Страницы

31.10.2018

Müasir Rusiyanın qurucusu prezident Vladimir Putinin psixoloji portreti

Adıgözəl Məmmədov

Vladimir Putin. Doğum tarixi: 7 oktyabr 1952-ci il. Doğulduğu yer: Lelinqrad şəhəri Bürcü: Tərəzi. Boyu: 170 sm. Çəkisi: 75 kq. Gözlərinin rəngi: Boz-göy. Atası-Vladimir Spiridonoviç, anası- Mariya İvanova. Həyat yoldaşı- Lyudmila Aleksandrovna (Şkrebnyova) Putina. İki uşağı var: Maşa (1985-ci il təvəllüdlü) və Katya (1986-cı il təvəllüdlü). Təhsili: 1975-ci ildə Leninqrad dövlət universitetinin hüquq fakültəsini bitirib. İqtisad elmləri namizədidir.
Vladimir Putin 1952-ci ildə Leninqradda anadan olub. Onun atası zavodda çilingər işləyirdi, Böyük Vətən müharibəsi əlili idi. Onun ayağında əl qumbarasının qəlpələri hələ də qalırdı, ayağı soyuq havalarda ağrıdan həmişə sızıldayırdı. Anası Mariya İvanovna blokada illərindən möcüzə nəticəsində sağ çıxmışdı. Müharibəyədək onların iki oğlu olmuşdu və onların hər ikisi uşaq yaşlarında ölmüşdü. Bunlardan sonra dünyaya gələn Volodya, öz valideynləri üçün pəncərədən düşən işıq kimi idi. Çox çətin yaşayırdılar, Rusiyanın gələcək prezidenti kommunal mənzildə böyüyüb  başa çatmışdı. 
“Heç kimə ürəyini açmaz, şəxsi işlərinə heç kimin burnunu soxmasına imkan verməz, heç kimlə xüsusilə dostluq etməzdi” - məktəb yoldaşları “Komsomolskaya pravda” qəzetinin müx­birlərinə onun haqqında belə danışırdılar.
Valideynlərini qayğılandıran əsas səbəblərdən biri Volodyanın hələ lap uşaq vaxtlarından ərköyün böyüməsi idi. Çünki buna əsas vardı. Volodya öz qardaşlarının ölümündən sonra ailədə yeganə övlad idi. Ona görə də valideynləri onuna nazı ilə oynayırdılar. Ata-anası uşağın məktəbə gedəndən sonra ərköyünlüyünə son qoyulacağına ümid edirdilər. Lakin səhv etmişdilər. Daha da pis oldu...
-Məktəbə demək olar ki 8 yaşımda getmişəm -Vladimir Vladimiroviç deyir- Yadımdadır, məktəbə hələ köhnə formalı məktəb paltarında getmişdim. O boz rəngdə idi, hərbi formaya oxşayırdı, əlimdə də gül dibçəyi. Nə üçünsə buket yox, məhz dibçək. Fikirləşdim dibçək nəyimə gərəkdi axı? Götürüb, zibil yeşiyinə tulladım.
“Valideynlərim öz həyatları haqqında mənə demək olar ki, heç nə danışmazdılar, bizdə belə şeylər qəbul olunmamışdı -Putin özünün “Birinci şəxsdən” adlı kitabında etiraf edir.- Elə-belə, xırda məsələlərdən danışardılar”.
Onun atası Vladimir Spiridonoviç Putin 1911-ci ildə Peterburqda anadan olmuşdu. Birinci dünya müharibəsi başlananda onun ailəsi Tver vilayətinə köçdü. Elə sonralar evlənəcəyi Mariya İvanovna Şelomova ilə də orada tanış olmuşdu. Onda onların 17 yaşı vardı. 1932-ci ildə Putinlər ailəsi Leninqrad yaxınlığındakı Peterqofaya köçdülər. Sonradan dünyaya gələn öz oğullarını da burada dəfn etmişdilər.
- Anam hansısa zavoda işləməyə getdi, atamısa dərhal orduya aparmışdılar -Vladimir Vladimiroviç xatırlayır- O, sualtı donanmada xidmət edirdi. Ordudan qayıtdı və onların aralarında bir il fərq olmaqla iki oğlu oldu. Onlardan biri bir neçə aydan sonra öldü.
