Страницы

23.06.2018

Çatma kaman qaşlarını

Zamiq Kövsəri

Əllərim indiyəcən
Saçının dadın görməyib.
Hələ dünya sənin kimi
Qəribə qadın görməyib.

Danış mənə kimsən axı,
Ey dərdləri ağır adam.
Əl çatmazlıq zirvəsində
Əyləşən ən fağır adam.

Bircə dəfə susma belə,
Bir kəlmənə baxaram mən.
Kirpiyinin arasında,
Ürəyimi sıxaram mən.

Zəriflikdən tir-tir əsən
Əllərini uzat mənə.
Yoxsa elə əl çatmazdı,
Mümkünsüzdü çatmaq sənə...

Sən olduğun yerə qədər
Hansı ayaq gələ bilər?
Gözlərinə baxsa biri
Yerindəcə ölə bilər.

Baxışını dikmə yerə,
Torpaq gedir ayağımdan.
Əcəl mənə yaxın olur
Sən keçəndə uzağımdan.

Çatma kaman qaşlarını-
Ürəyimə salırsan çat.
Bir dünyada yaşayarkən
Ola bilmir qəlbim rahat.

Ya sən daşın başqa yerə,
Ya mən köçüm bu şəhərdən.
Saçlarının gecəsində,
Qurtuluram mən səhərdən.

Hər zülmətə xoş gəlirəm,
Hər gecəyə sığışıram.
Günəş bütün insanlara,
Mən də sənə alışıram.

Yad aləmdən gələn kimi
Aparıram özümü mən.
Sən gəlirsən xəyalıma, 
Yumuram hey gözümü mən.

Xəyalda da, aşkarda da
Hey gəlirəm sənə tərəf.
Hər dəfə də nəsə olur,
Mən salıram yolumu səhv.

Bütün yolar sənə gəlir,
Bütün göylər sənə uçur.
Pilə-pillə xəyalları
Mən qururam- yenə uçur.

Ey namusu təmiz olan,
Üstü-başı kirli qadın,
Bəşər heç vaxt bilməyəcək,
Kim idin sən, sirli qadın...

Комментариев нет:

Отправить комментарий