Страницы

11.03.2018

KONSEPTUAL ÇƏRÇİVƏDƏ HÜRUFİLİK TƏRİQƏTİ

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə İnstitutunun doktorantı

Mahiyyət etibarilə hürufilik antropomorfizm, panteizm və sufizim elementlərinin ehtiva olunduğu mistik təlimdir. Hürufilik və yaxud da Hürufiyyə (ər. حُرُوفِيَّة) XIV əsrin sonlarında Qərbi İranda, Azərbaycan və Anadolu ərazisində meydana gələn və XV əsrin əvvəllərində geniş yayılan sufi təriqətidir. Bu təlimin adı ərəbcə “hüruf” yəni, hərflər sözündən götürülmüşdür və təriqətin əsas mahiyyəti içərisində ərəb hərflərinə mistik çalarlar əxz etmək idi. Hürufilik təliminin qurucusu Şеyx Əbdürrəhman ibn Əbu Məhəmməd Şihabəddin Fəzlullah Astarabadi Nəimi Əl-Hürufi (1339-1394) şimal-şərqi İranda yerləşən Gülüstan ostanının Astarabad şəhərində dünyaya göz açmışdır. Fəzlullah Nəiminin gənc yaşlardan etibarən sufizmə maraq duymasında Həllac Mənsurun fəlsəfi fikirlərinin böyük rolu olmuşdur. Gənc yaşlarından təsəvvüfə böyük maraq göstərən Fəzlullah 18 yaşında Həcc mərasimini yerinə yetirdikdən sonra sufizimi araşdırmaq məqsədilə Xarəzmə və Təbrizə səyahət edir. Nəimi Təbrizdə yaşadığı müddətdə artıq öz müstəqil fikirlərini önə sürməyə başlayır, tədricən bu ideyaların ardıcılları Nəiminin ətrafına toplanır və davamçıları ona pərəstiş etməyə başlayırlar. Nəimi Təbrizdə ikən ona yuxuda vəhy gəldiyini iddia etdi, bu vəhyə görə Həzrəti Adəm, Həzrəti İsa və Həzrəti Məhəmməd Allahın xəlifələri, özü isə Mehdi və Məsihdir, peyğəmbərlərin və vəlilərin sonuncusudur. Fəzlullah bu yuxunu insanlara açıqladıqdan sonra Təbriz üləması tərəfindən kafir elan  edildi.
Gənc yaşlarından mütəmadi olaraq ibadətlə məşğul olan və papaqçı kimi güzəranını keçirdən Nəiminin təsəvvüfə meyl etməsi heç də təsadüfi bir mahiyyət kəsb etmirdi. Nəiminin atasının da sufi olması və nəsil şəcərəsinin Əli ibn Əbutalibə nisbət etməsi haqqında  müfəssəl məlumat vardır. İskurt Məhəmməd Dədənin “Salatnamə” adlı əsərində Nəiminin nəsil şəcərəsi bu qaydada verilmişdir: “Fəzlullah ibn Seyid Bahəddin ibn Həsən ibn Seyid Məhəmməd ibn İmadəddin ibn  Seyid Tacəddin ibn Seyid Əli ibn Seyid Haşim ibn Seyid Şərif Şah ibn Seyid Məhəmməd əl-ibn Seyid Əli  ibn  Seyid Hüseyn ibn Seyid Məhəmməd ibn Seyid Haşim ibn Seyid Həsən ibn Seyid Cəfər ibn İmam Musa Kazım ibn  Cəfər ibn  İmam Məhəmməd  Baqir ibn  Zeynəlabidin ibn  İmam Hüseyn ibn  İmam Əli ibn  Əbi  Talib.” (1)
1370-ci illərdən etibarən şeyx kimi fəaliyyətə başlayan Fəzlullah Təbrizdə Cəlayir xanədanının sarayında böyük hörmətlə qarşılandı. Lakin Təbrizdə üləmaların ona təzyiq göstərməsi səbəbindən İsfahana getdi və 1376-1377-ci illərdə İsfahanda bir mağarada invizaya çəkildi. Müsafir ləqbəli bir dərviş Nəimiyə artıq zühur etməyin zamanının gəldiyini və Təbrizdə ikən gördüyü yuxunun ilahi tapşırıq olduğunu söylədi. Dərvişin məsləhətindən sonra Nəimi özünün Mehdi olduğunu elan etdi, bu zaman Fəzlullah ətrafında olan yeddi nəfər sadiq insan hürufiliyin  ilk müridləri oldular və onlar Nəimini mürşid kimi qəbul etdilər. Fəzlullah müridləri ilə Gilan və Damğandan sonra Bakıda fəaliyyət göstərməyə başladılar. Bu dövrdən etibarən hürufilik ümumi sufizm axını içində özünəməxsus bir səpkidə formalaşmağa başladı və zaman keçdikcə ezoterik (batini) yönümlü mistik-fəlsəfi təlim kimi geniş yayıldı.