Böyük Vətən müharibəsi başlananda Volodyanın atası könüllü olaraq cəbhəyə gedir. Leninqradın blokadası zamanı anasını körpə ilə birlikdə bombalar və güllələr altında olan Peterqofdan onun doğma qardaşı çıxarıb apardı. Anası oğlunu aclıqdan xilas etmək üçün onu uşaq evinə verir.
-Onun həyatını qoruyub saxlamağa çalışırdılar, -Putin xatırlayır- Amma o uşaq evində difteriyaya tutuldu və öldü.
Mariya İvanovna oğlunun ölümü haqda yalnız bir ildən sonra xəbər tutdu. Onun özü aclıqdan xilas olmaq üçün mübarizə aparırdı.
-Ona qardaşı kömək edirdi. Bir vaxt qardaşını müvəqqəti olaraq harasa göndərirlər, anam az qala məhv olacaqdı,- Putin deyir- Bir dəfə o acından huşunu itirmişdi, onu ölmüş say­mışdılar. Onu hətta meyidlər ilə bir yerə qoymuşdular. Yaxşı ki anam vaxtında özünə gəlib inildəmişdi. Möcüzə sayəsində sağ qalıb.
O əri ilə təsadüfən, Vladimir Spiridonoviçin artıq neçə ay idi ki ağır yaralı halda yatdığı qospitalda görüşmüşdülər. Putin xatırlayır:
-Atam yarımcan halda olan anamı gördü və şəfqət bacısından gizlin öz yeməyini ona yedizdirməyə başladı. Lakin həkimlər atamın aclıqdan tədricən huşunu itirdiyinə diqqət yetirmişdilər. Anamı atamın yanına daha buraxmadılar. Çox şükür ki hər ikisi də sağ qaldı.
Müharibədən sonra Volodyanın atası ordudan təxris olundu və o Yeqorov adnıa Vaqontikinti zavoduna usta düzəldi.
Putin xatırlayır:
-Atamın zavodda xətrini çox istəyirdilər, onu qiymətləndirirdilər. O da var gücü ilə çalışırdı. Uzun müddət ərzində ona əlillik dərəcəsi vermədilər, onun bir ayağı isə demək olar ki işləmirdi.
Müharibədən sonra Mariya İvanovna öz peşəsini bir neçə dəfə dəyişmişdi. Süpürgəçi də oldu, dükanlara çörək də daşıdı.
Tezliklə Vladimir Spiridonoviçə kommunal mənzildə otaq verdilər (müharibədən əvvəl isə Peterqofda onların yarımçıq tikilmiş evləri vardı). Valideynləri uşaq arzulayırdılar. Lakin iki uşaqlarını itirəndən sonra Putinlər uzun müddət yeni uşağa qərar verə bilmirdilər. Müharibədən yalnız yeddi il keçdikdən sonra bu ailədə artıq çoxdan idi ki arzuladıqları uşaq dünyaya gəldi. Onun adını Vladimir qoydular.
Gənc Putin lider olmaq istəyirdi, ona görə də idmanla məşğul olmağa başladı. Əvvəlcə boksla məşğul oldu, lakin onun burnunu sındırdılar və onda o boksu sambo, sonra isə dzü-do ilə dəyişdi. Onu yarışlarda iştirak etmək üçün dilə tutan dostu boyun fəqərə sümüyündən zədə alaraq öldü. Putin buna görə çox fikir edirdi, ancaq idmanı tullamadı. Tez-tez və anlaşılmaz tərzdə danışan bu gəncə idman, özünə güvənməsinə çox kömək etdi. O sambo və dzü-do üzrə idman ustalığına layiq görüldü, 1976-cı ildə isə şəhər üzrə keçirilən çempionatın qalibi oldu. Hətta böyük yaşda olanda belə o dəfələrlə küçədə xuliqanlar ilə üz-üzə gəlmiş və onlarla dalaşmışdı. Bir dəfə isə hətta xuliqanın qolunu da qırmışdı.
