Страницы

21.02.2019

Qolçomaq üsyanı

SÖZÖNÜ. Bu gün insanlara “istiqlal mücahidi”, “əzabkeş mühacirlər” kimi tanıtdırılan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və digərlərinin əslində xarici kəşfiyyat idarələrinin agentləri olması və xarici dövlətlərdən aldıqları küllü miqdarda vəsaitlər qarşılığında 20-30-cu illərdə Azərbaycanda irili-xırdalı minlərlə terror aktının törədilməsinə rəvac vermələri xarici arxivlərdən bilinən faktdır, tarixi gerçəklikdir, hansı ki bu faktların bir neçəsini keçmiş müsavatçı olmuş Yusif Vəzir Çəmənzəminli öz yazılarında qeyd etmişdir. Məlumat üçün deyək ki, Y.V.Çəmənzəminli Müsavat hökumətinin Türkiyədə səfiri olmuş, Aprel Sosialist İnqilabından sonrakı bir neçə il ərzində də İstanbulda devrilmiş Müsavat hökumətinin rəsmi səfiri sifətiylə fəaliyyət göstərmiş, bütün bu iyrəncliklərin şahidi olduqdan sonra Müsavat firqəsindən imtina etmişdir.
Çox təəssüflər olsun ki, M.Ə.Rəsulzadəni, Ə.Topçubaşovu, X.Xasməmmədovu ifşa edən faktlar Y.V.Çəmənzəminlinin bu yaxınlarda latın qrafikasıyla təkrar nəşr edilən əsərlər külliyatından çıxarılmış və bununla da müsavat liderlərinin gerçək cinayətkar simaları yetişən gənc nəsildən gizlədilməyə çalışılmışdır. Amma kitabları qayçılayaraq tarixi saxtalaşdıranlar və bununla “milli” tarix yazdıqlarını iddia edənlər unudurlar ki, sözügedən faktlar arxiv sənədlərində, əvvəllər nəşr olunmuş qəzet, jurnal və kitablarda da mövcuddur və bunların hamısını yığıb gizlətmək faktiki olaraq qeyri-mümkündür. Ona görə də gənc nəsildən kimlərsə Rəsulzadələrin, Topçubaşovların öz xalqının qanını axıtmaq qarşılığında xarici dövlətlərdən aldıqları pullar hesabına xaricdə təmtəraqlı, şərəfsiz (kursiv Çəmənzəminlinindir) bir həyat yaşadıqlarını bilmək istəyirlərsə, Y.V.Çəmənzəminlinin 1976-77-ci illərdə nəşr olunmuş üç cildlik əsərlərini oxumağı məsləhət görürük. Onda sizlərə 20-30-cu illərdə Azərbaycanda minlərlə insanın, Sovet hakimiyyəti fəalının, müəllimlərin qətlə yetirilməsinin, on minlərlə baş mal-qaranın məhv edilməsinin, ölkə ərazisində çoxsaylı sabotaj və dağıntı hadisələrinin törədilməsinin Parisdə Əlimərdan bəy Topçubaşovun yaşadığı “Senklo” villalarıyla əlaqəsi tam şəkildə aydın olacaqdır. Rəsulzadələrin, Topçubaşovların fitvasıyla təkcə 1928-31-ci illər ərzində Azərbaycanda 2 mindən çox terror və sabotaj aktı törədilmiş, nəticədə minlərlə insan qətlə yetirilmiş, xalq əmlakına, ölkə iqtisadiyyatına milyonlarla manat zərər dəymişdir. 1930-cu ildə Şəkidə təşkil olunmuş iğtişaşların, hansıki ümumilikdə 200-dən çox insanın ölümünə, yüzlərlə insanın həbsinə səbəb olmuşdur, birbaşa Rəsulzadə və Topçubaşov tərəfindən xaricdən idarə edildiyi inkarolunmaz faktdır və bu hadisə müsavat rəhbərlərinin silsilə cinayətlərindən sadəcə biriydi.
Azərbaycanda törədilmiş hər belə iğtişaşdan, qanlı toqquşmadan sonra Rəsulzadələrin, Topçubaşovların cibinə millət naminə (kursiv Çəmənzəminlinindir) böyük pullar daxil olurdu. Onlar öldürülən hər kommunistə, dağıdılan hər kolxoza görə xarici dövlətlərdən küllü miqdarda qrantlar alır və Parisin göbəyində villalarda qayğısız həyat yaşayırdılar. Xaricdə oturub öz şəxsi mənfəətləri üçün millətin qanından səadət kərpicləri kəsən bu tip avantüristləri bu gün xalqa qəhrəman tək təqdim edən Həbibulla Manaflı kimi falsifikatorları oxuyanda insanın qələmə sarılaraq bütün varlığıyla bu saxtakarlara qarşı müharibə elan etməsi gəlir. H.Manaflının müəllifi olduğu, B.Vahabzadənin ön söz yazdığı bədnam “Şəki üsyanları” kitabını oxuduqdan sonra susmaq tarix qarşısında cinayət olardı; biz də susmadıq və iftira dolu bu kitabı cümlə-cümlə təhlil edib faktlar işığında 1930-cu il Şəki hadisələrinə yeni bir nəzər saldıq.
ŞƏKİ “ÜSYANI”. Ədəbiyyatlarda “Şəki üsyanı” kimi hallandırılan, bəzi müəlliflər tərəfindən Sovet hakimiyyətinə qarşı guya kütləvi xalq üsyanı kimi xarakterizə olunan 1930-cu il Şəki hadisələrinin əsas səbəbi nə idi, ümumiyyətlə bunu xalq-Sovet hökuməti qarşıdurması kimi qələmə vermək nə dərəcədə tarixi gerçəkliyə uyğundur?
Manaflının prizmasından yanaşsaq guya 20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, fikir verin ha,  “xalqın” narazılığına səbəb oldu və beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.
Mən sözügedən müəllifin mövqeyində sadəcə bir sözə etirazım var, bu da geninə-boluna işlədilən “xalq” sözüdü. Düzdür, 1930-cu ildə nəinki Şəkidə, Kəlbəcərdə və digər rayonlarda silahlı üsyanlar olub və bu silahlı üsyanlar antisovet xarakteri daşıyıb; heç şübhəsizki bu qəbildən olan silahlı çıxışlar hansısa narazılığın ifadə forması idi, amma bu qiyamların heç biri nə “xalq” narazılığının ifadəsiydi, nə də ki, “xalq” üsyanıydı.
Gəlin tarixi ədalət naminə hər şeyi öz adı ilə çağıraq. Mən Manaflı kimi öz mövqeyimi oxucuya həqiqət kimi sırımaq niyyətində deyiləm, sadəcə bəzi məqamlara diqqət cəlb edəcəyəm, o məqamlar ki, Manaflı özü də onları etiraf edir; qoy bundan sonra oxucu özü Şəki hadisələrinə öz qiymətini versin - “xalq üsyanıdır”, yoxsa xalqa qarşı üsyandır, mütərəqqidir, yoxsa mürtəcedir?!
Əvvələn belə bir məqama diqqət cəlb edək; üsyan rəhbərləri arasında bircə nəfər də olsun kasıb kəndli, fəhlə və ya muzdur var idimi? Yox, Manaflı özü də etiraf edir ki, qiyam rəhbərləri hamısı qolçomaqlar və bəy nəslinin nümayəndələriydi.
Məsələn, qiyamın ümumi rəhbəri Mustafa bəy Əlicanbəyov Şəkinin keçmiş bəyiydi, qiyamın hərbi rəhbəri Bəhram bəy Nəbibəyov bəy ailəsində doğulmuşdu (Şəkidə), üsyanın ideoloji-mənəvi rəhbəri Molla Mustafa Şeyxzadə Şəkinin imkanlı, əsilzadə ailəsinin nümayəndəsiydi, babası Şeyx Əhməd övliya hesab edilirdi və məzarı tanınmış ziyarətgahıydı, Şeyxzadələr Şəkinin ən imkanlı ailələrindən idilər.
Bundan başqa qiyamçılar 3-5 nəfərlik qruplardan ibarət olduqlarından hər qruplaşmanın da öz rəhbəri var idi, hansı ki onların da hamısı qolçomaq idilər. Məsələn, Manaflı özü 22 nəfərdən ibarət üsyan rəhbərlərinin siyahısını verir, siyahı başdan-ayağa varlı qolçomaqlardı. Qolçomaq Məşədi Məcid 1600 baş heyvanı sataraq pulunu Bəhram bəy Nəbibəyova göndərir ki, silah-sursat alınsın. Bundan başqa baramaçılıq fabrikinin keçmiş sahibi Əli Məhərrəmov qiyamçı dəstə yaratmışdı, hansıki bu dəstənin silah-sursatla təminatına heyvandarlıq kooperativinin müdiri Əbdürrəhman adlı birisi köməklik göstərirdi. Sual olunur, heyvandarlıq kooperativinin müdirinin qolçomaqla, keçmiş bəylə nə ortaqlığı ola bilərdi? Sualın cavabı çox bəsitdir: Əbdürrəhman fikirləşirdi ki, Sovet hökuməti yıxılar, o da kooperativi özəlləşdirib olar ağa, vəssalam,- necəki biz keçmiş təsərrüfat rəhbərlərinin Sovet hökuməti yıxılandan sonra öz sərəncamlarında olan dövlət, xalq əmlakını mənimsəyərək necə ağa olduqlarının şəxsən şahidi olduq.
Silahlı qəsddə fəal iştirak edən İslam və Novruz adlı şəxsləri bölgədə quldur kimi tanıyırdılar, onların işi camaatın mal-qarasını, əmlakını qarət etmək idi. Bu cinayətlərinə də onunla bəraət qazandırırdılar ki, Sovet hökuməti keçmiş mülkədarların, bəylərin əmlakını, malqarasını müsadirə edib camaata paylayıb, bir sözlə, kəndlinin istifadəsində olan mal-qara da, torpaqlar da ağalarındı, ona görə də onlar kəndlilərdən bunun qisasını alırlar.
Eyni ziyankarlıq əməlləri qiyamda fəal iştirak etmiş quldurbaşı Bakkayevin də dəstəsinə xas idi. Mastex kəndində quldurlar kəndlilərə məxsus sürünü oğurlayıb aparmış, çobanı isə döyərək öldürmüşdürlər. Car kəndində isə quldurlar camaata məxsus əmlakı qarət edib böyük miqyaslı ziyançılıq işləri törətdikdən sonra öz gerçək niyyətlərini ifadə edən elanı ağacın üzərinə yapışdırmağı da unutmamışdılar. Hədə-qorxu dolu elanda deyilirdi: “Kim köhnə ağalarına söz qaytarsa dilini kəsərik, kim köhnə ağalarına əl qaldırsa əlini kəsərik, kim köhnə ağasını qırmızılara satsa başını üzərik.”
1930-cu il Şəki “üsyanının” çılpaq şəkildə ifadə olunmuş proqramı və əsas devizi belə idi. Siz burada xalq mənafeyinə uyğunluq təşkil edən hansısa bir cəhət görürsünüzmü?! Deməli xalq üsyan yox, əslində xalqa qarşı üsyan, Şəki hadisələrinin və o cümlədən həmin dövrdə digər rayonlarda baş vermiş bənzər silahlı qəsdlərin əsas məğzi bu idi. Xalqı əvvəlki kimi qul vəziyyətinə qaytarmaq, ağa-qul münasibətlərini yenidən bərqərar etmək; Manaflının “xalq qəhrəmanları”nın hədəfi beləydi. Bunu da açıq şəkildə bəyan edirdilər.
Şəki hadisələrinin kiçik bir qolçomaq təbəqəsinin mənafe və marağından doğan bir şey olduğu o qədər apaçıq tarixi faktdır ki, hətta Manaflı özü belə bu faktı etiraf etmək məcburiyyətində qalır. O, etiraf edərək yazır: “...1930-cu ilin ilk aylarnda üsyana hazırlıq prosesinin genişlənməsinə və intensiv xarakter almasına təkan verən başlıca amil yanvar ayının 5-də ÜİK(b)P MK tərəfindən qəbul edilən qərar olmuşdur. Həmin qərara görə 1932-ci ilin yayına kimi kütləvi kollektivləşmə həyata keçirilməli və bu zəmində qolçomaqlar bir sinif kimi ləğv edilməli idi...” (H.Manaflının sözügedən kitabından).
Deməli “xalq” üsyanı kimi qələmə verilməyə çalışılan silahlı qəsd ancaq və ancaq məhdud bir təbəqənin,- hansı ki qolmaqlar ailələriylə birlikdə o vaxt Respublika əhalisinin cəmi 1%-ə qədərini təşkil edirdilər, ölkə əhalisinin ən azı 90-95%-nin mənafeyinə qarşı silahlı qiyamıydı. İndi siz necə iddia edə bilərsiniz ki, Şəki hadisələri “xalq” üsyanıydı?
Fikir verin, “möhtəşəm” üsyanı təşkil edən dəstələrin vəziyyətinə: Süleyman Salmanoğlunun dəstəsi cəmi 3 nəfər. Nəzərə alın ki, bu dəstə Şəkinin Baş Göynük kəndində fəaliyyət göstərirdi və o zaman “üsyan” mərkəzi hesab olunan bu kənddə 3 minə qədər əhali yaşayırdı, amma cəmi 3 nəfərlik dəstə vardı. Tala kəndindən Həsən Osmanoğlunun dəstəsi cəmi 3 nəfər, Əliabaddan Novruz Şirinovun dəstəsi cəmi 2 nəfər, Qabaqçöl kəndindən Məmməd Ramazanoğlunun dəstəsi cəmi 5 nəfər və s. Bu faktın özü bir daha göstərir ki, “möhtəşəm” “böyük” “xalq” üsyanı kimi qələmə verilən silahlı qəsdin sosial bazası olduqca zəif idi. Qəsd təşkilatçıları hər kənddən 2-3 nəfər narazı qolçomağı başlarına toplayaraq silahlı qiyama cəhd göstərdilər.
Bəzi müəlliflər baş vermiş qəsdin xarakterini və miqyasını genişləndirmək üçün iddia edirlər ki, guya xalq arasında narazılıq o qədər güclü imiş ki, hətta kommunistlər, bəzi vəzifəli məmurlar belə “üsyançıların” tərəfinə keçibmişlər. Əslində isə onlar Sovet hökumətinin etibarından sui-istifadə etmiş şəxslər və əksəriyyəti partiya orqanlarından qovulmuş narazılar idi. Məsələn, Molla Şərif, Cəlil Moçayev və s. partiya və komsomol sıralarından qovulmuş ünsürlər idi. Bundan baqşqa qiyama hazırlıq uzun illər getdiyindən anticovet ünsürlər məqsədli şəkildə pərdələnərək dövlət və partiya orqanlarına sızmışdılar. Məsələn, qiyamın rəhbəri Şəkinin bəyi olmuş Mustafa bəy Əlicanbəyov yaxalandıqdan sonra ifadəsində açıq etiraf etmişdir ki, Rayon Hərbi Komissarlığının 5 əməkdaşından 3-ü, milisin isə rəisi Cərulla Əfəndizadə olmaqla yarısı onların adamları olub. Məsələ burasındadır ki, 1920-ci il Aprel Sosialist İnqilabından sonra vəzifələrin sadəcə adı dəyişmişdi, əksər qurumlara Müsavat dövründən qalma kadrlar rəhbərlik edir və ya işləyirdilər, onlar isə Sovet hökumətinə arxadan zərbə vurmaq üçün həmişə fürsət gözləyirdilər. Belə əks-inqilabi ünsürlər kolxoz və kooperativlərə üzv olur, rayon rəhbərliyinin etibarını qazanır, sonra isə gözətçini öldürərək mal-qaranı, ot tayalarını, taxıl anbarlarını yandırır, böyük ziyanlar törədirdılər. Məgər belə pozğun ünsürlərin əməllərini qabardıb rəy yarada bilərikmi ki, guya kolxozçular özləri Sovet hökumətinə qarşı çıxırdılar? Əlbəttə ki yox! Aydın məsələdir ki belələri məqsədli surətdə pərdələnərək təsərrüfat və dövlət orqanlarına girir və böyük qəsdlər planlayırdılar.
Məsələn, osmanlı türkü olan İsmayıl Hakkı əfəndi Nuxa rayon Xalq Təsərrüfat şöbəsində təlimatçı işləsə də əslində xarici agent idi və qəsdçilərin Türkiyə və xarici dairələrlə əlaqə qurmasında vasitəçi olmuşdur. Başqa bir qiyam təşkilatçısı Əsədulla Sadıxov gizli antisovet təşkilatın üzvü olduğu halda Göynük kooperativində mühasib işləyirdi. Qəsdin təşkilatçılarından digəri Hüseyn Əsədullaoğlu 1923-cü ildə Türkiyədə olarkən gizli antisovet təşkilata üzv olur və Şəkidə bu təşkilatın özəyini təsis edır, hansı ki onun qardaşı Göyçay rayon Hərbi Komissarı işləyirdi, Nuxa Hərbi Komissarlığı ilə əlaqələri vardı və Nuxa rayon Komissarlığının 5 işçisindən 3-ü onların adamıydı. Manaflı yazır ki, guya Hərbi Komissar işləyən qardaşı Hüseyn Əsədullaoğlunu dəfələrlə bu yoldan çəkindirib, amma o yolundan dönməyəcəyini söyləyib. Əslində isə Hərbi Komissar olan Əlibala özü də bu oyunun iştirakçısıydı və qardaşının xarici agent olduğunu, antisovet qiyam hazırladığını bilə-bilə susmuşdursa, buna görə də məsuliyyət daşıyırdı. Heç şübhəsiz ki Hüseyn Əsədullaoğlu Hərbi Komissar işləyən qardaşını qorumaq üçün elə ifadə verirdi ki, guya qardaşının bu işlərlə əlaqəsi yoxdur. Əslində isə fakt budur ki, Göyçay Hərbi Komissarının qardaşı və qudası Şəkidə silahlı qəsdin rəhbərləri və xaricdən maliyələşən gizli antisovet təşkilatın üzvləri idilər. İndi görürsünüzmü ki, 20-30-cu illərdə antisovet ünsürlər maskalanaraq Sovet dövləti və partiya orqanlarına necə sızırdılar? Belələrini bu gün Sovet hakimiyyətinə qarşı çıxmış kommunist və Sovet hakimiyyətinin nümayəndələri kimi qələmə vermək tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil.
Kənd sovetinə, komsomol təşkilatına, partiya orqanlarına öyrədilmiş adamlar göndərirdilər, onların işi ciblərində partbilet gəzdirib qolçomaqlara gizli çuğulluluq etmək idi. Rayonda nə gözlənilir, yerli qurumların qolçomaqlara qarşı planları nədir- bütün bu kimi məlumatlar antisovet elementlərə çatdırılırdı. Bu gün Manaflı kimiləri belələrinin timsalında Sovet hakimiyyətindən üz döndərmiş dönük kommunist obrazı yaratmaq istəyirlər. Amma boşuna, çünki Şəki hadisələrində Rayon Partiya Təşkilatının rəhbəri Rza Babayev olmaqla kommunistlər və komsomolçular özlərini əsl qəhrəman kimi apardılar. Elə bir qəhrəmanlıq ki, hətta kommunistlərə nifrəti az qala hər cümləsindən açıqca hiss olunan Manaflı belə onların son damla qanlarınadək vuruşmasını “fanatikcəsinə müqavimət” kimi xarakterizə edir. Bu barədə bir az sonra danışacağıq. İndi isə partiya və Sovet qurumlarına sızmış əksinqilabi ünsürlər barədə bir neçə fakta nəzər yetirək, onda 1930-cu il Şəki hadisələrində dönük çxanların təbiəti sizə daha yaxşı aydın olacaq.