Nəimi bir müddət mağarada inzivaya çəkildikən sonra İsfahanda öz fəlsəfi sistemini açıq bir şəkildə yaymağa başladı və bu dövrdən etibarən özünün “Mehdi” olması ideyasını irəli sürdü. “Mütəfəkkirin dünyagörüşünün və yaradıcı hürufiliyin fəlsəfi əsası ardıcıl panteizmdir. Dünyanın vəhdəti haqqında təlimində, hərfin və yuxunun təbiəti, təyin və təyin edilən, məzmun və forma əlaqəsi və s. məsələlərdə Nəimi əsasən materialist mövqe tutmuşdu. İslamın və “Quran”ın şərhçisi kimi tanınan Nəimi əslində onları inkar etmişdi.” (2, səh. 488)
Nəiminin yaratdığı təriqət yeddi seçilmiş müridin səyləri nəticəsində yeni inanc sürətlə yayılmağa başladı. Qısa müddət ərzində müxtəlif sosial seqmentləri təmsil edən ardıcıllar yeni təriqətin ətrafında toplanmağa başladı. Fəzlullahın ən əhəmiyyətli əsərləri içərisində “Cavidannamə” (“Əbədiyyət haqqında kitab”), “Ərşnamə”, “Məhəbbətnamə” (“Eşqnamə”), “Vəsiyyətnamə”, “Növmnamə” (“Yuxu haqqında kitab”), “İsgəndərnamə” əsərlərini və “Divan”ını qeyd etmək olar.  Hürufliyin əsas ideologiyasının ehtiva olunduğu «Cavidannamə» əsəri “Cavidan əl-Kəbir” («Böyük Cavidannamə») və «Cavidan əl-Səğir» («Kiçik Cavidannamə») adlı iki hissədən ibarətdir. Dialoq formasında yazılan bu əsər hürufilik təliminin ideologiyasının ehtiva olunduğu əsas kitab hesab olunurdu. Əslində isə «Cavidannamə» əsəri “Quran”ın Nəimi tərəfindən özünəməxsus şəkildə təfsir edilməsi idi. “«Cavidannamə» hürufilik təliminin ən mötəbər qaynağı, bu təriqətin əsas idеya, məqsəd və baxışlarını özündə əks еtdirən təlim kitabı hеsab olunur. Şərti olaraq bеlə dеmək mümkündür ki, «Cavidannamə» hürufilərin Quranı, ana kitabıdır. Nəimi hürufilik idеologiyası ilə əlaqəli bütün təsəvvür, baxış və prinsiplərini bu sonuncu dini və еlmi-fəlsəfi əsərində ümumiləşdirmiş, onun ən mühüm müddəalarını şərh еtmiş və müəyyənləşdirmişdir... Burada müəllif öz müddəalarını şərh еdərkən çoxlu saydı diaqramlardan, müxtəlif ölçülü dairələrdən və həndəsi işarələrdən də istifadə еtmişdir ki, bunların vasitəsilə Allah, söz, insan, göy, yеr, ulduzlar, bürclər, 4 ünsür, Kəbə və s. arasındakı əlaqə və münasibətləri aydınlaşdırmağa çalışmışdır. «Cavidannamə»nin müəyyən hissələri Saillə talib arasındakı dialoq formasındadır. «Sail» Nəiminin təxəllüslərindən biri, «talib» isə öyrənəndir. Əsərdə yеri gəldikcə mənzum parçalardan da istifadə еdilmişdir.” (3, səh.62)
Hurüfilik ideologiyasının əks olunduğu  əsərlərin içərisində  Fəzlullah Nəiminin əsərləri, xüsüsən də “Cavidannamə”  əsəri mühüm yer tutur. Ümumiyyətlə, hurüfiliyin əsas mənbə kitabı kimi məşhur olan “Cavidannamə” əsəri altı hissədən ibarətdir. Birinci hissədə müəllifin etiqadı fikir və düşüncələri əks olunmuş, bəzi kəlam məsələlər müzakirə olunmuş, ikinci hissədə kainatın yaradılışı, səma, ərz, ay, günəş və bürclərlə bağlı məlumatlar verilmişdir. Üçüncü hissədə Adəm ilə Həvvanın və digər varlıqların yaradılışı, dördüncü hissədə axirət, qiyamət və həşr mövzularına toxunulmuş, beşinci fəsildə peyğəmbərlərin göndərilməsi, Həzrət İsa və şəriət haqqındakı fikir və şərhlər qeyd edilmişdir,  altıncı hissədə isə Allahın sifətləri və sirlərin kəşfi barədə məlumat verilmişdir. (4)