“Hələ məktəbi qurtarmamışdan məndə kəşfiyyatda işləmək arzusu oyanmışdı, -sonralar Putin “Birinci şəxsdən” adlı kitabı yazan jurnalistlərə deyəcəkdi,- ancaq bu mənim üçün Marsa uçmaq kimi əlçatmaz bir şey idi... “Qılınc və qalxan” kimi kitab və filmlər öz işini görmüşdü. Məni ən çox kitabın qəhrəmanının az sözlərlə və demək olar ki tək öz qüvvəsi ilə bütöv bir ordunun edə bilmədiyi işin öhdəsindən gəlməsi təəccübləndirirdi. Bir kəşfiyyatçı minlərlə insanın taleyini həll edirdi.
Doqquzuncu sinif şagirdi Putin DTK-nın Leninqrad şəhəri və Lelinqrad vilayəti üzrə idarəsinin qəbul otağına yollandı. Onu da qeyd etmək yerinə düşərdi ki, DTK ölkədə bura gələn hər bir kəsə diqqətlə qulaq asıldığı yeganə yer idi.
Volodya Putin DTK-da işləmək arzusunda olduğunu oradakı zabitə bildirir. Zabit isə ona diqqətlə qulaq asdıqdan sonra, nəvazişlə ona bildirir:
-Birincisi biz təşəbbüsçüləri işə götürmürük. İkincisi bizə yalnız orduda xidmət edəndən sonra, yaxud da hansısa ali məktəbi bitirdikdən sonra düşmək olar.
-Hansı ali məktəbdən sonra?
-Hansı olsa!
-Bəs ən əsası?
-Hüquq fakültəsini!
Bax ona görə də Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Burada Anatoli Aleksandroviç Sobçakın tələbəsi oldu. Bu insan gələcəkdə onun həyatında mühüm rol oynayacaqdı.
Tələbə yoldaşlarının yaddaşında Putin sakit, təmkinli, özünü ələ ala bilən adam kimi qalıb. Təhsilini başa vurmağa bir az qalmış onun şəxsi “Zaporejetsi” vardı- anası bu maşını lote­reyada udmuşdu. Pul Putinlər ailəsinə çox lazım idi, lakin vali­deynlər sevimli oğluna bu maşını hədiyyə etmək qərarına gəl­dilər. Volodyanın sevincinin həddi-hüdudu yox idi. Anası hey ona deyərdi: “Volodiçka, canım mənim, Allahdan yeganə arzum səni xoşbəxt görməkdi”. (Putin anası öləndə çox sarsıntı ke­çirmişdi. Vladimir Vladimiroviç bərk məşğul olsa da, hər bazar günü Piterə gələr, atasına baş çəkər və anasının qəbrini ziyarət edərdi. Bu dövrdə onu baş nazir təyin etdilər. Və bu za­manlarda onun atasının vəziyyəti pisləşdi. Putin atası ilə görüşə bilməyəcəyinə görə çox narahat idi. Lakin vaxtında çata bildi və atasının ömrünün son saatlarını onunla birlikdə keçiridi).
Dördüncü kursda isə Putinin əsas arzusu yerinə yetdi. DTK-dən olan əməkdaşlar ona müraciət etdilər. Putin xoşbəxt idi. Jurnalistlər sonralar ondan, “DTK-nın represiyalarda iştirakı barədə gəzən söz-söhbət haqqında heç fikirləşibsinizmi? deyə soruşmuşdular.
-Düzünü desəm, heç fikirləşməmişdim. Mən bu haqda o qədər də bilmirdim- deyərək Putin cavab vermişdi.
DTK-nın kadr aparatı öz gələcək əməkdaşlarını çox ciddi-cəhdlə seçirdi. Burada işləməyi arzulayan adamları heç də həmişə işə götürmürdülər. DTK-də həqiqətən də “təşəbbüsçü” kimi anlayış mövcud idi; orada inadla işə götürülməyini xahiş edən insanları belə adlandırırdılar. “Təşəbbüsçü”lərə münasibətə gəldikdə isə komitədə həmişə onlara müəyyən sayıqlıqla yanaşırdılar. Hələ bu adamı yaxından tanımaq və onun təhlükəsizlik orqanlarında işləmək marağının əsl səbəblərini araşdırıb dəqiqləşdirmək lazım olurdu.