Belə ki Kommunist Partiyası inqilabi prinsiplər üzərində qurulduğundan hər zaman partiyanın ideya cəhətdən zəif, əqidəsiz ünsürlərdən təmizlənməsi prosesi getmişdir. 1921-ci ildə Azərbaycanın qəzalarında 12 min nəfər partiya üzvü vardı. 1922-ci ildə isə bunların sayı cəmi 4 min nəfər təşkil etməkdə idi, təqribən 8 min nəfər partiya üzvü partiya sıralarından xaric edildi, qısa bir müddət sonra isə 30-cu illərin əvvəllərində qəzalarda partiya üzvlərinin sayı yenidən artaraq 21 minə çatdırıldı. Deməli minlərlə “kommunist” etibarsız və çürük çıxdı, onların yeri isə yeni qüvvələrlə dolduruldu. Amma bu heç də o demək deyildı ki, partiya orqanlarında və komsomolda hamı sağlam qüvvələr idi, yox. Əlbəttə ki onların içində maskalanaraq gizlənən pozucu ünsürlər, əksinqilabi elementlər qalmaqda davam edirdilər, hansı ki onlardan 5-10 nəfəri özlərini Şəki hadisələrində dönük kimi göstərdilər. Heç şübhəsiz ki, partiyadan qovulmuş, incik ünsürlər də az deyildilər və onlardan da 3-5 nəfəri partiyaçı kimi qiyam iştirakçıları arasında yer aldılar. Başqa sözlə, qiyama qoşulduğu iddia edilən beş-on nəfər komsomolçu, kommunist və kənd sovetinin üzvü onsuzda əvvəldən onların partiyaya sızdırılmış öz adamları idi.
Qəsd təşkilatçıları qiyam üçün yetərincə dəstək əldə edə bilmədiklərindən yoxsul kəndliləri ərzaq paylamaqla ələ almağa çalışırdılar. Onlar kəndlilərə şəkər, ərzaq paylayır və bunun guya aeroplanlarla Türkiyədən gətirildiyi haqqında şayiələr yayırdılar. Amma onlardan heç kim soruşmurdu ki, əgər Türkiyə dövlətinin belə imkanı varsa, onda nə üçün özünün acından bitki kökü gəmirən kəndlilərinə yardım etmir?
Təxribatçılar havada uçuşan Sovet aeroplanlarının guya Türkiyəyə məxsus olması şayiə yayaraq əhalini inandırmağa çalşırdılar ki, Sovet hakimiyyəti bugün-sabah yıxılacaq, türklər bütün Qafqazda hakimiyyəti öz əllərinə alacaqlar və hamı yağ-bal içində üzəcək.
Taxılı zəmilərdə gizlədib əhalini acından öldürən qolçomaqlar dəstələrinə yeni adamlar cəlb etmək üçün səxavət kisəsinin ağzını açıb yağ, qənd, ərzaq paylamaqda davam etsələr də onların “tələsinə” düşənlərin sayını barmaqla saymaq olardı. 30-cu illəraə 200 min əhali yaşayan mahalda qolçomaqlara heç yüz nəfər də qoşulmadı. Çünki əhali yaxşı bilirdi ki, müftə pendir ancaq tələdə olur.
Qolçomaq təbliğatının bir digər istiqaməti əhalidə kolxoz barədə yanlış rəyin formalaşdırılması təşkil edirdi. Kolxoz haqqında Azərbaycan kəndində tam, bitkin təsəvvürün formalaşmamasından istifadə edən varlı qolçomaqlar əhali arasında təbliğat apararaq onları inandırmağa çalışırdılar ki, guya “kolxoz arvadların da ictimailəşdirilməsi” deməkdir. Belə şayiələrin birində deyilirdi ki, “kolxozda arvadlı-kişili hamı 60 metr uzunluğunda bir yorğan altında yatacaqlar”. Quldurlar dağlara çəkilərkən bir qayda olaraq arvadlarını da özləri ilə aparırdılar və nə vaxtsa həmkəndliləri ilə görüşüb-qarşılaşardılarsa, ilk sualları bu olardı: “Qırmızılar arvadlarınızı hələ əlinizdən almayıblar ki? Arvadları kolxoz etməyiblər?”
Bu cür düşünənlərin ən tutarlı cavabını Engels vermişdi. O yazırdı ki, “O adamlar kommunistlərin arvadları ümumiləşdirəcəyi şaiyəsinə inanırlar ki, o adamların nəzərində qadın əşyadır. Belələri eşidiblər ki, kommunistlər əşyaları ictimailəşdirəcək, onlara elə gəlir ki, qadınları da eyni aqibət gözləyir”. (K.Marks, F.Engels, seçilmış əsərləri, cild 1, səh.95)
Düzdür, Sovet hökuməti əhalini xeyli maarifləndirmişdi, əhalinin əksəriyyəti inanırdı ki, qadın əşya deyil. Amma avam insanlar hələ də qadını əşya kimi gördüklərindən təbliğatın təsiri altına düşürdülər. Lakin bu hal kütləvi xarakter daşımadığından yalnız beş-on nəfərin qəsdçilərə qoşulmasıyla nəticələndi.
Bir sözlə, xaricdən maliyyələşən gizli təşkilatın nümayəndələri nə qədər çalışsalar da qiyamın kütləviliyinə nail ola bilmədilər. Qiyam Şəki-Zaqatala mahalı əhalisinin çox cüzi, təqribən 0,1%-i qədərində özünə dəstək tapdı ki, bunun da əksəriyyəti qolçomaqlar və şəhər həbsxanasından buraxılmış cinayətkarlar idi.
Bu da təbii idi, çünki qəsdçilərin əhali arasında dayağı yox idi, onlar mülkiyyəti ictimailəşdirilən 2-3%-lik sosial azlığın maraqlarından çıxış edirdilər. Onlar hərəkatlarına nə qədər dini don geyindirməyə, guya geniş xalq kütlələrinin “tapdanan” dini heysiyyatının müdafiəçisi qismində çıxış etdiklərini iddia edirdilərsə də bu əhali tərəfindən heç də inandırıcı qəbul olunmurdu. Qiyam rəhbərlərinin səmimiyyətinə heç onların ailə üzvləri inanmırdılar. Təsadüfi deyil ki, qəsdin hərbi rəhbəri Bəhrambəy Nəbibəyovun doğmaca qardaşı qızı Züleyxa Nəbibəyova (komsomolçu Ziba) yerli komsomol təşkilatının sədriydi. Əqidəsinə ölənəcən sadiq qalan bu müəllimə xanım öz əmisini və onların qəsdini kütlə qarşısında çıxışlarında daim ifşa etdi və sosializm uğrunda mübarizədə vəhsicəsinə qətlə yetirildi. Belə çıxışlarının birində Züleyxa Nəbibəyova deyirdi: “Bəhram bəy özünü sadə adamların dostu, müdafiəçisi kimi qələmə verir. Siz kəndliləri aldatmaq üçün o camaat içində namaz qılır, dua oxuyur. Bu yalandır, xalq hakimiyyəti əleyhinə onun dediyi bütün sözlər kimi bu da yalandır. O sizi öz fırıldaqlarına, öz cinayətlərinə qoşmaq istəyir, inanmayın ona, tutun onun quldur dəstələrini. Yalnız Sovet hakimiyyəti xalqa xoşbəxtlik gətirir”.
Bircə bu fakt kifayətdir ki, “Şəki üsyanı” mifinin daşını daş üstündə qoymasın və onu içiboş sabun köpüyü kimi partladıb yox etsin. Mən əminəm ki, uydurma “Şəki üsyanı” mifindən təsirlənərək antikommunist ruhda beyinləri zəhərlənən zavallı, aldadılmış və xoşbəxtliyi oğurlanmış gəncliyin xəbəri yoxdur ki, qiyamın hərbi rəhbəri Bəhram bəyin qardaşı qızı komsomolçu idi, öz əmisinin cinayətlərini ifşa etdiyi və kommunist əqidəsindən dönmədiyi üçün 1930-cu il aprelin 12-də elə əmisinin quldur dəstəsi tərəfindən qətlə yetirilmişdi.
Bax budur kommunizmin gücü- o hətta bəy nəslindən olan birisinə ölüm üzərində mənəvi qələbə qazandırdı. Manaflının tərifləyib göylərə qaldırdığı “möhtəşəm” quldur dəstəsini, hansı ki onların atlarının fınxırtısından yer-göy guya ki lərzəyə gəlirmiş, 15-20 nəfər kommunistin qarşısında diz çökdürən güc bax bu idi.
Manaflı bandit qaraguruhunun əməllərini “xalq üsyanı” kimi qələmə vermək üçün bildirir ki, guya qiyamçılar o qədər güclü idilər ki, həta Şəki rayon mərkəzini ələ keçirib Sovet hakimiyyətini iki günlük yıxmağa müvəffəq oldular. Guya rayon rəhbərliyi, sonra isə onlara köməyə gəlmiş Mircəfər Bağırovun rəhbərliyində qoşun hissələri qiyamçılar qarşısında aciz qaldığından köməyə nizami Qızıl Ordu hissələri çağırılmışdır.
Yox, cənablar, onlar rayon mərkəzinui ələ keçirə bildilər- ona görə yox ki, guya onlar çox güclü idilər, sadəcə olaraq onlar bilirdilər ki, Şəkidə hərbi hissə yoxdur, milis rəisi isə onların öz adamıdır. Deməli quldurlar şəhərə daxil olanda bilirdilər ki, şəhər faktiki müdafiəsizdır. Rayon rəhbərliyinin yalnız 2 saat əvvəl bir nəfər çobanın sayəsində quldurların hücumundan xəbəri oldu. Belə ki Baş Göynük kəndindən qaçaraq özünü rayona yetirən bir nəfər çoban quldurların kənddə kommunistləri güllələdiyini və bir azdan Şəkiyə hücum edəcəkləri xəbərini çatdırdı. Rayon Partiya Komitəsinin sədri Rza Babayev bu barədə təcili Bakıya-Bağırova məlumat çatdırır, hətta bundan sonra da nə respublika, nə də rayon rəhbərliyi quldurların Şəkiyə hücum edəcəklərinə inanmırlar. Bağırov rayon rəhbərliyini təmkinli olmağa və yerli kommunist könüllüləri hazır vəziyyətə gətirməyi məsləhət görür.
Şəhərin müdafiəsiz olduğuny bilən quldurlar Şəkiyə daxil olaraq İcraiyyə Komitəsinin binasını tutur, Rza Babayevi əsr götürürlər. Amma onlar unudurlar ki, əsr götürdükləri şəxs nə Müsavat qubernatoru, nə də Müsavat Baş Naziri Nəsib bəy Yusifbəyov deyil; o kommunistdir və özünü elə kommunist kimi də aparır. Belə ki Rza Babayev ölümün pəncəsindən qaçaraq bir neçə kommunistlə birgə Şəki Şəhər Poçtamtının binasına sığınır və buradan Bakıyla əlaqə saxlayaraq kömək istəyir. Nəzərinizə çatdırım ki, Poçt binası rayonda ən strateji dövlət obyekti sayılırdı və onun quldurlar tərəfindən ələ keçiriləcəyi təqdirdə Bakıyla əlaqə kəsilər və faktiki olaraq bütün mahal əldən getmiş olardı. Ona görə də Rza Babayev yanında olan üç-beş nəfər kommunistlə Poçt binasının müdafiəsini təşkil edur. Bir qədər sonra Yevlaxdan kiçik bir hərbi dəstə teleqraf xəttini müdafiə etmək üçün Şəkiyə daxil olur. Onlar Şəhər İcraiyyə Komitəsinin binasının quldurlar tərəfindən ələ keçirildiyindən xəbərsiz olduqlarından maşını binanın qarşısına sürürlər. Atəş səsləriylə qarşılaşan hərbi dəstə özlərini itirmədən vuruşa-vuruşa Poçt binasına çəkilirlər. Bu qarışıqlıqdan istifadə edən əsir düşmüş bəzi kommunistlər və Həmkarlar Təşkilatının sədri quldurların əlindən qaçaraq hərbi qrupla birgə Poçt binasına sığınırlar. Poçt binasına sığınmış kiçik kommunist dəstəsi burada düz iki gün Bəhram bəyin quldur dəstəsinə əsl həyat dərsi keçirlər. Belə ki 1930-cu il aprelin 14 və 15-də Bəhram bəy bütün quldurlarıyla iki dəfə Poçt binası üzərinə ümumi hücum təşkil etsə də hər dəfə tələfat verərək geri çəkilir və binanı ələ keçirə bilmir. Mühasirə vəziyyətində olan kommunistlər Rza Babayevin göstərişi ilə gecələr şəhərə çıxır, vərəqələr yayaraq yerlərinə geri dönürdülər.
Şəhər həbsxanasını isə cəmi 6 nəfər kommunist – Zakir və Əbdürrəhman Bilallı qardaşları ilə baramaçılıq fabrikinin 4 nəfər fəhləsi müdafiə edirdı və onlar öldürüləndən sonra quldurlar bütün cinayətkarları şəhərə buraxdılar. Manaflı yazr ki, “Zakir və Əbdürrəhman Bilallı qardaşları və barama açan fabrikin 4 nəfər fəhləsi həbsxana yaxınlığında son nəfəslərinə kimi döyüşdülər, onlar kommunist ideologyasına fanatikcəsinə inananlar idilər”. (H.Manaflının sözügedən kitabından)
Bəli, kommunist könüllülər şəhərdəki dövlət əhəmiyyətli binaların hər biri uğrunda mərtəbə-mərtəbə, addım-addım ölüm-dirim mübarizəsi apardılar. Raykom Rza Babayevin ətrafındakı məhdud sayda kiçik bir dəstə şəhər Poçt binasını alınmaz qalaya çevirdilər və Qızıl Ordu gələnə kimi binanı quldurlara təslim etmədilər.
Müqayisə üçün deyim ki, 1919-cu ilin yazında Qatır Məmməd 1000 nəfərlik qoşunla Gəncəyə hücum edəndə müsavatçı qubernator Vəkilov ata minərək Bakıya qaçdı. Hərbi nazir Xoyski də onun kimi etmiş, top və pulemyotları ataraq öz canını zorla götürüb Bakıya qaçmışdı. Amma kommunistlər Rza Babayev başda olmaqla əlavə kömək gələnə qədər Şəki rayonunu düşmənə təslim etmədilər. Bu faktlar bir daha kimin kim olduğunu yaxşı göstərir.
Baxmayaraqki mən bu müqayisəylə heç də Bəhram bəyin quldur dəstəsini Qatır Məmmədin xalq azadlıq ordusuyla tərəzinin eyni gözünə qoymaq istəmirəm,- quldur quldurdur, xalq qəhrəmanı isə xalq qəhrəmanı, fərqli şeylərdir,- amma müqayisə bənzər situasiyalarda müsavatçı və kommunistlərin özlərini necə- qorxaq yoxsa qəhrəman kimi aparmaları baxımından olduqca böyük məna kəsb edir. Dünənki fərarilərin nəvələri bu gün xalqın qəhrəman oğullarına sırf kommunist olduqları üçün lənət yağdırır, onların işıqlı xatırəsini ləkələməyə çalışırlar, amma unudurlar ki, Günəşi palçıqla suvamaq olmaz. Pafoslu sözlərlə, qələmin qüdrətiylə dünənki quldurdan qəhrəman qayırmaq olmaz. Bir qarış torpağa görə kəndlini ot tayasına doldurub od vuranlar, muzdurun üzərinə neft töküb diri-diri yandıranlar, öz xalqına bir kisə unu qıymayan qolçomaqlar heç vaxt millət üçün canını güllə qabağına verməz, malına qıymayan canına heç qıymaz. 1918-19-cu illərdə mülkədar Sultanov min hektarlarla kənd icmasına aid torpağı müsavat pristavının əliylə zəbt etmişdi, Sovet hökuməti onun kəndlilərdən qəsb etdiyi torpağı müsadirə edib yenidən kəndlilərə payladı, bundan sonra xaricə qaçan mülkədar Sultanov xaricdə Rəsulzadəylə birlikdə “Prometey” təşkilatına daxil olub guya “milli məfkurə” uğrunda mübarizəyə atıldı.
İndi oxucudan soruşuram, siz bu torpaq oğrusunun səmimiyyətinə inanırsınız? Necə olur, dünən öz mənfəəti naminə icma torpağını zəbt edən, bununla yüzlərlə kəndli ailəsini səfalətə, dilənçiliyə məhkum edən bir şəxs bir neçə il sonra “azadlıq” fədaisi donuna bürünüb axırıncı tikəsini belə əllərindən aldığı kəndlilərin “milli” azadlığı üçün çalışmağa başlayır?!
Başqa bir misal: Sovet hökuməti respublikada ərzaq qıtlığı yaşandığı bir zamanda Salyanda təkcə bir qolçomaqdan 150 ton buğda müsadirə etdi. Ümumilikdə qolçomaqlar yüz min tonlarla buğdanı dövlət qiymətinə satmaq əvəzinə onu zirzəmilərdə gizlətməyi üstün tuturdular. Nəticədə ölkədə yüz minlərlə insan çörək çatışmamazlığından aclıq çəkirdi. İndi sual edirəm, öz mənfəəti naminə xalqını acından ölümə məhkum edənlər 1930-cu ildə Şəkidə müəllimləri, kolxoz fəallarını, kommunistləri camaatın gözü qabağında güllələyəndə doğrudanmı xalq mənafeyini düşünürdülər?! Xalqından bir kisə unu əsirgəyəndən də heç qəhrəman olar? Görün tarixi saxtalaşdıraraq kimlərdən qəhrəman düzəldirlər?!
Planetimizdə minlərlə xalq yaşayır. Əgər siz onların ədəbiyyatını, folklorunu təhlil etsəniz görərsiniz ki, xalqlar nə qədər çox rəngarəng olsalar da onların qəhrəmanlıq kriteriyaları ortaq və oxşar dəyərlərə əsaslanır. Yəni müxtəlif xalqlara məxsus olan qəhrəmanlar bir-birilərinə çox oxşayırlar. Bu oxşarlıq da ondan irəli gəlir ki, bütün xalqlarda qəhrəman el-oba, camaat, bir sözlə, xalq mənafeyi üçün çalışıb-vuruşanlardır. Yəni öz şəxsi mənafeyini ictimai mənafeyə qurban verənlərdi. Öz şəxsi mənafeyi, öz şəxsi arzuları üçün yaşayıb qəhrəman olan bir dənə də nümunə göstərə bilməzsiniz. Nə bizim xalqdan, nə də dünya xalqları tarixindən.
Abbasqulu bəy Şadlınski mülkədar idi, amma öz torpağını, mülkünü könüllü şəkildə kolxoza bağışladı və bununla da öz şəxsi, fərdi mənafeyini xalqın, el-obanın, ictimaiyyətin mənafeyinə qurban verdi. Ona görə də belə şəxslər dünya durduqca həmişə qəhrəman kimi xatırlanacaqlar. Çopur Məmməd də mülkədar idi. “Mənə qismət olmadısa, başqalarına da qismət olmasın” deyib kolxozun mal-qarasını, ot tayalarını yandırtdırır, respublika iqtisadiyyatına küllü miqdarda zərər vururdu- belə çopur məmmədlər isə yüzlərlə yox, minlərləydi. Təkcə 1928-ci ildə qolçomaqlar irili-xırdalı 400-ə qədər terror aktı həyata keçirmişdılər. Bura muzdurların diri-diri yandırılmasından, kommunistlərin, Sovet fəallarının qətlinə, həmçinin kolxozun əmlakının dağıdılmasına, traktorların, mal-qaranın yandırılmasına qədər yüzlərlə cinayət aktı daxildir. Belə ki sözügedən ildə Azərbaycanın təkcə 6 qəzasında 50-yə qədər muzdur xüsusi amansızlıqla qolçomaqlar tərəfindən qətlə yetirilmiş, yüzlərlə muzdura isə ağır işgəncələr verilmişdi. “Bakinski raboçi” qəzetinin 1928-ci il 24 dekabr (№311) nömrəsində yazılır ki, Göyçay qəzasının bir neçə fəal muzduru, yəni kolxoz quruculuğunun fəal iştirakçısı olan kəndlilər diri-diri odda yandırılmışdılar. Yenə həmin mənbənin 15 oktyabr nömrəsi isə xəbər verirdi ki, Göyçay qəzasının Alpaut kəndində qolçomaq bir nəfər muzduru üzərinə od töküb yandıraraq öldürmüşdü.
