Страницы

18.07.2018

Talış kəndindən islam dünyasına örnək – Şiə və sünnilər birlikdə namaz qılır

Kəndin dindarları bir cümə günü sünni, digər cümə günü isə şiə məscidində bir yerdə cümə namazını qılırlar

Azərbaycanda İslamın yayılması 639-cu ildən başlanır. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Hz. Əli İbn Əbutalibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti İslam dinini qəbul edib. Hal-hazırda Azərbaycanda rəsmi məlumata əsasən əhalinin 65%-i, qeyri-rəsmi məlumata əsasən isə 70%-i şiə, yerdə qalan hissəsi isə əhli-sünnədir. Uzun illər boyunca bir dinə qulluq etsələr də, bu iki böyük təriqət arasında söz və fikir ayrılığı olub. Son zamanlar bu təriqətlər arasında sülh müşahidə edilir.
Amma Azərbaycanda elə gözəl bir kənd var ki, oranın sakinləri nəinki Azərbaycan, batan dünya müsəlmanlarına gözəl nümunədirlər. Astaranın Pensər kəndində əsrlərdir sünnilərlə şiələr mehriban şəraitdə birgə yaşayırlar.
Pensər Astaranın mərkəzindən 18 km aralıda, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşir. Tarixi mənbələrə görə, bu kənd Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub. Kəndin ilk adı Malavan olub. Burada əsasən maldarlar məskunlaşdığı üçün, kəndə Malavan — talış dilindən tərcümədə “maldarların məkanı” adı verilib. Əvvəllər sözügedən kənd indiki 4 kəndin ərazisini əhatə edib və kənddə yalnız əhli-sünnə yaşayıb.
Şah İsmayılın qızılbaşları bu torpaqlara yürüş etdikdən və bu kənddə qızılbaşların qərargahları yaradıldıqdan sonra, buranın adı dəyişdirilərək Butəsər, yəni Butabaşlar adlandırılıb. Kəndə Pensər adı isə 1928-30-cu illərdə verilib. Pensər sözü talışca Yuxarıbaş deməkdir.
Hal-hazırda kəndin ərazisi 900 hektar, əhalisi 5000 nəfərdir. Pensər kəndində 1 ölkə əhəmiyyətli tarixi abidə — Seyyid Cəmaləddin türbəsi, 5 yerli əhəmiyyətli tarixi abidə var. Yerli tarixi abidələrdən 2-si XIX əsrin yadigarı olan məscidlərdir. Bunlar Pensər Cümə Məscidi və Hacı Teymur adına Cümə Məscididir.
Bu da kənd əhalisinin İslam dininə çox bağlı olduğuna dəlalət edir. Hacı Teymur məscidi əhli-sünnə təriqətindən olan xeyriyyəçi Hacı Teymur tərəfindən tikilib. Pensər Cümə Məscidi isə kəndin digər xeyriyyəçisi, şiə təriqətindən olan Hacı Canbaxış tərəfindən inşa etdirilib. Kənd əhalisinin yarısını sünnilər, yarısını isə şiələr təşkil edir.
Camaat o qədər İslama, Məhəmməd peyğəmbərə, onun əhli-beytinə bağlıdırlar ki, uzun illərdir İslam dünyasında olan sünni-şiə ayrıseçkiliyini özləri öz aralarında ləğv ediblər.
Bu kənd digər kəndlərdən çox fərqlidir. Pensər əhalisi nəinki qonşu kəndlərə, hətta bütün Azərbaycana nümunədir.
Kənd əhalisinin bir hissəsi ötən əsrdə Lənkəranın Cil kəndindən köçənlərdir.
Kənd möminlərinin ən nümunəvi cəhəti hər cümə bir yerdə yığışıb Cümə namazı qılmasıdır. Belə ki, bu kəndin dindarları bir cümə günü Hacı Teymur Məscidində, digər cümə günü isə Pensər Cümə Məscidində bir yerdə Cümə namazını qılırlar. Cümə namazından öncə hər iki məscidin axundları məscidə yığınşanlara xütbələr oxuyarlar. Xütbələrdə dindarlara İslam dininin tarixi, İslam peyğəmbəri Hz. Məhəmməd, onun nəvələri barədə söhbətlər aparılır, peyğəmbərin bəşər övladına məsləhətləri diqqətə çatdırılır.
Qeyd edək ki, Pensərdə yaşayan sünnilər əhli-sünnənin Şafii qolunun nümayəndələridir.

avestatalysh.wordpress.com

Комментариев нет:

Отправить комментарий