Adətən DTK-dan olan əməkdaşlar xoşlarına gələn tələbələri öz yanlarına dəvət edir, onları ailələri barədə sorğu-suala tutur, onların planlarını öyrənir, bu tələbələrin danışıq tərzi və şəxsi keyfiyyətlərinin onların xoşuna gəldiklərini bildirir, lakin onlara daha bir ixtisas almağın lazım olduğunu deyirdilər. Beşinci kursun sonlarında tələbəni yenidən söhbətə dəvət edir və bu vaxtdan da tələbə onun həyatının, ailə üzvlə­rinin və dostlarının DTK tərəfindən diqqətlə öyrənilməsini artıq başa düşürdü.
Kəşfiyyatın Skandinaviya şöbəsi üçün Leninqrad, Finlandiyanın yaxınlığında yerləşməsi səbəbindən həmişə xüsusi maraq dairəsində idi. Bu Rusiyanın şimal-qərb hissəsində yaşayan əhalidə: beloruslarda, latışlarda, litvalılarda beloomor-baltika antropoloji tipinin oxşar cəhətlərinin müşahidə olunma­sı ilə bağlı idi. Belə bir cəhətlər bu ərazinin fin dili qrupuna da­xil olan xalqlarında- karellərdə, veplərdə, komizırların bəzi qruplarında rast gəlinirdi. Məhz bu cəhətlər onları Skandina­viya mənşəli atlant-baltika irqinə yaxınlaşdırırdı. Bu da Skan­dinaviya ölkələrində onların yerli xalqlardan fərqlənmədən qeyri-leqal fəaliyyət göstərmələrinə şərait yaradırdı.
Buna görə də antropoloji məlumatlat DTK-nin xarici kəşfiyyatı üçün kadrlar seçimində böyük əhəmiyyətə malik idi.
Bununla belə, DTK-si gələcək əməkdaşlarının seçimində başlıca olaraq siyasi-mənəvi baxışlara, psixoloji davamlığa, dayanıqlığa, insanlar ilə dil tapmaq bacarığına və digər lazım olan cəhətləri daha çox nəzərə alırdı.
Namizədlərin qohumlarını yoxlayırdılar, əgər ailə üzvləri arasında məhkum olunmuşlar var idisə, heç vaxt götürməzdilər.
Bütün bunlar əsasən, xüsusilə də, dövlət təhlükəsizlik orqan­larının xəbərçiləri olan tələbələr tərəfindən həyata keçirlirdi. Bu vasitələrlə namizədlərin hansı baxışları, adətləri və əyləncələri olduğu aydınlaşdırılırdı.
Putinin anket ilə bağlı heç bir problemi yox idi.
Tələbəçilik illərində Volodya Putin idmanla ciddi məşğul olmağa başladı. Hətta ümumittifaq yarışlarda da iştirak etmişdi. Bu yarışlarla əlaqəli ölkə üzrə çox gəzirdi.
Volodya Putin çox çalışqan tələbə idi. Lakin ictimai işlərlə məşğul olmazdı və komsomol fəallarından deyildi. Leninqrad universitetindən aldığı təqaüd ona yaşamaq üçün bəs etmirdi.
-İlk dövrlərdə mən valideynlərimə yük idim, -Vladimir Vladimiroviç xatırlayır,- tələbə idim, pulum da yox idi.
Ona görə də birinci kursdan sonra gələcək prezident tələbə tikinti dəstəsi ilə Komiyə, evləri təmir etməyə gedir. Ay yarım ərzində 1000 (min) manat qazanır və iki tanışı ilə birlikdə Komidən birbaşa Qaqraya yollanır.
-Qaqrada elə birinci gün doyunca “portfeyin” içdik, üstündən də kabab yedik, bundan sonra oturub nə edəcəyimizi fikirləşməyə başladıq, -Putin xatırlayır- Bəs, gecələməyə hara gedək? Yəqin ki haradasa, hansısa otellər vardı, lakin biz bu haqda heç fikirləşmirdik də. Gecə keçmiş hansısa bir şəxsi ev­də gecələdik, hansısa rəhmli bir qarı bizi öz evinə aparmışdı.
