Страницы

10.10.2018

MÜASİR DÜNYA HƏYATINDAKI ZİDDİYYƏTLƏR

Müctəba Musəvi Lari

Kapitalizmin inkişafı və sənaye inqilabı bütün sahələrdə, xüsusən xalqın maddi həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. Sənaye və texnikanın sürətli inkişafı nəticəsində böyük sərmayələri olan kompaniyalar, kartellər və trestlər yarandı. Bir dəstə adam təsəvvürolunmaz dərəcədə varlandı, digərləri isə son dərəcə kasıblaşdılar. Varlılar istədikləri maddi nemətlərdən istifadə edir, hətta itləri və pişikləri üçün əlçatmaz yaşayış vasitələri düzəltdirirdilər. Kasıblar isə ən adi və ibtidai şeylərə həsrət qalırdılar. Təəssüf ki, bu cür təzahürlər hələ də müasir dünyanın gerçəkliklərindəndir.
Keçmişdə kiçik həcmdə görünən cəmiyyətin bədbəxtlikləri indi daha böyük miqyasda baş verir.
İnkişaf etmiş ölkələrdə iqtisadi tərəqqi üçün edilən səylər dünya miqyasında və bütün insanların xeyrinə xidmət etmir. Belə ölkələr yalnız öz iqtisadi yüksəlişlərini əsas tutur, başqa xalqların və ölkələrin süquta uğraması onları narahat etmir. Bu cür iqtisadi inkişaf cəmiyyətdə sinfi təbəqələşməni kəskin şəkildə gücləndirir. Hal-hazırda dünyanın bir çox yerlərində kasıbçılıq və aclıq geniş surətdə artmaqdadır. Üçüncü dünya ölkələrində 250 milyon adam kifayət qədər yemək yemir və ərzaq azlığından əziyyət çəkir. 150 milyon adam yaxşı qidalana bilmir və hər il 8 milyon nəfər acından ölür.
Yalnız Braziliyada ərzaq çatışmazlığı üzündən ildə 250 min körpə ölür. Hindistanda isə doğumla ölüm arasındakı nisbət həmin səbəbdən xeyli fərqlidir. ABŞ-dakı bir ailənin qabağından artıq qalan yeməklə dörd hindli ailəsini təmin etmək olar. Belə bir şəraitdə bəzi «iş adamları» tapılır ki, ərzaq məhsullarının qiymətlərini artırmaq və süni qıtlıq yaratmaqdan ötrü, milyonlarla ac adamı ölümdən qurtara bilən milyon tonlarla ərzaq məhsullarını məhv edirlər. Bu cür qeyri-insani əməllərə misal olaraq aşağıdakıları göstərmək olar.
1960-cı ildə ABŞ-dakı anbarlarda 125 milyon ton çörək məhsulları zay olmuşdu. Bu qədər ərzaq Hindistanda aclıq içində olan əhalini bir il müddətində təmin edərdi. ABŞ-da hər il dövlətin qüdrət və mənafelərini qorumaqdan ötrü çox böyük miqdarda ərzaq məhsulları məhv edilir! Son illərdə bu cür «siyasət» daha da güclənməkdədir. Anbarlarda ərzaqı məhv və zay olana qədər saxlamaqla dünyada təkcə aclıq artmır, ABŞ başqa ölkələri baha qiymətə ərzaq məhsulları almağa məcbur edir və bununla da varlanır. Nəticədə başqa ölkələrin iqtisadiyyatına ağır ziyan vurulur. ABŞ dövləti bu şəkildə «qazandığı» pullar hesabına böyük hərbi potensial yaradır və dünyada «ağalıq» edir. Məşhur filosof Bertran Rassel yazır: «Keçən 14 il ərzində ABŞ dövləti öz fermerlərindən taxıl məhsullarını almaq üçün dörd milyard dollar pul xərcləmişdir. Milyon tonlarla taxıl və başqa ərzaq məhsulları dövlət anbarlarında uzun müddət saxlanıldıqdan sonra zay olmuşdur. Bütün bunlar dünyada ərzaqın qiymətlərini bahalaşdırmaqdan və daha çox gəlir əldə etməkdən ötrü edilir. Belə bir vəziyyət dəyişməzsə, gələcəkdə dəhşətli partlayışa səbəb ola bilər. Həmin şeytani siyasət aclığın artması və şiddətli əxlaqi pozğunluğun baş alıb getməsinə yönəlmişdir».
