Страницы

24.02.2019

Pentaqona raket zərbəsi?

Hərbi icmalçı, “Arsenal Oteçestva” jurnalının baş redaktoru, RF Hərbi-Sənaye komissiyası kollegiyasının Ekspertlər Şurasının üzvü, ehtiyatda olan polkovnik Viktor Muraxovski Putinin hədələyici bəyanatını şərh edərkən bildirib ki, bu cür qərarlar müstəsna olaraq ABŞ-da qəbul olunur.
Ekspertin sözlərinə görə, misal üçün, əgər NATO ərazisində - Niderlandda, Almaniyada, İtaliyada, Türkiyədə - ABŞ-ın nüvə bombaları yerləşirsə, onların tətbiqi ilə bağlı qərarları NATO deyil, Pentaqon və Ağ Ev qəbul edir. “Əgər biz nüvə silahının tətbiqi baxımından NATO silahlı qüvvələri birləşmələrindən danışırıqsa, bu halda nüvə silahına malik ölkələrin milli mərkəzləri qərar verir. Bunlar ABŞ, Böyük Britaniya və Fransadır. Deməli, raketlər növündən asılı olmayaraq - istər strateji, istərsə də ortamənzilli - Rusiyaya qarşı istifadə ediləcək raket-nüvə vasitələrinin yerləşdiyi ölkələrin dövlət və hərbi idarə, hərbi komandanlıq məntəqələrinə yönəldiləcək”, - Muraxovski deyib.
Başqa sözlə, ekspertin fikrincə, əgər raketlər Avropada olacaqsa, Rusiya öz raketlərini o cümlədən Pentaqona istiqamətləndirəcək.
Rusiya prezidenti Vladimir Putinin Federal məclis qarşısında bu günkü hesabat xarakterli çıxışı ABŞ rəhbərliyinin ünvanına birbaşa və açıq hədələrlə yadda qalıb. Putin Rusiyanın yeni hipersəs sürətli silahları barədə danışaraq bildirib ki, “meydana çıxacaq təhdidlərə cavab olaraq” bu raketlərlə ABŞ paytaxtına zərbə endirəcəklər. Putin ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərə dair Müqavilədən çıxması, habelə Polşa və Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi barədə danışaraq deyib ki, bunlar Rusiyaya birbaşa təhdid yaradır. Çünki həmin ölkələrin ərazisində yerləşdirilən raketdən müdafiə sistemlərinin komponenti olan Mk-41 buraxılış qurğusu orta mənzilli, qanadlı “Tomoqavk” raketlərinin də tətbiqinə imkan verir. “Rusiyanın Avropada belə raketləri birinci yerləşdirmək niyyəti yoxdur. Lakin onlar orta mənzilli raketləri birinci istehsal etsələr və orada yerləşdirsələr, beynəlxalq sferada vəziyyət ciddi kəskinləşəcək və Rusiya üçün ciddi təhdid yaradacaq. Çünki bu tip raketlərin bəziləri Moskvaya cəmi 10-12 dəqiqəyə çata bilər. Bu da bizim üçün ciddi təhdiddir. Belə olan halda biz məcbur olub asimmetrik cavab tədbirləri görəcəyik” -o bildirib.
Putin əlavə edib ki, ABŞ-da qərar qəbul etməzdən əvvəl Rusiyanın yeni raketlərinin sürətini bir daha hesablamalıdırlar. Çünki həmin raketlər də ABŞ-a təxminən 10-12 dəqiqəyə çatacaq.
Rusiya prezidentinin sözlərinə görə, onlar təhdidə dərhal cavab verəcəklər və hipersəs sürətli silahları təkcə ABŞ-ın öz silahlarını yerləşdirdiyi ölkələrə deyil, ABŞ-ın özünə də tuşlayacaqlar. “Bu gün birbaşa və açıq şəkildə bunu bəyan edirəm ki, sonra heç kim bizi qınamasın, hamıya aydın olsun ki, söhbət nədən gedir” -o bildirib.
“Hələ bu yaxınlara qədər çoxlarına elə gəlirdi ki, Rusiya müdafiə sahəsində dönüş edə bilməz. Lakin biz bunu etdik, o cümlədən tamamilə gənc insanların sayəsində” -Putin deyib.
O bildirib ki, super silahların necə hazırlanmasına dair detalları bilir. “Məsələn, hipersəs sürətli “Avanqard” döyüş blokunun yaradılması öz əhəmiyyətinə görə Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər” -Rusiya prezidenti bildirib. Əlavə edib ki, “Avanqard” raketləri ilə silahlanmış ilk polk artıq bu il döyüş növbəsinə dayanacaq. Çünki bu raketlərin seriya istehsalı artıq başlayıb.
“Avanqard” qanadlı döyüş bloku 27 Max sürətlə hərəkət edə bilir və təqdimata əsasən nə indi, nə perspektivdə heç bir raketdən müdafiə sistemi onu “tuta” bilməz.
Putinin sözlərinə görə, daha bir yenilik sürətli 9 Max-dan çox olan “Tsirkon” hipersəs raketidir ki, o 1000 kilometrə qədər uça bilir. Yerüstü və suüstü platformalardan tətbiq edilə bilər. “Bununla bağlı mühüm məqamı qeyd etmək istəyirəm- artıq bu ilin yazında “Poseydon” kompleksinin daşıyıcısı olan ilk sualtı qayıq suya buraxılacaq. İşlər plan üzrə gedir” -o qeyd edib.
“Poseydon” sualtı pilotsuz aparatı barədə Putin ilk dəfə ötən ilin martında elan edib. Bu, okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə qeyri-məhdud məsafəyə hərəkət edə bilən, nüvə yanacağı ilə işləyən mühərriklə təchiz edilmiş və nüvə başlığı daşıyan supertorpedodur. Hansı ki bu silaha qarşı heç bir müdafiə imkanı yoxdur və qərbdə onu “Qiyamət günü” silahı da adlandırıblar.
Putin onu da deyib ki, “Sarmat” qitələrarası raketinin, “Peresvet” lazer silahının və “Kinjal” raketinin də döyüş sınaqları aparılır. Onun sözlərinə görə, Rusiya təhdid yaranarsa nəinki raket qurğularının olduğu ölkələri, qərar qəbul edilən mərkəzləri də hədəf alacaq. /virtualaz.org/

Комментариев нет:

Отправить комментарий