Cavanlar Qaqrada bir neçə gün gəzdilər. Sonra da artıq evə getmək lazım olduğunu başa düşdülər.
-Pulumuzun qurtarmasına az qalırdı,-Putin xatırlayır- Teploxodda getməyin ən ucuz üsulunu axtarıb tapdıq. Gəmidə göyərətənin üstündə getmək qərarına gəldik. Teploxod yalnız Odessayacan gedirdi, burdan isə Piterə (Leninqrada) ümumi vaqonda, üçüncü rəfdə getmək lazım gəldi. Ciblərimizi eşələ­dik, qəpik-quruşumuz qalmışdı. Qalan pullara da konservləşdirilmiş pörtülmüş ət almağı qərara aldıq. Bir sözlə, möcüzə sayəsində doğma evimizə qayıtdıq.
O DTK-də işləməyə razılıq verəndə başlanğıc üçün hələ əlavə bir il oxumalı idi. O bu xüsusi məktəbi uğurla başa vurdu. Bu xüsusi məktəbdə təhsil almaq həqiqətən də çox çətin idi. Tək fiziki cəhətdən deyil, həm də mənəvi tərəfdən. Müxtəlif cür testlər, psixoloji təkmilləşmə- çoxları buna tab gətirə bilmir, məktəbdən uzaqlaşırdı. Bəziləri isə ümumiyyətlə belə bir işə yaramırdı. Hər yerdə olduğu kimi burada da “xəbərçilər” var idi. Kimsə nəsə lazım olmayan şeyləri danışır­dısa və ya qısa müddətli məzuniyyət zamanı içərdisə, bu vaxt “xəbərçilər” sayəsində həmin adamı dərhal məktəbdən xaric edirdilər.
Putin jurnalistlərə danışırdı: “Bu xüsusi məktəbi qurtar­dıqdan sonra məni əvvəlcə idarənin katibliyinə işə götürdülər, sonra isə əks-kəşfiyyat bölməsinə keçirtdilər. Mən orda 5 aya yaxın işlədim. Hansısa qovluqları tikirdim. Yarım ildən sonra isə əməliyyat işçilərinin yenidən hazırlığı kurslarına göndə­rildim. Bu bizdə Lelinqradda heç nə ilə nəzərə çarpmayan bir məktəb idi. Hesab edirdilər ki, məndə bu iş üçün müəyyən hazırlıq var, yalnız təmiz operativ hazırlıq keçməliyəm. Mən orada hazırlıq kursunu keçdim, Leninqrada qayıtdım və əks- kəşfiyyat bölməsində daha altı aya yaxın çalışdım”. Burada nə işlə məşğul olduğunu soruşanda o bu idarədə yalnız dissidentlərlə, hakim partiyadan ayrılan şəxslərlə məşğul olduğunu demişdi. Bir də Pasxa bayramında, gələcək prezident Putin qayda-qanuna nəzarət edirdi.
Putinə DTK-nın Birinci Baş İdarəsinin (xarici kəşfiyyat) zabitləri diqqət yetirdilər. DTK-nın BBİ-də əsas diqqət xarici dilin öyrənilməsinə verilirdi. Hansı dilin öyrənilməsində əldə olunan uğurlar onun gələcək təyinatına güclü təsir edirdi. Putin bir il təhsil alandan sonra Leninqrad İdarəsinə qaytarıldı və 1-ci (kəşfiyyat) şöbəyə daxil edildi. Lelinqrad İdarəsinin kəşfiyyat şöbəsinin əməkdaşları əsasən şəhərə gələn xariciləri ələ almaq və öz adamları (agent) etmək üçün əvvəlcə onları “zondlayırdılar”. Hər şeydən əvvəl mənəvi cəhətcə möhkəm hesab edilməyən xarici dənizçilərlə maraqlanırdılar. Bunlarla interklub adlanan və həmişə DTK əməkdaşları ilə dolu olan yerdə tanış olurdular. Xaricə gedən sovet adamlarını da bərkdən-boşdan çıxarırdılar.O bu idarədə dörd il yarım işlədi.
