Страницы

28.04.2018

İDRAK PROSESİNDƏ EKSPERİMENTAL METODUN ROLU

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə İnstitunun doktorantı

Gerçəkliyin dərk olunmasında idrak amilinin əhəmiyyətli bir rola malik olması faktı danılmaz bir həqiqətdir. İnsan ətraf mühiti və eyni zamanda özünü dərk etməyə başladığın dövrdən etibarən idrak faktoru önəmli bir xüsusiyyət kəsb etməyə başlamışdır. Bəşəriyyətin düsüncə tarixinə diqqətlə nəzər saldığımız zaman idrak probleminə müxtəlif nöqteyi-nəzərdən yanaşılmış və bu məsələ barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Təbiət, cəmiyyət və təfəkkürdə baş verən bütün proseslər və hadisələr idrakın obyekti olaraq hərtərəfli araşdırılır, idrakın subyekti olan insan tərəfindən tədqiq olunur. İnsanların xarici dünyadan duyğularla gələn obrazının şüurda reallaşması prosesi olan idrak tədqiqat obyektinə və eyni zamanda istifadə etdiyi metodlara görə adi və elmi idrak deyə iki hissəyə ayrılır. Elmi idrakın empirik metodları içərisində eksperimental müşahidə, ölçmə, müqayisə kimi metodların adını qeyd etmək olar.
Eksperiment sözü latın mənşəli olub, sınaq, təcrübə kimi mənalar ifadə edir. Eksperiment adətən müşahidə ilə sıx bağlı olan bir metoddur. Elmi idrakın tədqiqatı zamanı geniş formada tətbiq edilən metodlardan biri də eksperiment metodudur. Eksperiment xarakter və metod baxımından  maddi eksperiment və fikri eksperiment olaraq iki hissəyə bölünür. Maddi eksperiment dedikdə tədqiq edilən obyektə maddi təsir metodu əsas rol oynayır. Fikri eksperimentdə isə maddi eksperimentdən fərqli olaraq tədqiq edilən obyektin xəyali modeli əsas amil kimi çıxış edir. Ümumiyyətlə, bütün eksperimentlər zamanı müəyyə qaydalara riayət etmək labüddür. Eksperiment metodundan müxtəlif elm sahələrində tədqiqat aparmaq mümkündür. Fizika, kimya, biologiya kimi dəqiq elmlərlə yanaşı ictimai-sosial elmlərdə də eksperimentdən geniş istifadə olunur. 
Mahiyyət etibarilə eksperiment irəli sürülmüş fərziyyənin doğruluğunu təsdiq və ya  təkzib etmək məqsədi ilə həyata keçirilən nizamlı bir prosedurdur. eksperimentlər bir zaman nəticəsi ortaya çıxar nə nümayiş səbəb -nəticə fikir təmin edir. “Eksperiment (Alm. Erfahrung, experiment; fr. Expe-rience; ing.experience; experiment; yun.emperia; lat.experientia; ər. أجشتح ; lat. experimentum – sınaq, təcrübə) – hər hansı bir hadisənin tədqiqatın məqsədlərinə uyğun gələn yeni şəraitin yaradılması vasitəsilə və ya prosesin gedişinin lazımi istiqamətdə dəyişdirilməsi vasitəsilə həmin hadisəyə fəal təsir yolu ilə tədqiq edilməsi. Yunan dilindəki peria (təcrübə, imtahandan keçirmə) kəlməsindən iki sıra söz törənmişdir: 1. (mücərrəd və ümumi mənada işlədilən) emperia və törəmələri: empirik, empirizm; II. (konkret və daha texniki mənada işlədilən) experientia (lat. Experiri = təcrübə, təcrübədən keçirmə) və növləri: experimenter, experimental, experimentation. I – Emperia = təcrübə, təcrübədən keçirilənlər.”(1, səh.60-61)
Ümumiyyətlə, eksperiment (təcrübə) empirik tədqiqat metodu olub, öyrənilən hadisə və prosesə fəal, praktiki təsir imkanını təmin edir. Eksprimentator şüurlu və məqsədyönlü şəkildə onun təbii gedişinə müdaxilə edir. Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirilir. Fiziki, kimyəvi, bioloji, kosmik, psixoloji və sosial eksperimentlər. Eksperiment prosesində modellərdən də geniş istifadə olunur. Tədqiqatçı üçün modellər tədqiq edilən obyektini əvəz edir. Eyni zamanda tədqiqatçı bu zaman riyazi hesablamalar da aparmalı olur. Eksperimentlər tədqiqatın xarakterinə görə kəmiyyət və keyfiyyət eksperimentlərinə bölünür.
