Страницы

12.12.2018

Anti-semitizm - İsrailin sülhü əngəlləmək üçün ən böyük silahı

Fələstinin hüquqları uğrunda aparılan mübarizə kampaniyalarına zərbə vurmaq üçün İsrailin ən güclü təbliğat silahlarından biri Holokost da daxil olmaqla yəhudi tarixindən sui-istifadə etməkdir. Bu yolla sionist rejim qeyri-yəhudilərə qarşı öz cinayətlərinə bəraət qazandırır. Sözsüz ki, Holokost bəşəriyyət tarixinin ən amansız faciələrindən biridir. Faşist Almaniyası yəhudiləri və onların dinini yer üzündən silmək üçün böyük qəddarlıqlara əl atmışdır.
İkinci Dünya müharibəsindən əvvəl və müharibə dövründə yəhudilərə qarşı nasist nifrətini körükləndirən əsas faktor məhz anti-semitizm olub. O vaxtdan bəri İsrail anti-semitizmi bəhanə silahına çevirərək Holokostu inkar edənlərə, neo-nasistlərə, anti-semitizm müdafiəçilərinə qarşı məharətlə istifadə etdi. Bununla kifayətlənməyən yəhudi lobbisi və İsrail dövləti Fələstindəki müsəlman və xristianların öz müstəsna hüquqları uğrunda apardıqları haqq mübarizəsini qaralamaq üçün də istifadə etdi.
Hazırda İsrailə qarşı hər hansı tənqid yəhudi lobbisi tərəfindən dərhal anti-semitizm adlandırılır. Yəhudilərlə bağlı artmaqda olan hər hansı zorakılıq yönümlü insidentə anti-semitizm damğası vurmaq artıq Amerika parlamentində də adi hal alıb. Nəyə görə? Çünki İsrailyönümlü lobbiçilər istəyirlər ki, Amerika xalqı İsrailin Fələstində törətməkdə olduğu cinayətlərdən xəbər tutmasın, sionist rejimin insan hüquqları ilə bağlı hər növ beynəlxalq konvensiyanı necə tapdaladığı gizli qalsın. Bu mənada ortaya çıxan hər hansı yəhudi və İsrail tənqidçiliyi dərhal anti-semitizm damğası ilə susdurulur.
Yəhudi lobbisi iddia edir ki, tənqidçilər İsrail dövlətini təkləyirlər və guya İsrail əsassız yerə dünyada ən çox tənqidə məruz qalan dövlətdir. Əlbəttə ki bu iddia doğru deyil. Əslində İsrail dünyada yeganə dövlətdir ki, özünü demokratiya adlandırır, azadlıqlar ölkəsi kimi qələmə verir, lakin eyni zamanda aperteid tipli rasizmə əsaslanan siyasət yürüdür, bu siyasəti tənqid edən öz vətəndaşlarına belə təzyiqlər göstərir, açıq şəkildə insanlara qarşı irqi və dini ayrıseçkiliyə yol verir.
Hazırda dünyanın müxtəlif yerlərində, müxtəlif müstəvilərdə ədalətin bərpası uğrunda fəaliyyətlər göstərilir, mübarizələr aparılır. Bu mübarizə ABŞ-da da aparılır. Amerika dövlətinin özü isə İsrailin sağçı meyilli dövlət quruluşunun və ekstremist siyasi kursunun güclənməsi və davamlı olmasını dəstəkləyir.
Yəhudi lobbisi də boş dayanmayaraq müxtəlif rıçaqlarla ABŞ Konqresinə təzyiqlər göstərir, İsraili tənqid edənlərin cəzalandırılmasına nail olmağa çalışır, hətta bu lobbi ABŞ hökuməti qarşısında xüsusi tələblər də qoyur. Bu tələblərdən biri budur ki, ABŞ dövlətilə biznes əlaqəsi qurmaq istəyən hər hansı bir şəxs və ya təşkilat rəsmi sənədlə sionist dövlətinə qarşı heç bir addım atmayacağına dair zəmanət verməlidir, həmçinin İsrailə qarşı boykot aksiyalarına qoşulmamalıdır. İsrailə qarşı boykot anlayışı isə geniş sahələri əhatə edə bilər. Bunun daxilində İsrailin beynəlxalq hüququn prinsiplərini pozaraq Fələstin müsəlmanlarından və xristianlarından zorla qoparılmış ərazilərdə yəhudi yaşayış məskənləri inşa etməsinə qarşı etiraz hərəkatları da var.
