Страницы

20.11.2018

“KİSSİNCER SƏHV EDİR, ARTIQ DÜNYA NİZAMI YOXDUR” – Üç tektonik plitənin toqquşması

Sinqapurda keçirilən yeni iqtisadi forum bir vaxtlar “Salomon Brothers” və “Merril Lynch” şirkətləriylə yaxın biznes əlaqələri olmuş Maykl Blumberq tərəfindən təşkil edilib. Maykl Blumberq ora-bura vurnuxan adi siyasətçidir. O ilk əvvəl Demokratlar partiyasında olub, sonra isə Respublikaçılar partiyasından Nyu-Yorkun meri seçilib. İndi isə yenidən Demokratlar partiyasına keçib və hal-hazırda Hillari Klintonu dəstəkləyir.
Yeni iqtisadi forumda iştirak edən 95 yaşlı Henri Kissincer 1971-ci ildə ABŞ ilə Çini yaxınlaşdıran əsas şəxsdir. O mövcud dünya nizamını poza biləcək ABŞ və Çin arasındakı iri miqyaslı münaqişədən qaçılacağı ilə bağlı nikbin əhval-ruhiyyədədir. Bu məsələ ilə əlaqədar Kissincer deyib: “Əgər dünya nizamının vəziyyəti ABŞ və Çin arasındakı daimi münaqişəylə müəyyən edilirsə, onda bu gec və ya tez nəzarətdən çıxma riski daşıyır”.
Kissincer iddia edir ki, ABŞ və Çin arasındakı ticarət danışıqları detallar girdabına daxil olmaq riski ilə üzləşə bilər, ona görə də onlar bir-birlərinə, qarşılarında hansı məqsədləri qoyduqlarını və hansı güzəştə gedəcəklərini izah etməlidirlər. Kissincer hesab edir ki, dövlət xadimləri başa düşməlidirlər ki, hər böhran təkcə xoşagəlməz niyyətlərdən doğmur, Çin inkişaf etməlidir və Asiyanın başlıca super gücündən irəli gələn tərzi hərəkətlərini cilovlamalıdır. Belə görünür ki, Kissincer insan təbiətini köklü surətdə dəyişmək istəyir.
Uğurlu sosialist bazar iqtisadiyyatının nəzəriyyəçilərindən biri olan Çin Xalq Respublikasının vitse-prezidenti Van Çişan qeyd edib ki, Pekin ABŞ ilə kommersiya məsələlərinin həll olunmasını müzakirə etməyə hazırdır. Amma V.Çişan xəbərdarlıq edib ki, onun ölkəsi yenidən digər dövlətlərin təhdidləri ilə qətiyyən barışmayacaq.
Van Çişan deyib ki, ticarət əvvəlki kimi Çin və ABŞ münasibətlərinin əsas vasitəsi sayılır, lakin birtərəfli qaydada həyata keçirilən populist hərəkətlər təhlükəlidir. O söz verib ki, Çin sakit davranacaq və hər iki ölkə üçün münasib olan ticari qərarlar üzərində diqqətlə işləyəcək.
Şanxayda keçirilən və 172 ölkənin nümayəndəsinin iştirak etdiyi beynəlxalq ixrac və idxal sərgisinin açılışı zamanı Si Çzinpin “cəngəlliklər qanunlarını” qamçıladığı zaman Tramp Çin ilə ticarət münaqişəsini qızışdıraraq, tanınmayan Tayvan barəsində söz salmaqla Pekini qıcıqlandırıb. Bəllidir ki, Pekin Tayvana qarşı öküzün qırmızı parçaya reaksiya göstərdiyi kimi reaksiya göstərir.
ABŞ üçün tədarük və istehsal zəncirini Çindən kənara çıxarmaq asan iş deyil. Bu, bahalı və əməktutumlu iş olmaqla yanaşı, yeni tədarükçülərin tapılması da mürəkkəb məsələdir. Çinlilər hər hansı illüziya qurmurlar və ABŞ-dakı ara seçimlərinin nəticələrindən asılı olmayaraq, Trampla “yeni soyuq müharibəyə” hazırlaşırlar.
Hazırda üç tektonik plitə toqquşub:
1) Özünün iqtisadi millətçiliyi ilə Wall-Street plutokratiyası naminə vergiləri azaldıb, müxtəlif cəbhələrdə ticarət müharibələri aparan, Meksika və İrana qarşı militarist təhididlərə baş vuran ABŞ prezidenti Donald Tramp.
2) Səsdən iti uçan nüvə raketləri ilə silahlanmış və qlobal hərbi üstünlüyə malik rus çarı Vladimir Putin.
3) ”Yeni ipək yolu” və “Çində istehsal olunub-2025” layihələri ilə Çin rəhbəri Si Çzinpin.
Nüfuzlu təşkilat sayılan Beynəlxalq Münasibətlər Şurasının prezidenti Riçard Haasın göstərdiyi münasibətin əksinə olaraq, Kissincer hələ ki qlobal intizamsızlığa adət etməyib. Kissincer səhv edir, artıq dünya nizamı yoxdur. Dünyanın üç əsas oyunçusu öz kartlarını açıblar və indi onlar öz tektonik plitələrinin yerinin düzəlişi və 21-ci əsrin yeni üçqütblü nizam qaydasının səhmana salınması ilə əlaqədar danışıqlara hazırlaşırlar.

“La Jornada”, Meksika             azpolitika.info

Комментариев нет:

Отправить комментарий