Mən deyə bilmərəm, bəlkə Manaflı kimilərinin düyagörüşünə görə mal, mülk insan həyatından daha dəyərlidir və bu geridəqalmış feodal-mülkədar dəyərlərindən, hansısa vəhşiləşmiş varlı qolçomağın haram mülkiyyətini qoruma instinktindən çıxış edərək bu qəddar qətllərə və onların qatillərinə bəraət qazandırmağa çalışacaqlar, amma mənim düyagörüşümə görə heç bir mülk, əmlak insan həyatından qiymətli ola bilməz və heç bir mülkün qarşılığı insan həyatı oa bilməz. Bayaq vurğuladığımız xüsusi amansızlıqla törədilmiş qolçomaq cinayətləri Leninin belə bir sözünü təsdiqləməkdədir ki, “qolçomaqlar... ən yırtıcı, ən kobud, ən vəhşi istismarçılardır”. (Lenin, əsərləri, cild 28, səh.43)
Və nə yazıqlar olsun ki, Manaflı öz qəhrəmanlarını bu ən kobud, ən vəhşi, ən yırtıcı istismarçıların içində axtarır. Onun “qəhrəmanlarının” cərgəsində adlarını çəkdiyi Xudu Abdullaoğlu (Zəyzid) və Cəfər Mirzəoğlunun (Bideyiz) quldur dəstələri kolxozçulara, kənd fəallarına və kommunistlərə qarşı 50 terror aktı həyata keçirmişlər. Manaflı bu quldurların terror əməllərinə bəraət qazandırmaq üçün öldürülən Dövlət Siyasi idarəsinin rayon müvəkkili Aqacanovun (ermənidir) adını çəkməklə işini bitmiş hesab edir. Ümumiyyətlə son vaxtlar cəmiyyətdə hökm sürən “süni” anti-erməni əhval-ruhiyyəsi bu girdirmə tarixçilərin işinə əməlli-başlı yarayıb. Onların məntiqinə görə quldur Xudu bir nəfər erməni öldürübsə deməli öldürdükləri onlarla günahsız kolxozçunun, muzdurun qanını onlara bağışlamaq olar. O bir nəfər erməninin adını çəkməklə quldurların kəndlilərin evini yandırması, kolxozun mal-qarasını kütləvi şəkildə məhv etməsi faktlarını ört-basdır etməyə çalışır- oxucuda elə rəy yaratmağa çalışır ki, quldurlar sanki ermənilərə qarşı mübarizə edirlərmış. Yox, cənab Manaflı, sizin “qəhrəmanlarınızın” əli yüzlərlə azərbaycanlının qanına batmışdı- onları “milli qəhrəman” edə bilməyəcəksiniz. Həm də sizin “milli” quldurlarınız yüzlərlə azərbaycanlının qanını axıtmaqda elə ermənilərlə də az əməkdaşlıq etməmişdilər. Məsələn, M.Ə.Rəsulzadə 1927-ci ildə Parisdə təsis olunmuş “Qafqaz Konfederasiyasının istiqlaliyyəti komitəsə”ndə daşnaklarla birgə Qafqazda törədiləcək terror aktlarına rəvac və fitva vermirdimi, yoxsa Çopur Məmməd və Tiqran Arutyunov onların təlimatlandıraraq terror törətmək üçün Qafqaza göndərdikləri diversantlar deyildilərmi?. O Tiqran Arutyunov ki kolxoz fəallarına, kəndlilərə qarşı qəsd təşkil edir, kolxozlardakı xalq əmlakını dağıdıb məhv edirdi. Azərbaycan xalqının ləyaqətli oğullarını Rəsulzadələr, Topçubaşovlar quldur qolçomaq Tiqran Arutyunovların əliylə məhv edir, iqtisadiyyatını xaraba qoyurdular.
Şəkinin bəyi (sabiq) qəsdin ümumi rəhbəri olmuş Mustafa bəy Əlicanbəyov həbs olunduqdan sonra verdiyi ifadəsində bir daha təsdiqləyirdi ki, silahlı qəsd xaricdən idarə olunur. O ifadəsində yazırdı ki, “1929-cu ilin yayında Nuxa sakini Hüseyn İncəli Əsədulla oğlu ona bildirmişdir ki, “xalqçı” adlı təşkilatın üzvüdür və türklərlə sıx əlaqəsi var. Təşkilatda əsasən nuxalı və zaqatalalılardan ibarət üçlüklər yaranıb. Təşkilat türk təşkilatıdır, ona Qara Bəkir Paşa və M.Ə.Rəsulzadə rəhbərlik edirlər. Təşkilatın əsas məqsədi SSRİ-ni üçlüklərlə üzük kimi əhatə etməkdir. Bu məlumatın onda haradan olması sualına cavab verərək bildirir ki, 1924-cü ildə Türkiyədə olarkən bu təşkilatla əlaqəyə girmişdir”. (H.Manaflının sözügedən kitabından).
Burada söhbət “Xalq Azadəçilər Firqəsi”ndən gedir, hansı ki Manaflı da təsdiq edir ki, Şəki iğtişaşlarının siyasi rəhbəri olmuş Molla Mustafa xaricdən idarə olunan bu təşkilatın Baş Göynük kəndindəki özəyinin təsisçisiydi. Onun bacısının əri Hüseyn İncəli Əsədulla oğlu da sözügedən təşkilatın üzvlərindən olmuşdur. Onlar Sovet hökumətindən narazı qüvvələri aldadaraq öz torlarına salır, onları silahlı iğtişaşlara təhrik edirdilər- məhz belə narazı təbəqələrdən ən aqressivi varlı qolçomaqlar idilər.
Molla Mustafa və digər qəsd təşkilatçıları məqsədli surətdə əhali arasında belə şaiyələr yayırdılar ki, guya türklər SSRİ-yə hücum edib Azərbaycanda və bütün Qafqazda hakimiyyəti ələ alacaqlar və bununla da “Böyük Türkiyəylə birləşmə” prosesi başa çatacaqdır. Amma əhali arasında bu şaiyələrlə də tərəfdar toplamaq mümkün olmurdu. Əvvələn ona görə ki, Osmanlı işğalından cəmi 12 il keçirdi və hər kəs işğalçıların yerli əhalinin başına açdıqları oyunları, təhqirləri çox gözəl xatırlayırdılar. Məsələn, Osmanlılar 1918-ci ildə Azərbaycanı işğal edərkən kişiləri şalvarlarını aşağı çəkərək tavanın üzərinə oturdurdular və qazanın içinə siçan buraxaraq altdan onu qızdırmağa başlayırdılar. Qazan qızdıqca siçan vurnuxur, o tərəf bu tərəfə qaçaraq çıxmağa deşik axtarırdı, özünü qazanın üstündə oturmuş kişinin anus dəliyinə soxurdu. Yaxud da kişilər küçədəcə soyundurulub zopa deyilən şallaqla döyülürdülər- hadisənin canlı şahidləri çox sonralar da xatırlayırdılar ki, Sovet hakimiyyəti qurularkən hələ bir çox kişilərin zopa yarası sağalmamışdı. Bəli, Manaflının “xilaskar” kimi qələmə verdiyi osmanlı işğal qüvvələri hələ ən yaxşı halda yerli əhaliylə belə rəftar edirdilər. Ona görə də “Böyük Türkiyəylə qovuşmaq” sayaqlamasına 1918-ci ildə türklər tərəfindən dar ağaclarından asılan və güllələnən əhalinin rəğbət göstərməsi mümkün deyildi. Bu şaiyələr ən yaxşı halda varlı qolçomaqlar, keçmiş bəylər, mülkədarlar arasında özünə tərəfdar tapırdı, çünki bu təbəqələr yaxşı xatırlayırdılar ki, 1918-ci ildə osmanlı paşaları və ingilis işğal qüvvələri bəylərin torpağını ələ keçirən kəndliləri necə cəzalandırırdılar, hələ üstəlik onları bəyə vurulan zərərə görə təzminat da ödəməyə məcbur edirdilər.
Qolçomaqlar, mülkünü itirmiş bəylər, Şəkinin bəyi Mustafa bəy Əlicanbəyovun timsalında sadəlöhvcəsinə inanırdılar ki, guya türklər 1918-ci ildəki kimi gəlib yenə də torpaqlqrı əvvəlki sahiblərinə qaytaracaqlar. Manaflı isə əksinə, iddia edir ki, qolçomaq və keçmiş bəylərin Türkiyə heyranlığı guya milli-dini dəyərlərlə bağlı imiş, guya dini heysiyyəti “tapdanan” xalq Türkiyənin timsalında öz dini dəyərlərinin xilasını görürmüşlər. Amma Manaflı bir şeyi unudur ki, 1928-ci ildə Türkiyədə “dövlətin rəsmi dini” haqqında maddə konstitusiyadan çıxarılmış və bununla da din dövlətdən ayrı elan edilmişdi. 1929-cu ildə isə Türkiyə dövlətində Azərbaycanda olduğu kimi əlifba islahatı keçirərək ərəb əlifbasından imtina etmiş, yeni latın qrafikalı əlifbaya keçilmişdi, hansı ki Molla Mustafa Əlicanov eyni islahatları Azərbaycanda “küfr” elan etmişdi. İndi sual olunur: necə olur ki, Azərbaycanda bu qəbildən islahatları küfr elan edib latın əlifbalı kitabları yandırtdıran, müəllimləri öldürtdürən Molla Mustafa eyni “küfrü” təkrar edən Türkiyəni xilaskar kimi təbliğ edirdi? Guya Molla Mustafanın Atatürkün Türkiyə Cümhuriyyətində apardığı islahatlardan xəbəri yox idi? Bəyəm o bilmirdi ki, Türkiyənin özündə geyim islahatları, əlifba islahatı, vəqf torpaqlarının (dini idarələrə aid olan), vəqf mülkiyyətinin müsadirə olunması prosesi gedir? Yoxsa cənab Mollanın Türkiyə Cümhuriyyətində ictimai yerlərdə (kamusal alanlarda) çadra, baş örtüyü, papaq qoymağın qadağan olunmasından xəbəri yox idi? Bəlkə möhtərəm Mollaya Atatürkün müasirləşmək islahatlarını süngüylə qarşılamış din xadimlərinin kamalist məhkəmələrin hökmüylə dar ağaclarında bitmiş aqibətləri məlum deyildi? Bəyəm Molla Mustafa 20-30-cu illərdə kamalist devrim (inqilab) məhkəmələrdə nə qədər cübbəlinin (dini libaslı insanların) kəlləsinin getdiyindən xəbəri yox idi? Sözügedən tarixdə Türkiyə Cümhuriyyətində dövlət məktəblərində dini dərslərin tədrisinin qadağan olunması, Quran kurslarının, mədrəsələrin bağlanması faktları Türkiyə xüsusi xidmət orqanlarına şpionluq edən Molla Mustafalara, Hüseyn Əsədulla oğullarına məlum deyildi? Bəlkə “Ayasofya” məbədinin dini ayinlər üçün qadağan olunaraq muzeyə çevrilməsi faktından xəbərsiz idilər?!
Yox, gecə-gündüz Türkiyədən, Parisdən təlimat alan bu adamlar hər şeydən xəbərdar idilər. Onda sual çıxır, əgər dedikləri kimi davaları “din”, “millət” davası idisə, “küfrlə” məşğul olan Türkiyə dövlətinə niyə nifrət etmirdilər, “mayası allahsızlıqla yoğrulmuş Lenin bayrağı altında ancaq satqınlar yaşayar” deyənlər nə üçün “allahsız” Atatürkün bayrağı altında, həm də paşaların tapdağı altında yaşamaq üçün dəridən-qabıqdan çıxırdılar?
Cavab çox sadə və aydındır: çünki dava din davası yox, yorğan davasıydı, mülk, pul davasıydı!
Molla Mustafa kimi eqoist, hər şeydə ancaq öz mənafeylərini güdən, xudpəsənd adamlardan heç vaxt millət aşiqi, xalq fədaisi ola blməz. Onun şəxsi çıxarlarını kollektiv maraqdan üstün tutması ilə bağlı belə bir fakta fikir verin. Qəsd təşkilatçıları, o cümlədən qiyamın ümumi rəhbəri Şəkinin keçmiş bəyi olmuş Mustafa bəy Əlicanbəyov silahlı çıxışı 1930-cu il aprelin 28-nə, yəni Azərbaycanda Aprel Sosialist İnqilabının 10 illiyinə planlaşdırırlar və qərar da belə olur. Amma Molla Mustafa şəhər həbsxanasında saxlanan əmilərinin sürgünə getməsini əngəlləmək üçün silahlı qəsdin gələcəyini təhlükəyə ataraq iki həftə əvvəl, aprelin 12-də silahlı çıxışa başlayır. Şəhər həbsxanası tutulur və məlum olur ki, onun qohumları artıq sürgünə göndəriliblər. Bu isə silahlı çıxışda bir pərakəndəlik və dağınıqlığa səbəb olur- hətta Manaflı özü də bunu etiraf etmək məcburiyyətində qalır.
Başqa bir hadisə qiyam rəhbəri Molla Mustafanın xarakterinin açılmasında olduqca əhəmiyyətlidir. Bu, Molla Mustafanın 1930-cu il 12 apreldə silahlı çıxışın başlandığı Baş Göynük kəndində onun əhali qarşısında tamamilə yalan məzmunda çıxışıydı. Belə ki bölgə Dövlət Siyasi İdarəsinin müvəkkili Qasımovu camaatın gözü qarşısında nümayişkaranə bir şəkildə qətlə yetirtdirən Molla Mustafa çıxışında camaatı aldadaraq bildirmişdi ki, hazırda nə Moskvada, nə Leninqradda, nə Tiflisdə, nə də Bakıda Sovet hakimiyyəti mövcud deyil, guya “üsyan” bütün ölkəni bürüyüb, xarici dövlətlər üsyançılarn köməyinə gəlib və artıq Sovet hökuməti yıxılıb. Təbii ki televizorun, kütləvi radionun olmadığı, informasiya vakuumunda yşayan insanların bir çoxu bu yalana inanmış və kütləvi xaosdan yararlanaraq talançılığa, dövlət əmlakını dağıtmağa qurşanmışdılar.
Molla Mustafa bilə-bilə ki, Sovet hökuməti Moskvada da, Bakıda da mövcuddur və buna baxmayaraq kütləni aldadaraq qırğına vermək istəməsi ki, guya Sovet hakimiyyəti bütün ölkədə devrilib, mənə elə gəlir ki, xalqa qarşı işlənmiş ən ağır cinayətdir- bu mənə 20 yanvar hadisələrini çox xatırladır. Çoxlarının xatirindədir ki, yalançı Molla Mustafalar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yataqxana-yataqxana, qapı-qapı düşərək insanları, xüsusilə də rayonlardan oxumağa gəlmiş və valideyn nəzarətindən kənar gəncləri küçələrə çıxarmağa səsləmiş, küçədə toplaşan insanları əmin etmişdilər ki, dağılmasınlar, indi onlara silah paylanacaq. Amma meydanda nə silah vardı, nə də camaata silah vəd edən təxribatçılar. Eyni ssenari 1930-cu ilin aprelində Şəkidə də səhnələşdirilmişdi, Molla Mustafanın Sovet hökumətinin bütün ölkədə devrilməsi ilə aldatdığı və xaosa sürüklədiyi insanlar qarşılarında nizami Qızıl ordu hissələrini və Sovet hakimiyyətinin rəhbəri M.C.Bağırovu görəndə necə aldadıldıqlarını başa düşdülər. Amma gec idi- aldadılmış insanlar al-qan içində çabalayanda Molla Mustafa çoxdan rayonu tərk edib Gürcüstana qaçmışdı. Qiyamın digər rəhbəri Mustafa bəy isə ümumiyyətlə Şəkiyə gəlməmişdi- o prosesləri Tiflisdən idarə etmək, sonra isə Türkiyəyə qaçmağı planlaşdırırdı. Amma elə qiyam başlanan günü çekistlər tərəfindən həbs olundu.
Molla Mustafa isə aldadaraq qırğına verdiyi insanlardan qaçmağı bacarsa da Türkiyədəki ağalarının yanına qaçmaq planını həyata keçirə bilmədi. Sovet çekistləri onu Tiflis yaxınlığındakı Soğanlı kəndındə Türkiyəyə keçmək istəyərkən yaxalayıb Bakıya gətirdilər. Silahlı qəsdin hərbi rəhbəri Bəhram bəy isə qaçaraq dağlarda gizləndi, amma bu qaçış cəmi bir neçə həftə davam etdi. May ayında çekistlərlə çıxan atışmada banditbaşı layiq olduğu cəzanı aldı- öldürüldü.
Banditlərin dəstəsində Sovet hakimiyyətinə qarşı vuruşmuş, milliyətcə Osmanlı türkü olan Muradbəy çox sonralar deyirmiş ki, biz bir ovuc partizan idik, nizami Sovet hərbi maşını qarşısında nə edə bilərdik ki?! Çox maraqlı etirafdı. Onda buradan daha bir sual çıxır: siz özünüzün Sovet hərbi maşını qabağında bir ovuc olduğunuzu bilə-bilə “Sovet hakimiyyəti Moskvada və Bakıda yıxılıb”, “üsyan bütün ölkədə baş verib”, “xarici ölkələrin orduları üsyançılara köməyə gəlib” deməklə və bunların da tamamilə yalan olduğunu bilə-bilə dinc insanları nə üçün aldadaraq qırğına verirdiniz?
Mənim yazımın bütün canı bircə dənə bu sualda və ona veriləcək cavabdadır. Həm də bu suala cavabı mən özüm verməyəcəm- belə bir şey qərəzli və obyektivlikdən kənar hesab oluna bilər. Bu suala cavabı M.Ə.Rəsulzadənin, Topçubaşovun yaxın silahdaşı olmuş, müsavat rejimi devrildikdən sonra belə illərlə Müsavatın Türkiyədəki səfiri vəzifəsini ifadə etmiş, onların xalqın qanı ilə alver edib xaricdə lüks içində yaşadıqlarını gördükdən sonra Müsavat firqəsinə tüpürərək Sovetlər ölkəsinə qayıtmış Yusif Vəzir Çəmənzəminli verəcəkdir.
Sabiq müsavatçı Yusif Vəzir Çəmənzəminli yazırdı: “Yəqin ki Azərbaycanda xaricdəkilərin “milli məfkurə” deyə bağırdıqlarına inanan sadəlöhv adamlar var. Əmin olsunlar ki, aldanıblar... Topçubaşovlardan, Xəlil bəy Xasməmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə xeyir gəlməz... Əgər “milli məfkurə” bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə... Mənən ölən qüvvə maddiyat hesabına dirilə bilməz. Buna görə də onlar millətin qanı və namusu bahasına da olsa, xarici istiqrazlar qazanaraq şərəfsiz həyatlarının təminatına çalışırlar”. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı-1977)
Bəli, mənim sualımın cavabı Çəmənzəminlinin ifadə etdiyi bu sonuncu cümlədə öz əksini tapır: “onlar millətin qanı və namusu bahasına da olsa, xarici istiqrazlar qazanaraq şərəfsiz həyatlarının təminatına çalışırlar.”