Sözügedən tələblə bağlı xüsusi qanun layihəsi hazırlayan qanunvericilərdən biri də İsrailyönümlü konqresmen Piter Roskam olub. 12 il boyunca Konqres üzvü kimi fəaliyyət göstərmiş Roskam İsrail lobbisinin buradakı ən aparıcı nümayəndələrindən biri olub. Lakin o ABŞ-dakı son seçkilərdə bu vəzifəsini itirib. İsrailin cinayətlərini ört-basdır etmək və işğalçı rejimi dəstəkləmək üzrə sədaqətlə göstərdiyi xidmətlərinə görə indiyədək ona yüz minlərlə dollar mükafat verilib. İsrailyönümlü Siyasi Fəaliyyət Komitəsi (İSFK) tərəfindən ödənilən mükafatlardan biri ötən il aşkara çıxıb. Bir sözlə, təkcə keçən il Roskam İSFK-dan 175 min dollar mükafat alıb.
Bununla yanaşı Roskamsayağı hücumlara Amerikanın qanunverici orqanlarında tez-tez rast gəlinir. Piter Roskamdan başqa hələ 25 konqresmen də İsrailin boykotuna qarşı yönəlmiş qanun layihələri təqdim ediblər. Lakin Kanzas və Arizona ştatlarının federal məhkəmələri bu tipli qanunların ABŞ konstitusiyasına zidd olması və amerikalıların ifadə azadlığını məhdudlaşdırması barədə qərar çıxarıblar. ABŞ qanunlarına əsasən hər bir amerikalının istər ölkə daxilində, istərsə də xaricdə baş verən hər hansı haqsızlığa qarşı fikrini ifadə etmək azadlığı var. İsrailin pulları isə ədalətin təmin olunması prosesinə zərbə vurur. Sionist lobbisi rüşvət yolu ilə ədaləti müdafiə edənlərin və həqiqi demokratiya dəyərlərini təbliğ edənlərin işini risk altına atır.
Son dövrlər ABŞ-ın sionizm havadarı olan aparıcı media qurumları anti-semitizm motivli və nifrət yönümlü cinayət hadisələrinə diqqəti artırıblar. Bu qurumlar yayımladıqları xəbərlərdə əsas üstünlüyü ABŞ-da artmaqda olan neo-nasist hərəkatların yəhudilərə qarşı, eləcə də qaradərili amerikalılara, cinsi azlıqlara və digər azlıq qruplarına qarşı törətdikləri hücumlara verirlər. Bu cür sağ yönümlü ekstremist hərəkatıların qurbanları arasında ərəblərin və müsəlmanların da olması faktları isə nadir hallarda qeyd olunub.
Ən təəccüblüsü isə budur ki, nasizm tərəfdarları ABŞ-dakı ümumxalq seçkilərində də təmsil olunublar. Məsələn, İllinoys ştatında nasizmi dəstəkləyən namizədlərdən biri 56 min səs toplayıb. Bu da 3-cü İllinoys Konqres rayonu üzrə seçicilərin 29 faizinin səsi deməkdir. Görəsən 56 mindən çox insan yəhudi Holokostunu açıqcasına inkar edən və nasizmə meyilli bir şəxsi necə dəstəkləmiş ola bilər?!
Axı belə bir seçki nəticəsi İsrailin işinə olduqca yarayır. İşğalçı rejim bu cür seçki nəticələrini əldə əsas tutaraq anti-semitizm meyillərinin güclənməsi barədə şişirdilmiş həyəcan təbili çalır və bu həyəcanı dərhal Fələstini müdafiə edənlərə qarşı yönəldir. Başqa sözlə İsrail anti-semitizm və nifrət anlayışından riyakarcasına istifadə edərək nasizmə qarşı mövcud olan ictimai nifrəti ərəb və müsəlman azlıqlara qarşı yönəldir. İsrail rejimi əlindən gələn hər şeyi edir ki, Fələstini dəstəkləyən fəalların qarşısını alsın və insan hüquqlarına qarşı törətməkdə olduğu cinayətlərin üzə çıxmasına əngəl olsun.
