Страницы

19.12.2017

PROFESSOR NİZAMİ CƏFƏROVUN İŞTİRAKI İLƏ İSTANBULDA KEÇİRİLƏN “ATATÜRK KONFRANSLARI”NDAN TƏƏSSÜRATLAR

Qazi Mustafa Kamal Atatürkün 78-ci ölüm ildönümü ilə bağlı Azərbaycanda Atatürk Mərkəzinin sədri, görkəmli alim Nizami Cəfərovun iştirakıyla 9-10 noyabrda İstanbulda iki konfrans oldu.
Ayın 9-da Macarıstan baş konsulu Balazs Hendrixin və Mərmərə Qrupu Vəqfi başqanı Akkan Suverin birgə təşkil etdikləri tədbirin ardından, noyabrın 10-da Böyükçəkməcə Bələdiyyəsinin keçirdiyi mərasimdə də Nizami Cəfərov Atatürk haqqında dərin elmi-fəlsəfi məzmunlu, düşündürücü və təsirli nitqiylə iştirakçılardan böyük alqış aldı: “Atatürkü yalnız anım günü deyil, həm də anlama günü kimi xarakterizə olunan 10 noyabrların builkində mən on mövzu üzərində dayanıb sizinlə düşüncələrimi bölüşəcəm:

1. Atatürk və Türkiyə.
2. Atatürk və türk dünyası.
3. Atatürk və dünya.
4. Siyasi liderə münasibət məsələsi.
5. Atatürk və mədəniyyət.
6. Atatürk və din.
7. Atatürk və gənclik.
8. Atatürkün humanizmi.
9. Atatürk və Atatürkşünaslıq.
10. Atatürk və Azərbaycan”.

Nizami Cəfərov giriş nitqinin ardınca hər bölümlə əlaqədar elmi, fəlsəfi və xronoloji  bir təqdimat ortaya qoydu. O Azərbaycanda Atatürk Mərkəzinin quruluşu haqqında da məlumat verdi: “Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevin 9 mart 2001-ci il tarixli sərəncamı ilə yaradılan Atatürk Mərkəzinə məhz məni müdir təyin etməsi, əlbəttə mənimçün çox böyük şərəf idi. Etimadı doğrultmaq, ölkə başçısının qarşıya qoyduğu vəzifələri elə ilk günlərdən layiqincə yerinə yetirmək tələb olunurdu. Qısa müddətdə mərkəzi təşkil etmək, onun iş ritmini müəyyənləşdirmək, türk dünyasının, xüsusilə, Türkiyə Cümhuriyyətinin uyğun müəssisələri ilə geniş işlək əlaqələr yaratmaq lazım gəlirdi... Güman edirəm ki, bunu bacardıq. Və mərkəzi yalnız Azərbaycanın deyil, ümumən türk dünyasının beyin mərkəzlərindən birinə çevirə bildik... Azərbaycanda Atatürk Mərkəzinin fəxri başqanı Heydər Əliyevdir. Onun vəfatından sonra fəxri başqan Azərbaycan prezidenti İlham Əliyev oldu. Azərbaycanda Atatürkü sevirdilər, ancaq yaxşı tanımırdılar. Bunu nəzərə alaraq, böyük liderin, Türkiyə Cümhuriyyətinin qurucusunun həyatından, fəaliyyətindən bəhs edən kitablar, məqalələr yayımladıq, Azərbaycan Atatürkşünaslığının tarixini araşdırdıq, Heydər Əliyevin Atatürk haqqında düşüncələrini öyrəndik... Və araşdırdıqlarımızı, öyrəndiklərimizi cəmiyyətə çatdırdıq. Azərbaycanda Atatürkü mədəni və fəlsəfi elm istiqaməti kimi araşdırırıq. Məktəblərimizdə Atatürk bu şəkildə, elmi istiqamət olaraq öyrənilir... Mənə görə, Atatürkün gördüyü işlərin, qəhrəmanlıqlarının, çox mükəmməl tarixi, eyni dərəcədə də mükəmməl fəlsəfəsi var. Təbii ki, bunu öyrənməyimizdə fayda var. Türkiyə Cümhuriyyəti necə quruldu və türk insanı bugünkü vətəndaşlığını, dövlət idarəçiliyini, intellektual səviyyəsini necə əldə etdi? Bunlar böyük bir elmdir. Sadəcə bir fəaliyyət, qəhrəmanlıq deyil, gələcəyə yönəlmiş düşüncə sistemidir. Ona görə də Atatürkü daha çox bu istiqamətdə, mədəni və fəlsəfi elm kimi araşdırırıq. Və elə bilirəm ki, bunda haqlıyıq. Çünki Atatürkün gördüyü işlər, təcrübəsi bütün dünya üzərində təsirini göstərməkdədir”.
Nizami Cəfərov iki fərqli gündə etdiyi çıxışları eyni mənalı cümlələrlə tamamladı: “O, yalnız tarix deyil. Atatürk Türkiyənin və dünyanın gələcəyidir. Əsaslana, istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir...”
Böyükçəkməcə bələdiyyəsinin sədri doktor Həsən Akgünün Nizami Cəfərova çiçək və plaket təqdim etməsindən sonra dinləyicilər Nizami Cəfərovun ətrafına toplaşdılar. Suallar verdilər, şəkillər çəkdirdilər.

Yoldaşım və mən də bu iki bir-birindən gözəl, axıcı, səmimi çıxışını dinlədiyimizə görə məmnun olduq. Uzun illərdir ki, onu tanıyırıq, heç dəyişməyib. Uğurlarına, yüksəlişinə rəğmən heç vaxt təvazökarlığını əldən verməyən, eyni ciddiyyətlə işlərini davam etdirən, imkan daxilində edilən xahişləri yerinə yetirməyə çalışan, Bakıda ən üst səviyyəli adamla da, küçədə qarşılaşdığı hər hansı şəxslə də eyni səmimiyyətlə danışan Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, keçmiş sədri, millət vəkili, professor Nizami Cəfərovun uğurlarının davamını diləyirik.

Yasemin Bayer                                525.az

Комментариев нет:

Отправить комментарий