Çəmənzəminlinin “Müsavatçıya cavab” adlı yazısını belə bir fikirlə tamamlaması heç də təsadüfi deyildi. O yazırdı ki, 1920-ci ilin yayında Gəncədə baş verən anti-sovet qiyam zamanı “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə aradan çıxmış müsavatçı Xəlil bəy Xasməmmədov və qoçu Məşədi Əli Rəfiyev Türkiyəyə gəldikdən sonra villada xalı-xalça içərisində yaşayırdılar. Çəmənzəminli bu barədə belə yazırdı: “Müsavatçı Xəlil bəy Xasməmmədov, Məşədi Əli Rəfiyev “Tiflisdən gürcü qoşunu gətirməyə gedirik” bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar. İstanbulda “millət naminə” toplanan pullardan həyatlarını əvvəlkindən daha gözəl qurmağa müvəffəq olmuşlar. Xəlilbəy bir böyük ev icarə edir, xalçalar və mebel alır... Halbuki başqa mühacirlər gündəlik yeməyə möhtac idilər”. (yenə orada)
Həmin vaxt İstanbulda Müsavatın səfiri olan Çəmənzəminli dolanışığını təmin etmək üçün zavodda fəhlə işləyirdi. Sual çıxır ortaya: bəs Xəlilbəy hansı xidmətlərin müqabilində villada yaşamaq şərəfinə nail olmuşdu? Təbii ki Gəncədə tökülən nahaq qanların qarşılığında Avropa dövlətlərinin verdiyi istiqrazlar, bugünkü dillə desək, qrantlar hesabına.
Çəmənzəminli deyir ki, necə olur, Bakıda parlamentdə hakimiyyətin Sovetlərə verilməsinə səs verənlər bir neçə həftə sonra Gəncədə qanlı silahlı qəsd törədirlər? Parlament qaydasında hakimiyyət kommunistlərə dinc şəraitdə verildikdən sonra Gəncədə belə bir qanlı qiyama nə ehtiyac var idi? Çəmənzəminliyə görə Topçubaşovların, Xəlilbəylərin dəbdəbəli villa həyatı bu “ehtiyacın” haradan yarandığına bariz sübut idi.
1927-ci ildə İngiltərə SSRİ-ylə diplomatik münasibətləri kəsdi, ABŞ Sovet İttifaqını bir dövlət kimi tanımayacağını bəyan etdi, Çindəki militarist qüvvələr SSRİ-ylə lokal sərhəd münaqişəsinə qədər vəziyyəti gərginləşdirdilər, Polşadakı Pilsudski diktaturası SSRİ-yə qarşı təxribatçı və hədələyici siyasət yeritməyə başladı, Roma Papası bütün dövlətləri Sovet İttifaqına qarşı səlib yürüşünə çağıran fitva verdi. Belə bir şəraitdə gənc Sovet dövləti imperialist dövlətlər tərəfindən tam blokada şəraitinə salındı, əksinqilabi hərbi müdaxilə ehtimalı artıq ehtimal olmaqdan çıxıb günün təhlükəli reallığına çevrildi. Xarici imperialist dairələr Aprel İnqilabından sonra xaricə qaçmış mühacirləri və onların əlaltılarını maliyələşdirməyə və silah-sursatla təmin etməyə başladılar. Xarici imperialist dairələr Sovetlər ölkəsi daxilində xəyanətkar 5-ci kalonu formalaşdırmaq üçün səxavət kisəsinin ağzını açıb mühacir təşkilatlara və antisovet təşkilatlara pul paylamağa başladılar. Amma bu pullar elə-belə verilmirdi, “yardım” siyahısına düşmək üçün Sovetlərin ərazisində terror aktları, dağıntılar, kütləvi qətllər, silahlı qəsdlər törətmək vacib şərt idi, başqa sözlə, qan tökmək qarşılığında pul.
M.Ə.Rəsulzadələr, Topçubaşovlar, Xəlil bəy Xasməmmədovlar və digərləri Molla Mustafa Əlicanov, Mustafa bəy Əlicanbəyov, Bəhrambəy Nəbibəyov kimi əlaltılarının hesabına dinc insanları qırğına vermək və iğtişaşlar təşkil etmək yolu ilə xarici xüsusi xidmət orqanlarından küllü miqdarda pul alırdılar. Onlar Türkiyədki, Avropadakı villalarda lüks içərisində eyş-işrətli bir həyat keçirir, xalqın qanını axıtmaq müqabilində alınmış pulların hesabına şərəfsiz bir həyatın dadını çıxarırdılar. Hələ Şəki hadisələrindən əvvəl 1927-ci ildə xaricdən idarə olunan ittihadçı bir qrup mayın 1-də Ağdamda qanlı iğtişaş törətmək planlasa da hadisədən əvvəl qəsd təşkilatçıları ifşa olundular. Amma bir neçə gün sonra Paris qəzetləri yazırdılar ki, guya Azərbaycan ərazisində “əzəmətli” üsyan baş vermiş, amma qüvvələr qeyri-bərabər olduğundan “üsyan” yatırılmışdı. Sual olunur, Paris qəzetlərində belə “əzəmətli” üsyanlar uydurmaq, guya üsyançılarla Sovet qoşunu arasında qanlı toqquşmalar olduğu barədə məlumatlar dərc etdirmək kimin və kimlərin, nə üçün marağındaydı? Bəyəm Azərbaycan adlı bir məmləkətin, hətta indinin özündə belə varlığından xəbərsiz olan Paris əhli üçün Ağdamda və ya qeyri-rayonların birində baş vermiş “əzəmətli” üsyan hansısa maraq kəsb edirdi? Əlbəttə ki yox. Belə qəzet yazıları Rəsulzadə, Topçubaşov və bu qəbildən olan qrant ovçularından başqa heç kəsə lazım deyildi, onlar bu materialları hazırlayıb xarici kəşfiyyatın aidiyyətli qurumuna təqdim edirdilər və ordan küllü miqdarda pul alırdılar. Rəsulzadələrin, Topçubaşovların Polşa diktatoru General Pilsudskidən külli miqdarda pul almaları, hətta aylıq məvacib qarşılığında Polşa xüsusi xidmət orqanlarına şpionluq etmələri tarixi faktdır və bununla bağlı arxiv sənədləri mövcuddur.
Rəsulzadə öz arvad-uşağını Bakıda kommunistlərə “təhvil” verib xaricə getmişdi, halbuki belə bir şeyə qətiyyən ehtiyac yox idi, çünki özü xatirələrində etiraf edirdi ki, Stalin ona ailəsiylə birlikdə hansı xarici ölkəyə getmək istəsə kömək etməyə hazır olduğuyla bağlı söz vermişdi. Amma Rəsulzadə xaricə tək getdi. Buradan böyük bir sual işarəsi ortaya çıxır: ailəsinin qədrini bilməyən birisi millətinin qədrini bilib qeyrətini çəkə bilərdimi? Rəsulzadə sonra xaricdə bir polyak qadınla evləndi; bu seçim də təsadüfi deyildi, proqmatik zəka sahibi olan axund Rəsulzadə Polşa xüsusi xidmət orqanlarının simpatiyasını qazanmaq üçün nədən necə istifadə etməyi çox yaxşı bilirdi.
1930-cu il Şəki iğtişaşlarının xaricdən idarə olunmasında Rəsulzadənin iştirak etməsi faktlarla təsdiqini tapmışdı. Qeyd etdiyimiz kimi qəsdin rəhbərlərindən olmuş Şəkinin keçmiş bəyi Mustafabəy bu barədə istintaqa izahatında da yazmışdı. İstər Rəsulzadə olsun, istər Topçubaşov olsun, onlar çox yaxşı bilirdilər ki, beş-on qolçomaqla, feodalizmə qayıdışı tərənnüm edən nimdaş bir ideologiyayla Sovet hökumətini yıxmaq mümkün deyil, ona görə də Türkiyə başda olmaqla xarici imperialist dövlətlərin yardıma gələcəyiylə bağlı yalançı vədi dövriyyəyə buraxaraq məhdud saya və cüzi qüvvəyə malik antisovet qrupları təxribata çəkir, onları Sovet hərb maşını ilə üz-üzə qoyaraq böyük məbləğlərdə istiqrazlar, qrant pulları qazanırdılar.
Bu baxımdan hətta qolçomaqların özünü belə Şəki hadisələrində aldadılmış qurbanlar hesab etmək olar. Qolçomaqların bir çoxu dilə tutularaq, hətta hədələnərək guya üsyan başlasa Türkiyədən yardım olacağıyla bağlı aldadılaraq Qırmızı Ordu ilə üz-üzə qoyulmuşdular. Məsələn, qolçomaq Sadıqbəy Balacayev 1930-cu il aprelin 27-də həbsdə olarkən verdiyi ifadədə yazırdı: “Mən onun təklifindən boyun qaçırdım, lakin o mənim bu işə qoşulmağıma təkid etdi və təklif etdi ki, silahlı dəstə yığım. Mən buna razı olmadım, lakin Molla Mustafa məni hədələdi ki, razı olmasan son anda mənim üçün pis ola bilər... Molla Mustafa söhbət zamanı bildirdi ki, “Sovet hakimiyyətini yıxmaq üçün hazırlıq hər yerdə gedir, türklər tərəfdən də köməklik var”, Nuxa şəhərinə gələn türk Kazım paşanın adını çəkdi”. (H.Manaflının sözügedən kitabından).
Qolçomaq Sadıq bəy axmaq adam deyildi ki, beş-on qolçomaqla Sovet hakimiyyətini yıxmağın mümkün olacağına inansın, ona görə də silahlı qəsddən boyun qaçırırdı, amma Molla Mustafa yalan maşınını işə salaraq Sadıq bəyi inandırır ki, guya onlar tək deyil, bütün Azərbaycan, hətta bütün SSRİ üsyana hazırlaşır və sadəcə bu işi başlamaq lazımdır. İlk toqquşmanın səhəri bütün xarici dövlətlər, o cümlədən Türkiyə qoşunları köməyə gələcək və yalanın dozasını daha da məstedici dərəcəyə çatdırmaq üçün hətta Kazım Qarabəkir Paşanın guya gizlincə Nuxaya gəlib onunla görüşdüyünü də uydurur; halbuki istintaq araşdırmalarında bu fakt öz təsdiqini tapmadı. Molla Mustafa Sadıqbəy kimi qolçomaqları təxribata çəkməyin əyani vəsaiti kimi göydə ara-sıra uçuşan Sovet aeroplanlarını göstərib onların guya Türkiyəyə aid olduğunu, müdaxilə üçün ərazinin xəritəsini çəkdiklərini söyləyir, kəndliləri ələ almaq üçün paylanan ərzaqların guya elə indicə Türkiyədən əyriplanlarla gətirildiyini deyirmiş. Molla Mustafa axırıncı yalanını qurbanlarını qan içində qoyub qaçarkən uydurur və Türkiyədən qoşun gətirməyə getdiyini söyləyərək aradan çıxır. Bir müddət Gürcüstanda gizlənir, Türkiyəyə keçməyə hazırlaşdığı vaxt Sovet xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq Bakıya gətirilir. Bununla da yalan üzərində qurulmuş tamaşa başa çatır. Tamaşanın sonu Molla Mustafanın arzuladığı kimi bitməsə də Rəsulzadələr, Topçubaşovlar, Xəlil bəy Xasməmmədovlar üçün belə tamaşaların axırı həmişə eyni sonluqla bitirdi: yüzlərlə cəsəd, axan qan, dağılıb xaraba qalan ocaqlar qarşılığında xarici dövlətlərin kəşfiyyat idarələrindən alınan böyük pullar. Bu baxımdan 1930-cu il Şəki hadisələri də istisna təşkil etmədi- öldürülən hər kommunistə, axan hər damcı qana qarşılıq Rəsulzadələr, Topçubaşovlar vəd olunan “yardımı” (pulları) aldılar və Şəkidə axan qanlar qurumamış qazanılan pulların səfasını sürməyə başladılar.
Keçmiş müsavatçı olmuş Yusif Vəzir Çəmənzəminli Topçubaşovun yaşadığı lüks həyat haqqında belə yazırdı: “Əlimərdan bəy vaxtilə Napoleon İqamətgahı adlanan “Senklo” məhəlləsində bir villada yaşayırdı. Bir gün işdən sonra... “Senklo”ya getdim, Əlimərdanbəyi xanımı ilə villada yalnız gördüm. Coluq-çocuqlarını bir neçə aylığa dəniz kənarına təmiz hava almaq üçün göndərmişdilər”. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı-1977).
Nəzərə alın ki, o zaman Paris dünyanın paytaxtı sayılırdı. Belə bir yerdə düz Parisin göbəyində, Napoleon İqamətgahı məhəlləsində villada yaşayasan, uşaqlarını bir neçə aylıq kurorta göndərəcək qədər zəngin olasan- hamısı da Azərbaycan xalqının qan bahası, qan pulu hesabına! Buna qaniçənlikdən başqa ad vermək olmaz. Kolxoz əmlakı dağıdılsın, minlərlə baş mal-qara yandırılsın, ot tayaları, taxıl zəmiləri odlara qalansın, kolxozçular, muzdurlar, kommunistlər ən amansız metodlarla məhv edilsin, müəllimlərə güllə sıxılsın, məktəblərə, kitablarə tonqal kimi od vurulsun, bütün bu fəlakətlərin, ictimai faciənin qarşılığında Rəsulzadələrin, Topçubaşovların kassalarına “millət naminə” pullar gəlsin, ardından da villalar, kurortlar.
İndi mən oxucudan soruşuram. Ədalət naminə deyin görək Parisdə “Senklo” villasında xalı-xalça içərisində yaşayan bu insanları Şəkinin, Gəncənin, Kəlbəcərin hansısa kəndindəki kəndlinin problemləri nə dərəcədə narahat edə bilərdi? Öz övladlarına villada yaşamağı, kurortlarda dincəlməyi, ən elit mərkəzlərdə təhsili layiq görənlər millətin övladlarına müəllimləri öldürülmüş, yandırılmış məktəbləri layiq görürdülər. Təsadüfi deyil ki, Şəki iğtişaşlarında banditlər 7 müəllimi qətlə yetirmişdilər.
Sonra da Manaflı kimi utanma hissindən kasad adamlar bu hadisələri “Azərbaycan xalqının istiqlal savaşının şanlı səhifəsi” adlandıracaq qədər qaraguruhçu bir mövqe ortaya qoyurlar. Görəsən xarici kəşfiyyat idarələrindən alınan pulların qarşılığında müəllimlərə, məktəblərə, əlifba islahatına, latın qrafikalı kitablara müharibə elan etmək nə vaxtdan “istiqlal” savaşı olub?
M.Ə.Rəsulzadənin, Topçubaşovun fitvasıyla yerli əksinqilabi ünsürlər təkcə 1931-ci ildə Azərbaycanda irili-xırdalı 830 terror aktı həyata keçirmiş, yüzlərlə adamı qətlə yetirmiş, minlərlə baş mal-qara məhv etmişdilər. Belə terror aktlarının sadəcə birində kolxozun gözətçisi öldürülmüş, 100 baş mal-qara yandırılmış, ot tayalarından yalnız qara kül qalmışdı. İndi təsəvvür edin ki, bir il ərzində 830 belə hadisə törədilmlşdir.
Mənim anlamıma görə bunun adı barbarlıq, xalqa və ölkəyə qarşı vəhşilikdir, Manaflı kimilərinə görə isə bu “istiqlal” savaşıdır.
Azərbaycanda təşkil etdikləri bu terror aktlarının qarşılığında xarici dövlətlərdən alınan vəsait tezliklə mühacirlərin öz arasında parçalanmaya səbəb oldu. Çünki Rəsulzadə, Topçubaşov, Xəlil bəy Xasməmmədov bu pulları mənimsəyərək öz lüks həyatlarına xərclədikləri halda digər mühacirlərə heç 1 dollar da vermirdilər. Çəmənzəminli yazır ki, onun öz yanında mühacirlər dəfələrlə Xəlil bəy Xasməmmədovu döymək istəmiş, onunla əlbəyaxa olmuşdular. Çəmənzəminli belə bir epizodu xatırlayır ki, bir dəfə Topçubaşovun əlinə yenə “millət naminə” böyük pullar keçmişdi. O mənə təklif etdi ki, İstanbul səfiri işini Xəlil bəy Xasməmmədova təhvil ver, sonra isə qərarını dəyişərək bildirdi ki, ad Xəlilbəyin olsun, işləri sən apar. Sonradan mənə məlum oldu ki, Topçubaşov Xəlilbəyə “səfir” vəzifəsinə görə ayda 15 milyon frank maaş yazır və bununla da “səfirliyin” saxlanma xərcini süni surətdə şişirdərək qrant pullarını mənimsəyir. Sonra Çəmənzəminli yazır ki, qardaşımın vəziyyəti çox ağır idi, hər gün irəliləyən vərəm azarı onu ölüm döşəyinə salmışdı. Eşitdim ki, yenə Topçubaşovun əlinə “millət naminə” böyük pullar keçib, məktub yazıb qardaşımın dərdini ona anladıb yardım etməsini xahiş etdim, amma cavab gəlmədi. Sonra yaşadığı Senklo villasına yollandım və “mən şəxsim üçün heç bir şey təmənnasında deyiləm, fabrikdə çalışaraq həyatımı təmin edirəm, xəstə bir azəri türkü üçün yardımınızı əsirgəməyin” dedim. Amma Topçubaşov pulu olmadığını söyləyib yardım xahişimizi rədd etdi, Rəsulzadə isə sadəcə 3 dollar göndərdi. (Y.V.Çəmənzəminli, əsərləri, 3-cü cild, Bakı-1977)
İndi siz fikir verin, xarici dövlətlərdən alınan qrant pulları ilə villalarda yaşayıb kurortlarda istirahət edənlər öz silah yoldaşlarının müalicəsi üçün heç qara qəpiyə də qıymadılar və nəticədə sözügedən şəxs xəstəlikdən öldü. Öz dostlarından, silahdaşlarından qəpik-quruşu əsirgəyənlərin guya millət naminə “əzablı” mühacir həyatı yaşadəqlarıyla bağlı medianın uydurduğu sentimental hekayələr adamda acı ikrah hissindən başqa heç bir hiss doğurmur. Amma bənzər situasiyalarda siz kommunistlərin necə davrandıqlarına fikir verin. Müsavatçıların bəyənmədiyi Məşədi Əzizbəyov inqilabçı dostlarının həbsdən girov qarşılığında buraxılması üçün pul toplayanda öz evini banka girov qoyaraq pul götürüb dostlarını həbsdən çıxarmışdı. Əzizbəyov bənzər hərəkətləri dəfələrlə öz fəhlə yoldaşlarının problemlərini həll etmək, aktyor Sarabskinin evinin bank tərəfindən müsadirə olunmasının qarşısını almaq üçün etmişdi. Belə ki Sarabski banka evini girov qoyub borc pul götürür, pulun faizini vaxtında ödəyə bilmədikdə isə bank aktyorun evini müsadirə etmək, əlindən almaq istəyir. Məşədi Əzizbəyov Sarabskinin əvəzindən borcu ödəyərək aktyorun evinin əlindən alınmasına yol vermir.
Bəli, kommunist əxlaqı insanlarda belə altruist kollektivçi, ictimai mənafeni öz şəxsi qazancından üstün tutan keyfiyyətləri formalaşdırdığı halda, bəy-xan dünyagörüşü olan müsavatçılıq insanlara eqoizm, xudpəsəndlik, cılız şəxsi tələbatlarının ödənilməsini başqalarının yaşamaq hüququndan üstün tutan rəzil xüsusiyyətlər aşılayır. Məsələn, Topçubaşov Parisdə bahalı villada yox, sadə bir evdə də yaşaya bilərdi, bundan qənaət etdiyi pullarla mühacir dostlarına kömək edərdi, onların həyatlarını xilas edə bilərdi. Amma o belə etmir, villada yaşamağı silahdaşının həyatından üstün tutur. Çünki o bir bəydir, ona mütəvazi evdə yaşamaq alçaqlıq gətirər, o villada yaşamalıdır, hər kəsə önəmli şəxs olduğu hissini təlqin etməlidir, başqaları harada ölürsə-ölsün, onun üçün fərq etməz. Bu rəzil, mürtəce dünyagörüşün daşıyıcısı olan birisinin guya 1918-20-ci illərdə Paris Sülh Konfransında Azərbaycan naminə iş aparması, sonra isə guya Azərbaycanın dərdləriylə yaşaması cəfəngiyyatdır. Topçubaşov 1918-20-ci illərdə Parisdə ancaq özü üçün, öz şəxsi lüks həyatının təminatı üçün çalışıb və sonrakı mühacir həyatının dəbdəbəsi də bunu bariz şəkildə sübut edir. Topçubaşov Paris Sülh Konfransı adıyla Parisdə özü üçün şərait qurub-yaratmaqla məşğul idi.
