. Onunla əhdnamə bağladılar ki, bu xidmətləri qarşısında onların övladlarının irsi hökumətini tanısınlar. Şahbaz xan qalaya gəldi. Ortancıl oğlu Rüstəmbəyi yanında saxladı, kiçik oğlu Nəcəfqulu xanı anasının tayfası olduğu Kərəsənli elinə göndərdi, 4-5 hücumçularla savaşdı. Osmanlıların topları dəfələrlə qalaların divarlarında deşiklər açırdı, lakin dərhal təmir olunurdu. Nəhayət Osmanlılar qalanın bir tərəfini dağıtdılar və şəhərə töküldülər. Şahbaz xan top gülləsinə tuş gəldi və şəhid oldu. Rumlular qalanı tam tutdular, kişiləri həbs etdilər və qarageyimliləri əsir götürdülər. Həlak olanlardan 30 nəfər Şahbaz xan və onun oğlunun yaxınlarından idi, o cümlədən ətrafda olan Xoy əhalisindən 17 nəfər də qətlə yetirildi. Kimsə sağ qalmadı.
Xoyda bir dastan dillər əzbəridir, bəzi dənbəlilər tarixində də qeyd olunub ki, Osmanlı əsgərləri şəhər əhalisini qətliam etdi, sadəcə yeddi nəfəri sağ saxladı və dedi bunlar getsin hər yerdə desinlər ki, Osmanlı ordusu müqavimət göstərən şəhər əhalisi ilə necə rəftar edir.
Abdulla Paşanın ordusunda olan bir erməni yazar Osmanlıların İran və Ermənistan şəhərlərinə qarşı müharibəsi tarixi adlı kitabında belə yazır. 6 noyabr 1724-cü ildə Osmanlı Sultanından gələn əmrə əsasən Abdulla Paşa Təbrizə qoşun yeritməklə bağlı hazırlıqlara başladı. Hər şey hazır olduqdan sonra 1725-ci il fevral ayında yola düşdü. Osmanlı ordusunun Xoy şəhərinə yaxınlaşması ilə çoxlu ermənilərin də arasında olduğu Xoyun ətraf kəndlərinin bütün əhalisi Xoy qalasına sığındı. Əhalinin mühasirədən əzab-əziyyət çəkdiyi əsnada bəzi erməni ağsaqqalları şəhəri türklərə təslim etmək istəyirdilər. Lakin təslimə qarşı olan iranlılar qəzəbləndilər və onları ölümlə hədələdilər. Ermənilər də sakit qalmağa məcbur oldular. Osmanlılar şəhəri 40 gün topla atəşə tutduqdan və xarabalığa çevirdikdən sonra hücuma keçdilər. 6 saatlıq savaşdan sonra iranlı müdafiəçilər (hamısı azəri idilər) qılıncdan keçirildilər, lakin xristianlar əsir götürüldü. Osmanlı paşa 38 gün Xoyda qaldı. Qalada qoruyucular saxladı və Təbrizə doğru irəlilədi. Türklərin müsəlman iranlıları (azərilər) qılıncdan keçirmələri, amma iranlı erməniləri sadəcə əsir götürməklə kifayətlənmələri, nə ordu, nə də onların komandanının ürəyinin istədiyi idi, əksinə İstanbul şeyxülislamının fitvasının icrası istiqamətində idi.
Şahbaz xanın nəvəsi Əbdürrəzzaq Bəy Dənbəlinin öz Təcrübə əl-Əhrar kitabında ətraflı şəkildə hadisəni danışan tayfa qocalarından birini gördüklərinin xülasəsi belədir. Osmanlı əsgərləri Xoyu mühasirə etdikləri vaxt onların topları şəhərə yağırdı, Xoyun yaşlılarından biri sevinə-sevinə deyirdi: "Əlhəmdulillah, dinimiz gəldi, dönməz gəldi". Şəhər Osmanlıların əlinə keçdiyi vaxtda həmin kişini gördüm ki, başı partlamışdı, üzünə qan axırdı, yeniçərilərdən biri onun əllərini arxadan bağlamış və aparırdı. Dedim: Sən o deyildin ki, o gün deyirdin, Əlhəmdulillah, dinimiz gəldi? Dedi: Danışma, dərdim özümə bəsdir!
Lekhart Xoyun süqutu haqda belə yazır. Abdulla Paşa Köpürlu 1724-cü il yazda Təbriz istiqamətində İran sərhədini keçdi və Xoy şəhərini mühasirəyə aldı. Oradakı qala 12 maya qədər şücaətli müqavimət göstərdi. Şəhər 3000 nəfərin qaldığı, o cümlədən şücaətli komandan Şahbaz xan qılıncdan keçirilənə qədər süqut etmədi. Deyilənlərə görə, iranlıların tələfatı üst-üstə 8000 nəfərdən çox idi.