Nəiminin müridləri də hürufiliyə aid önəmli əsərlər qələmə almışlar. Fəzlullahın xəlifəsi olan Əbülhəsən Əli ül-Əlanın “Qiyamətnamə”, “Kürsinamə” və “Tövhidnamə” əsərləri, Əbdülməcid Fəriştəoğlunun “Eşqnamə”, “Lüğəti qanuni ilahi”, “Axirətnamə” “Hidayətnamə” və “Həbnamə” əsərləri, İmadəddin Nəsiminin “Divan”ını və “Müqəddimət ül-həqaiq” əsəri, Əmir Qiyasəddin Məhəmməd ibn Huseyn ibn Məhəmməd əl-Astarabadini “İstivanamə” və “Məktub” əsərləri, Mir Şərifin “Hacnamə”, “Məhşərnamə” və “Bəyan ül-vaqi” əsərləri, Rəfinin “Bəşarətnamə” və “Gəncnamə” əsərləri, Yəmininin “Fəzilətnamə” əsəri, Mühitinin “Divan”ı, Misalinin “Divan”ı və “Ərş Divanı”, Həmzə Dədənin “Cavidannamə şərhləri” əsəri, İskurt Məhəmməd Dədənin “Salatnamə” əsəri, Dərviş Mürtəzanın “Dürri yetim”  əsəri,  Seyyid Əmir İshak Astarabadinin “Təhqiqnamə”, “Turabnamə” və “Həbnamə” əsərləri  hurüfiliyə dair həsr edilmiş önəmli əsərlərdir. (5, s. 488).
Hürufi təriqətinin fəaliyyəti Teymurilər xanədanını narahat  edirdi və təriqətin fikirləri ilə razılaşmadıqları üçün hürifilik təliminin davamçıları təqib olunurdu. Əmir Teymurun oğlu Miranşahın əsgərləri tərəfindən yolda həbs olunan Fəzlullahın edam olunması haqqında Şirvanşah İbrahimin qazısı Bəyazid fətva verdi.  
(Halbuki Nəimi bir zamanlar Bəyazidin evində qonaq qalmış və böyük hörmət görmüşdü.) 1394-cü ildə Əlincə qalasında birbaşa olaraq Miranşahın özü tərəfindən Nəiminin boynu vurularaq edam edildi. Bəzi mənbələrin verdiyi məlumata görə Miranşahın Nəimini öldürdüyü qılınc Fəzlullah müridləri tərəfindən qızılla bəzədilmiş və hüruflər bu qılınca təzim edirmişlər. Nəiminin cəsədi ayaqlarından sürüklənərək hər kəsə göstərildikdən sonra müridləri tərəfindən torpağa verildi. Nəiminin Məqtəlgah deyə adlandırılan məzarı hürifilər tərəfindən müqəddəs sayılırdı. (6, s. 218). 
Hürufilər Fəzlullahın ölümü barədə verilmiş fitvaya istehza ilə yanaşaraq, bu fitvaya “küfri-iman” adını vermişdilər. Mürşidləri Fəzlullahın ölümündən sonra onun mistik təlimi müridləri tərəfindən hürufilik təliminin rəhbərlərindən olan Əhməd Lurun 1427-cü ildə Şahruxa qarşı sui-qəsd hərəkətinə cəhd etməsindən sonra müridlərdən bir çoxu tutularaq öldürüldü. (7) 1467-ci ildə isə Qaraqoyunlu hökmdarı Cahanşaha qarşı şəxsən Fəzlullahın qızının rəhbərliyində bir qiyam hərəkatı da amansızcasına yatırıldı və üsyanın rəhbəri beş yüzə qədər tərəfdar ilə ilə birlikdə edam edildi.