Sonra Putini Moskvaya mərkəzi aparata dəvət etdilər, tezliklə isə onu guya ki “jurnalist” qismində xaricə göndərdilər.
Vladimir Putin əla xidmət edirdi. Mayor paqonlarını aldıqdan sonra Moskvaya, yenidən hazırlıq keçməyə-Andropov adına Qırmızı Bayraqlı İnstituta (indiki Xarici Kəfiyyat Akademiyası) göndərildi. Sonra isə onu DTK-nin Almaniya Demokratik Respublikasındakı nümayəndəliyinə göndərdilər. Onda 1985-ci il idi.
Xaricdə işləməyə gedən DTK əməkdaşının ailə üzvlərinə olan tələblər maksimum dərəcədə sərt idi. Məsələn, arvadının səhhətinin vəziyyəti, isti və ya rütubətli iqlim şəraitində işlə­mək üçün yararlı olmalı idi. Təsəvvürünüzə gətirin, sizi beş il oxudublar, öyrədiblər, budur, indi də xaricə işləməyə, döyüş nöqtəsinə getməyin lazımdı, arvadın isə səhhətinə görə gedə bilmir, səni də ona görə ora buraxmırlar. Vladimir Vladimiroviç xatırlayır: “Həyat yoldaşımı tam proqram üzrə yoxlanışdan keçirdilər. Ona əlbəttə ki heç nə demədilər. Yalnız bundan sonra onu kadrlar şöbəsinə çağırdılar və xüsusi yoxlanışdan keçməsi haqda ona məlumat verdilər. Səfərdən qabaq biz əyləncə gecəsi təşkil etdik. Qızımız Maşa da bu ərəfədə anadan oldu. Sevincimizdən rəqs etməyə başladıq. Mən onda möhkəmcə rəqs eylədim! Ayaqlarım ağrıdan sızıldayırdı”.
Lyüdmila Şkrebneva, Putinin həyat yoldaşı, Kalininqradda böyüyüb başa çatmışdı, Pionerlər Evində dram dəməyində oynayırdı, bütün məktəb yığıncaqlarında şeirlər oxuyurdu. O Kalininqrad Texnologiya İnstitutuna daxil oldu, lakin stüardessa olmaq üçün ikinci kursdan təhsilini dayandırdı. Lyüdmila Volodya ilə 1980-ci ildə Leninqradda, Arkadi Raykinin konser­tində tanış olmuşdu. Onda o Leninqrada üç günlük məzuniy­yətə gəlmişdi. Əvvəlcə Putin onda yaxşı təəssüratlar oyatmadı. Çünki Putin çox ciddi idi, kasıb geyinmişdi, bununla birlikdə həm də danışmağı xoşlamırdı. Buna baxmayaraq onlar üç gün bir yerdə oldular. Putin gələcək həyat yoldaşına cinayət axtarışı şöbəsində işlədiyini bildirmişdi. Özünün əsl iş yerini gizlətmək üçün onda həqiqətən də bu şöbənin vəsiqəsi vardı.
Volodya Lyudmilanı təyyarəyəcən yola salanda qız ona özünün ev telefon nömrəsini verdi.
-Üç-dörd ay keçdikdən sonra, -Lyüdmila xatırlayır,- mən, onun məhz mənim istədiyim insan olduğu qərarına gəldim.
Lakin bu məhəbbət məcarası, Volodya ona evlənməyi təklif edənəcən, düz üç il yarım davam etdi. O olduqca gec evləndi.
Yəqin ki, DTK-nın zabitləri də ona çəpəki baxırdılar. DTK-da subayları xoşlamırdılar. “Qulaq as, qoca, sən subaylıqla qurtar”- yəqin ki Volodya Putinin dostları onu bu cür inandırmağa çalışırdılar.
-Mən özüm də başa düşmürdüm ki, -Putin özünün “Birin­ci şəxsdən” adlı kitabında etiraf edirdi,- əgər iki-üç il ərzində evlənməsəm, onda heç vaxt həyat qurmayacağam.
