Страницы

16.11.2018

Gömrük Komitəsində 20 milyard manat mənimsənilib

“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”
Bunu deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı keçirdiyi birgə iclasında deyib. Deputat bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 20 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
Deputat hesab edib ki, büdcə müzakirələri başqa yöndə gedəcək: “Çünki dövlət başçısı cənab İlham Əliyev son müşavirəsində hökumət üzvləri qarşısında ciddi tapşırıqlar qoydu, ciddi mesajlar səsləndirdi. Xüsusilə də kölgə iqtisadiyyatının azaldılması, onun qarşısının alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı. Amma gəlin görək bu 3 tapşırıqla bağlı hansı addımlar atılıb? Çox təəssüflər olsun ki, vergilərdə və gömrükdə müəyyən kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də ciddi irəliləyişlər yoxdur. Kölgə iqtisadiyyatı hələ də çox yüksək səviyyədədir”.
Vahid Əhmədov qeyd edib ki, vergilərdə hələ də köhnədənqalma prinsiplər işləyir: “Hələ də xoş olmayan məqamlar yaşanır. Mən inanmaq istəyirəm ki, vergilər naziri islahatlar prosesini daha da sürətləndirəcək, neqativlərin, xüsusilə sahibkarlarla bağlı əngəllərin tam aradan qaldırılmasına çalışacaq və bunlara nail olacaq. Eyni zamanda, başqa bir vacib məsələyə toxunmaq istərdim. Dövlət zəmanəti ilə verilən borcları, kreditləri onu alan həmin qurum özü həll etməlidir, özü qaytarmalıdır. Kredit verilib, götürmüsən, canın sağ olsun, indi zəhmət çək, vaxtında da ödə. Bunu dövlətin, Maliyyə Nazirliyinin üzərinə atma. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi şəffaflıq təmin olunmalıdır, zəmanət verilən qurumların fəaliyyətinə, ciddiliyinə fikir yetirmək lazımdır. Hər kəsə dövlət zəmanəti ilə kredit verilməməlidir”. /modern.az/

Комментариев нет:

Отправить комментарий