Yusif Vəzir Çəmənzəminli bütün bu iyrəncliklərin şahidi olandan sonra müsavat firqəsindən imtina edərək Sovet vətəndaşlığını qəbul edir. Çəmənzəminli yazırdı: “Əgər Məmməd Əminlər Azərbaycanda feodalizmin zühuruna və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa, əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş (köhnəlmiş-red.) idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz”. (yenə orada)
Şəki hadisələri zamanı Bəhrambəyin qardaşı qızı komsomolçu Züleyxanın, banditlərlə qarşıdurmada fanatikcəsinə mübarizə edərək ölən Bilallı qardaşlarının timsalında Azərbaycan Sovet gəncliyi bir daha sübut etdi ki, kommunizmə olan inamı heç nə ilə, ölümlə də sarsıtmaq olmaz. Dövlət Siyasi İdarəsinin müvəkkili Qasımov Baş Göynük kəndində banditlər tərəfindən edam edilməmişdən bir neçə dəqiqə öncə, ölümqabağı dediyi sözlər görkəmli kommunist inqilabçı Salam Adilin “kommunizm elə güclüdür ki, hətta ölümə də qalib gəlir” sözlərini təsdiqləyəcək xarakterdəydi. Qasımov edamından öncə cəlladlara üzünü tutaraq dedi: “Sovet hökuməti var və olacaqdır”.
Kommunizmə olan bu inamı, cənab Manaflı, 3 kq manpası konfeti və 2 qutu çayla yaratmaq mümkün deyildi, hansı ki bu cənab iddia edir ki, guya Kommunist Partiyasına üzv olanlara kommunistlər konfet, çay vəd edirlərmiş. Təbii ki bu Manaflının Molla Mustafaların kəndlilərə ərzaq paylayaraq “Türkiyədən aeroplanla indicə gəlib” deyərək onları təxribata sürükləməsi kimi rüsvayçı faktları ört-basdır etməsi üçün işlətdiyi manevrlərdir və uydurmadan başqa bir şey deyil.
Manaflı yazır ki, 1930-cu il Şəki hadisələri ərəfəsində on minlərlə əhalinin yaşadığı bir rayonda Kommunist Partiyasının cəmi 800 nəfər üzvünün olması bir daha sübut edir ki, kommunistlərin əhali arasında nüfuzu zəif idi. Amma Manaflı unudur ki, Sovet hakimiyyəti yerlərdəki nüfuzu ancaq Kommunist Partiyasının üzvlərinin sayıyla ölçülmürdü, bunun üçün Yoxsul Komitələri, Həmkarlar Təşkilatları, Sovet üzvləri, kənd kolxoz fəalları və s. bu adda onlarla təşkilat mövcud idi- bu qurumlarda on minlərlə insan təmsil olunurdu. O ki qaldı partiya üzvlərinin sayına, burada kəmiyyətdən çox keyfiyyət əsas götürülürdü. Sovet hakimiyyəti tərəfdarları içindən ancaq illərlə sınaqdan çıxmış, ən etibarlı olanları Kommunist Partiyasına qəbul olunurdular və vaxtaşırı minlərlə insan təmizləmələr nəticəsində partiyadan xaric olunurdular.
Leninin belə bir tezisi vardı: “Az olsun, yaxşı olsun”. Siz fikir verin, 1989-cu ildə Azərbaycan Kommunist Partiyasının 500 min, yəni yarım milyon üzvü var idi, hələ qapıları tam açsaydılar həddi-buluğa çatmış milyonlarla insan “partbiletə” sahib olmaq üçün partiyaya keçərdilər. Amma nə fayda: keyfiyyət vardımı, Bağırovun vaxtındakı dəmir partiya intizamı var idimi? Yox! Ona görə də Azərbaycan Kommunist Partiyasının 20 min üzvü olanda Sovet hakimiyyətini hər cür daxili və xarici müdaxilədən qoruya bildi, çünki kommunistlərin şəxsi keyfiyyətləri yüksək idi. Lenin demişkən, az idi, amma yaxşı idi. 80-90-cı illərdə isə say yüz minlərlə ifadə olunsa da keyfiyyət aşağı düşmüş, vəzifə, karyera naminə partiya biletini puluyla satın alanlar dövrü gəlmişdi. Ona görə də yarım mılyon kommunist Sovet hakimiyyətini saxlaya bilmədi.
Gərək ki, Manaflı kimiləri müqayisədən nəticə çıxarsınlar ki, 800 nəfəri zəiflik yox, güc kimi görə bilsinlər.
Lakin əsas olan budur ki, 60 min əhalinin yaşadığı Şəki rayon mərkəzində qəsdçilərə heç 60 nəfər də qoşulmadı. Bu isə bir daha sübut etdi ki, yalan və hiylə üzərinə səhnələşdirilmiş bu tragedik tamaşada kütləvi səhnələrin çəkilişi üçün oyunçu qıtlığı var və bu özünü qəsdin ilk günündən etibarən göstərdi. Yerli xalqın dəstəyindən məhrum olan qəsdçilər elə ilk qarşıdurmadan sonra dağılışaraq dağlara və meşələrə qaçdılar.
1930-cu ilin aprelində M.C.Bağırov Şəki İcraiyyə Komitəsinin qarşısında əhaliyə xitabən banditlər tərəfindən edam edilmiş Qasımovun ölümqabağı dediyi sözlərə vurğu edərək deyir: “Sovet hökuməti var və olacaqdır. Leninin göstərdiyi parlaq gələcək uğrunda mübarizə aparanların sırası daha da sıxlaşır”.
Manaflı Bağırovun bu çıxışından gətirdiyi bu iqtibası kinayəli bir tərzdə: “Görəsən hansı parlaq gələcəkdən bəhs olunurdu, məgər kommunistlərin xalqa vəd etdikləri parlaq gələcək elə 1937-ci il represiyaları deyildimi?” deyə sual edir.
Bəli, cənab Manaflı, tam şüurlu surətdə deyirəm ki, kommunistlər xalqa 1937-ci ili vəd edirdilər, o 37-ci ili ki, Azərbaycan tarixində ilk dəfə geridə qalmış aqrar ölkədən iri maşınlı sənaye respublikasına çevrilmişdi. O 1937-ni vəd edirdilər ki, həmin ildə Azərbaycan iqtisadi inkişaf səviyyəsinə, məhsul istehsalının həcminə, iqtisadiyyata yönəldilən kapitalın həcminə və elektrik enerjisi istehsalına görə Sovet İttifaqında bütün respublikaları geridə qoyaraq Rusiya və Ukraynadan sonra 3-cü olmuşdur. O 37-ci ili vəd edirdilər ki, yarım milyondan çox uşaq məktəblərdə təhsil alırdı və bu şagird kontingentinin sayına görə Azərbaycan bütün müsəlman dövlətlərini, hətta Türkiyə, İran, İraq kimi böyük müsəlman dövlətlərinin birgə ümumilikdə göstəricisindən daha üstün idi. O 37-ci ili ki, müsəlman Şərqində Azərbaycan ən çox tələbə və şagird təhsil alan ölkəydi. O 37-ci ili ki, müsəlman ölkələri arasında Azərbaycan təhsilə ən çox vəsait xərcləyən ölkə idi. O 37-ci ili ki, Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayına görə hətta Hollandiya, Belçika, Norveç kimi Avropa dövlətlərini açıq fərqlə üstələyirdi. O 37-ni vəd edirdilər ki, Azərbaycanda metro tikintisinin layihəsi hazırlananda müsəlman ölkələrinin heç birində adicə tramvay xətti yox idi- amma Azərbaycanda ilk tramvay xətti 1926-cı ildə istifadəyə verilmişdi ki, bu SSRİ-də və bütün Şərqdə ilk tramvay xəttiydi. Azərbaycanda ilk elektrikləşmiş dəmiryol xətti istifadəyə veriləndə nə SSRİ-nin digər regionlarında, nə də Şərqdə heç bir dövlətdə elektrik dəmiryol xətti yox idi.
Bəli, Bağırov başda olmaqla kommunistlər Azərbaycan xalqına belə bir 37-ci il, belə bir parlaq gələcək vəd edirdilər. Amma Manaflının “qəhrəmanları” Azərbaycanda başqa bir 37-ci ilə də rəvac verdilər- represiyalar. Kim düşünürsə ki, represiya kommunistlərin ortaya atdığı bir iş idi, tamamən yanılırlar. 37-ci il Bəhrambəy Nəbibəyovların, Molla Mustafaların, Mustafabəy Əlicanbəyovların, Rəsulzadə və Topçubaşovların xarici xüsusi xidmət orqanlarından alınan pulların qarşılığında kolxozları dağıdıb yandıran, kommunistləri terrorla qətlə yetirənlərin cinayətkar fəaliyyətinə qaşı Sovet dövlətinin tam qanunauyğun cavab reaksiyasıydı.
Şəkinin keçmiş bəyi Mustafabəy Şəki iğtişaşları zamanı həbs olunarkən adbaad hansı partiya və dövlət orqanlarında kimlərin onlarla əlbir olduğunu, kimlərin onlara işlədiyini etiraf etdi. Qolçomaq Sadıqbəy Balacayev Molla Mustafayla görüşü barədə ifadəsində onu da etiraf edirdi ki, qonşu otaqdan bir neçə nəfərin səsini eşitdim, səsindən öz həmkəndlim Şabanı (Mahal İH-nin başçısı Ağamirovun kürəkəni) tanıdım. Bundan başqa Şabanın orada olmasını Xəlil (ev sahibi) özü də təsdiq elədi... Mən Molla Mustafadan qonşu otaqda oturanlar, xüsusilədə Şaban haqqında soruşanda Molla Mustafa “onu haradan tanıyırsan, bəlkə bu işdə Ağamirov özü də iştirak edir) deyə cavab verdi”. (H.Manaflının sözügedən kitabından).
Budur 30-cu illərdə repressiyaları doğuran şərait. Ortada minlərlə terror aktı, sabotaj var, hansı ki bir ucu İstanbula, Parisə gedib çıxır, digər ucu isə yerli hakimiyyət orqanlarına. Xarıcdən dəstəklənən terror təşkilatları yerli dövlət orqanlarına və digər qurumlara sızmışdılar. Bu sadəcə şübhə deyildi, istintaq materiallarıyla təsdiqlənən fakt idi. Bu fakt qarşısında qalan Sovet hökumətinin tam qanunauyğun hüququ idi ki, bu əks-inqilabi ünsürləri partiya və dövlət orqanlarından təmizləsin və təmizlədi də. 30-cu illərin sonlarında əks-inqilabın bütün məxvi strukturları çökdürüldü.
Şəki iğtişaşlarını təşkil edən “Xalq Azadələri Firqəsi” xaricdən idarə olunurdu və onun Türkiyə qanadına Kazım Qarabəkir Paşa rəhbərlik edirdi. Hər halda həbs olunmuş bəzi banditlər öz ifadələrində bunu vurğulayırdılar. Təbii ki Qarabəkir kimi Türkiyədə nüfuz sahibi olan birisinin Şəkidəki iğtişaşlarda əlinin olması faktı üzə çıxandan sonra heç şübhəsiz Türkiyəylə əlaqələri olan bəzi ziyalılar, yazıçılar da şübhəlilər siyahısına düşərək nəzarətə götürüldülər. Ələlxüsus da H.Cavid kimi öz dilində yazmağı ar bilərək osmanlı dilində “gəliyorum”, “gediyorum” yazanlar izlənməliydilər.
Bu gün bizim bir çox ədəbiyyatşünaslarımızın, filoloqlarımızın yazılarını oxusanız 37-ci ildəki represyalara haqq qazandırarsınız. Məsələn, hər kəs yaxşı bilir ki, Cəfər Cabbarlı əvvəl müsavatçı olsa da Sovet hakimiyyəti qurularkən inqilabın tərəfinə keçir, Azərbaycanda Sovet dramaturgiyasının əsasını qoyur, Yazıçılar İttifaqına rəhbərlik edir və öz əcəliylə vəfat edir. Müasir tədqiqatçılar dəridən-qabıqdan çıxaraq əsaslandırmağa çalışırlar ki, Cəfər Cabbarlı Sovet dövründə gizli müsavatçı olmuş, sətiraltı sözlərlə öz ideyalarını təbliğ etmişdir. Hətta iddia olunduğuna görə Sovet hakimiyyəti qurulduqdan sonra müsavatın sonuncu iclası gizli şəraitdə C.Cabbarlının evində keçirilib. Çox yox, elə bu tədqiqat əsərlərindən birini 37-ci ildə müstəntiqlərin stolunun üstünə qoysaydınız Cəfər Cabbarlı güllə qabağına gedərdi, çünki sözügedən yazıçıların gizli müsavatçı olması, əks-inqilabi fəaliyyətləri kommunistlərin uydurması yox, müasir ədəbiyyatşünasların bəzilərinin gəldiyi elmi nəticədir. Olsun ki Cabbarlı əcəliylə öldü, represiyaları görmədi, amma Cavid, Müşfiq bu prosesləri gördülər. Bu gün Cavidin, Müşfiqin, Cabbarlının “millətçi”, “türkçü”, “antikommunist”, “əksinqilabçı” olduğu barədə cild-cild kitab yazan alimlərin babaları elə bu qəbildən danosları yazıb müstəntiqlərin qabağına qoyurdular, üzlərinə dururdular, nəticə isə hər kəsə məlumdur. Məgər buna görə Sovet hökuməti günahkar idi?
İndi bəziləri deyirlər ki, “heç nədən millətin qaymaqlarını 37-ci ildə güllələdilər”. Fikir verin, “heç nədən”, amma sonra da başlayırlar cild-cild kitablar yazıb fəxr etməyə ki, Cabbarlı, Cavid, Müşfiq və s. əks-inqilabçı idilər, türkçü idilər, Sovet hökumətinə qarşı gizli mübarizə aparırdılar. Cənablar, məgər bu 37-ci ildə “heç nə” idi? Bu o zaman vətənə, dövlətə, xalqa xəyanət, xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunan Topçubaşov, Rəsulzadə kimiləriylə eyni cəbhədə yer almaq demək idi. Sizlərin bu gün Cavidləri, Müşfiqləri gizli müsavatçı, türkçü, nə bilim nəçi kimi qələmə verən monoqrafiyalarınız, tədqiqat əsərləriniz bir daha 30-cu illərdə sözügedən şəxslərə qarşı çıxarılmış məhkəmə hökmlərinin doğru olduğunu təsdiq edir. Mən deyə bilmərəm monoqrafiyalarda, elmi tədqiqat əsərlərində, elmi publisistik yazarlarda irəli sürülən bu qəbildən fikirlər nə dərəcədə əsaslıdır, hər halda buna görə alimlik dərəcəsi alanlar varsa deməli iddialar əsassız deyil.
Müasir dövr tədqiqatçılarının bəziləri əsərlər yazıb iddia edirlərsə ki, “Cabbarlı gizli müsavatçı olub”, bu o deməkdir ki, Yazıçılar Ittifaqının rəhbərliyi səviyyəsinə qədər “gizli müsavatçılar” nüfuz edə bilmişdilər- belə olan təqdirdə, beynəlxalq təcridlə üz-üzə qalmış, hər an əks-inqilabi müdaxilə reallığıyla yaşayan bir ölkədə bu qəbildən faktlar DTK-nın nəzərlərindən kənarda qala bilməzdi. Partiya və dövlət orqanlarında, təşkilat və müəssələrdə təmizləmələr qaçılmaz idi. Sovet hakimiyyəti yaxınlaşan dünya müharibəsi ərəfəsində cərgələrini saf-çürük etməli, qüvvələrinə baxış keçirməliydi.
Etibarsız hesab olunanlar, xarici əks-inqilabi alyansla əlaqədə şübhəli bilinənlər, bu və ya digər formada inqilaba arxadan zərbə endirməyə hazır olanlar zərərsizləşdirilməliydilər. Əks təqdirdə 1941-45-ci illər dünya müharibəsində qələbə mümkünsüz idi.
Mən çox istərdim ki, Cavid, Müşfiq kimi ziyalılar həqiqətən də günahsız olaydılar- onda səsimiz yetən qədər bərkdən qışqıraraq bu günahsız qurbanlara görə bütün Azərbaycan ictimaiyyətindən üzr istəyərdik. Çünki biz kommunistlərin buna mənəvi gücü çatardı- biz hər zaman səhvlərimizi etiraf etməyi bacarmışıq. Amma bu gün bunu edə bilmirik, o səbəbdən ki, ortada Bəxtiyar Vahabzadə nümunəsi var. Bəxtiyar Vahabzadənin “Şəki üsyanı” kitabına yazmış olduğu ön sözü oxuyanda ağlımdan sadəcə bu sözlər keçdi: “Hayıf, çox hayıf ki, kommunistlər 1987-ci ildə “37”-ni təkrar edə bilmədilər”.
Bəxtiyar Vahabzadə Manaflının “Şəki üsyanı” kitabına yazmış olduğu ön sözdə deyilirdi: “Şəki şəhərində 30-cu il iğtişaşı zamanı həlak olmuş kommunistlərə Sovet vaxtı abidə qoyulmuşdu və mən hər dəfə Şəkiyə getdiyim zaman həmin abidənin önündən keçəndə orada yatanlara (kommunistlərə-red.) lənət, xalqın haqqı uğrunda canlarını qurban verən, güllələnən, sürgünə göndərilən Bəhram bəylərin, Mustafabəy Əlicanbəyovların, Qaçaq Abbasların, Nəcməddin Əfəndilərin, Kar Xuduların və Şeyxzadələrin ruhuna rəhmət oxuyuram”. Sonra isə fikirlərini davam etdirərək yazır: “Biz bu gün görürük ki, həqiqətən də mayasında allahsızlıq olan bayrağın altında yalnız satqınlar yaşaya bilib”. (H.Manaflının sözügedən kitabından).
İndi görün, Sovet hökuməti qoynunda kimləri bəsləyib. Az qala yarım əsr cibində Sovet İttifaqı Kommunist Partiyasının biletini gəzdirmiş, Ali Sovetdə deputat olmuş, Sovet süfrəsinin ən mötəbər yerində əyləşib ən yağlı tikələri yemiş birisi indi “əqidəsinə sədaqəti” hansı cümlələrlə ifadə edir! Sovet vaxtı məktəb dərsliklərindən tutmuş hər yerdə şəklini görməkdən gözümüz, adını oxumaqdan dilimiz mazol olmuş bu şəxs özünü hər kəsə “vicdanlı” kommunist kimi tanıdıb, qırmzı bayraq ordeninə layiq görüldüyü halda, Sovet hakimiyyəti süqut etdikdən sonra üzündəki maskanı çıxardaraq gerçək “çopur” simasını bizlərə göstərir və bir andaca gözlərimiz önündə “ziyalı” kommunist görkəmi əvəzinə Çopur Məmmədlərin əqidə qardaşı durur. Sən demə Partbilet altında kolxozları yandırıb kolxoz fəallarını öldürən, müəllimləri, kommunistləri qətlə yetirən Bəhrambəylərin, Molla Mustafaların mənəvi davamçısı gizlənirmiş. Tək Bəxtiyar Vahabzadəmi belə etmişdir? Tək olsa dərd yarıydı; Sovet vaxtı ən yağlı tikələri yeyib, sözün əsl mənasında inqilabın feyzlərindən doya-doya bəhrələnənlərin əksəriyyəti belə çürük çıxdı.