Onun artıq 29 yaşı vardı. Və o subay həyatına öyrənmişdi. Elə sutkada 24 saat işləməyə də, öz işinə də, dostlarına da. Və gələcək üçün Napoleon kimi planlar qururdu. Bununla belə, bu planların içində həyat yoldaşı ilə bağlı heç nə yox idi. Hərçənd Volodyanın üç il ərzində dostluq etdiyi bir sarışın qız- Lyüdmila vardı.
Bu vaxt ərzində Lüdmila Leninqrada köçdü və universite­tin filologiya fakültəsinə qəbul oldu. Volodya ilə hər həftə met­ronun yanında görüşürdü. Görüşə Putin həmişə saat yarım ge­cikərdi. Hər görüşdən görüşə, günü-gündən bu təkrar olunardı. Lyüdmila deyir:
-Lakin hər dəfə də bu gecikmənin so­nuncu olduğunu düşünürdüm. Putin məni tamamilə hövsə­lədən çıxardıqdan sonra gəlib çıxırdı.
Lyüdmilanm səbri tamam tükənəndə, o birdən qıza bildirir:
-Dostum, sən indi mənim necə adam olduğumu bilirsən. Prinsip etibarı ilə mən rahat adam deyiləm. Mən qaradinməzəm, haradasa, çox sərtəm, hərdən xətrinə dəyə də bilərəm. Bir sözlə, çox riskli həyat yoldaşıyam. Üç il ərzində sən yəqin ki bir qərara gəlmisən?
-Ümumiyyətlə, qərara gəlmişəm, -Lyüda çəkinə-çəkinə cavab verir. 
Putin isə ona:
-Hə? Əgər iş belə alınıbsa, onda mən sənə səni sevdiyimi deyirəm və 28 iyulda evlənməyi təklif edirəm.
Lyuda şokda idi, sevinərək razılığını verdi. Toy üç aydan sonra baş tutdu.
-Anacan, mən yaxşı bir oğlanla tanış olmuşam, ona ərə getmək istəyirəm, -Lyüdmila Volodya ilə toyundan qabaq anasına bildirir.
Anası cavabında heç nə demədi. Yalnız əllərini qaldırdı və toyun nə vaxta planlaşdırıldığını soruşdu.
Toyu sahildə dayanan paraxodda keçirtdilər. Çağırılanlar cəmi 12 nəfər idi və onların ən yaxın adamları idilər.
Toydan dərhal sonra təzə evlənmiş gənclər Volodyanın valideynlərinin evinə köçdülər.
-Bizim başqa çıxış yolumuz yox idi -Lyüdmila Putina deyir- Onun valideynlərinin yanında yaşayırdıq. Bu mənzili Volodyanın atası müharibə əlili kimi almışdı. Valideynləri 15 kvadrat metrəlik balkonlu otaqda yaşayırdılar. Balkonsuz bizim otaq isə cəmi 12 kvadrat metr idi.
Onlar bu evdə iki il yaşadılar.
-Valideynləri mənə oğullarının seçdiyi qadın kimi baxırdılar -Lyüdmila Putina deyir- biz can deyib, can eşidirdik. Daim sevinc və bayram içində idik və elə sonralar da onlar bizə həmişə kömək edirdilər.
Putinin həyat yoldaşı Lyudmila Putina kütlə qarşısına ilk dəfə, Naina Yeltsina ilə Raisa Qorbaçovnanın dəfn mərasiminə gələndə çıxmışdı. Putinin həyat yoldaşı nəzərə çarpmadan, DTK əməkdaşlarının həyat yoldaşı özünü necə aparmalı idisə, eləcə də aparırdı. 1994-cü ildə o ağır avtomobil qəzasına düşdü. Onun fəqərə sümüyündə əməliyyat apardılar, sonralar onun beyin qapağında da çat olduğu aydınlaşdı. Yaxşı həkimlər onu xilas etdilər.
Putinlər ailəsi Drezdendə beşmərtəbəli evin geniş mənzilində yaşayırdılar. Onlara həm də şəhərkənarı ev və “Jiquli” maşını verilmişdi.
