Страницы

14.12.2018

Rusiyaya nifrət eləmək suyunu içdiyin quyuya tüpürmək kimi bir şeydir

Rəhim Əzizov

 Mən məktəbi Sovet vaxtı kənd məktəbində oxumuşam. Bizə hər gün bir dərsi Rus dili və ədəbiyyatından keçsələr də mən o dili öyrənə bilmədim. Çünki Azərbaycan məktəbi üçün hazırlanmış Rus dili müəllimi hələ Sovet vaxtı özü Rus dilini mükəmməl bilmirdi. Əsasən də qadın, kişi, orta cinsli sözləri cümlə daxilində hallandıranda. Rusca danışmağı əsgərlikdə, qrammatikasını isə özünütəhsilləşmə üsulu ilə təkbaşına öyrəndim və ancaq bundan sonra işlərim asanlaşdı. İndi bəziləri Rus dili tədrisinin ləğv olunması təbliğatını apararaq “ljepatriotizmlə”, yəni yanlış vətənpərvərliklə məşğuldurlar. Rusların Lomonosov, Mendeleyev, Sialkovski, Kovalyov kimi alimləri, Qaqarin, Manarov kimi kosmonavtları, bakılı Rastropoviç, Landau və Maqomayev kimi dünya məşhurları məhz Rus dilində oxuyaraq o səviyyəyə çatmışlar.
 Panika qaldırmaq lazım deyil, heç kəs dili işğal etməyə çalışmir. Sovet Asərbaycanında Rus dili indidən fərqli olaraq Azərbaycan dili ilə bərabər dövlət dili sayılırdı. İndidən fərqli olaraq televiziyada filmlərin əksəriyyəti rusca translyasiya olunurdu. Azərbaycan dilini bilən heç kəs Rus dilini öyrənməklə öz dilini unutmayacaq. Həm Azərbaycan, həm də Rus dilini bilənlər üçün ictimai həyatda yaşamaq, əsasən də işləmək üçün yer axtarmaq daha asan olur. Mən çox heyif çəkirəm ki, doğma kəndimdə hal-hazırda xarici dil kimi Rus dilini yox, uzaq Avropa dillərini öyrədirlər.
 SSRİ dağılandan sonra Avropa ölkələri bizdən fərqli olaraq birləşərək öz iqtisadiyyatlarını inkişaf etdirməyə başladılar. Lakin hərbi cəhətdən zəif olduqlarına görə Amerikadan asılıdırlar və onu dəstəkləyirlər. Amma reallıq onu göstərir ki, Rusiya ilə yaxınlaşmaqda maraqlıdırlar. Əgər uzaqlarda yerləşən ölkələr Rusiya ilə dostlaşmaq istəyirlərsə niyə yaxında yaşayan Azərbaycan Rusiya ilə olan yaxın əlaqələri itirməlidir? Axı azərbaycanlılar heç bir ayrı ölkədə Rusiyadakı qədər yaşamır və kommersiya ilə məşğul olmur. Rusiyada elə vilayətlər var ki, ordakı topdansatış, meyvə-tərəvəz bazarları azərbaycanlıların əlindədir. Elə vilayətlər var ki, orda azərbaycanlıların qazandıqları gəlir Azərbaycanın bir rayonunun illik büdcəsindən çoxdur. Belə olan vəziyyətdə Rusiyaya nifrət eləmək suyunu içdiyin quyuya tüpürmək kimi bir şeydir.
 Bir vaxtlar fransızlar, bir vaxtlar almanlar deyirdilər ki, Rusiyanı götürmək nədi ki? 1812-ci ildə fransızları Moskvadan Parisə qədər, 1945-ci ildə almanları Berlinə qədər qovan xalqı, ölkəni zəif saymaq düzgün deyil. İqtisadi cəhətdən də Rusiya neftinə, qazına, qızılına və başqa təbii sərvətlərinə görə çox varlı ölkədir. Ruslarda döyüş ruhu, vətənpərvərlik ruhu yüksəkdir. Kim Böyük Vətən Müharibəsi iştirakçıları ilə söhbət eləyibsə, bunu onlardan eşitməmiş olmaz. Rusiya ilə ticarət əlaqələri də bütün ölkələrdən artıq olan yerdə Azərbaycanda bir neçə məktəbin Rus dilində olmasının heç bir ziyanı yoxdur. Xalq üçün uzaq Amerikadan yaxın Rusiya daha yaxşıdır. Hal-hazırda Rusiyaya qarşı yanlış təbliğatla xalqın başını qatsalar da, reallıq belədir.