Bu hadisələrdən sonra hürufilərin böyük əksəriyyəti Anadoluya sığınmağa başladılar. Bundan əvvəl də hürufiliyin Anadoluda Mir Şərif və xüsusilə  İmadəddin Nəsimi tərəfindən yayılması tarixi mənbələrdə qeyd edilmişdir. Mir Şərif Anadoluya Fəzlullahın əsərləri başda olmaqla bir çox hürufi əsərlərini gətirmiş, Fəzlullahın öndə gələn xəlifələrindən Nəsimi də Anadoluda geniş ölçüdə bir təbliğat apamışdır. Hürufilərin bu dövrdə təsirli və mütəşəkkil bir şəkildə təbliğat aparmaları Osmanlı sultanı II Məhəmməd dövründə saraya qədər nüfuz etmələrindən aydın olur. Osmanlı sarayındakı din xadimləri hürufiliyin geniş aspektdə fəaliyyət göstərməsindən təlaşa düşdülər, vəzir Mahmud Paşanın və Mövlana Fəxrəddin Əcəminin səyləri nəticəsində hürufilər cəzalandırıldı. Bu iki şəxs hürufilərin “hülul” inancına (yaradanın yaratdıqlarında meydana çıxmasını, təzahür etməsi inancı) sahib olmaları barədə gənc sultanı xəbərdar edirlər. Sultan II Məhəmmədin hüzurunda aparılan bu müzakirənin sonunda hürufilərin həqiqətən də “hülul” inancına sahib olması faktı ortaya çıxmış və bu səbəbdən də sultanın buyruğu ilə hürifilər həbs olunmuş və edam edilmişlər. Bu hadisədən sonra Anadolu və Rumelidəki hürufilər öz varlıqların gizli bir şəkildə davam etdirmişlər, sonralar isə Ələvi-Bektaşilərə və qismən də digər təriqətlərin içərisinə qarışdılar. “Hülulilik təliminə görə, Allah ardıcıl surətdə bütün peyğəmbərlərdə həll olaraq, nəhayər bu və ya digər şəxsdə biruzə verir. Hülulilik bəzən panteist məzmunda şərh edilirdi: “Allah təala hər bir məkanda mövcuddur, hər bir məkanda mövcuddur, hər bir dildə danışır, bəşərin hər bir şəxsində zahirdir.”” (2, səh. 488)
Əl-Hürufi ləqəbi ilə də tanınan Fəzlullah Nəimi “Quran”ı yəhudi mistisizimi olan qabalistik hərf sistemiylə izah edirdi. Hürufilikdə 7 rəqəmi mühüm əhəmiyyətə malik idi və həm “Quran”dakı “Fatihə” surəsinin ayələri, həm imanın şərtləri, həm də üzdəki əsas yeddi nöqtə bu müqəddəs rəqəmlə bağlıdır və bu səbəbdən insanın özü də həqiqət üçün açardır. Əslində əsrlər boyu bir sıra hərf və rəqəmlər müqəddəs sayılmış və bunlara müxtəlif mənalar verilərək, Allaha məxsus sirlərin bu hərf və rəqəmlərdə gizlənməsi düşüncəsi ortaya atılmışdır. Buna bənzər ideyalar Qədim Hindistanda, Qədim Yunanıstanda, Qədim Misirdə, yəhudilik və xristianlıq dinində də mövcud olmuşdur.
Ümumiyyətlə, hürufilik özündən əvvəl bərqərar olmuş monoteist dinlərə hörmətlə yanaşır, bu dinlərin ideyalarından bəhrələnir və bu ideyaları özünəməxsus tərzdə izah edirdi. Hürufilik təliminin meydana gəlməsində pifaqorçuluq, “Kabbala”, ismaililik, cifr elmi, Həllac Mənsurun və Mühyiddin İbn əl-Ərəbinin fəlsəfi fikirləri mənbə kimi önəmli mövqeyə malik olmuşlar. Hürufilərə görə musəvilik (yəhudilik), xristianlıq və islam dinləri bir-birinin məntiqi davamından ibarətdir. “Hürufilər bütün insanları dinindən, irqindən, rəngindən asılı olmayaraq adəmi adlandırırdılar, yəni Allahın xəlq etdiyi və onun gövhərinin daşıyıcısı sayırdılar. Bununla həm də bütün millətlərdən olan adamların hürüfiliyi qəbul etməsi üçün əsas yaranırdı. Bir çox məqamlarda adəmi sözü hürufi sözünün sinonimi kimi işlənir. Fəzlullah “Cavidannamə”də İsa Məsihin dinləri birləşdirmək missiyasını başa çatdıra bilmədiyini qeyd edir. Söhbət eyni bir Allahın kitablarını tanıyan, lakin rəqabət aparan üç dindən—musaviliyin, xristianlığın və islamın birləşdirilməsindən gedir. Bu birləşdirici missiyanı Fəzlullah öz allahlığmı zəruri etmiş başlıca şərt kimi təqdim edir. Hürufilik bütün yer üzündə yayıldıqda Fəzlüllahın məzhəbi “adəmilik” adlanmalı idi.” (8, səh.127) 
Fəzlullaha görə Allah gizli bir xəzinədir, hər şeyin həqiqəti, mövcudiyyəti və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində  təzahür edən səslərdən ibarətdir, səsin kamalı kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edir və özünü səslə biruzə verir. Kəlam bir sıra ünsürlər halında bəzi şəkillərdə ehtiva olunur. Bu ünsürlər ərəb və fars əlifbalarının iyirmi səkkiz və otuz iki hərfləridir. Kainatın təməl elementləri olan hərflər insanın üzündə də təcəlli etmişdir. 