İndinin Bəxtiyar Vahabzadələri dünənin Cavidləriydi. Kim ki düşünür ki, Sovet hökuməti Hüseyn Cavidə qarşı haqsızlıq edib, onda Cavidin ev muzeyini ziyarət etsin və başını qaldırıb baxsın görsün ki, Sovet hökuməti Cavidi necə bir binada yaşadırdı! Bir zamanlar milyonçuların yaşadığı bir binada bu gün Cavidin ev muzeyi yerləşir. Bu gün həmin evin bazar qiyməti yüz min dollarlarla ifadə olunur. Sovet hakimiyyəti 1927-ci ildə Cavidi 6 ay Almaniyada müalicə etdirdi, teatrlarda ən çox Cavidin əsərləri oynanıldı. Bəs Cavid Əfəndi necə, bu diqqət və qayğının qarşılığında nə etdi? Fəhlə-kəndli hakimiyyəti haqqında bircə kəlmə də yazmadı. Yazdı Topal Teymurdan, yazdı İldırım Bəyazitdən, yazdı orta əsrlərin fatehlərindən. H.Cavid Azərbaycan xalqının və Azərbaycan dilinin mövcudluğunu inkar edir, bütün əsərlərini Osmanlı türkcəsində qələmə alırdı və buna görə başda Səməd Vurğun olmaqla ziyalılar tərəfindən haqlı olaraq tənqid atəşinə tutulurdu. İndi bu gün Cavidi bütləşdirənlər, “millətin qaymağı” hesab edənlər unutmasınlar ki, “qaymaq” bu milləti inkar edirdi- həm də bunu elə bir vaxt edirdi ki, Türkiyə SSRİ-yə qarşı ərazi iddiaları irəli sürür, SSRİ-yə qarşı Avropa dövlətləri ilə birləşir, Azərbaycanda törədilmlş bir çox iğtişaşlarda Türkiyənin nüfuzlu şəxslərinin əlini olması faktı üzə çıxırdı. Belə bir şəraitdə Cavid osmanlı türkcəsiylə əsərlər yazır, Osmanlıya olan simpatiyasını hər vəchlə dilə gətirirdi- bu isə DTK-nın diqqətindən yayına bılməzdi. Həm də nəzərə almaq lazımdır ki, Şəki iğtişaşları zamanı qəsdçilərin əhali arasında təbliğ etdikləri əsas ideya “Böyük Türkiyəylə qovuşmaq” məsələsiydi ki, bu da Cavidin əsərlərində təbliğ etdiyi fikirlərlə yaxından səsləşirdi. Bir sözlə, Molla Mustafaların, Bəhrambəylərin deyib-danışdıqlarını H.Cavid dramaturji bir dillə ifadə etməyə çalışırdı. Mən bununla heç də Cavid kimi bir dramaturqu Bəhrambəy, Mustafabəy, Molla Mustafa kimi banditlərlə tərəzinin eyni gözünə qoymaq istəmirəm- bu belələri üçün çox böyük bir şərəf olardı. Sadəcə olaraq fikrimin əsas məğzi odur ki, Şəki hadisələri kimi iğtişaşlar istəsək də-istəməsək də Cavid kimi düşüncə adamlarını da şübhəlilər siyahısına salırdı.
Həm də heç kəs düşünməsin ki, 30-cu illərdə ancaq ziyalılar repressiyaya məruz qalırdılar, yox, ziyalı təbəqə repressiyaya məruz qalmışların heç 1%-ni də təşkil etmirdi- amma nədənsə kimlərsə ancaq bu 1%-i qabardır, çünki bunun ətrafında yaxşı dramatik şou yaratmaq mümkündür. Biz heç də o iddiada deyilik ki, guya repressiyalarda güllələnən, həbs edilənlərin hamısı aldığı cəzaya layiq idi, yox, əlbəttə haqsızlıqlar, bilərəkdən və ya bilməyərəkdən buraxılmış xətalar da istisna edilmir. Amma ümumilikdə 30-cu illərdə repressiyalar qaçılmaz zərurət idi, əks halda Azərbaycan xalqı əks-inqilabın kütləvi qırğınlarıyla üz-üzə qalacaqdı. Fikir verin, Molla Mustafanın və Mustafabəyin bandası hələ iğtişaşlardan əvvəl əhalini açıqdan-açığa hədələyici vərəqələr yayırdılar. Belə vərəqələrin birində deyilirdi: “Sovet hakimiyyəti xarici dövlətlərin təzyiqinə tab gətirməyib tezliklə yıxılacaq və bu gün bizə qarşı olanları sabah yaxşı aqibət gözləmir”. Bəli, xalqla belə ultimatum dilində danışanların hakimiyyətə gələcəyi təqdirdə düşünürsünüzmü nələr olacaqdı? Nələr olacaqdısa, bunun kiçik bir nümunəsini Bəhrambəylər 1930-cu ilin cəmi bir neçə günü ərzində Şəkidə əyani surətdə nümayiş etdirdilər -kommunistlər, komsomol fəalları, kolxozçular, müəllimlər- hamısı da silahsız, evindən çıxarılaraq küçədə, hamının gözləri qarşısında güllələnirdilər. Sadəcə iki gün ərzində bir rayonda 27 nəfər insan banditlər tərəfindən qətlə yetirildi, bundan əvvəl daha 7 nəfər müəllim, hətta bandit Bəhrambəyin qardaşı qızı, müəllimə olan komsomolçu Züleyxa Bəhrambəyova da onların sırasında qətlə yetirildilər. İndi siz bu qırğının miqyasını bir az genişləndirib bütün Azərbaycana yayın və bu prosesi bir neçə günlə yox, bir neçə illərlə davam etmiş zənn edin- əks-inqilab hakimiyyətə gələcəyi təqdirdə nə qədər insan məhv edərdi? Əgər iki günə bir rayonda 27 nəfəri qətlə yetiriblərsə və Azərbaycanda təqribən 60 rayon mərkəzinin olduğunu nəzərə alsaq, orta hesabla çox yox, sadəcə bir ilə ən azı 200 min insanı məhv edərdilər. Əgər bu rəqəm kimlərəsə mümkünsüz kimi görünürsə, 1918-20-ci illərdə Azərbaycanda 400 min insanın məhvini xatırlasınlar, Mannerheymin balaca Finlandiyada cəmi bir neçə ilə 150 minə qədər insanı məhv və ya sürgün etdiyini düşünsünlər- onda yüz minlərlə insanı məhv etmiş əks-inqilabın nə demək olduğunu daha yaxşı təsəvvür edə bilərlər.
Öz doğma qardaşı qızını, komsomolçu olduğu üçün, müəllim olduğu üçün qətlə yetirən Bəhrambəylərin özgə insanlarla necə rəftar edəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bir də siz düşünün ki, 30-cu ildə bu qanlı cinayətləri törətmiş Bəhrambəylər, Molla Mustafalar 1941-ci ilə qədər maskalanıb yaşaya bilsələr, nələr baş verəcəkdi. Plan beləydi ki, Hitler Almaniyasının SSRİ-yə hücumunun sabahı günü Bəhrambəylər daxildə qətliamlara başlayacaqdılar. 1930-cu ildə məhdud bir dəstəylə rayon mərkəzinə soxulub Sovet hakimiyyətini devirməyə təşəbbüs göstərənlərin, 1942-ci ildə faşist qoşunlarının Qafqazda Mazdoka qədər irəliləyəcəyi təqdirdə xarici əksinqilabla birləşmək üçün hansı vəhşilikləri edəcəkləri o qədər də çətin təsəvvür olunan bir şey deyil.
Sovet hakimiyyətinə arxadan xəncər vurmaq üçün xaricdən sadəcə bir siqnal, bir hərəkət gözləyən qüvvələr 1930-37-ci illərdə tamamilə sıradan çıxarıldılar. Bakının açarlarını Hitler generallarına sinidə təslim etməyin planlarını quranların, xəyanətkar “beşinci kolonun” tam tərksilah edilib təsirsiz vəziyyətə salınması 30-cu illər represiyasının ən böyük uğuru idi. 1941-45-ci illərdə Hitlerin Azərbaycan daxilində cəsus şəbəkəsi və “partizan” hərəkatı təşkil etmək niyyətinin, neft mədənlərini partlatmaq planının uğursuzluğa düçar olması məhz 37-ci illərin qələbəsiydi, 41-45-in yox. 1942-ci ildə Hitler qoşunlarına Azərbaycanın qapılarını taybatay açacaq əllər 30-cu illərdə kəsilmişdi. Xaricdən Fətəlibəyli Düdənginskilərin daxildə Bəhrambəylərlə birləşəcəyi təqdirdə Sovetlər ölkəsi faşizm qarşısında heç bir ay da tab gətirə bilməzdi. 41-45-ci illərdə satqın faşist generalı rütbəsinə layiq görülmüş Fətəlibəyli Düdənginskilər oldu, amma onların uzanan əllərini daxildə sıxacaq Bəhrambəylər yox idilər, faşistlər gələndə onlar ya türmədəydilər, ya da torpaq altda. Rusiyalı müəllif V.Karpov özünün “Generalissimus” kitabında maraqlı bir müqayisə aparır. O müharibədən əvvəl İngiltərə, Fransa, Hollandiya, Belçika birləşmiş müttəfiqlər koalisiyasının hərbi-texniki göstəricilərini Hitler Almaniyasının anoloji göstəriciləriylə qarşılaşdırır və məlum olur ki, müttəfiqlər istər canlı qüvvə, istərsə də ağır texnika baxımından faşistlərdən üstün olsalar da onlar nasistlərin işğalına heç bir ciddi müqavimət göstərə bilmədilər. Belə ki Fransa kimi güclü bir dövlət Almaniya qarşısında cəmi 42 gün davam gətirərək süqut etdi. Amma müharibə başlayarkən Almaniyadan 3-4 dəfə zəif olan SSRİ müharibəni uddu. Karpov sual edir, nə üçün? Çünki müttəfiq ölkələrdə, xüsusilə də Fransa hərbi elitası arasında nasistlərlə əməkdaşlıq edən çoxsaylı satqınlar -hansı ki onları adətən “beşinci kolon” adlandırırlar- var idi, amma SSRİ 30-cu illər repressiyasında sözügedən xəyanət kolonunu tamamilə sıradan çıxarmışdı. İndi artıq bir çox müəlliflər ABŞ-ın 1936-38-ci illərdə SSRİ-də səfiri olmuş Cozef Devisin belə bir qənaətini paylaşmaqdadırlar ki, 30-cu illər repressiyası göründüyü kimi vəhşilik, qisas kompaniyası yox, Sovet rəhbərliyinin uzaqgörən siyasəti olmuşdur, elə bir siyasəti ki, kommunistlərə 1941-45-ci il müharibəsini 37-ci ildə udmağa imkan vermişdi. ABŞ diplomatı C.Devis yazırdı ki, Stalin müharibəni 37-ci ildə uddu- əgər o müharibə öncəsi təmizləmələr aparmasaydı Sovetlərin aqibəti Fransadan heç də fərqli olmayacaqdı.
Məsələn, elə götürək Tuxaçevskinin məhkəmə prosesini. Məlumdur ki, bu şəxs Sovet hakimiyyətinin Rusiyada qələbəsi üçün çox böyük işlər görmüşdü, amma 30-cu illərdə onun alman hərbi elitasıyla əlaqələri ifşa edildi və faktlarla sübuta yetirildi. İngilis tədqiqatçısı Bill Blande yazır ki, əgər Tuxaçevski vaxtında həbs olunmasaydı, elə birinci zərbədəcə faşistlər Moskvanı ələ keçirəcəkdilər. Trotski-Tuxaçevski-Hitler planına görə SSRİ-nin bir hissəsi şüurlu şəkildə Almaniyaya təslim edilməli, Stalin devrilməli, qalan coğrafiyada isə Almaniyayla təslimçi sülh müqaviləsi imzalamış revizionistlərin rejimi başda Trotski olmaqla bərqərar edilməliydi. Amma 30-cu illər repressiyası revizionistlərin planını pozdu.
Bu gün bir çoxları Tuxaçevskinin oktyabr inqilabı zamanı oynamış olduğu rolu şişirdərək belə bir yanlış görüntü yaratmağa çalışırlar ki, guya repressiya ən əqidəli “Lenin qvardiyası” deyilən kommunist nəslini məhv etmişdir. Amma istintaq materialları sübut etdi ki, 20-ci illərdə inqilab üçün çalışmış bir sima 30-cu illərdə Trotskinin fitvasıyla SSRİ-nin 1/3-ni alman faşistlərinə güzəştə getməyə hazırlaşırdı. Bill Blande yazır ki, Tuxaçevskinin alman faşistlərini tərifləyən, onların yenilməzliyini mədh edən tostları Fransa qəzetlərində belə dərc olunurdu.
Eyni nəticələri Azərbaycanda aparılmış represiyalar haqqında da söyləmək olar. Məgər bu fakt deyilmi ki, faşistlər SSRİ-yə hücum edən kimi Rəsulzadə nasistlərin xidmətində durdu və “milli” legionların yaradılması üçün faşistlərdən böyük məbləğdə pullar aldı. Sual olunur, Rəsulzadənin fəaliyyəti 1941-45-ci illərdə nə üçün xariclə məhdudlaşdı? 1920-30-cu illərdə Azərbaycan daxilində iğtişaşlar təşkil edib qarşılığında xüsusi xidmət orqanlarından qrant alan bu şəxs nə üçün eyni fəaliyyəti 1941-45-ci illərdə göstərə bilmədi? Cavab aydındır, çünki 1930-cu illər represiyaları zamanı bütün əksinqilabi təşkilatlar, qurumlar və bu iş üçün istifadə olunan kadrlar sıradan çıxarılmışdı. Ona görə də Rəsulzadənin Azərbaycan daxilində əməkdaşlıq edəcəyi heç bir təşkilatlanma mövcud deyildi. Onların istifadə edəcəyi “xammal” ancaq əsr düşmüş azərbaycanlılar ola bilərdi ki, bu səbəbdən də Böyük Vətən müharibəsində Rəsulzadənin fəaliyyəti ancaq xaricdə legionlar təşkil etməklə məhdudlaşdı. Onların Bakı mədənlərində partlayışlar törətmək üçün hazırladıqları diversant qruplar isə daxıldə istinad nöqtəsi tapa bilməyərək tezliklə SMERŞ (KQB-nin “Cəsuslara ölüm!” təşkilatı) tərəfindən ovlandılar.
Amma kommunistlər 30-cu illərdəki qətiyyəti 80-ci illərdə göstərə bilmədilər. 1930-cu illər Şəki iğtişaşlarını araşdırarkən məndə belə bir əqidə daha da möhkəmləndi ki, 80-ci illərdə 37-nin təkrar edilməsi çox yerində bir addım olardı; olsun ki bir neçə min Qorbaçov, Yakovlev, Vəzirov, Mütəllibov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Əbülfəz Əliyev, Şevernadze, Heydər Əliyev kimilərinin kəlləsi gedəcəkdi, amma əvəzində böyük bır dünya güc mərkəzi dağılmaqdan xilas olacaqdı. Bəlkə də mənim gəldiyim bu nəticə bir çox oxucuların nəzərində antihumanist fikir təəssuratı yaradacaq, amma bu antihumanist olsa da həqiqətdir,- 80-ci illərdə 37-nin təkrarı olmalıydı. QKÇP 1991-ci ildə yox, 1985-ci ildə həyata keçirilməliydi.
Mənim bu fikirlərimdə radikallıq, qəddarlıq elementləri axtarmaq istəyən “humanistlərdən” soruşuram: Sovetlərin dağılmasından bizlərə miras qalmış bir tək Qarabağ problemi 30 min Azərbaycan vətəndaşının məhvinə, yüzlərlə kəndin, şəhərin viran edilməsinə, bir tək Qarabağın ölkə iqtisadiyyatına 50 milyard dollar iqtisadi ziyan vurmasına, 1 milyona qədər insanın qaçqın, köçkün düşməsinə səbəb olmadımı? Hələ bu ancaq bir problemin həyatımızda yaratdığı faciələrdir.
Bu qədər ağrı-acıları yaşamaqdansa Qorbaçov, Yakovlev, Vəzirov və s. adlarını çəkdiyim bir neçə yüz, bir neçə min satqının kəlləsinin getməsi daha yaxşı olmazdımı? Bir tək Qarabağ münaqişəsindəki insan itkilərimiz 30-cu illərdəki repressiyalar zamanı yaşanmış insan tələfatlarından daha çox deyilmi? ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-nin kiçik dövlətlərə parçalanma layihəsinin icrası üçün məgər 30 min insanımızı qurban vermədikmi? Qarabağ problemini kim milli münaqişə kimi yozursa yanılır, bu problem vaxtıyla Sovet İttifaqını parçalamaq üçün süni surətdə yaradılmışdı və bu gün də yaranmış kiçik qurumları idarə etmək üçün istifadə edilir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış “SSRİ-nin kommunistləşdirilməsi” şərti adlı planın, -hansı ki SSRİ-ni 15 kiçik dövlətə, Rusiyanı isə daha 14 kiçik dövlətə parçalanmasını nəzərdə tuturdu-, reallaşması üçün qərb 200 minə qədər Sovet vətəndaşının məhvini gözə aldı. Süni surətdə yaradılmış Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Şimali Qafqazda münaqişələr, -bunlar hamısı bir tək məqsədə- SSRİ-ni məhv etməyə yönəlmişdi və bu münaqişələrdə 200 minə qədər insan tələf oldu.
Hələ mən Yuqoslaviyanın parçalanmasından ortaya çıxan insan itkilərini, “milli” münaqişə görüntüsü verilmiş, əslində isə kapitalizmin restavrasiyası (bərparsı) naminə axıdılan qanları demirəm. Əgər 80-ci illərdə başda Qorbaçov, Yakovlev olmaqla bir neçə yüz, bəlkə də bir neçə min satqının repressiyası bu yüz minlərlə insan tələfatını önləyəcəkdisə, onda 80-ci illərdə 37-nin təkrarlanmasının nə pis cəhəti ola bilərdiki?
Mən mövzudan çox uzaqlaşmayaraq yenə də 1930-cu il Şəki iğtişaşlarına qayıdıram, hansıki banditlərin onlarla dinc sakini məhv etməsinin müqabilində Sovet hakimiyyəti cavab tədbirlərinə əl atmış və xaricdən idarə olunan silahlı qəsdin təşkilatçılarını layiq olduqları şəkildə cəzalandırmışdı.
Bir neçə gün ərzində onlarla silahsız insanı, ümumilikdə isə 100-ə qədər müəllimi, kommunisti, komsomol fəalını, kolxozçunu və Sovet hakimiyyəti mənsublarını qətlə yetirən banditlərin hərəkətində heç bir cinayət tərkibi görməyən Manaflı iki gün sonra Qızıl Ordu hissələrinin şəhərə daxil olaraq əhalinin təhlükəsizliyini və asayişi təmin etməsində, bu əsnada əli dinc imsanların qanına batmış bandit dəstələrini zərərsizləşdirməsində “milli faciə” elementləri axtarmağa başlayır. Müxtəlif sentimental səhnələr uyduraraq əksinqilabçı qaraguruha bəraət, Sovet hakimiyyəti strukturlarına isə “işğalçı”, repressiv qurum yarlığı yapışdırmağa cəhd edir.
Manaflı yazır ki, Qızıl Ordu qəsdçiləri camaatın gözü qarşısında güllələyir, insanlara məzarlarını özlərinə qazdırır, guya atanı oğulun, oğulu atanın gözləri qarşısında öldürürmüşlər.