Məşhur sosioloq və filosof Sorokin deyir: «Sənaye və texnikanın hazırkı inkişafı ilə yanaşı, hər şeydən çox əxlaqi kasıblıq hiss edirik. İnkişaf etmiş ölkələrin cəmiyyətləri əxlaqi keyfiyyətlər baxımından geri qalmış ölkələrin əhalisindən heç də üstün deyillər. Bu günkü maddi mədəniyyət ziddiyyətlərlə doludur. Söz və əməldə, təsəvvür və etirafda, fikir və hisslərdəki ziddiyyətlər Qərb cəmiyyətlərində çox dərin kök salmışdır. Maddi mədəniyyət ümumiyyətlə zahirdə bütün insanların bərabərliyini elan etsə də əslində cəmiyyətdə ayrı-seçkiliyə, ədalətsizliyə habelə fikri, dini, iqtisadi, siyasi, psixoloji və ictimai ziddiyyətlərə rəvac verir. Daha doğrusu, təəssüblə bunların yayılması üçün şərait yaradır- demokratiya və xalq hakimiyyəti şüarları ilə ictimai ədalət yaratmaq iddiası edir. Lakin dövlət və hökumət xalqa biganə olan bir dəstə adamın əlində cəmləşir. Sözdə cəmiyyətin səadətini istəyir, amma əməldə bədbəxtliklər gətirir. Maddi mədəniyyət öz təlimlərində eqoizm və özünüdüşünmək hallarını tənqid edir, başqalarına hörmət etmək və ictimai yaşayış prinsiplərini təbliğ edir. Lakin əməli olaraq başqalarının taleyinə etinasızlıq, şəxsi mənafe düşkünlüyü və cah-cəlal tələbi kimi ideyaları yayır».
İnkişaf etmiş ölkələrdəki cəmiyyət dünya əhalisinin 25%-ni təşkil edir. Amma dünyanın 85% sərvəti bu ölkələrin əlindədir. Geri qalmış ölkələr dünya əhalisinin 75%-ni təşkil etsələr də, onların payına cəmi 15% sərvət düşür. Bu fərq illər ötdükcə daha da artır. Həmin inkişaf etmiş ölkələrdə isə sərvətlər yalnız bir qrup adamın əlində toplanır. ABŞ komissiyalarının birində açıqlanan hesabata görə, biznes qurumlarının cəmi 5%-ni təşkil edən bir qrup böyük sənaye şirkətləri ölkənin sənaye istehsalının ümumi gəlirinin 85%-ni qazanırlar. ABŞ-da sənaye sahəsində işləyən əhalinin 60%-dən çoxu bu şirkətlərdə çalışır və sənayenin xalis gəlirinin 84%-i həmin böyük kompaniyaların payına düşür. BMT-nin ərzaq məhsulları və əkinçilik üzrə ümumdünya təşkilatının rəisi deyir: «Hələ də dünya əhalisinin üçdə ikisi daimi olaraq aclıq içərisində yaşayır və 1,5 milyarda yaxın insan özünü dolandırmaqda aciz qalır».
Latın Amerikası ölkələrinin başçılarından biri vaxtilə ABŞ prezidenti Trumenə müraciət edərək demişdi: «Dünyadakı aclığın qarşısını almaq və milyonlarla insanı ölümdən qurtarmaqdan ötrü yaxşı olardı ki, ABŞ dövləti öz ixtiyarında olan kənd təsərrüfatı və ərzaq məhsullarının artıq qalan və anbarlarda çürüyən hissəsini beynəlxalq təşkilatların ixtiyarına versin və onlar da həmin məhsulları ac əhali arasında paylasın». Trumen isə belə cavab vermişdi: «ABŞ prezidenti kimi bu təkliflə razılaşa bilmərəm. Çünki bizim başqalarına etdiyimiz kömək və yardımlar siyasi maraq və mənafelərimizdən ayrıla bilməz!»

"İslam və qərb mədəniyyəti" kitabından                  "Entesharate Darul-bashir" nəşriyyatı

Комментариев нет:

Отправить комментарий