 Hürufilərdə Quranın sirrinin iyrmi doqquz surənin başında gələn “hürufi-müqəddə”də (tək-tək oxunan hərflər) toplandığı qəbul edilirdi. Bu hərflər on dörd ədəddir: ﺍ (əlif) -ﻝ (lam)- ﺮ (re)- ﻕ (qaf) - ﺡ (he)- ﻯ (ye) -ﻉ (əyn) - ﺹ (sad)-  ﻁ (ta) - ﺱ (sin)  - ﻩ (ha)- ﻡ (mim)- ک (kaf) -ﻥ (nun). 
Hürufilərin digər monoteist dinin nümayəndələrinə hörmət bəsləməsi onların ardıcıllarının sayının artmasına rəvac verirdi. Dinindən asılı olmayaraq hər kimsə hürufiliyi qəbul edirdisə müvəhhid, yəni mömin dərəcəsinə daxil olurdu. Hürufiliyi qəbul etməyənlər isə mürdə, yəni ölü sayılırlar, həmçinin hürufiliyi qəbul edən şəxs mürdə dərəcəsindən müvəhhid dərəcəsinə daxil olur.
Hürufilərə görə son peyğəmbər Fəzlullahdır və hər peyğəmbər özündən əvvəl gələn peyğəmbərlərin sirlərinin mənasını aşkar və izah edir, Fəzlullah isə son peyğəmbər olduğu üçün əvvəlki peyğəmbərlərin bildirdiklərinin mənasını aşkar edəcək açara malikdir. “Hürufiliyə görə Allahın yaratdığı dünya daimi dövr edir və bu, görünən dəyişikliklərin səbəbidir. Allah iki yolda təzahür edir: Allahın özünəbənzər yaratdığı insanda və “Quran”da və şeylərin adında.” (2, səh. 488)
Hürufilər kainatın üç təməl dövrü olduğu qəbul edirlər:
1. Peyğəmbərlik və ya Nübüvvət dövrü.
2. İmamlıq və ya İmamət dövrü.
3. Tanrılıq və ya İlahilik dövrü.
 Adəm ilə başlayan və Həzrəti Məhəmməd ilə sona çatan dövr peyğəmbərlik, Həzrəti Əli ilə başlayan və on birinci İmam Həsən Əsgəri ilə bitən dövr İmamlıq dövrləridir. Fəzlullah ilə tanrılıq dövrü başlamışdır və bütün peyğəmbərlər Fəzlullahı müjdələmişlər. “Kabbala”da hərflərin hər birinin mistik dəyərinin olması və müqəddəs mətndə mistik dəyərlərin axtarışı hürufilərin də toxunduğu əsas mövzulardandır. Hürufilər bütün dini hökmləri öz düşüncələri istiqamətində izah edirdilər. Kəlmeyi-şəhadət, namaz, oruc, həcc və zəkat kimi bütün dini hökmlər şərhlər vasitəsi ilə iyirmi səkkiz və otuz iki hərfə tətbiq edilərək açıqlanırdı. Hürufilərdə Həcc deyildikdə Fəzlullahın edam olunduğu yeri ziyarət etmək, Şeytan daşlamaq deyildikdə isə Fəzlullahı öldürən Teymurun oğlu Miranşahın inşa etdirdiyi Səncəriyyə qalasını daşlamaq nəzərdə tutulurdu. 