Əminliklə deyə bilərik ki, bunlar hamısı Manaflının şəxsi fantaziyasının məhsuludur. Görünür Manaflı Sovet hökumətini vəkilliyini etdiyi müəllim qatilləriylə, qadın qatilləriylə qarışdırır. Məsələ burasındadır ki, təsvir olunan səhnələr quldurların fəaliyyətinin nəticəsiydi; dinc insanları, kolxoz fəallarını evlərindən sürüyərək küçəyə çıxarmaq, camaatın gözü qarşısında güllələmək Bəhrambəyin fəaliyyət dəsti-xəttiydi. Məsələn, onlar Dövlət Siyasi İdarəsinin zonal müfəttişi Qasımovu girov götürərək Baş Göynük kəndinə gətirmiş və orada camaatın gözü qarşısında “Sovet hakimiyyəti  yoxdur, bu da onun sübutu” deyərək edam etmişdilər, digər silahsız insanlarla da belə qəddarcasına rəftar edilmişdir.
Bəhrambəyin bandasından fərqli olaraq Sovet hakimiyyəti dövlət idi, ədliyyə sistemi, məhkəməsi vardı və heç kəsi, ən qəddar canini belə mühakimə edib, cinayətini sübuta yetirməmiş güllələməzdi- belə bir şey Sovet hakimiyyətinə heç sərf də eləmirdi. Hər şeydən əvvəl ona görə ki, qəsd iştirakçılarının diri ələ keçirilməsi olduqca vacib idi, həm də o səbəbdən ki, iğtişaşla bağlı bilinməyən məqamları onların ifadəsindən öyrənmək olardı. Ən azından buna görə Sovet dövləti qəsdçiləri sağ ələ keçirməkdə maraqlı idi. O adamlar güllələnirdi ki, onlar silahlı müqaviməti davam etdirərək meşələrə, dağlara çəkilməyə çalışır, dinc əhali arasında gizlənərək uşaqları, qadınları canlı sipər kimi istifadə edirdilər.
Fikir verin, Şəki hadisələriylə bağlı 865 nəfər həbs edilir və onların 650-yə qədərinin suçsuzluğu sübuta yetirildikdən sonra azadlığa buraxılırlar. Əgər Manaflının iddia etdiyi kimi ağına-bozuna baxmadan qisasçılıq meyarı əsas götürülərək repressiyalar aparılmış olsaydı, onda həbs olunanların hamısı güllə qabağına gedərdilər, amma əksinə, saxlanılanların 80%-i qısa müddət sonra sərbəst buraxıldı. Qalan az bir hissəsinin işi isə məhkəməyə göndərildi, bu da olduqca təbii, olduqca qanunauyğun bir şey idi- qarışıqlıqdan istifadə edib talanlara, soyğunlara qoşulmusansa, dövlət və ictimai əmlakın mənimsənilmasində iştirak etmisənsə, cəzanı almalısan. Başqa sözlə, cinayət varsa, cəza da olmalıdır. Bunun əksini düşünənlərin özünə insan deyib cəmiyyətdə yaşamağa haqqı yoxdur.
Sonra Manaflı regiona ezam edilmiş hərbi hissələrin hərəkət marşrutunu vurğulayaraq bildirir ki, “üsyan” o qədər möhtəşəm idi ki, onu yatırmaq üçün az qala bütün Cənubi Qafqaz hərbi dairəsi səfərbəyliyə alınmışdır. Əlbəttə ki bu, hadisələlri təhrif etməkdən başqa bir şey deyil.
Qoşun hissələrinin böyük əksəriyyətinin bölgəyə ezamı qırğı kimi qaçıb dağda-daşda, kol-kos dibində gizləhmiş tək-tük silahlıları axtarıb tapmaq idi. Bilirsiniz ki, Şəki-Zaqatala təbi meşəliklərlə, sıldırım dağlarla əhatə olunmuş bir zonadır və kiçik bandit dəstələri bu təbii landşaftdan sığınacaq kimi istifadə edir, geniş coğrafiyaya səpələnərək əhali üçün təhlükə yaradırdılar. Bu səbəbdən də axtarış işlərinə çoxlu sayda əsgər cəlb edilmiş və mahaldakı meşəliklər, dağlar qarış-qarış axtarılmışdı. Bunun nəticəsiydi ki, qaçaraq dağlarda gizlənmiş Bəhrambəy bir neçə silahlı ilə birlikdə 1930-cu ilin may ayının ortalarında zərərsizləşdirildi.
1930-cu ilin Şəki hadisələrini lupa altında böyüdərək onu gerçək miqyasından on, yüz qat böyük göstərməyə təşəbbüslər bu gün Manaflı kimi girdirmə yazarlara, dünən isə Rəsulzadə, Topçubaşov kimi xalqının qanından xaricdə oturub pul qazanan siyasi möhtəkirlərə lazım idi. Çünki Rəsulzadə “böyük insan” mifindən böyük pullar qazanırdı.
Manaflı müəllimləri qətlə yetirib məktəbləri, kitabları yandıran qaraguruhu bugünkü oxuculara “millət fədailəri” kimi sırımaq üçün yenə də erməni kartına əl atır. O 30-cu illərdə Şəki şəhəri Dövlət Siyasi İdarəsinin əməkdaşı olmuş milliyyətcə erməni Qavril Ambarsumoviç Şabanovun adını dəfələrlə hallandıraraq bildirir ki, 1956-cı ildə Bağırovun məhkəməsində bu şəxsə aid olan məktub oxunmuşdu. Həmin məktubda Qavril Ambarsumoviç guya ki atasına yazırmış ki, “indiyənəcən 200 türkü cəhənnəmə vasil eləmişəm, daha 500 türk isə növbəsini gözləyir”.
Bununla da kolxozları yandıran, mal-qaranı kütləvi surətdə tələf edən, müəllimləri qətlə yetirib məktəbləri yandıranlar bir andaca oxucunun nəzərində dönüb olurlar erməni pəncəsində məhv olmuş “vətən fədailəri”!
Bu prizmadan Manaflı kimi yazarlar bu gün çox tez-tez istifadə edirlər. Ömrünü xalqı yolunda mənim kimi əridən ləyaqətli oğulları nə vaxtsa erməniyə salam verdiyinə görə “düşmən”, qoçu, qaniçən, xalqın malını talayanlara isə nə vaxtsa hansı erməniyəsə qapaz vurduğuna görə “qəhrəman” demək bu elmi dələduzların sınaqdan çıxmış merodlarıdır. Məsələn, əgər hansısa qoçu yüz nəfər müsəlmanı qətlə yetiribsə və təsadüfən məlum olubsa ki bu qətlə yetirilənlərin biri müsəlman yox, erməni olub, o dəqiqə Manaflı kimilər başlayacaqlar lupa altında məhz ancaq bircə bu faktı böyütməyə və deyəcəklər ki, sən demə qoçu əsl milli qəhrəman imiş, amma 99 qanına qəltan edilmiş müsəlmanın taleyi belələrini qətiyyən narahat etməyəcək. Məhz 1930-cu il Şəki hadisələri də bu qəbildəndi. Axı hansı qələmin gücü çatar ki, müəllimlərə, məktəbə, xalq təsərrüfatına qarşı yönəlmiş qaraguruh hadısəsini millətə “istiqlal” savaşı kimi sırıya bilsin? Bunun üçün ancaq deyilən fənddən istifadə etmək lazımdır və bu fəndin hesabına da dünənin əli qanlı quldurları bir andaca dönüb olurlar məsum, yazıq qurbanlar, erməni əlində məhv olmuş məsum, yazıq həyatlar. Əslində isə Bağırovun məhkəməsində onun əleyhinə səsləndirilən ittihamların 90%-nin yalan, uydurma və böhtan xarakteri daşıması arxiv materialları ilə sübuta yetirilmiş bir həqiqətdir. 1956-cı ildə Bakıda Bağırov üçün qurulmuş məhkəmənin əslində bir teatr tamaşası olması, nəyin bahasına olursa-olsun Stalin qvardiyasının bu sonuncu mogikanına güllələnmə hökmü çıxarılması naminə yalançı “aktyorların” xidmətindən məharətlə faydalanıldığı bu gün bir çox qərəzsiz tarixçilər tərəfindən etiraf olunur.
Stalinin ölümündən sonra Xruşov yerlərdə “stalinçi” kadrların təsirsiz vəziyyətə salınması üçün fəaliyyətə başladı. Bu kadrlar içərisində Bağırov nüfuzuna görə seçilirdi. Bir epizod xatırladım ki, Xruşov Ukraynanın 1-ci katibi olarkən Stalinin otağı qarşısında papka qoltuğunda növbə gözlədiyi halda Bağırov yeganə şəxslərdən idi ki, sadəcə qapını döyərək içəri keçirdi. Bu fakt onun Stalin yanındakı nüfuzunun bir göstəricisi idi. Təbii ki stalinizmə müharibə elan eləmiş revizionist Xruşov belə nüfuzlu kadrları sıradan çıxarmadan kürsüdə özünü rahat hiss edə bilməzdi. Bundan əlavə Xruşovun Bağırova qarşı şəxsi qisasçılıq hissi də var idi, belə ki müharibə zamanı Xruşovun general olan qardaşı Azərbaycanlı döyüşçülərin şikayətindən sonra elə Bağırov tərəfindən əsgərlərin gözü qarşısında güllələnmişdi.
Təbii ki bütün bu amillərə əsaslanaraq Xruşov nəyin bahasına olursa-olsun Bağırovu aradan götürməliydi. Bunun üçün təşkil olunmuş saxta məhkəmə prosesi və məhkəmədə Bağırova qarşı irəli sürülmüş uydurma, yalan “faktlar”dan istifadə edildi. Məhz belə saxta ittiham faktlarından biri də Ambarsumova aid olduğu iddia edilən sözügedən, əslində sonradan qələmə alınmış məktubdur. Rudenko Xruşovdan aldığı təlimatı yerinə yetirmək üçün Qavril Ambarsumov kimi yalançı şahidlərdən və 26 il əvvəl onun tərəfindən qələmə alındığı iddia edilən saxta məktublardan cinayət “dəlili” kimi istifadə etdi. Məktubun guya 26 il əvvəl yazıldığı və az qala bir qərinəlik zaman müddətində cibdə gəzdirilərək 1956-cı ildə Bağırov məhkəməsində peyda olması saxtakarlıqdan başqa bir şey deyildi. Əgər kimsə düşünürsə ki məktub həqiqət imiş, onda sual olunur, məktubda iddia olunan cinayətləri Bağırov yox, Ambarsumov törədib- onda nə üçün cəza Bağırova kəsilirdi, cinayətini öz diliylə etiraf etmiş Ambarsumovlar isə əlini-qolunu sallayaraq Bağırovun güllələnməsindən sonra daha 20 il azadlıqda yaşadı və öz əcəliylə öldü? Deməli şahid də, “dəlil” də saxta idi və Ambarsumov kimi saxta şahidlərdən, onların yazdığı saxta məktublardan istifadə edərək revizionist Xruşov Stalin qvardiyasının Bağırov kimi generallarını (Bağırov müharibədən sonra Stalin tərəfindən general-polkovnik rütbəsiylə təltif olunmuşdu) məhv edirdi.
Bu isə o deməkdir ki, Qavril Ambarsumovların qurbanı quldur Bəhrambəylər yox, Bağırov kimi ləyaqətli Azərbaycan generallarıydı.
Həbibulla Manaflı yazır: “Sovet hökumətinin fərdi kəndli təsərrüfatına qarşı tətbiq etdiyi vergi sistemi 20-ci illərin ortalarında həmin təsərrüfatları iflas həddinə çatdırmışdı. Qolçomaq təsərrüfatı adlandırılan varlı kəndli təsərrüfatları bütün təsərrüfatların cəmi 3%-ni təşkil etdiyi halda kənd təsərrüfatından alınan verginin 50%-i onların üzərinə düşürdü”. Guya ki bu “ədalətsiz” vergi sistemi “kəndliləri” var-yoxdan çıxarır, hökumətə qarşı narazılıq hallarını artırırdı ki, 1930-cu ildə Şəki-Zaqatala mahalında baş verən silahlı qiyam da bu narazılığın ifadə formasıydı.
İzah: Sözügedən dövrdə varlı qolçomaq təsərrüfatları ümumi təsərrüfatların 3%-ni təşkil etsə də bu 3%-lik təsərrüfatların əlində Azərbaycanın kənd təsərrüfatı fondunun az qala yarıya qədəri cəmləşmişdi. Başqa sözlə desək, varlı qolçomaq təsərrüfatları say etibarı ilə ümumi təsərrüfatların çox cüzi bir hissəsini təşkil etsələr də kənd təsərrüfatından əldə olunan gəlirin, məhsulun az qala yarısı məhz bu bir ovucluq zəngin təbəqənin inhisarındaydı. Təbii ki kənd təsərrüfatından gələn gəlirin az qala yarısı varlı qolçomaqlara çatırdısa, deməli yığılan verginin əsas payı da onların üzərinə düşməliydi. Manaflı kimi liberallar həmişə təkrar etməyi xoşlayırlar ki, “çox qazanan çox, az qazanan az vergi verməlidir”, amma nədənsə eyni prinsipi Sovet hökuməti tətbiq edəndə cənab liberallar səs-səsə verərək bunu şəxsi təsərrüfatların var-yoxdan çıxarılması kimi, vergi ədalətsizliyi kimi qələmə verməyə çalışırlar. Amma boşuna- Sovet hakimiyyəti bu icraatında tamamilə haqlıydı və əvəzində yoxsul kəndliləri tamamilə vergidən azad etmişdi, ortabab kəndlilər isə olduqca cüzi məbləğdə vergi ödəyirdilər.
Bundan başqa təkcə 1925-ci ildə Sovet hökuməti kəndli təsərrüfatılarından alınan vergini 1924-cü illə müqayisədə düz iki dəfə azaltmışdı. Belə ki, 1924-cü ildə bir kəndli təsərrüfatı orta hesabla 17,5 manat vergi verirdisə, 1925-ci ildə bu məbləğ 9 manata, adambaşına düşən (ailə üzvlərinin hərəsinə) 4 manat vergi məbləği isə azaldılaraq 2 manata salınmışdı. Bir daha qeyd edirəm ki, yoxsul kəndlilər tamamilə vergi ödəməkdən azad edilmişdilər.
Manaflının tərifləyib az qala Ənuşirəvan əyyamı kimi təqdim etdiyi və olduqca gülünc haldır ki cəmi 23 ay, hətta bəzi qəzalarda bir neçə ay davam etmiş ingilis-müsavat işğalı zamanı Azərbaycan kəndlisinə sözün əsl mənasında heyvani münasibət hökm sürmüşdü. Müsavat istibdadı zamanı yığılan verginin məbləği hətta Çar müstəmləkəçiliyi dövrüylə müqayisədə düz 4 dəfə artırılmış, məhsulun 70%-i icarə haqqı kimi mülkədarların, bəylərin ixtiyarına verilmişdi. Bundan əlavə osmanlı-alman və ingilis işğalçı qüvvələrinin saxlanılması da yerli əhalinin üzərinə qoyulmuşdu. Osmanlı paşaları ümumi məhsulun 1/10-ini zəkat adı altında kəndlilərdən müsadirə edirdi, reallıqda isə daha çoxunu zorla müsadirə edib aparırdılar. Müsavat-ingilis işğalı zamanı qəzalarda hər il on minlərlə insan aclıqdan tələf olduğu halda, ölkənin taxılı ingilis paraxodlarıyla Ənzəliylə, həm də zorla müsadirə olunaraq daşınırdı. Azərbaycan kəndlisi, fəhləsi çörək tapmayanda müsavatçı bəylər inglis atlarını Bakıda kişmişlə bəsləyirdilər. Müsavatçı bəylərin istibdadı zamanı mülkədarlar kəndlidən dinməver, bilməver və s. adlar altında onlarla adda vergi toplayırdılar, bundan əlavə bəylər kəndlidən toypulu, bayrampulu toplayır, həftənin müəyyən günlərini heç bir haqq vermədən müftə işlədirdilər (biyar). Həmçinin əhalidən, o cümlədən kəndlilərdən darğapulu, pristavpulu və s. yığılırdı. Belə ki müsavat öz məmurlarına maaş vermir, əvəzində həmin məmurlara öz şəxsi ehtiyaclarını təmin etmək üşün əhalidən vergi toplamaq haqqı verirdi. Onlar isə bundan istifadə edib əhalinin axırıncı tikəsini də əlindən alırdılar.
Müqayisəyə fikir verin, müsavat bəyləri zamanı Azərbaycan kəndliləri hər il mülkədarlara və xəzinəyə torpaqdan istifadə haqqı kimi 600 milyon manat vergi verirdilər. Hansı ki 1920-ci il mayın 5-də Sosialist Respublikası kəndliləri bu vergi yükündən birdəfəlik azad etdi, bundan əlavə kəndlilərin varlı mülkədarlara yığılıb qalmış 575 milyon manatlıq borcları da tamamilə silindi. Görəsən kəndli buna görəmi Sovet hökumətindən narazı olmalıydı? Sovet hakimiyyəti zamanı kəndli illik cəmi 5 milyon manat vergi verirdisə, Müsavat dövründə təkcə torpaqdan istifadəyə görə toplanan vergi bir az öncə də qeyd etdiyimiz kimi 600 milyon manat təşkil edirdi. Mən bu müqayisədən nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxıram. Qoy hər bir oxucu özü müstəqil qərar qəbul etsin görək kəndli, xüsusilə də vergi ödəməkdən tamamilə azad edilmiş yoxsul kəndli 1930-cu ildə Sovet hökumətinə silah qaldıra bilərdimi?..
Adı keçən müəllif görün nə yazır: “Mənəvi-psixoloji və sosial-iqtisadi sıxıntılar içində yaşayan xalqın yaxın keçmiş haqqında xatirələri hələ öz hərarətini itirməmişdi. İstiqlaliyyət dövrünə xas olan azad əkinçiliyə və sənətkarlığa əsaslanan iqtisadi münasibətlərin məhv edilməsindən, dini məfkurənin amansız təqiblərə məruz qalmasından irəli gələn sonsuz qəzəb, Azərbaycanın demək olar ki, bütün bölgələrində müqavimət hərəkatına təkan verən obyektiv səbəblər idi”.
İzah: “Yaxn keçmiş”, “istiqlaliyyət dövrünə xas” – heç şübhəsiz ki, müəllif 1918-20-ci illərdəki Azərbaycanın ingilis işğalında olduğu dövrünə, müsavat irticasının vassallıq dövrünə işarə edir və iddia edir ki, 1930-cu ildə Azərbaycan kəndlisi guya müsavat-ingilis irticası dövründəki “işıqlı” həyatın xatirələriylə yaşayırdılar. Bu “xoş” xatirələrin nələrdən ibarət olduğunu sizlərə mən öz sözümlə deməyəcəm, bu o qədər obyektiv sayılmaya bilər. Yaxşısı budur müsavat dövrünün xatirələrini Qızılhacılı kənd sakinləri danışsınlar. Beləliklə, 1919-cu il aprelin 21-i Qızılhacılı kəndlilərinin Müsavat Parlamentinə məktubu: “...Təcrübəsiz və savadsız olmağımızdan istifadə edərək yerli bəylər pay torpaqlarımızı hissə-hissə əlimizdən alırdılar. Nəhayət üsyandan sonra 1915-ci ildə Çar məhkəməsi torpaqlarımızın geri qaytarılması barədə qərar çıxardı. İndi isə hakimiyyət başında duran rəislər bəy və xanların tərəfini saxlayıb pay torpaqlarımızı əlimizdən alıb yenidən bəy-xanlara verirlər. Ən dəhşətlisi isə budur ki, bir tərəfdən rəislər torpağımızı alıb bəy-xanlara verir, digər tərəfdən isə həmin torpaqlara görə bizdən müxtəlif vergi və töycülər alırlar, vergiləri bir az gecikdirən kimi isə qamçı və dəyənəyi işə salır, ev-eşiyimizi qarət edirlər. Bu barədə təcili və qəti tədbir görməyiniz xahiş edirik. Azca yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur”. (MAİ, Fond 894. S,2 iş 71, vər.131-132) 1919-cu il).