Adətən hiss üzvlərinin vasitəsi reallaşan eksperiment prosesində müəyyən cihazlar da tədqiqatçıların köməyinə gəlir. Məhz bu cihazlar vasitəsilə hiss üzvlərinin məhdudluğu ortadan götürülür. Tədqiqatçının doğru ölçü və müşahidə əməliyyatının aparılmasında bu cihazlar böyük rol oynayır. Bu cihazlara – xronometr¬lər, teleskoplar, mikroskoplar, voltmetrlər, ampermetrlər, analitik tərəzilər, seysmoqraflar, Vilson kameralarını nümunə çəkmək olar. Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində eksperimentlərin mahiyyətində müəyyən keyfiyyətlər öz əksini tapmışdır. 
Təbiət, cəmiyyət və təfəkkür haqqında düzgün və adekvat bilik əldə etmək problemi insanları hər zaman narahat etmişdir. Məhz eksperimental metod insanların düzgün bilik əldə edilməsində, irəli sürülən fərziyyələrin yoxlanılmasında mühüm bir əhəmiyyət kəsb edir. Düşüncə tarixində ilk dəfə olaraq eksperiment aparmaq barədə fikrin italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley (1564 -1642)  tərəfindən irəli sürüldüyü məlumdur. Məhz bu baxımdan Qalileyin irəli sürdüyü ətalət prinsipi ideal eksperiment əsasında müəyyən edilmişdi. Lakin, buna baxmayaraq Qalileydən əvvəl e.ə. III əsrdə qədim Romada qullar və heyvanlar üzərində müəyyən eksperimentlər keçirirməsi də bizə məlumdur. Anatomiya elminin banisi sayılan Andreas Vezaliy (1514-1564) isə XVI əsrdə insan cəsədləri üzərində müəyyən eksperimentlər aparır və  əldə etdiyi nəticələri yalnız heyvanlar üzərində tətbiq edirdi. Andreas Vezaliyin insanlar üzərində eksperiment aparılmasına inkivizasiya qarşı çıxırdı. XVII əsrdə isə Qalileo Qalileyin (1564 -1642), İsaak Nyutonun (1643-1727), Rene Dekartın (1596 - 1650) bir sıra eksperimentlər aparması eksperimental metoda olan marağı daha da gücləndirdi. 
Məşhur ingilis filosofu, yeni dövr materializiminin banisi Frensiz Bekon (1561-1626) eyni zamanda eksperimental elmin də banisi sayılır. Bekona görə eksperimantal metod elmdə həqiqi və doğru olan bir metoddur. Məhz ekserimantal metod sayəsində insanların yanlış təsəvvürlərdən uzaqlaşdırmaq mümkündür. Frensiz Bekon gerçəkliyin dərk olunmasında eksperimental metoddan induksiya yolu ilə bəhrələnirdi. Bekon el¬mi tədqiqatlarda fərziyyələrin rolunu lazımi qədər qiy¬mətləndirməyərək empirik tədqiqatlarla, eksperimentə daha çox üstünlük verirdi. Bekona görə bu metod elmin istinad etdiyi faktların təsnifatı üçün şərait yaradır. “İnduktiv metoda üstünlük verən Bekon deduktiv metodu qəbul etmirdi. Bu isə onun çox böyük səhvi idi. Əslində elmi idrakda deduksiyanın rolu olduqca böyükdür. Çünki çox vaxt hipotezləri yoxlamaqdan ötrü uzun bir deduktiv proses lazım olur. Əldə edilən nəticələr müşahidələrlə yoxlanılmalıdır. Adətən deduksiya riyazi hesab olunur. Lakin Bekon elmi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu lazımi qədər qiymətləndirməmiş, empirik tədqiqatları, eksperimenti daha çox şişirtmişdir.
