Страницы

16.09.2018

100 İL ÖNCƏ BAKIDA SOVET HAKİMİYYƏTİNİN SÜQUTU FƏHLƏ-KƏNDLİLƏRİN FACİƏSİ İDİ

Ədalət Abdinov

1918-ci ilin yazında Sovet Azərbaycanının beynəlxalq və daxili vəziyyəti son dərəcə gərginləşmişdi. Bundan istifadə edən türk qoşunları mayın axırında və iyunun əvvəlində Gəncəyə toplanmağa başladı. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun dəstəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaxa girib oradan Gəncəyə tərəf yola düşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatdı. İyul ayında Kazım Qarabəkir paşanın qoşunları Naxçıvanı, Culfanı və Ordubadı zəbt etdilər.
Türklər arzularında olduğu Azərbaycanın iqtisadiyyatının ən mühüm sahələrini ələ keçirirdilər. İyunun 4-də türk komandanlığı ilə Müsavat nümayəndə heyəti arasında Batumda bağlanılan sazişdə və iyunun 14-də həmin sazişə qəbul edilən əlavədə neft sənayesinin, dəmir yollarının və Xəzər ticarət donanmasının Türkiyə və Almaniya sərəncamına verilməsi nəzərdə tutulurdu.
İyunun 16-da Müsavat hökuməti Gəncəyə köçdü. Lakin türk komandanlığı onu tanımaqdan imtina etdi. Türklərin tələbi ilə Müsavat hökuməti üzvləri istefa verdilər. İyunun 17-də Müsəlman Milli Şurası F.Xoyskinin başçılığı ilə  Müsavat hökumətinin yeni heyətini təsdiq etdi. Həmin hökumət  türk komandanlığın nəzarəti altında idi. Hökumətin heyətinə X.Məlik-Aslanov, N.Yusifbəyov, X.Xasməmmədov və başqa bu kimi qatı türkpərəstlər daxil oldular. Yenə həmin gün Müsəlman Milli Şurası buraxıldı. Bütün hakimiyyət türk  ordusu komandanı Nuru paşanın əlinə keçdi.
Xoyskinin  hökuməti türk müdaxiləçilərı ilə əlbir olub xalq kütlələrini soyur və onlara zülm edirdi. Türk  ordusunun xərcini çəkmək üçün iyunun 21-də taxıl bitkilərinin 10/1-i miqdarında “zəkat” vergisi qoyuldu. 1918-ci il iyunun 22-də Azərbaycanın bəy-xan hökuməti torpaq islahatı haqqında Zaqafqaziya seyminin qəbul etmiş olduğu qanunun həyata keçirilməsini dayandırmaq, xüsusi sahibkar və xəzinə torpaqlarının kəndlilərin əlindən alınması və torpaq komitələrinin ləğv etmək haqqında qərar qəbul etdi. Müsavat hökuməti feodal torpaq sahibliyini nəinki bərpa etdi, hətta xanların və bəylərin xeyrinə alınan və 1917-ci ildə ləğv edilmiş torpaq pulu ödənclərinə dair 1912-ci il 20 dekabr tarixli qanununu da qüvvədə saxladı.
Türk komandanlığı və müsavatçılar tutduqları Azərbaycan ərazisində iyunun 19-da hərbi vəziyyət elan etdilər. İyunun 24-də etibarən hərbi-səhra məhkəmələri quruldu ki, bunlar da “ictimai asayişi və dövlət təhlükəsizliyini” pozanlarla mübarizə aparmalı idi.
Türk müdaxiləçiləri və müsavatçılar Sovet Bakısı üzərinə hücuma qızğın hazırlaşırdılar. Bilmək lazımdır ki, türk ordusunun Azərbaycandakı fəaliyyəti alman komandanlığının planlarına daxil idi. Feodal Türkiyəsi Almaniyadan qul kimi asılı vəziyyətdə idi. Alman imperialistləri Türkiyənin iqtisadiyyatında, maliyyə və hərbi işlərində ağalıq edirdilər. Alman imperializmi türklərin əli ilə Bakını və bütün Azərbaycanı zəbt etmək ümidində idi.