-Biz, növbələr və ərzaq mallarının çatışmadığı Rusiyadan köçüb gəlmişdik, ADR-da isə o qədər bolluq idi ki- Vladimir Putin “Birinci şəxsdən” kitabında göstərir. Burada çəkimi 12 kq artırmışdım. Çəkim artıq 85 kq idi. Biz tez-tez kiçik şəhər olan Radeburqa gedirdik. Orada Şərqi Almaniyanın ən yaxşı pivə zavodlarından biri yerləşirdi. Mən özümlə üç litirlik balon götürürdüm. Pivəni ora tökürsən, sonra da çəlləkdən içən kimi içirsən. Beləcə, həftədə müntəzəm olaraq 3,8 litr pivə alınırdı. Dostlarımız gələndə isə, hamımız birlikdə ora yollanardıq. 
Vladimir Putinin Almaniyada ən çox xoşladığı yemək donuz əti ilə pörtlədilmiş kələm idi. Ümumiyyətlə, Vladimir Vladimiroviçə zərif və ləziz yeməkləri həddindən artıq sevən adam demək olmaz. O rus mətbəxini sevir, səhərlər əsasən kaşa, bal, kəsmik yeyir. “Çalışıram ki, şəkər, un məmulatları qəbul etməyim -Putin deyir- Əti də, balığı da xoşlayıram”. Bununla belə o balığa üstünlük verir. Ət yeyəndə isə o qoyun ətini seçir. Dondurma onun zəif yeridir. Lakin prezident ondan çox istifadə etmir, öz formasının qeydinə qalır.
Putin uşaqlıqda “Avtomobildən qorunun” kinofilmindəki Yuri Detoçkin kimi “Volqa”ya sahib olmağı arzulayırdı. 1990-cı ildə ADR-dan qayıtdıqdan sonra o öz arzusunu həyata keçirdi, özünə QAZ-21 aldı. Bu maşın 1956-cı ilin buraxılışı olan fil sümüyü rəngində, xromlanmış dəmir disklər ilə, dəri salonlu, “QAZ” zavodunun məhsulu idi. Bu maşın çəmi 120 km sürülmüşdü. Bu maşının gözəlliyi tək onun gözəl və rahat olmasında deyildi. Həm də onda idi ki Putin bu maşında Soçi-Krasnaya Polyana tunelinin açılışında iştirak etmişdi. Məhz bu “Volqa”da da Putin şəxsən Corc Buşu Novo-Oqaryovada gəzdirmişdi. ABŞ prezidenti də bu maşını sürmüş və hətta zarafat da etmişdi: “Ehtiyatlı olun, o mənə maşın sürməyi öyrədir.” Əslində baş nazirə tutduğu vəzifəyə görə maşın lazım deyil. Çünki onu xüsusi təyinatlı zirehli olan maşınlarda gəzdirirlər. İndi onun bu cür “Mersedes” markalı 3 maşını və bir QAZ-21-i var.
Qol saatına gəldikdə isə o 17 000 yevro qiyməti olan İsveçrə markalı Patek Philippe saatına üstünlük verir. Saatı sağ qolunda gəzdirməyi xoşlayır.
-Bu, bir adətdir. Yox, mən solaxay deyiləm -Vladimir Putin deyir- onun biləyimdə sallanmasından xoşum gəlir. Saatın yaylı başlığı isə, əgər sol əldədirsə, onda o bilək tərəfə çönür və elə hey biləyi sürtür. Ona görədə sağ qolumda gəzdirirəm.
Putin həmçinin öz aforizimlərilədə məhşurdur. Sonda onun ən məhşur aforizmlərindən:
“Dövlətin birinci adamlarının sızıldamağa və şikayətlənməyə ixtiyarları yoxdur. Əgər ağlasalar, bu süni ağlamaq olacaq”.
“Biz terrorçuları hər yerdə təqib edəcəyik. Əgər, pardon, tualetdə də tutsaq, onda elə orda da “isladacağıq”.
“Bu səkkiz ildə mən, çoxavarlı gəmidəki qul kimi, səhərdən axşamacan işləmişəm”.
“Sən həmişə qanuna tabeçilik göstərməlisən, yalnız yumurtalarından yapışanda yox”.

Комментариев нет:

Отправить комментарий