Bekon öz metodunu ona görə yüksək qiymətləndirmişdir ki, bu metod elmin arxalandığı faktların təsnifatına imkan vermişdir. O, belə hesab edirdi ki, metod özündən sap düzəldən hörümçəyə yox, sadəcə yığıcılıqla məşğul olan qarışqalara bənzəməməlidir. Onlar yığan və qaydaya salan arılara bənzəməlidir.” (2, səh.205)
Eksperiment metodun əsas məqsədi müxtəlif hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan və müxtəlif hadisələrin inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Yunanlar öz nəzəriyyələrini təsdiq etmək üçün eksperiment keçirmirdilər (eksperiment hipotezi antik yunanların zamanında aşkar bir anaxronizm olardı). Elə buna görə də, atomizm onlar tərəfindən təbiət haqqında digər təlimlərlə yanaşı nəzərdən keçirilmişdir.
Hər elmi nəzəriyyənin etibarlı ola bilməsi üçün təcrübəyə əsaslanması lazımdır. Təcrübənin elmi məqsədlərlə düşüncə yolu ilə təşkili, müqayisəsi, əlaqələr qurulması, təsdiqlənməsi və tamamlanması lazımdır. Xüsusuilə, fizika, kimya, biologiya kimi dərslərin tədrisində fərziyyə olaraq qəbul elm qanunlarının doğruluğunu göstərmək,  müəyyən bir təbiət hadisəsini, faktorları yoxlamaq üçün eksperiment metodu olduqca lazmlıdır. Hər hansısa bir elmi gerçəyi ortaya çıxarmaq, bir mülahizəni sınamaq ya da sübut etmək, bir qanunun doğruluğunu göstərmək yalnız eksperiment metodu vasitəsilə mümkündür. “Elmi kəşflərin və tətbiq üçün hazırlanmaların texnoloji mənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni texnoloji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimental istehsal məhz elmi prosesi sənaye prosesinə çevirən halqa olur; həm də elə bir halqa ki, özündə həm elmi tədqiqatın, həm də istehsalın elementlərini birləşdirir”. (3, с. 47.)
İdrakın empirik mərhələsinin önəmli metodlarından eksperiment əsasən adi və emiprik idrak üçün xarakterikdir. Eksperiment metodu vasitəsilə subyekt rolunu oynayan insan idrakının əhatə etdiyi obyektə müəyyən müdaxilə edir və nəticədə obyekt hər bir araşdırmaçının məqsədinə müvafiq olaraq tədqiqat sahəsinə çevrilir. “Eksperiment – subyektin öyrəndiyi obyektə fəal təsiri prosesidir, tədqiqatın məqsədinə uyğun obyektin müəyyən edilməsi, yeni şərait yaradılması, texniki vasitələrin, cihazların, qurğuların köməyi ilə gerçəkliyin öyrənilməsi üsuludur.” (4, səh.188)
Eksperiment irəli sürülən nəzəriyyə və fərziyyələrin təsdiq və yaxud da təkzib edilməsi zamanı əhəmiyyətli bir rol ifa edir. Bununla yanaşı eksperiment aparan tədqiqatçı öz işində irəli sürülən fərziyyələrə əsaslanmalıdır. Eksperimentin müşahidədən əsas fərqli cəhəti tədqiqatçının obyektə fəal bir şəkildə müdaxilə etməsidir. Eksperiment zamanı tədqiqatçı elmi bir gerçəyi göstərmək, bir qanunu yoxlamaq, bir mülahizə sübut etmək məqsədiylə tədqiq edilən obyekt üzərində əməliyyat və yaxud da  təcrübə aparmalı olur. 
İdrak prosesində  eksperimentin rolunu düzgün müəyyənləşdirmək üçün eksperiment metodun qnoseoloji xüsusiyyətləri, elmi eksperimentdə praktik və idrak fəaliyyətinin dialektikası, eksperimental tədqiqatin məntiqi vasitələri,  elmi eksperiment strukturunda biliyin əsasları, eksperimental tədqiqatin əsas mərhələlərində nəzəri biliyin rolu,  eksperimentin hazırlıq mərhələsində nəzəri biliyin rolu, eksperimentin həyata keçirilməsində tədqiqatın nəzəri və empirik vasitələrinin qarşılıqlı əlaqəsi, eksperimental məlumatlarin məntiqi-nəzəri işlənməsi və emalı kimi mövzuları analiz etmək lazımdır.