Fəzlullahın öldürülməsindən sonra onun mistik ideologiyası müridləri tərəfindən davam etdirildi. Hürufiliyin yayılmasında və Nəimidən sonra da davam etdirilməsində  Əbülhəsən Əli ül-Əla, Seyid Əli İmadəddin Nəsimi, Əbdülməcid ibn Fəriştə İzzəddin ət-Tirəvi (ölümü 1459/1460) və başqa hürufi müridlərinin böyük rolu olmuşdur. Fəzlullahın 400 xəlifəsi içərisində Əbülhəsən Əli ül-Əla böyük nüfuza malik olması ilə seçilirdi. Hələ gənc yaşlarından Nəiminin müridi olan Əli ül-Əla 1419-cu ildə Əlincədə öldürülmüş və Nəiminin məzarının yanında dəfn olunmuşdur. “Nəiminin baş xəlifələrindən biri Əbülhəsən Əli ül-Əla 1399-cu ildə, yəni ustadının ölümündən sonra onun «Cavidannamə» əsərini nəzmə çəkmişdir. Hürufiliyə dair «Kürsinamə», «Qiyamətnamə» və s. kimi qiymətli əsərlər qələmə almışdır.” (3, səh.57)
Hürufiliyin ən böyük davamçılarından biri olan Seyid Əli İmaddədin Nəsimi bu təriqətin Şimali Suriya torpaqlarında yayılmasında böyük rol oynadı. Nəsiminin bu bölgədəki aktiv fəaliyyəti sünni üləmalarını narahat edirdi. Sünni üləmalar Misirdəki Məmlük sultanına və Abbasi xəlifəsinə məktublar yazaraq, gəncləri yoldan çıxartdığı və “Quran”ı inkar etməsi səbəbiylə (bu hadisə Sokratın başına gələnləri xatırladır) Nəsiminin cəzalandırılmasını tələb etdilər. Məmlük sultanın Hələb əmrinə verdiyi tapşırıq nəticəsində 1417-ci ildə böyük hürufi şairi Seyid İmadəddin Nəsiminin dərisi soyularaq edam olundu. Sünni üləmlar Nəsiminin soyulmuş cəsədinin əhaliyə ibrət olması üçün 7 gün Hələbdə hər kəsə göstərilməsinə qərar verdilər. 
Hürufilik təliminə panteist səpkidə yanaşan Nəsimi ruhun təkamül yolu ilə inkişaf etməsinə inam bəsləyirdi. Nəsiminin vəhdəti-vücud düşüncəsinə görə insan həm surət, həm məna baxımından ilahi varlıqdan ayrı deyildir. Haqqın nuru insan surətində təcəlli etdiyinə görə insana yüksək dəyər vermək lazımdır. Təcəlli hurufi istilahında Haqqın zat və sifətlərinin insanda zühur etməsinə deyilir. Təcəllinin əsas xüsusiyyəti hürufinin könlündə Haqqın zahir olmasıdır. İnsan öz varlığında Haqqı tapa bilər, çünki insan ilahi təcəllinin təzahür etdiyi uca varlıqdır:

Hüsnün təcəllisindən gəldi vücuda aləm,
Ey vaiz, əbsəm ol kim, yalançı qissəxansan.
Həqdən gələn kəlamın möcüzdür, ey Nəsimi,
Sənsən ki, küntü kənzin əsrarına bəyansan. (9, səh.75)

Hürufilərə görə varlığın mahiyyəti səsdən ibarətdir və səsin təzahür etməsi ilə kainat bərqərar olmuşdur. Gizli bir xəzinə olan Allah ilk dəfə olaraq "söz" (kəlam) vasitəsilə özünü biruzə vermişdir. “Fəzlullah Quranın məntiqinə əsaslanır və (4:171 )-ci ayədən belə nəticə çıxarır ki, Məryəm tərəfindən doğulmazdan əvvəl İsa Məsih Allahın qatında kəlimə və ruh şəklində olmuşdu, doğulandan sonra varlığını cəsəd - diri insan bədəni - şəklində davam etdi. Beləliklə, İsanın misalı sözlə ruhim eyniyyətini təsdiqləmək üçün əsas olur və Fəzlullahın Həzrəti-Əhədiyyətin şəkillənməsi ehkamının ən çəkili misalı kimi ortaya gətirilir.” (8, səh.54)
Hürufilər kainatın sonsuzluğuna və mütəmadi olaraq sprilavari şərairdə təşəkkül etdiyinə inanırdılar. Tanrı özünü insanın üzündə ərəb hərfləri formasında biruzə vermişdir. Bu baxımdan insanın üzündəki burun "əlif", burnun iki tərəfi "lam", gözlər də "ha" hərflərini xattırladır və bu nöqteyi-nəzərdən də insanın üzündə simmetrik şəkildə iki Allah sözü yazılmışdır. Hüruflər insanın Allahın təcəllisi olduğuna şəksiz inam bəsləyirdilər və insanı tanrı dərəcəsinə yüksəldilirdir. Bütün mövcüdat mütləq varlığın təzahürüdür və mövcudatın ən uca mərtəbəsində insan durur. Kamil insanın Allah üzündə təcəlli etmişdir və kamil insanın üzündə sirr gizlənmişdir, bu sirri öz simasında görməyən insan cahildir. Bu sirrdən agah olan kamil insan isə ilahi bir varlıqdır. Hürufilərə görə hər bir insan bu sirrdən agah olmalı və kamil insan dərəcəsinə yüksəlməlidir.