Mənim fikrimcə, Amerikada nifrət ab-havası artmaqdadır. Bunun isə birbaşa səbəbkarı İsrail lobbisidir. Çünki İsrailin maraqları üzrə fəaliyyət göstərən aktivistlər nifrət çağırışlarını və anti-semitizm ritorikasını Fələstin məsələsinə qarşı yönəldirlər. Bu lobbiçilər İsrailə yardım etmək əvəzinə elə bir strategiya seçiblər ki, əks təsir yaratmaqdadır. İstənilən ədalətsizlik və zorakılıq sonda necə beynəlxalq hüquqla üz-üzə qalmış olursa, İsrailyönümlü lobbiçilər də bu vəziyyətə düşürlər.
Artıq mənzərə o qədər bulanıqdır ki, amerikalılar həqiqi ədalətlə həqiqi nifrət arasındakı fərqi görməkdə çətinlik çəkirlər. Məhz bu anlaşılmaz vəziyyət üzündən 56 min amerikalı anti-semit mövqe sərgiləyərək nasizmə meyillilik nümayiş etdiriblər. Halbuki bu seçicilərin ataları, babaları İkinci Dünya müharibəsində nasizmə qarşı vuruşmuşdular.
Bu proses bütün Amerikada müşahidə olunmaqdadır. Bu yaxınlarda Kaliforniyada daim İsraili tərifləyən və İSFK-dan maliyyə alan bir qrup siyasətçi Kaliforniya Universitetini tənqid atəşinə tutublar. Çünki bu ali təhsil müəssisəsi Tələbələr Fələstinə Ədalət Uğrunda (TFƏU) cəmiyyətinə iclas keçirməyə icazə vermişdi.
TFƏU haqsız olaraq anti-semitizm fikirlərini yaymaqda ittiham olunmuşdu. Əslində isə bu tələbələr bir çox amerikalının və siyasətçinin İsraili müdafiə etməklə görməzlikdən gəldiyi ədalətsizlikləri, haqsızlıqları ifşa etməklə məşğul idilər. Buna inanmaq çətin olsa da, təəssüf ki həqiqətdir. Təəssüf ki siz Amerikada rahatlıqla nasizm meyilli bir hərəkata səs verə bilirsiniz, amma aparteid sisteminə malik, irqçi təmayüllü siyasət yürüdən, fələstinlilərə və qeyri-yəhudilərə qarşı hər cür haqsızlığa yol verən İsrail kimi dövləti tənqid etdiyiniz üçün cəzalandırıla bilərsiniz.
Siz Amerikada rahatlıqla neo-nasist hərəkatına səs verməklə bu hərəkatı leqallaşdıra bilirsiniz və hətta belə bir radikal blok rekord həddə səs toplaya bilir. Yaxud siz İsrail lobbisinə sığınmaqla istədiyiniz hər kəsi tənqid edə bilərsiniz. İsrail dəstəkçiləri isə rasizmi, nifrəti və anti-semitizmi öz riyakar məqsədləri üçün istifadəyə davam edirlər. Bunu birdəfəlik dərk etməliyik ki, İsrail anti-semitizm təbliğatını Yaxın Şərqdə sülh prosesini əngəlləmək üçün silah kimi istifadə edir.

Rey Hənaniyə

Qeyd: Rey Hənaniyə Fələstin əsilli amerikalı jurnalist və yazıçıdır. Müstəqil köşə yazılarına görə çoxlu mükafatlara layiq görülmüş jurnalist 30 ildən çox ABŞ-ın Çikaqo şəhərində reportyor və televiziya aparıcısı kimi fəaliyyət göstərib. Özü ABŞ-da dünyaya gəlsə də ata-babaları Qüdsün xristian mənşəli qədim sakinlərindən olublar. Jurnalist Fələstinin azadlıq mübarizəsinin fəal müdafiəçisi kimi tanınır.

Mənbə: middleeastmonitor.com
Tərcümə: felestin.info

Комментариев нет:

Отправить комментарий