Ümumiyyətlə, eksperiment metodu hər hansı bir problemi xususi təşkil olunmuş mühitdə araşdırmaqdır. Elmin müxtəlif sahələrinə  aid olan bu və ya digər məsələni, düzgün tədqiq edib, araşdırmaq uçun məhz eksperimentdən istifadə olunur. Məsələn, təlim prosesi ilə bağlı  eksperiment aparmaq ucun şagirdlərin tərkibi, inkişaf səviyyəsi, müəllimin iş metodu kimi keyfiyyətləri bir-birinə oxşar olan iki sinif nəzarət altına alınır. Bunlardan  biri kontrol sinif, ikincisi isə eksperiment sinif adlanır və  eksperiment də məhz bu ikinci sinifdə aparılır. Əvvəlki qayda ilə nəzarət olunan kontrol sinifindən fərqli olaraq, eksperimental sinifdə müəyyən dəyişikliklər tətbiq olunur.  
Eksperiment sinifində aparılan dəyişikliklər tədqiqatçının öncədən irəli sürdüyü fərziyyəyə uyğun olaraq aparılır. Fərziyyədə irəli sürülən müəyyən müddət keçdikdən sonar həm  kontrol sinifi,  həm də eksperiment sinif uzrə muşahidələr aparılır. Eksperiment zamanı müvafiq qeydlər aparılır, bu aparılan müşahidələrdən və qeydlərdən müəyyən nəticələr əldə edilir. Eksperiment zamanı əldə olunan nəticə isə başqa bir metod vasitəsi olan müqayisə metodu vasitəsilə yoxlanılır və aparılan müqayisə zamanı bu iki sinif arasında yaranan fərq ortaya çıxır. Nümunədən də göründüyü kimi, tədqiqat zamanı eksperiment amili mühüm bir rol oynayır. Belə ki, bu metoddan istifadə edərkən tədqiqatçı araşdırdığı problemə birbaşa müdaxilə edir,  əldə etdiyi  nəticəni müzakirə edir. Əgər tədqiqatçı eksperimentin dəqiqliyindən şübhələnərsə bu zaman alınan nəticənin dəqiqliyini muəyyənləşdirmək məqsədilə eksperimenti bir daha təkrar edilir. Eyni zamanda tədqiqatçı eksperiment apardığı zaman tədqiqatçı eksperimentin nəticələrini daha müfəssəl və düzgün araşdırmaq üçün gərəkli texniki vasitələrdən də istifadə edir. Heç şübhəsiz ki, bütün bunlar hər hansı bir problemi dərindən və müfəssəl tədqiq etməkdə kömək edir.
Yeni bilik qazanmaq, hadisə və proseslərin inkişafını araşdırmaq üçün aparılan eksperimentin gerçəkliyin dərk olunmasında mühüm bir əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bir sıra alimlər eksperimentin iki növünü bir-birindən fərqləndirirlər: 
1)Təbii eksperiment ; 
2) Laborotoriya eksperimenti.
Təbii eksperiment ilk dəfə rus alimi A.F.Lazurski (1874-1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperiment əsas fərqləndirici xüsusiyyəti onun sınaq olunan zaman şubhə yaratmasıdır. Təbii eksperiment zamanı bütün proseslər təbii halda həyata keçirilir. Tədqiqatçı təbii eksperimenti həyata keçirərkən prosesin təbiiliyi təmin olunmasına xüsusi nəzarət edir. Burada təcrübə obyekti ona hiss etdirilmədən eksperiment obyektinə çevrilir, eksperiment obyekti ona bildirilmədən müəyyən prosesə cəlb edilir.
Laborotoriya eksperimentinə və yaxud da laborator eksperimentə gəldikdə isə bu laboratoriya şəraitində, həyata keçirilir. Təbii eksperimentin əksinə laborotor eksperimenti xüsusi hazırlanmış bir şəraitdə aparılır.  Laborotoriya eksperimenti zamanı süni mühitdə xüsusi cihazların köməyi ilə həyata keçirilr. Bu zaman eksperiment aparılan zaman onun üzərində təcrubə aparıldığından xəbərdar olur, təcrübə obyekti laborotor eksperiment zamanı sınaq olunan obyekt tədqiqatçı ilə birbaşa əlaqədə olur və  sınaq olunan obyektdən birbaşa olaraq dəqiq, inanılmış nəticələr almaq məqsədi üçün istifadə edilir.