Yaranmış təhlükəli vəziyyəti düzgün qiymətləndirən bolşeviklər Zaqafqaziya xalqlarının milli mənafeyinin əlehinə çıxmış müsavatçıları, daşnakları və gürcü menşeviklərini ifşa edirdilər. İyunun 7-də Bakı Sovetinin iclasında söylədiyi nitqdə M.Əzizbəyov hiddətlə deyirdi: “Menşeviklərlə müsavatçılar bu fikirdədirlər ki, bolşeviklərlə əlbir olmaqdansa, Türkiyənin Zaqafqaziyada ağalıq etməsi daha yaxşıdır”.
İyunun 15-də Bakı Xalq Komissarlar Sovet bildirdi ki, “Bakı proletariatı və Sovet Qızıl Ordusu hücum edən alman-türk dəstələri ilə axıradək vuruşmağa, öz azadlığını və istiqlaliyyətini, böyük Rusiya Sovet Respublikası ilə qırılmaz əlaqəsini qorumağa hazırdır”.
Lakin bu mübarizədə ciddi səhvlər də olmuşdur. Sovet qoşunları tərkibinə erməni milli qoşun hissələrinin hamısı daxil edilmişdi. Sözsüz ki, burada həmişə antimüsəlman mövqedə olmuş riyakar S.Şaumyanın əli olmuşdur. Daşnakların güclü təsiri altında olan erməni milli qoşun hissələrinin bir qisim əsgərləri çox vaxt fitnəkarlıq məqsədi ilə Azərbaycan kəndlilərinə qarşı təcavüzkarlıq edirdilər. Avetisov, Amazasp və başqa yüksək rütbəli erməni zabitləri Sovet ideologiyasına xəyanət edirdilər. Bu isə Qızıl Orduya və Sovet hakimiyyətinə kəndlilərin etimadını sarsıdır, müsavatçıların millətçi, antisovet təbliğatına qida verirdi.
Bu cür fitnəkarlıqlara baxmayaraq Sovet hakimiyyətinin silahlı qüvvələrinin yaradılması işi davam edirdi. B.Sərdarov, M.Məmmədxanov, H.Sultanov, D.Bünyadzadə və başqa bu kimi kommunistlər Sovet qoşun hissələrinin təşkilində fəal iştirak edirdilər.
Minlərlə fəhlə Azərbaycanda sosialist inqilabının nailiyyətlərini qorumaq üçün Qızıl Ordu sıralarına daxil olurdu. Kaspi maşınqayırma zavodu fəhlələrinin yarıdan çoxu, Tağıyevin toxuculuq fabrikinin 600 nəfər azərbaycanlı fəhləsi cəbhəyə getməyə hazır olduqlarını bildirmişdilər.
Sovet hökuməti özünün Berlin səfiri İoffenin vasitəsi ilə Almaniyadan tələb etdi ki, Brest sülh müqaviləsinə riayət etsin və türklərin Bakıya hücumunun qarşısını alsın. Almaniya hökuməti Brest müqaviləsi şərtlərinə riayət etdiyi təsirini oyatmaq məqsədi ilə bildirdi ki, guya özlərinin İstambul səfirinə göstəriş vermişdilər, türkləri Bakını işğal etməkdən çəkindirməyə çalışsın. Lakin bu bəyanat həqiqətə uyğun deyildi.
Sonrakı danışıqların gedişində Kayzer hökuməti həyasızlıqla işarə vururdu ki, əgər Bakı neftinin bir hissəsi Almaniyaya vəd edilərsə, onda Türkiyəni Bakı üzərinə hücumu dayandırmağa məcbur edər. V.İ.Lenin 1918-ci il iyulun 7-də Berlində Sovet səfirinə edilmiş olan bu təklifi elə həmin gün Bakı Xalq Komissarları Sovetinin nəzərinə çatdırdı. Lakin almanların bu vədi də, quru bir söz olaraq qaldı.