Bəlkə də hadisənin tarixi haqda ən dəqiq və son araşdırma Osmanlı mənbələri və o ölkədə arxivdəki mövcud sənədlərə əsasən İstabulda çıxan İslam Ensiklopediyasıdır. Orda göstərilir ki, Abdulla Paşa Şahbaz xanın müdafiə etdiyi Xoy qalasını 53 gün mühasirədə saxladı, Şah Təhmasib tərəfindən göndərilən xilasedici qüvvələri iki dəfə məğlub etdi, Xoyu 12 şaban 1136-cı hicri qəməri ilində (7 may 1724) tutdu. Çurs hökuməti və el başçılığından alçaldılaraq kənarlaşdırılan Şahbaz xan Dənbəlinin mərdliklə müdafiəsi, Xoy əyalisinin Osmanlının topu və güclü ordusu qarşısındakı müqavimətinin dəyəri o vaxt aydın olur ki, ondan bir il yarım öncə İsfahan bir neçə min zəif əfqan partizanın qarşısında diz çökmüş və Sultan Hüseyn şah ölkə paytaxtı və taxt-tacı əfqan Mahmuda təslim etmişdi. Eyni zamanda Kirmanşah kimi şəhərlər də Osmanlıların hücumunda heç bir müqavimət olmadan düşmənə təslim olurdu. Xoyun iki aylıq müqaviməti Osmanlıların sürətli irəliləməsinə mane oldu. Onların əsas məqsədi Təbrizi ələ keçirmək idi. Lakin Xoyda verdikləri tələfat və iranlıların müqaviməti səbəb oldu ki, Osmanlı sərkərdəsi Xoyu işğal etdikdən sonra uzun müddət Təbrizə hücum etməyə cürət etmədi. O qədər gözlədi ki, ona kömək qüvvə göndərildi və üç ay sonra Təbrizə doğru irəliləməyə başladı. Bu müqavimət həm də Təbriz hakiminə qüvvələri təchizatlandırmaq imkanı yaratmışdı. Digər tərəfdən isə Xoy əhalisinin türklər tərəfindən qətliam edilməsi Təbriz əhalisinin qəzəbini alovlandırmış və müqavimət əhval-ruhiyyəsini gücləndirmişdi. Elə bu məsələ həmin ildə Abdulla Paşanın Təbrizə hücumda məğlub olması ilə nəticələndi. Növbəti ildəki hücum Xoyun işğalından 15 ay sonra idi. Təbriz əhalsinin qəhrəmancasına müqaviməti və hücumçuların faciəvi qırğınından sonra onların əlinə keçidi.
Bu macərada bölgənin mərkəzi olan Çurs şəhəri heç bir müqavimət olmadan düşmənə təslim oldu. Şahbaz xanın kənarlaşdırılmasından sonra qardaşı Əyyub xan, ondan sonra isə Əyyub xanın oğlu Fətəli xan Dənbəli elinə rəhbərlik və Çursa hökmranlıq edirdilər. Fətəli xandan sonra iki oğlu Əli xan və Şahbənd xan bir-birləri ilə eyş-işrətdə idilər. Abdulla Paşanın hücumu xəbəri gəldiyində iki qardaş kömək üçün Təbriz bəylərbəyinin yanına getdi. Bəylərbəyi iki qardaşı ixtilaflarının sərhədlərin destabilliyi ilə nəticələndiyinə görə öldürdü.
Sonda Abdulla Paşa Köpürlüzadə haqda bunu deməyimiz yerinə düşər ki, o 12 il sonra 26 məhərrəm 1148-ci hicri qəməri ilində İrəvan yaxınlığında Bağavərd (Muradtəpə) çölündə Nadir Şah Əfşarla savaşda öldürüldü. O müharibədə 50 türk əsgəri də öldürüldü.

Yazar haqqında: Məhəmməd Əmin Riyahi Xoyi 1923-2003 Xoy şəhərində (Qərbi Azərbaycan ostanı) dünyaya göz açıb. O İran ədəbiyyatı və tarix müəllimlərindən olub. İllərlə İranın Mədəniyyət Nazirliyi və digər vəzifələrdə çalışmışdır. Ankara Universitetində də tədris etmiş, bir müddət İranın ümumi kitabxanasının məsuliyyətini üzərinə götürmüş, sonda qısa dövr üçün mədəniyyət naziri vəzifəsinə gəlmişdir. Ondan Osmanlı dövrü haqqında çoxlu əsərlər qalmışdır. O 2013-cü ildə Xoy icra hakimiyyətində elmi dərəcəsinə görə mükafatlandırılıb.

badkubeh.com

Комментариев нет:

Отправить комментарий