 Bəziləri Amerika düşüncələrinə uyub və heç cür öz dediyindən geri dönmək istəmir. Soruşmaq ayıb olmasın, Napoleonun nə azarı vardı Rusiyada, ya Hitleri kim məcbur eləmişdi SSRİ-yə təcavüz etməyə? Rusların 1812-ci ildə Moskvadan çıxmaları o demək deyildi ki, bütün Rusiyadan çıxmışdılar. Xeyr, Rusiyanın ərazisi çox geniş idi və geriyə çəkilmək hərbi strategiyanın bir növü idi. Öz sıralarını möhkəmlətdikdən sonra əks-hücuma keçdilər, fransızların Borodino çölündə qurduqları iri miqyaslı müdafiə istehkamlarını darmadağın edərək Napoleonu düz Parisədək qovdular. İkinci Dünya Müharibəsində Hitlerin Rusiyaya hücumu da məhz təriflədiyiniz Avropa ölkələri olan İngiltərə və Fransanın hiyəgərliyi üzündən baş vermişdir. Müharibənin lap əvvəlindən Hitlerə digər Avropa ölkələri öz qoşunları və hərbi silahları ilə kömək etdilər. 1941-ci ilin yayında SSRİ-yə soxulan 5 milyonluq alman ordusunun 900 mini avropalılar- italyanlar, ispanlar, fransızlar, hollandlar, finlər, rumınlar, macarlar və s. idi. 1942-ci ilin payızında Rusiya ərazisində vuruşan düşmənin 266 diviziyasından 193-ü almanlardan, 73-ü isə avropalılardan- italyanlardan, ispanlardan, rumınlardan, macarlardan və s. ibarət idi. Almaniya ilə birgə İtaliya, Macarıstan, Rumıniya, Slovakiya, Xorvatiya, Finlandiya da rəsmən SSRİ-yə müharibə elan etmişdilər. Alman ordusuna Macarıstan 500 min, Finlandiya 450 min, İtaliya 200 min, Rumıniya 200 min, Fransa 180 min, Slovakiya 90 min, Belçika, Hollandiya və Lüksemburq 110 min, İspaniya, İsveç və İsveçrə 50 min əsgər vermişdi. Bütün Avropa silahlanıb Rusiyanın üstünə cummuşdu. Amerika və İngiltərə isə Rusiyaya ancaq müharibə başlanandan 3 il sonra- 1944-cü ildə Ukrayna da azad olunduqdan sonra ikinci cəbhəni açaraq kömək etmişdilər. Onların köməyi olmasaydı da ruslar qalib gələcəkdilər. Həmin vaxta qədər Sovet qoşunları faşistlərə qarşı ancaq öz gücü ilə mübarizə aparmışdılar. Bəli, Sovet xalqları qələbəni birgə qazanmışdılar, amma bu müharibədə ən fəal iştirak edənlər və ən çox da qırılanlar Rus millətindən olmuşdur. Bizdə belə qəhrəman xalqın qiymətini düzgün vermirlər və onun tarixdəki missiyasını düzgün başa düşmürlər.
 Ruslarla azərbaycanlıların iqtisadi, mədəni və dostluq əlaqələri çoxdan mövcuddur. Azərbaycan Rusiyasız davamlı inkişaf edə bilməz. Təqdirəlayiqdir ki, hal-hazırda azərbaycanlıların qonşu Rus xalqı və başqa rusdilli xalqlarla ünsiyyəti daha da güclənib. Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Azərbaycanlılar xristian olkələri arasında ancaq Rusiyada yüksək miqdarda ticarət yerlərini tutublar. Onlar Rusiyanın hesabına həm ailələrini dolandırır, həm də Azərbaycanda yaşayan qohumlarına maddi kömək edirlər. Rusiyada varlı azərbaycanlı iş adamlarının və oliqarxların sayı çoxdur. Onların arasında Azərbaycana investisiya edənlər də yetərincədir.
 Nəriman Nərimanovun dediyi kimi, Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır. Daim belə olub, belə də olacaq! Yanlış və qərəzli təbliğata aldanmayaq!

Комментариев нет:

Отправить комментарий