İranda yurd salmış ingilis generalı Denistervil Zaqafqaziyanın əksinqilabi qüvvələrindən Bakını ingilislərin işğal etməsi üçün istifadə etməyə çalışırdı. Polkovnik Biçeraxov Denistervil ilə gizli razılığa gələndən sonra Bakı Xalq Komissarlar Sovetinə müraciət edib, hücuma keçən türklərə qarşı Qızıl Ordu ilə birlikdə mübarizə aparmağa hazır olduğunu bildirdi. Biçeraxova inamı olmasa da şəraitə uyğun hərək etməyə məcbur olan Bakı Xalq Komissarlar Soveti Biçeraxovun dəstəsindən xarici müdaxiləçilərlə mübarizə üçün istifadə etmək qərarına gəldi.
Bakı esserlərinə, menşeviklərinə və daşnaklarına geniş hərbi və maliyyə yardımı edən Denistervil Bakıdakı əksinqilabi qüvvələri ilə ingilis konsulu Makdonel vasitəsi ilə əlaqə saxlayırdı. Makdonel eserlərin nümayəndəsi olan Nacarovun vasitəsi ilə eserlərlə, “Erməni Milli Şurası”nın rəhbəri S.Ter-Qazaryan vasitəsi ilə daşnaklarla əlaqə saxlayırdı. İngilis müdaxiləçiləri özlərinin agenti olan, Sovet işçilərindən bəzilərinin qılığına girmiş daşnak Cigityandan da istifadə edirdilər.
Eserlər Bakı Sovetini dağıdıb bolşeviklərin rəhbərlərini həbsə almaq niyyəti ilə iyunun ortalarında Makdonelin başçılığı ilə antisovet qəsdi təşkil etdilər. Qəsdin iştirakçılarından biri də Bakıda İran konsulu Mirzə Məmmədxan Səyid ül-Vizar idi. Ölkənin başqa rayonlarında eserlərin hazırladıqları əksinqilabi çıxışlarla sıx əlaqəda olan bu qəsd aşkara çıxarıldı və ləğv edildi.
1918-ci ilin yayında Britaniya müdaxiləçiləri Zakaspini zəbt edib, bolşeviklərə qarşı əlbir vuruşmaq haqqında yerli eser hökuməti ilə saziş bağladılar. İngilis imperializmi bütün Türküstanı zəbt edib, Sibirdəki əksinqilab cəbhəsi ilə birləşmək niyyətində idi və digər tərəfdən, Zakaspidən Sovet Bakısı üzərinə hücum üçün bir dayaq nöqtəsi kimi istifadə etmək ümidində idi.
İngilis komandanlığın planlarına ABŞ imperialistləri tamamilə tərəfdar idilər. “Nyu-York Tayms” qəzetinin 1918-ci il 14 iyul tarixli nömrəsində Şimali İranda və Qafqazda istifadə etmək üçün böyük qüvvələr hazırlamaq zərurəti qeyd edilirdi. Həmin qəzet ABŞ inhisarlarının çirkin mənafeyini ifadə edərək yazırdı: “Ola bilsin ki, bu istiqamət – müttəfiqlər üçün ən mühüm istiqamətdir. Qafqazın ən mühüm neft rayonlarını zəbt etmək – müttəfiqlər üçün birinci vəzifədir”.
Azərbaycan Sovet hakimiyyəti Antanta imperialistlərinin agentlərinə qarşı mübarizə aparmaqla bərabər, türk və müsavat qoşunlarının hücumunu dəf etmək üçün var qüvvəsini toplayırdı.
