Страницы

20.02.2019

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadə xaricə qaçandan sonra kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı yeri, daimi qanayan yarası” adlandırmışdır. Kolxoz quruluşu o adamların gözünə “faciə”, “bəla”, “qanayan yara” kimi görünə bilər ki, onların öz xalqının, ümumilikdə Şərqin tarixindən xəbərləri yoxdur. Məsələ burasındadır ki, kolxoz təsərrüfatı Azərbaycan üçün nəsə yad, kənardan gəlmə, yeni bir şey deyildi- kolxoz quruluşu Azərbaycanda və Şərqdə əsrlər boyu, ta erkən feodalizmdən 20-ci əsrin ortalarına qədər mövcud olmuş icma təsərrüfatının yeniləşmiş və daha modern formasıydı. Belə ki Şərqdə və Azərbaycanda torpaq üzərində əvvəllər xüsusi mülkiyyət olmamışdır- torpaq və su ehtiyatları icmaya məxsus idi və əhali torpaqdan elliklə, kollektiv surətdə istifadə edirdi. Marks və Engels torpaq üzərində xüsusi mülkiyyət olmamasını və icma təsərrüfatını Şərq tarixinin spesifik inkişaf xüsusiyyəti kimi xarakterizə etmişdirlər. Sonradan çox az sayda olan iri feodallar, mülkədarlar və qoluzorlular (indiki bəy və xanların mənəvi babaları) tədricən icmanın mülkiyyətində olan torpaqları, kəhrizləri, su mənbələrini bu və ya digər yolla ələ keçirməyə başladılar. Bu ilhaq və işğal prosesi 19-cu əsrin ortalarında iri mülkədarlar sinfinin, Şahmalıyevlər, Zülqədarovlar, Şamxorskilər kimi torpaq latifundistlərinin meydana gəlməsi və milyonlarla insanın icma torpaqlarından tamamilə məhrum edilməsi ilə nəticələndi. Bir tərəfdə 80-90 min hektar torpağa təkbaşına sahib olan mülkədar klanı, digər qütbdə isə torpaqdan tamamilə məhrum edilmiş yoxsul, torpaqsız kəndlilər sinfi formalaşdı. Əsrlərdən bəri icmaya, camaata məxsus olan torpaqlar bir ovuc zəngin mülkədarın əlində təmərküzləşdi. Bu gün liberal polittexnoloqlar belə bir saxta fikirləri xalqın beyninə yeridirlər ki, guya tarixən bizim millətə fərdiyyətçilik xas olub. O vaxt da Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi siyasi fırıldaqçılar xaricdə mətbuatda hay-küy salırdılar ki, guya kommunizm, kollektivçilik bizim xalqın mentalitetinə yaddır. Əslində isə bu danılmaz həqiqətdir ki, Şərqdə və Azərbaycanda Qərbdən və Avropadan fərqli olaraq torpaq üzərində həmişə icma mülkiyyəti dominantlıq təşkil etmişdir, hansı ki onun son qalıqlarını müsavatçılar topla-pulemyotla silib yox etməyə çalışırdılar.

Комментариев нет:

Отправить комментарий