Eksperimental tədqiqat metodu onlara demək olar ki, bəlli olmadığından qədim mutəfəkkirlər təbiət hadisələrinin sadəcə muşahidə metodundan geniş istifadə etmişlər. Hadisəni anlamaq və mahiyyətin dərk olunması üçün ilk olaraq səbəbləri bilmək lazımdır. Eksperiment metodu vasitəsilə biz hadisələrdən birbaşa olaraq məlumat əldə edirik. Biliyin həqiqiliyi meyarının ölçülməsi zamanı eksperiment metodu böyük bir əhəmiyyət kəsb edir. Həqiqətin meyarı probleminin həll edilməsi məsələsi isə biliyin əsasını təşkil edir. Eksperiment metodu praktiki şəkildə həm maddi vasitələrin, həm də mənəvi qüvvələrin vasitəsilə həyata keçirilir. Tədqiqatçı araşdırdığı obyekti ekperiment zamanı irəlicədən düşünülmüş qaydada müşahidə edir və bu müşahidə zamanı obyektin ayrı-ayrı cəhətlərin və xassələri haqqında bilik əldə olunur. “Eksperiment bəşəriyyətin ictimai-tarixi praktikasının müəyyən tərəfidir, buna görə də idrakın mənbəyi, hipotez və nəzəriyyələrin həqiqiliyinin meyarıdır. Elm və texnikanın inkişafı ilə eksperimentin sahəsi genişlənir və maddi aləmin böyük sayda obyektlərin əhatə edir.” (5, səh. 124-125)
Bununla yanaşı eksperimenti bütün elm sahələrində tətbiq etmək mümkün deyil, belə elm sahələrinə kosmoqoniyanı və tarixi nümunə kimi göstərmək olar. Bəzi elm sahələrində eksperiment tətbiq olunmasa da bütün bunlara baxmayaraq eksperiment metodu elmi idrakın metodları idrakın metodları içərisində mühüm bir yer tutur. Eksperimentlər fiziki eksperiment, psixoloji eksperiment, kompüter  eksperimenti, bioloji eksperimenti,  xəyali eksperiment kimi müxtəlif hissələrə bölünür. Xəyali eksperiment əsasən fəlsəfə, fizika və bəzi digər elm sahələrində tətbiq edilir və bu eksperiment subyektin təxəyyülündə aparılır. Eksperimentlər içərisində sonu olmayan eksperimentlər də mövcud ola bilər. Bu zaman eksperiment sonsuz olaraq davam edir, çünki əvvəllər məlum olmayan amil imkan təzahürlərini həmişə qalır. Eksperiment zamanı tədqiqatçı öyrənidiyi prosesin şəraitini öz məqsədinə uyğun şəkildə dəyişə bilər. Eksperimentdə qanunauyğun əlaqələr qurmaq məqsədilə istisna hallara da diqqət yetirmək labüddür; eksperiment şəraitinin kəmiyyət nisbətini dəyişməsilə düzgün məlumatları həyata keçirməyə imkan verir.
Hər bir eksperimentdə aşağıdakı mərhələləri ayırmaq olar. Birinci mərhələdə  eksperiment planının qurulması, məqsəd və vəzifələr yer tutur. Eksperimentin planı problemin aktuallığını əks etdirəcək və toplanmış biliklərin nəzərə alınmaqla qurulmalıdır. İkinci mərhələ əslində proses fəal təsirin ətraf aləm, nəticədə obyektiv elmi faktlar toplanır. Eksperimentin metodikası, düzgün seçilməsi hadisələrin və faktların araşdırılmasına xeyli dərəcədə kömək edir. Bir qayda olaraq, eksperiment metodu əsasında problemlər meydana gəlir, onları aradan qaldırmaq lazımdır ki, eksperimentdə qarşıya qoyulan vəzifələr həll edilsin. Bəzi eksperimentlər üçün hazırlanmış metodika, digər eksperimentlər üçün də yararlı ola bilər, yəni eksperiment aparılması üçün universal əhəmiyyət kəsb edə bilər.
Eksperiment metodundan istifadə edən tədqiqatçı süni surətdə yaratdığı şəraitdə hadisələri özünün müşahidəsi altına alır və burada onları xarakterizə edir. Eksperiment metodunun əsas xarakterik xüsusiyyətlərindən biri də məhz subyektin obyektlər üzərində çalışması amilidir. Subyekt rolunu oynayan tədqiqatçı araşdırdığı obyektə real olaraq təsir edir, faktları və hadisələri araşdırır. Eksperiment apararkən müxtəlif təsadüfi hallar eksperimentin gedişinə və eksperiment zamanı aparılan müşahidənin nəticəsinə mənfi təsir göstərə bilər. Bu kimi halların ortadan qaldırıması üçün eksperimenti müxtəlif şəraitdə təkrarlamaq lazımdır. Müxtəlif şəraitlərdə eksperiment təkrarlana zaman təhrif olunmuş hadisələrin üzə çıxması prosesi baş verir. 