1918-ci ilin yayında beynəlxalq imperializmin əlaltısı olan türk hərbi qüvvələrinə və müsavatçılara qarşı Azərbaycanda Sovet qoşunlarının hərbi əməliyyatı üç əsas istiqamətdə: şimal, cənub və mərkəz istiqamətləndə gedirdi. Cənub istiqamətində müsavatçılardan başqa, Sovet hakimiyyətinə qarşı başçıları İrandakı ingilis müdaxiləçiləri ilə əlbir olan şahsevən quldur dəstələri də vuruşurdular.
Bütün istiqamətlərdə gedən döyüşlərdə fəhlə-kəndli Qızıl Ordusu üstün mövqeyə malik idi. Musavat hökuməti İstambuldan yeni qüvvələr istədi. Musavatın xarici işlər naziri Hacınski Türkiyədəki diplomatik missiyasına yazırdı: “Cəbhədə vəziyyətimiz çox pisdir. İrəliləyə bilmirik. Bolşeviklər möhkəm dayanmışlar, onların çoxlu mərmisi vardır... Bunların hamısını mən Sizə teleqramla müfəssəl bildirdim və xahiş etdim ki, ən tezliklə yeni bir diviziya göndərilməsini Ənvərdən (Türkiyənin hərbi naziri Ənvər paşadan – Ə.A.) təkidlə tələb edəsiniz, əks təqdirdə hər şey batıb gedər və biz Bakının üzünü görmərik. Türkiyə nüfuzdan düşər. Hətta mən deyərdim ki, indi artıq  nüfuzdan düşməyə başlamışdır”.
Buna cavab olaraq 1918-ci il iyunun ikinci yarısında Azərbaycan cəbhəsində Nuru paşa ordusunun əsas qüvvələri toplaşdı.
İyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında qızğın döyüşlər getdi. Sovet qoşunları qəhrəmancasına vuruşsa da istidən və susuzluqdan əziyyət çəkirdilər. Tələfat verdikcə yeni qüvvələr gəlmirdi. Çünki mövcud qüvvələrin hamısı cəbhəyə göndərilmiş, yeni hissələrin səfərbərliyə alınmasına və təşkilinə isə esserlərin, menşeviklərin və daşnakların pozuculuq fəaliyyəti mane olurdu. Nəticədə cəbhədə qüvvələr nisbəti dəyişilirdi. Fəhlə-kəndli hərbi qüvvələri Göyçaydan geri çəkildi və Kürdəmirdə mövqe tutdu. Yeganə yeni əsgəri qüvvə, 1918-ci il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxardılıb Kürdəmir cəbhəsinə göndərilən Biçeraxov dəstəsindən ibarət idi. Biçeraxov dəstəsinin xəyanətkarlığı nəticəsində iyulun 10-da Sovet qoşunları Kürdəmiri tərk etdi.
Şamaxı istiqamətində Sovet qoşunlarının məğlubiyyətinin əsas səbəbkarı üçüncü briqadanın komandiri daşnak Amazaspın ərazini tərk edib geri çəkilmək barədə qoşunlarına verdiyi xəyanətkar əmr olmuşdur.
1918-ci il iyulun ortalarında Bakıda siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Şəhərdə ərzaq çatışmazlığı təhlükəli həddə çatdı. Bakı proletariatı aclıq çəkirdi. Menşeviklər, eserlər və daşnaklar Bakını ingilislərə təslim etmək üçün hər cür fitnəkarlığa əl atırdılar.
1918-ci il iyulun 16-da Bakı Sovetinin fövqəladə geniş iclasında daşnaklar, eserlər və menşeviklər hücuma keçən türkləri guya dəf etmək üçün ingilisləri çağırmağı tələb etdilər. Qəbul edilən qətnamədə bu təklif rədd edildi.
