Страницы

08.08.2018

Abdulla Öcalanın adını çəkdiyi Səfo Mirzoi kimdir?

“Deputatların Milli Məclisin binasına smartfon tiplitelefonlarla daxil olmasını qadağan edən qanunsuz əmrin müəllifi Milli Məclis Katibliyinin rəhbəri Səfa Mirzəyevdir”. Bunu virtualaz.org saytının müxbiri ilə söhbətlərində bu anlamsız qərardan hiddətlənmiş deputatlar deyiblər. Yada salaq ki, S.Mirzəyevin müvafiq əmri Milli Məclisin elanlar lövhəsindən asılıb. Amma bu qeyri-adi əmr geniş ictimai müzakirələrə səbəb olduğundan Milli Məclis Katibliyinin rəhbərliyi həmin sənədi göz qabağından yığışdırıb gizlətmək barədə göstəriş verib. Katiblik tələm-tələsik qaydada belə bir açıqlama verib ki, sözügedən qadağa deputatlara yox, Milli Məclis Katibliyinin əməkdaşlarına və jurnalistlərə aiddir.
Qeyd edək ki, həmin gülməli əmrin təkzib olunmasına və ya onun dəyişdirilməsinə dair rəsmi açıqlama hələ də verilməyib. Deputatlar hesab edir ki, Səfa Mirzəyevin belə bir əmr vermək ixtiyarı yoxdur. Əgər belədirsə, Katiblik rəhbəri səlahiyyət hüdudlarını aşaraq qanunları kobud şəkildə pozur. Çünki Səfa Mirzəyevin parlamentin fəaliyyətinə əslində heç bir dəxli yoxdur. O, hətta heç deputat da deyil. Bu mənada onun spiker Oqtay Əsədovun səlahiyyətlərinə girişməsi başadüşülən deyil.
Səfa Mirzəyevin adı buna qədər də qalmaqallı işlərdə hallanıb. Məlumatlara görə, Türkiyə millətçiləri Azərbaycanın Milli Məclisinin bu günə qədər PKK-nı terror təşkilatı kimi tanımamasını da anlamadıqlarını və bu məsələdə konkret bir məmurumuzun əməlli-başlı sipər rolunu oynadığını ifadə ediblər: “Türkiyə millətçiləri bəyan ediblər ki, bu işdə Azərbaycanın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev birbaşa olaraq maraqlı tərəfdir”. İttihamlarda bildirilir ki, Səfa Mirzəyev iki dəfə Azərbaycanın müxalif deputatları tərəfindən PKK-nın terror təşkilatı kimi tanınması məsələsinin müzakirəyə çıxarılmasını əngəlləyib.
Dəfələrlə yazılıb ki, Azərbaycan parlamentində də PKK-ya simpatiya bəsləyən, bu təşkilatı kürdlərin milli-azadlıq hərəkatı hesab edən, toylarda və özəl məclislərdə xəyali “Kürdüstan dövləti”nin şərəfinə badə qaldıran xeyli deputatlar və dövlət məmurları var. Hətta şair Rüstəm Behrudi ötən parlamentdə bu cür deputatların sayının 27 nəfər olduğunu bildirmişdi. Bir şairin açıqlaması bir yana, həbs olunandan sonra Türkiyə MİT-inə verdiyi ifadədə A.Öcalan Azərbaycan haqqında danışanda ən çox adını hallandırdığı və özünün yaxın dostu hesab etdiyi Səfo Mirzoinin adını çəkmişdi. Bəs bu Səfo Mirzoi kimdir? Sualın cavabı üçün öncə PKK rəhbərinin ifadələrini dəqiq şəkildə nəzərdən keçirək: “SSRİ dağılandan sonra Azərbaycan parlamentində hüquq şöbəsinin şefi olan Səfo Mirzoi bizim dostumuzdur. Səfo Mirzoinin xidməti nəticəsində o vaxtkı cümhurbaşqanı azsaylı xalqların hüquqlarının qorunması ilə əlaqədar qanun imzaladı”.
A.Öcalanın nəzərdə tutduğu sənəd qanun yox, fərman olub və eks-prezident Əbülfəz Elçibəy belə bir fərman imzalayıb. A.Öcalan həmin fərmanın imzalanmasını Səfo Mirzoinin xidməti sayır. Çünki separatçılar bu fərmandan istifadə edərək PKK-nın fəaliyyətinin genişlənməsinə şərait yaratdılar. Belə ki, məlum fərmandan sonra Azərbaycanda Kürd Mədəniyyət Mərkəzi adı altında həqiqətən kürd separatçılığını təbliğ edən qurum yarandı. Səfo Mirzoinin də bu məsələdə xüsusi xidməti ondan ibarət olub ki, PKK mədəniyyət mərkəzi vasitəsilə Azərbaycanda öz fəaliyyətini genişləndirə bilsin.
Amma əsas bu deyil. Əsas odur ki, Öcalan Milli Məclis Aparatının hüquq şöbəsinin şefi deyəndə hal-hazırda da parlament aparatında çalışan Səfa Mirzəyevi nəzərdə tuturdu. Həmin illərdə Səfa Mirzəyev doğrudan da şöbə müdiri idi, sonradan isə Milli Məclis Katibliyinin rəhbəri oldu. Öcalan ifadəsində onun adını bir yox, bir neçə dəfə çəkir.
Türkiyə xüsusi xidmət orqanlarının mətbuata açıqladığı istintaq materiallarında bir məqam xüsusən diqqət çəkir ki, Öcalan Rusiyaya sığınanda rəsmi Moskva ona ölkəni tərk etməyi məsləhət görüb. O, ifadəsində deyir ki, həmin vaxt onun yanına Ermənistandan yezidi kürdü general Mustafa Mustafayovski gəldi. Səfa Mirzəyevlə də onun münasibətlərini Mustafa Mustafayovski qurub. Mustafayovski həmin adamın kod adıdır. Öcalan bildirir ki, onlar birgə Moskvadan Bakıya telefon açıb Səfo Mirzoi ilə danışıblar: “Ondan hara getməyimlə bağlı kömək istəyəndə Səfo Mirzoi Ermənistana getməyimi məsləhət bildi”. Onu da qeyd edək ki, Səfa Mirzəyev barədə bu cür iddialar indiyədək ölkənin ən müxtəlif qəzetlərində dərc olunub. Lakin bu günə qədər də onları təkzib edən tapılmayıb.

Fərid Abdullayev                    cumhuriyyet.az

Комментариев нет:

Отправить комментарий