Tədqiqatçı bu zaman təhrif olunmuş hadisələrə xüsusi diqqət yetirməlidir. “Müasir elm fəlsəfəsində kontekstdən çıxarılmış, ayrılıqda götürülmüş bir biliyin həqiqiliyi məsələsinə ciddi yanaşılmır. Belə ki, biliyin həqiqiliyi ancaq təcrübə ilə yoxlanıla bilməz; o, həm də başqa sınaqdan çıxmış biliklərlə vahid bir sistemdə özünə yer etmiş olmalıdır. Bu sistem daha böyük bir nəzəriyyə, təlim, paradiqma, düşüncə tərzi və metodologiya ola bilər. Ona görə də, hər bir yeni ideya elmdə artıq qəbul olunmuş əvvəlki ideyalardan, metodlardan, metodoloji prinsiplərdən, alimlər birliyinin rəyindən, yəni ənənəviləşmiş meyarlardan asılı vəziyyətdə olur. Hər hansı bir uyğunsuzluq yarandıqda, yaxud yeni ideya təcrübədə özünü doğrultmadıqda, onun arxasında durmaq çətinləşir. Və alim öz ideyasından könülsüz də olsa, əl çəkməli olur. Halbuki, yanılan təcrübə də ola bilər, ənənəvi fikir və qəliblər də. Ola bilsin ki, müəyyən bir şəraitdə yeni ideyanı təsdiq etməyən eksperiment, başqa şəraitdə və bir az başqa yöndə qoyulduqda, tam əksinə dəlalət edəcəkdir. Yaxud ənənəvi baxışlar sistemi və elmi birliyin qəbul etdiyi təsəvvürlər fonunda yad ünsür təsiri bağışlayan və qüsurlu hesab edilən yeni ideya fərqli baxışlar sistemində doğma görünsün və paradiqmanın özünün dəyişilməsi üçün stimul yaratsın”. (6, səh.283-284)
Müxtəlif eksperimentlərin məcmusu praktika adı altında ehtiva olunur. Nəzəri idrakdan yüksək bir mahiyyət kəsb edən praktika həqiqətin düzgün dərk olunmasında mühüm rol oynayır. Göründüyü kimi obyektiv reallığı dərk olunmasında eksperiment metodu mühüm bir əhəmiyyət kəsb edir. Son dövrlərdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində eksperiment metodunun tətbiq sahəsi genişlənir. 
Elm fiziki və təbii kainatın quruluşunun və hərəkətlərinin bəzi üsullar (təcrübə və ya müşahidələr) vasitəsilə sistematik bir şəkildə araşdırılmasını da özündə ehtiva edən intellektual və praktik işlərin məcmusudur. Kainatın və canlıların fiziki quruluşu üzərində aparılan eksperimental təcrübələr bizə həqiqətin obyektiv quruluşunun açıqlayar. Bununla yanaşı eksperimenti bütün elm sahələrində tətbiq etmək mümkün deyil, belə elm sahələrinə kosmoqoniyanı və tarixi nümunə kimi göstərmək olar. Bəzi elm sahələrində eksperiment tətbiq olunmasa da bütün bunlara baxmayaraq eksperiment metodu elmi idrakın metodları idrakın metodları içərisində mühüm bir yer tutur.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI:
1. Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014, 224 səh.
2. A. Şükürov. Fəlsəfə. II nəşr. Ali məktəblər üçün dərslik. Bakı, 2011.
3. Г.М.Глаголева. Технологическое освоение научных открытий и разработок (экономические аспекты), М., «Экономика», 1977.
4. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, Nurlan, 2006.
5. Bağırov Z. Fəlsəfə (sxemlərdə) (Mətn): dərs vəsaiti bakalavr hazırlığı üçün  Azərb. Resp. Prezidenti Yanında Dövlət İdarəçilik Akad.- Bakı: Elm, 2009.
6. Xəlilov S.. Elm haqqında elm. Bakı, 2011

Комментариев нет:

Отправить комментарий