Страницы

15.09.2018

15 sentyabr Osmanlının Bakıya girməsi ilə bağlı bilinən səhv məlumatlar

Tural Həmid

1. Osmanlı Bakı uğrunda döyüşdə bolşeviklərlə vuruşub. 
Xeyr. Bakı kommunası 31 iyulda artıq süqut etmişdi. Onun yerini isə ingilis meylli Sentrokaspi diktaturası almışdı. Taleyin ironiyasıdır ki, Bakı döyüşündə Osmanlıya qarşı vuran ingilislər 2 ay sonra Bakıya girmişdilər. ADR isə Britaniya himayəsində respublika kimi fəaliyyət göstərməyə başladı. Keçmiş Sentrokaspi diktaturası üzvləri olan daşnak və menşeviklər isə dekabrda Azərbaycan parlamentində oturmuşdu.
2. Qafqaz İslam Ordusunun məqsədi Bakını Azərbaycan paytaxtı elan etmək olub. 
Xeyr. Qafqaz İslam Ordusu Bakını aldıqdan sonra şimala istiqamətlənib 6 oktyabrda Dərbəndi, 23 oktyabrda Temirxan Şuranı, 8 noyabrda isə Petrovsku tutmuşdu. Osmanlının bu kampaniyasında azərbaycanlı əsgərlərin iştirakı məcburi idi. Dağıstana getməyən əsgərin cəzası ölüm idi. Bununla bağlı Manaf Süleymanovun kitabında da məlumat var. 
3. Osmanlı Azərbaycanı müstəqil respublika kimi tanıyırdı. 
Bunu Azərbaycan mənbələrindən başqa heç bir qərb və rus mənbəsi təsdiqləmir. Azərbaycan mənbələri Batumi anlaşmasını əsas gətirərək bunu de fakto müstəqillik kimi qələmə verirlər. Qərb mənbələri isə Osmanlının Gəncədə olarkən Azərbaycan Milli Şurasını buraxmasını və Osmanlı mənbələrində Azərbaycanın Osmanlı sancağı olaraq göstərilməsini tanınmama kimi qələmə verirlər. Tadeuş Svitoçovski kitabında Osmanlının Azərbaycanı quracağı Turan imperiyasının bir ərazisi kimi gördüyünü qeyd edirdi. Osmanlı yalnız Mudros anlaşması imzalanandan sonra Azərbaycanı tanımağa məcbur oldu. 
4. Osmanlı ordusu olmasaydı Bakıdakı müsəlmanların hamısı ermənilər tərəfindən öldürüləcəkdi. 
Mart qırğınında Bakıda 3 minə yaxın müsəlman daşnaklar tərəfindən öldürülüb. Bu dövrdə Bakıda 100 mindən çox müsəlman yaşayırdı. Daşnaklar yalnız Bakının bir tərəfində sadəcə Müsavat Partiyasi simpatizanlarına qarşı bu qətliamı gerçəkləşdirmişdilər. Məsələn, Sabunçu əhalisi qətliam zamanı neytral olduğu üçün kimsə onlara toxunmamışdı. Bu barədə Yale Universiteti professoru Firuz Kazımzadə öz kitabında qeyd edib.
5. Osmanlı Bakını azad etməsəydi Azərbaycan daha sonra SSRİ tərkibində müttəfiq respublika statusu daşımayacaqdı.
Azərbaycan onsuz Osmanlı dönəmi və Britaniya himayəsində hüquqi olaraq müstəqil dövlət statusu daşımayıb. Azərbaycanın müstəqilliyi RSFSR Orqbürosu tərəfindən 1919-cu ilin iyulun 19-da qəbul edilmişdi. Buna görə də, Versalda 1920-ci il yanvarında tanınan de-fakto müstəqilliyin RSFSR üçün heç bir əhəmiyyəti yox idi. Azərbaycanın şimalında qurulan Dağlı respublikasını 7 dövlət tanısa da sonra qurulan SSRİ tərkibinə muxtar respublika kimi daxil olub.

Комментариев нет:

Отправить комментарий