İnsan üzündə anadangəlmə "xutüt-ü ummiyə" (ana xətləri) adlanan yeddi xətt vardır: iki qaş, dörd kirpik və saç. Bu yeddi xəttin dörd elementə (od, su, hava və torpaq) vurulmasından ərəb əlifbasının 28 hərfi hasil olur. Bununla yanaşı yeddi də "xutüt-ü əbiyə" (ata xətləri) vardır ki, bunlar kişidə yetkinlik çağında çıxır: bunlar sağ və sol yanaqlardakı iki saqqal, iki bığ, iki burun tükü və bir çənə altı tüküdür. "Xutüt-ü ummiyə" ilə "xutüt-ü əbiyə" xətlərinin hal və mahal etibarilə cəmi “Quran”ın yazıldığı 28 hərf olur. Saçı ikiyə böldükdə isə insanın simasında yeddi xətt deyil, səkkiz xətt meydana gəlir və səkkizin dörd elementə vurulmasından fars əlifbasının 32 hərfi hasil olur, bu hərflərlə isə Fəzlullah “Cavidannamə”ni  qələmə almışdır. “Hürufilikdə Allah, hərf (söz-kəlam), insan, maddi varlıq və 4 ünsür münasibətləri bir-biri ilə əlaqəli, tam və bütöv bir vəhdət halında götürülür: Hər şеy Allahdır → hər şеy 28 və 32 hərfdir (yəni söz və kəlamdır) → hər şеy həmin hərflərin sirrinə vaqif olan insandır → hər şеy maddi varlığın əsasını təşkil еdən 4 ünsürdür. Hürufilər əzəli və əbədi olan ilkin zatın (xaliq) təcəllisindən zühur еdən varlığın yaradılış nizamını bu sistеmdə qəbul еdirdilər: Allah → söz → kainat → insan.” (3, səh.63)
Hurüfilik istilahında Adəm və Həvva anlayışları böyük əhəmiyyət kəsb edir. Bu sözlərlə hürufilər ilk insanı nəzərdə tuturdular, geniş mənada isə bu sözlər insanlar mənasında istifadə edilirdi. Hurüfilik doktrinasında Adəm və Həvva istilahları önəmli bir xüsusiyyətə malik idi. Fəzlullah Nəimiyə görə Adəm istilahının əbcəd hesabı 46, Həvva istilahının əbcəd hesabı 21, Allah istilahının əbcəd hesabı isə Adəm və Həvva sözlərinin əbcəd hesabının cəmidir, yəni 67-dir. Bu fakt hürufilikdə xüsusi bir dəyər  kəsb edirdi, hürufilər məhz bu faktı nəzərə alaraq Allahın insanda təcəlli etdiyini bir daha qətiyyətlə söyləyirdilər.
Allah kəlməsi 5 hərifdən ibarətdir və əgər bu hərfləri ərəb əlifbasında yazıldığı kimi oxunsa, bu hərflərin cəmi 14 edir. Bunlar isə adəm övladının üzündə əks olan xətlərin sayı qədərdir. Elə bu səbəbdən də həzrəti Adəm Allahın xəlifəsidir. Adəm kəlməsinin əbcəd hesabı 46 rəqəmindən Adəmin üzündə xətt formasında əks olan 14 rəqəmini çıxsaq  32 alınır. Hürufilikdə 32 rəqəmi kəlmeyi ilahiyə kimi böyük anlam kəsb edir. “Quran”da ata və ana dedikdə əslində Adəm və Həvva nəzərdə tutulmuşdur.
