Страницы

24.04.2018

Əfrahim Hüseynli - Ucada dayanan haqdı

GÖYLƏR DƏ ÇOX GÖRÜR AY İŞIĞINI

Məni niyə belə böyütdün, ana,-
Məni niyə sevdin "dünyalar qədər"?..
Sən yoxsan, daş-divar adama gəlir,-
Gecəsi açılmır, gündüzü qəhər.

O dünyalar boyda sevgi yarımçıq,..
Nə üzlə bu ömrü sürürəm hələ?
Dərdin dərd içində şahı var imiş
Nökərəm, ya qulam... nə gəlir ələ?

Gecələr içində azıb qalmışam,-
Göylər də çox görür ay işığını.
Qapısı-kandarı cənnət olan ev
Nağıla döndərib yaraşığını.

Bu evin qapısı gör neçə ildir
Çarəsiz-çarəsiz üzümə baxır.
Göylər bulud-bulud qaralır belə-
Yağış əvəzinə qəriblik yağır.

Yollara boylanır nar ağacları,-
Cığır ürəyidaş, yol ürəyidaş!
Elə bil bu dilsiz  ağaclarla da
Zalım günlərin də qərəzi varmış.

Hardasa sən yaşda qadın görürəm,
Ürək bel bağlayır hələ gümana.
Bir səs eşidilir doğma səs kimi,-
Elə bilirəm ki, sən sağsan, ana!

...Gəlmişəm, qəbrini öpürəm yenə,-
Üzümə toxunur isti nəfəsin.
Əllərin torpağı sevdi bir ömür,-
Eh!.. bu da torpağın sevgi əvəzi?!

BAŞIMIN ÜSTÜNDƏ HAQQI BİLMİŞƏM

Dastanlar yazmışam bu ömür boyu...
Doğmaya yazmışam, yada yazmışam.
Seçə bilməmişəm ağı qaradan,-
Vermişəm günləri bada, yazmışam.

Zülmət gecədə də yazdığım şeir
Yüz yerə yozulub sətirbəsətir...
Bölünüb bu ömür yüz ömrə xətir,-
Ələnib başıma qar da, yazmışam.

Dosta yad deməyə dilim gəlməyib,-
Silim yazdığımı?.. əlim gəlməyib.
Məndən uzaq qaçıb... ölüm gəlməyib...
Qalıbdı ömür-gün darda, yazmışam

Ucada dayanan haqdı, bilmişəm,
Haqqa söykənən üz ağdı, bilmişəm.
Başımın üstündə haqqı bilmişəm,-
Harda söz demişəm, harda yazmışam

...Bir evi bəzəyib bir körpə səsi,-
Buludsuz görünüb göyün bənizi...
Bahara dönübdü payız nəfəsi,-
Ən gözəl şeirimi orda yazmışam.

DAYANAN DEYİLMİŞ YAĞAN BU QAR DA

Yazın, payızın da qış üzü varmış,-
Qarıyla öyünür qış nahaq yerə.
Yollara ələnən nə varsa daşdı,-
Adını daş qoyub daş nahaq yerə.

Hər yükü daşıdıq... dedik zaman var,
İndi nə təsəlli, nə də güman var.
Çəkilməz bulud var, bitməz duman var,-
Kim dedi dağları aş nahaq yerə?!

Sel-sular adladıq, gör qaldıq harda?-
Günlər saat-saat sorğu-sualda.
Dayanan deyilmiş yağan bu qar da,-
Göylərə üz tutdıq boş, nahaq yerə.

Kim dedi, ay ömür, sat günü günə?-
Bu qış da yolları saldı düyünə.
Dağdan ağır olan bu söz yükünə 
Elədim ürəyi tuş nahaq yerə.

Dedim gündüzlərdən ömür yarıdı,-
Yazılan gündüzlər cızma-qaradı...
Qaraya ağ söylə, qara qaradı,
Ha düşün, ha sındır baş nahaq yerə.

Комментариев нет:

Отправить комментарий