İyulun 25-də Bakı Sovetinin fövqəladə geniş iclasında daşnaklar, eserlər və menşeviklər ingilisləri cağırmaq məsələsini yenidən irəli sürdülər. Bolşeviklərin qəti müqavimətinə baxmayaraq ingilisləri Bakıya cağırmaq qərarə cüzi səs çoxluğu ilə (236 səsə qarşı 259 səs ilə) qəbul edildi. M.Əzizbəyov fəhlə-kəndlilərin adından bildirdi ki, bolşeviklər ingilislərlə əməkdaşlıq etməyəcəkdir.
İyulun 27-də bolşeviklərin Ümumbakı konfransı oldu. Konfrans hakimiyyəti döyüşsüz təhvil verməməyi, ümumi səfərbərlik elan etməyi qərara aldı.
Lakin daşnakların, eserlərin və menşeviklərin xain hərəkətləri nəticəsində Bakının qəhrəmancasına müdafiəsi pozulurdu. Burjua ideoloqları bu mübarizədə tez-tez “bolşevik-daşnak birliyi”ni uydururlar. Əslində isə belə deyil. Daşnaklar bolşeviklərə qarşı xəyanətkar mövqe tutaraq bir sıra qoşun hissələrini döyüş mövqelərindən çəkib aparırdılar.
İyulun 31-də Bakı Xalq Komissarları Soveti vəziyyəti müzakirə edərək öz səlahiyyətlərini üzərindən götürməyi qərara aldı.
Kommunistlərin başçılığı ilə fəhlələrin qəhrəmancasına mübarizə aparmasına baxmayaraq Azərbaycanda Sovet hakimiyyəti türk-alman və ingilis imperialistlərinin və onların agentlərinin təzyiqi altında süqut etdi. Bu süqut bir sıra xarici və daxili amillərlə bağlı idi:
-Azərbaycan daxilindəki bütün əksinqilabi qüvvələrin yardım etdiyi türk-alman və ingilis müdaxiləçiləri eyni zamanda hücuma keçmişdilər;
-Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş kəndliləri arasında möhkəm ittifaq yaradılmamışdı;
-Millətlərin öz müqəddaratını təyin etməsi hüququ şüarını müsavatçılar və başqa millətçilər milli burjuaziyanın və mülkədarların hakimiyyətə sahib olmaq hüququ kimi yozurdular. Müsavatın milli-ərazi müxtariyyəti şüarı - əksinqilabi şüar idi, çünki onun həyata keçirilməsi Azərbaycanda burjua-mülkədar dövlətinin yaradılması demək idi. O vaxt burjua-mülkədar muxtariyyatının əsil mahiyyətini tam ifşa edə bilməmişdilər. Daha doğrusu, Azərbaycan bolşevikləri Sovet muxtariyyəti şüarını burjua muxtariyyəti haqqındakı müsavatın şüarına qarşı qoya bilməmişdilər;
-Bakı Xalq Komissarları Soveti həm arxada, həm də  cəbhədə pozuculuq işi aparan menşeviklərin, eserlərin və daşnakların antisovet fəaliyyətini puç etmək üçün qəti tədbirlər görməmişdi.
1918-ci il avqustun 1-də Bakıda hakimiyyət eserlərin, daşnakların və menşeviklərin əksinqilabi ittifaqının əlinə keçdi. Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası adlanan hakimiyyət yaradıldı.
İngilislər Xəzər ticarət donanması gəmilərini zəbt edərək, Bakıdan quldurcasına nefti daşıyıb aparmağa başladılar. Bir neçə həftə ərzində Ənzəliyə 40 min pud benzin göndərildi.
Bakını türklərdən qorumaq bəhanəsi ilə şəhəri işğal etmiş ingilislər özləri vuruşmaq istəməyərək, Sentrokaspi Diktaturası qoşunlarından istifadə edirdilər. İngilis müdaxiləçiləri verdikləri vədlərin əksinə olaraq, aclıq çəkən şəhər əhalisini ərzaqla təmin etməyi heç fikirlərinə də gətirmirdilər.