Təsəvvüf terminləri içərisində önəmli dəyərə malik olan vəhdət-i vücud (varlığın birliyi) konsepsiyası hürufilikdə də mühüm yer tutur. Vəhdət-i vucüda görə varlıq “vahid” olması səbəbilə Yaradılan ilə yaradanın qaynağı eynidir və bütün yaradılmışlar yaradanın kainatdakı bir əks olunmasıdır. Kainat Allahın bir zahiri görüntüsüdür, Allah isə kainatın özüdür, batini olan Allah kainatda gerçək şəkildə özünü biruzə verir. Dünyada yalnız bütöv, tam substansiya olan Allah substaniyası mövcuddur, gerçəklikədə mövcud olan bütün cisimlər və təbiət hadisələri Allah substaniyasından ayrılmışlar və tədricən bu substansiyaya doğru qayıtmalıdırlar.
Vəhdət-i vücud anlayışı kainatda Allahdan başqa heç bir varlığın mövcud olmadığını bildirir. Bütün kainat ilahi varlığın təkliyindən törəyib, ilahi varlıq olan Allah tək və bənzərsizdir. Vəhdət-i vücuda görə Allah bütün varlıqlarda təzahür etmişdir. Allahın yaratdığı vəhdət insanlara kəsrət (çox) kimi görünür. Bunun fərqinə varmaq isə təsəvvüf yolu ilə əldə olunur. “Təsəvvüfün əsas düşüncəsi budur: Yaradılış deyə bir şey yoxdur, varlıq birliyi (vəhdət-i vücud) vardır. Varlıq kainatda nə varsa – canlı, cansız hamısında aşkar olur. Nə başlanğıc vardır, nə də son. Var olan sadəcə varlığın hər zaman aşkar olmasıdır. İnsan da, heyvan da, bitki də, mədən də eyni varlığın müxtəlif təzahürləridir. Heç bir şeyin özünə xas bir varlığı yoxdur, hər şey tək  varlıqdır. Varlıq hər an daimi olaraq aşkar etməkdir (zühur etməkdir).” (10, səh. 07). 
Ümumiyyətlə, vəhdət-i vücud təlimini panteizmlə tam eyniləşdirmək düzgün deyildir, vəhdət-i vücud təlimi ilə panteizm  arasında müəyyən fərqli xüsusiyyətlər  vardır. Vəhdət-i vücud panteizmdən fərqli olaraq peyğəmbərlər və onların varisi olan vəlilərin kitab və sünnəyə söykənən mükaşifələrinin (mükaşifə - kəşf sözündəndir, ilahi sirrlərin sevgi və məhəbbətlə əldə edilməsinə, kəşf edilməsinə deyilir) məhsuludur. 
Tarix boyu hürufilik təriqətinin böyük təzyiqlərə məruz qalmasına baxmayaraq Hindistandan Balkan yarımadasına qədər yayılması danılmaz bir faktdır. Bu isə təriqətin orjinallığına və möhtəşəmliyinə bariz nümunədir. Hürufiliyin idealist və yaxu da materialist yönümlü təriqət olması məsələsi mübahisəlidir. Bu nöqteyi-nəzərdən bəzi tədqiqatçılar hürufiliyin materialist, bəzi tədqiqatçılar isə hürufiliyin idealist xarakter kəsb etiyini vurğulayırlar. Hürufilik tərəqəti müasir dövrdə də ideoloji-fəlsəfi məktəb kimi öz aktullığını itirməyib və hürufilik təliminin düşüncə tarixində özünəməxsusluğu ilə seçilməsi baxımından çağdaş dövrdə də tədqiqatçıların diqqət mərkəzindədir.

Ədəbiyyat siyahısı:
1. İşkurt Dede, Salatname (yazma), İstanbul Millet Kütüphanesi, Ali Emiri, Farsça, no: 1043, vr. 51a.
2. Fəlsəfə elmləri ensiklopediyası. Bakı, 1997
3. Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti. Bakı, «Nurlan», 2007
4. İsmail Arıkoğlu. Ferişteoğlu’nun Cavidan-Name tercümesi: Işk-Name (İnceleme-Metin) Doktora Tezi. Van-2006
5. Gölpınarlı, Hurûfîlik Metinleri Kataloğu, III-VII; A/i Ekber Dehhuda, Luğat-name, XI
6. Aksu, Amir Giyas al-Din Muhammed al-Astarabadi ve İstiva-Nama’si
7. Cəsədi küçələrdə sürüdülən Azərbaycan filosofu – Araşdırma. Lent.az
8. Rəhim Əliyev. Cavidannamə. Monoteizimin dördüncü kitabı. Bakı, 2016
9. İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lidеr nəşriyyat, 2004
10. Hançerlioğlu O. Felsefe ansiklopedisi. İstanbul, 1984

Комментариев нет:

Отправить комментарий