Avqustun 1-də türklər Bakının Çəmbərəkənd ərazisinə, avqustun 5-də isə Bayıl tərəfdən Bakıya girdilər. Sentyabrın 13-də türk qoşunları Bakını güclü top atəşinə tutdular. Əvvəlcə ingilislər, sonra isə Sentrokaspi Diktaturasının üzvləri Bakıdan qaçdılar. Sentyabrın 15-də Bakı türk hərbçilərin nəzarətinə keçdi.
Türkiyə Sovet hökumətinə borclu idi. Məhz Sovet hökuməti Türkiyəni bölüşdürmək haqqında Çar hökumətinin İngiltərə, Fransa və İtaliya ilə bağladığı sazişləri ləğv etmişdi. Bu yaxşılığın müqabilində isə Türkiyə Sovet siyasi sisteminə düşmən mövqe  tutmuşdu. Bakıda Sovet hakimiyyətini süquta uğratmaqla Türkiyə Brest-Litovsk sülh müqaviləsini pozdu. Buna cavab olaraq Sovet hökuməti sentyabrın 20-də Brest-Litovsk müqaviləsininin Türkiyəyə aid olan hissəsini ləğv etdi.
Öz hakimiyyətini quran Müsavat hökuməti Azərbaycanda Sovet hakimiyyətinin sosialist tədbirlərini ləğv etdi, mədənləri, zavodları, fabrikləri kapitalistlərə qaytardı. 8 saatlıq iş gününü ləğv etdi. Fəhlələrin kütləvi təşkilatlarını- həmkarlar ittifaqlarını, mədən-zavod komissiyalarını və s. qadağan etdi. Müsavatçıların “Azərbaycanın müstəqilliyi” iddiasının əksinə olaraq nə Türkiyə, nə də Almanniya həmin vaxt Azərbaycanın müstəqilliyini rəsmən tanımadılar. Nuru paşanın razılığı olmadan Müsavat hökuməti heç bir ciddi qərar qəbul edə bilməzdi. Yüksək rütbəli məmurları türk komandanı təyin edirdi. Məsələn, türk ordusunun polkovniki Məhməd Fəthi bəy Bakı qubernatoru təyin edilmişdi. Azərbaycanın sərvətlərinin talan edilməsində alman müdaxiləçiləri hərtərəfli iştirak edirdilər. Polkovnik fon-der Qoltsun başçılığı ilə xüsusi nümayəndə heyəti Bakıya gəlmişdi. Müsavat hökuməti neft və neft məhsullarının, pambıq, mis və ərzaq mallarının daşınıb aparılmasında türklərə və almanlar hər vasitə ilə yardım etməklə məşğul idi. Alman-türk müdaxiləçilərinin Bakıdan apardıqları neftin ümumi miqdarı gündə 40-45 sisternə çatırdı.
Türklərin kəndlilərin məhsullarını əllərindən alması, onları müxtəlif ağır mükəlləfiyyətlər icra etməyə məcbur etməsi barədə də kifayət qədər faktlar var. Türk müdaxiləçiləri bir sıra qəzalarda hər evdən 10 pud taxıl hesabı ilə zəkat yığmağı əmr etmişdi. Təkcə Cavanşir qəzasında qısa müddət ərzində türklər əhalidən 14 min puda yaxın buğda, 18 min puddan artıq arpa, 600 arabaya yaxın quru ot və saman, minlərlə baş mal-qara məcbur almışdılar. Gəncə qəzasında türk komandanlığı 37 min puddan artrıq buğda, 118 araba quru ot və s. almışdı. Türklərin Bakını zəbt etməsi Azərbaycanın sərvətlərini, xüsusilə nefti ələ keçirmək məqsədi daşıyırdı. Onların təhriki və təzyiqi ilə 100 il bundan əvvəl Bakıda Sovet hakimiyyətinin süquta uğraması  kollektivizm, sosial ədalət, bərabərlik, humanizm, şəxsiyyətin inkişafı kimi dəyərlərə ziddir.

Комментариев нет:

Отправить комментарий