Müsavat-ingilis vassallığı dövründə Azərbaycan kəndinin mənzərəsi və azərbaycan kəndlisinin vəziyyətinin acınacaqlı tablosu belə idi. Hansı ki Manaflı oxucuları aldadır ki, guya bu kəndlilər həmin “xoş” xatirələrin təsiri altında silaha sarılaraq Sovet hakimiyyətinə qarşı qiyam qaldırdılar, məhz guya bu acınacaqlı həyatlarını geri qaytarmaq üçün. Gülməlidir, elə deyilmi?!
Belə bir həyatın geri qaytarılmasını sizcə kəndlilər istəyərdilərmi? Əlbəttə ki yox. Bəs kimlər bu həyatın həsrətiylə yanıb tutuşurdular? Mücavatçı rəislərə arxalanaraq kəndlilərin dədə-baba torpaqlarını zəbt edib özlərinə böyük torpaq imperiyası yaratmış bəylər, qolçomaqlar. Bəli, elə məhz onlar 1930-cu ildə Şəki-Zaqatala mahalında silahlı təxribata əl atdılar. Bir az əvvəlki şikayət ərizəsində diqqəti cəlb edən məqamlardan ən əsası odur ki, Müsavat-ingilis vassallığı dövründə bəylərin, qolçomaqların müsavat rəslərinə arxalanaraq kəndlilərin pay torpaqlarını zəbt etməsı faktıdır.
Mən müsavat dövrünün sənədlərini araşdırarkən yüzlərlə belə fakta rast gəlmişəm ki, kəndlilər bəylər tərəfindən torpaqlarının zəbt olunmasından şikayətçidirlər. Təkcə Qızılhacılı kəndində kəndlilərin ixtiyarında olan təqribən 4 min hektar, Göyçay qəzasının Bəydovul kəndində 1000 (min) hektar əkin sahəsi yerli bəylər tərəfindən ələ keçirilmiş, amma qəsb faktı Müsavat rəisləri tərəfindən qeyri-qanuni şəkildə “sənəd”ləşdirilmişdir- belə hallar demək olar ki, bütün qəzalarda yaşanmaqdaydı. Bu isə o deməkdir ki, Manaflı Sovet hökumətini guya kəndlini torpaqdan məhrum etməkdə ittiham etsə də əslində müsavat istibdadı bu işi daha əvvəl, həm də ümumxalq mənafeyi naminə yox, bir ovuc bəy və mülkədarın xeyrinə həyata keçirmişdi.
Müsavat dövrü sənədlərinin çoxunda kəndlilər hətta Çar məhkəməsinin belə kəndlilərin hüququnu müdafiə etdiyi halda müsavat məhkəmələrinin əksinə, həmişə kəndlilərin əleyhinə, bəylərin isə xeyrinə qərar qəbul etməklərindən şikayətlənirlər. Bu isə “milli” hökumətin öz millətinə ögey münasibətinin ifadəsiydi.
Müsavat bəylərinin ağalığı vaxtı kəndlilərin pay torpaqlarını zəbt edərək şişən qolçomaqlar 1930-cu ildə bu torpaqların guya onların ata-baba mülkləri olduğunu iddia edir və kollektivləşməyə müqavimət göstərirdilər. Halbuki qolçomaqlar kənd burjuaziyası olmaq etibarilə 1870-ci il islahatlarından sonra meydana gəlmiş, kəndlilərin pay torpaqlarını ələ keçirərək qısa müddət ərzində böyük mülk sahibləri olmuşdular. Cəmi 50-60 illik tarixi olan qolçomaqlar sinfi özlərini elə aparırdılar ki, guya Allah dünyanı yaradanda bu torpaqları sənədlə, möhürlə onların ulu babalarına təhkim edibmiş.
Maraqlı məqamlardan biri də odur ki, Müsavat dövrü sənədlərini araşdırarkən heç elə bir sənədə rast gələ bilməzsiniz ki, kəndlilərin şikayətinə müsbət cavab verilsin. Şikayətlərə ən yaxşı halda bir neçə aydan sonra, əsasən də “sizin ərizəniz əsassızdır” və ya “şikayətinizə torpaq islahatları keçiriləndən sonra baxılacaq” cavabı verilirdi. Hansı ki bu islahat heç vaxt keçirilmədi və keçirilə də bilməzdi, çünki parlamentin 85%-i qolçomaq, bəy və mülkədarlardan ibarət idi. Məhkəmələrdə oturanlar hamısı bəy nəslinin təmsilçiləriydi. Belə olan halda çulu cırıq İbişin şikayətinə kim müsbət baxacaqdı ki?!
Manaflı kitabının başqa bir yerində yazır: “1931-ci ildə Şəkidə illik 321 min 488 manat 55 qəpik vergi toplanmalı idi. Bu o dövr üçün böyük məbləğ idi. Həm də vergilərin böyük hissəsi fərdi təsərrüfatların üzərinə qoyulmuşdu... Hakimiyyət orqanları... soyub taladıqları fərdi təsərrüfatlara güc çatmayan vergilər təyin edirdilər”.
İzah: 321 min 488 manat 55 qəpik vergi, həm də iqtisadiyyatın bütün sahələri üzrə. Manaflı bunu talançılıq, qarət hesab edir. Əgər elə də böyük olmayan bu vergi məbləği talandırsa, bəs onda müsavat oyuncaq hökumətinin 1919-cu ildə Öksüzlü, Qovlar, Sarılı, Xılxına, Yuxarı Ayıplı kəndlilərini yerli bəylərə (bəy Sultanovlara, Böyük ağa Qarabəyovlara, bəy Zülqədərovlara) 2 milyon manat cərimə ödəməyə məcbur etməsinə necə, hansı adı qoyaq? Bu hələ ancaq 4 kənddən yığılan cəriməydi, müsavatın qəbul etdiyi qərara görə üsyan etmiş bütün kəndlilər və qəzalar yerli bəylərin xeyrinə (guya onların əmlakına, əkin və bağlarına ziyan vurublar bəhanəsiylə) on milyonlarla manat cərimə ödəməyə məhkum edilmişdilər. Nəzərə alın ki, kəndlinin belinə yüklənmiş bu cərimələrin vergilərə aidiyyəti yox idi- vergi ayrıca bir bəla idi.
Çox yox, 10 il əvvəl 1918-20-ci illərdə azərbaycan kəndlisini milyonlarla manat cərimə ödəməyə məhkum edənlər 1930-cu ildə 321 min 488 manat 55 qəpik (bütün rayon üzrə illik məbləğ) vergini qarətçilik kimi qiymətləndirirdilər?!
Müsavatçılar milyonlarla manat cəriməni, yüz milyonlarla manat vergini bir parça da torpağı olmayan, bəyin-xanın torpağında muzdurluq edən dilənçi kökünə salınmış yoxsul, ac kəndlidən tələb edirdilər, Sovet hakimiyyəti isə 321 min 488 manat 55 qəpik vergini varlı qolçomaqlardan, dabbaqxana sahiblərindən tələb edirdi, bütün yoxsullar, həmçinin yoxsul kəndlilər isə vergidən tamamilə azad idilər.
Müsavat istibdadı ilə Sovet hakimiyyətinin fərqi budur.
Olsun ki bəzi oxucular çox haqlı olaraq sual edə bilərlər ki, müsavat dövrü ilə Sovet hakimiyyəti zamanı pulun kursu eyni olmayıb, bu səbəbdən də rəqəmlərdə müəyyən qeyri-dəqiqlik ola bilər. Bəli, müsavat dövründə pul dəyərini çox itirmişdi, ona görə də rəqəmlərin nominal göstəriciləri çox böyük görsənir, amma bu məbləğlər inflyasiya amili nəzərə alındıqdan sonra da kifayət qədər böyük məbləğlər deməkdir. Qızıl pul hesabıyla müsavat hökumətinin yoxsul kəndlilərdən varlı bəylərin xeyrinə müsadirə edib topladığı cərimə yenə də milyonlarla qızıl manat təşkil edirdi, hələ ancaq cərimələr. Vergilərdən, toypulundan, bayrampulundan, darğa pulundan, pristav pulundan, dinməverdən, bilməverdən danışmalı olsaq onda müsavatin mənəvi varislərinin danışmağa gərək dili olmaya. Müsavat vaxtı kəndli evlənib arvadıyla yatağa girmək üçün ağasına toypulu verməliydi. Yox əgər ağa evlənirdisə, -hansı ki onlar da 4-5 dəfə evlənirdilər-, toyun bütün xərci kəndlilərin üzərinə qoyulurdu. Özü də toy ağa toyu ola! Təkcə ağayla kifayətlənsən nə var ki; ağanın övladları oldu- “sovqat”, “bəxşiş” aparılmalıydı. Ağa da bir deyil, beş deyil- müsavatın “dövlət” qulluqçusu olan hər bir məmuru, pristavından, kəndxudasından, müstəntiqindən hakiminə, qubernatoruna kimi hamısı ağaydı-, hamısının xərci, təminatı kasıb kəndlinin, yoxsul əhalinin boynundaydı.
Bütün təhlil və analizlər sübut edir ki, Sovet vergi sistemi dünyada ən ədalətli sistem olmuşdur. Belə ki Sovet İttifaqının dövlət büdcəsinin cəmi 8,7%-i əhalidən yığılan vergi əsasında formalaşırdı, inkişaf etmiş kapitalıst dövlətlərində isə anoloji göstərici 50-60%-dən yuxarıdır. Məsələn, Almaniyada orta statistik bir alman vətəndaşı qazandığı hər 1 avronun 52%-ni vergi şəklində dövlətə ödəyir. ABŞ-da isə milyardlarla kapital dövriyyəsi olan şirkətlər “vergi sığınacaqları” hesabına (vergidən azad olunmuş xüsusi zavodlarda filiallar təsis edib bütün mənfəəti həmin filialın üzərinə sənədləşdirirlər, nəticədə qazandıqları milyardlardan vergi vermirlər) mənfəətdən ödəmələr etməkdən yayınırlar. Ya da xeyriyyə fondu yaradırlar, bütün pulları bu fondlara transfer edirlər və qanuna görə xeyriyyə fondlarından vergi tutulmadığına görə yenə də milyardlarını vergidən sığortalayırlar. Elə götürün hazırkı üç rəngli bayrağı olan Azərbaycan Respublikasını: büdcədə milli burjuaziyanın (iqtisadiyyatın 85%-i onların əlindədir) payı illik 1 milyard dollardır, amma maraqlıdır ki adi maaşa xidmət edən sıravi vətəndaşlar da təqribən öz maaşlarından 1 milyard dollar vergi verirlər. Belə çıxır ki, azəri fəhlə milyonçudan daha çox vergi ödəyir. Manaflı kimiləri məhz belə vergi sistemini ədalətli hesab edirlər.
Müəllif yazır: “Mülkiyyət toxunulmazlığı hüququndan bəhs etmək mənasızdır, çünki bu hüquq... 1920-ci ildən ləğv edilib... Kollektivləşmə kəndlini torpağa sahiblik hüququndan məhrum edilməsinə gətirib çıxardı”.
İzah: Yox, cənab Manaflı, hələ Sovet hakimiyyətinə qədər mülkədarlar və bəylər kəndlinin mülkiyyətinə necə lazımdırsa elə də toxunmuş və faktiki olaraq kəndlini mülkiyyət hüququndan məhrum etmişdilər. Azərbaycan kəndlisini kollektivləşmə yox, əvvəlcə çarizm, sonra isə müsavat mülkədar üsul-idarəsi torpağa sahiblik hüququndan məhrum etmişdi. Gəlin konkret faktlara müraciət edək. 1919-cu ildə Azərbaycanda əkilən torpağın 98,2%-i varlı mülkədar təsərrüfatlarına məxsus idi, hansı ki həmin varlı mülkədarlar, qolçomaqlar sinfi kənd əhalisinin heç 1%-ni də təşkil etmirdilər. 1 milyon hektar ərazi, hansı ki Sovet vaxtı sovxoz və kolxozların balansında olan torpaq fondunun az qala 70%-nə bərabər idi, sadəcə 195 mülkədar ailəsinin mülkiyyətindəydi. Böyükağa Zülqədərovların 30 min hektar torpağı var idi ki, bu da orta ölçülü bir rayonun əkin sahəsinə bərabərdir. Sizin geninə-boluna danışdığınız “mülkiyyət hüququ”, “torpağa sahiblik hüququ” məhz ancaq bu bir ovuc bəyin, xanın sahib olduğu imtiyaz idi. Ondan lüt, ac-yalavac Azərbaycan kəndlisinə nə? Kəndlinin çarəsi qalırdı varlı bəyin təsərrüfatında muzdurluq etməyə- muzdurun isə daxmadan və bir çətən külfətdən başqa heç nəyi olmazdı. Bir tikə çörək yeməkdən ötəri bütün ailə-uşağını verərdi bəyə nökərçiliyə, qulluqçuluğa! Başqa sözlə, Sovet hökuməti qurulana qədər kədlinin nəinki torpaq üzərində sahiblik, mülkiyyət hüququ yox idi, hələ üstəlik heç öz ailəsinin də sahibi deyildi. Əgər ağaya borcun var idisə, vəssalam, bütün ailə ağaya nökərçiliyə verilməliydi! Azərbaycan kəndlilərinin mülkədarlara qızıl pulla 575 milyon manat borcu var idi. Bu borcu əldə rəhbər tutan ağalar kəndlini ailəsiylə birlikdə girova çevirmişdi- bütün külfət ağanın sərəncamında idi! Deməli kəndli faktiki olaraq ağadan, həm da şəxsi asılı idi. Sovet hökuməti qurulan kimi cəmi bir dekretlə kəndlilərin ağalara olan borcunu ləğv etdi- deməli ləğv edilən ancaq borc deyildi, həm də kəndlinin faktiki şəxsi asılılığı da ləğv edildi. Borc kəndiriylə kəndlini ailəsiylə birlikdə özünün girovuna, danışan əşyasına çevirmiş mülkədar mülkiyyət münasibətləri, hansı ki Manaflı kimiləri bu rüsvayçı münasibətləri gənc nəslə “istiqlal”, “milli” və s. rənglərlə boyayıb sırımağa çalışırlar,- ləğv edildi. İndi qoy oxucu özü nəticə çıxarsın ki, müsavat zamanı əgər əkilən torpağın 98,2%-i mülkədar təsərrüfatlarına aid idisə, onda torpaqsız Azərbaycan kəndlisinin hansı mülkiyyət, sahiblik hüququ ola bilərdi ki? Sovet hakimiyyəti guya bu hüququ onun əlindən alırdı. Əksinə, Sovet hökuməti Aprel Sosialist İnqilabından dərhal sonra mülkədarlara məxsus torpaqları müsadirə edib torpaqsız kəndlilərə payladı, həm də kütləvi şəkildə.
Manaflı: “Xalqın torpaqla bağlı ümidlərinin üstündən xətt çəkən kütləvi kollektivləşmə siyasəti Azərbaycanın bir çox bölgələrində üsyan həddinə yüksələn müqavimət hərəkatıyla üzləşdi... Müqavimət hərəkatının... şərəfli səhifələrindən biri də 1930-cu ilin aprel ayında baş vermiş üsyandır”.
İzah: Manaflı kimiləri nədənsə asanca xalq adından danışa bilirlər. Beş-on nəfər qolçomağın və banditin hərəkətlərinə necə də “xalq hərəkatı” donu geyindirməyin ustasıdırlar! İttihamın cəfəngliyinə fikir verin; “Xalqın torpaqla bağlı ümidlərinin üstündən xətt çəkən kütləvi kollektivləşmə siyasəti”. Manaflıdan fərqli olaraq mən konkret faktlara müraciət edəcəyəm. Çarizm və müsavat-ingilis istibdadı zamanı əkinə yararlı torpaq fondu əsasən varlı bəylərin və iri mülkədarların əlində cəmləşmişdi. Məsələn, müsavatçı bəy Şahmalıyevlərin 80 min hektar torpağı var idi. Müqayisə üçün deyim ki, bu Qusar kimi rayonun əkin sahələrindən 3 dəfə böyük ərazi deməkdir. Rusiya kimi torpaq fondu ilə zəngin ölkədə ən böyük mülkədarların torpaq sahəsi 50 min hektarı keçmədiyi halda Rusiyayla müqayisədə xəritədə barmaq ucu boyda görünən Azərbaycanın mülkədarlarının sərəncamında olan ərazilərin ölçüsü az qala 90 min hektara çatırdı (unutmayın ki bu hələ ancaq bir mülkədara məxsus ərazidir). Nəticədə milyonlarla kəndli torpaqsız qalır və çox ağır şərtlərlə ya icarəyə torpaq götürür becərirdi, ya da muzdura çevrilirdi. Manaflının bəyənmədiyi, “işğalçı” adlandırdığı Sovet hökuməti isə quruluşundan cəmi bir həftə sonra Şahmalıyevlər, Zülqədərovlar kimi torpaq “aclarını” çox haqlı olaraq mülkiyyətdən məhrum etdi- cəmi bir sərəncamla 700 min hektar torpağı müsadirə edərək torpaqsız və az torpaqlı kəndlilərə payladı. 1923-cü ilin sonuna kimi iri mülkədarlardan müsadirə olunaraq torpaqsız yoxsul kəndlilərə paylanan torpağın ölçüsü 3 milyon hektara çatdı. Nəticədə bir neçə yüz mülkədar torpaq hüququndan məhrum edilsə də (baxmayaraq ki Sovet hökuməti onların ailələrinin sərəncamında pay torpaqları saxladı) bunun müqabilində milyonlarla yoxsul kəndli torpaq sahibi oldu. Deməli Sovet hökuməti kəndlini torpaqdan məhrum etmədi, əksinə, bircə qəpik də haqq almadan kəndlilərin ixtiyarına milyonlarla hektar əkin sahəsi verdi.
Manaflı iddia edir ki, Sovet hakimiyyəti 20-ci illərdə kəndliyə verdiyi torpaqları guya 30-cu illərdə kəndlidən alaraq kollektivləşdirdi və guya bu da xalq qəzəbinə səbəb oldu. Tamamilə absurd fikirdir. Gəlin müqayisəyə fikir verək: Təkcə 1920-23-cü illərdə Sovet hakimiyyəti Azərbaycan kəndlisinə 3 milyon hektar torpaq payladı. Sovet vaxtı kolxoz və sovxozların balansında olan torpaq fondu isə cəmi 1,5 milyon hektar idi ki, bu torpağın da demək olar yarıya qədəri varlı qolçomaqlardan müsadirə edilmiş və sonralar Mil-Muğan və s. səhraların şoran torpağının münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşmışdı. Bu isə o deməkdir ki, kolxoz və sovxozların torpaq fonduna kəndlilərin (qolçomaqlar xaric) ən çoxu bir neçə yüz min hektar torpağı daxil edilmişdi ki, bu da 20-ci illərdə Sovet hökumətinin torpaqsız və aztorpaqlı kəndlilərə paylamış olduğu 3 milyon hektardan çox torpaq fondunun cüzi hissəsini təşkil edir. Başqa sözlə, kəndlidən 10-15% torpaq alınıb kolxoza qatıldısa da, 85-90% torpaq fondu yenə də kəndli ailələrinin şəxsi istifadəsində qaldı. Kolxoza verildi dediyimiz bu cüzi faiz torpaqlar isə sonralar tədricən əhalinin şəxsi istifadəsinə qayıtdı, çünki kolxoz və sovxozlarda işləyən və təzə ailə quran hər bir gəncə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilirdi (ev tikmək və həyətyanı şəxsi təsərrüfat üçün). Əgər nəzərə alsaq ki, 1920-ci ildən 1991-ci ilə kimi Azərbaycanda kənd əhalısının sayı 1,5 milyondan 4 milyona çatmışdı, onda görərsiniz ki yüz minlərlə, milyonlarla gənc kəndli ailələri qurulmuş, bunun da hər birinin şəxsi istifadəsinə kolxoz və sovxozların torpaq fondundan hektarın 1/4-i qədər torpaq payı verilmişdir ki, bu da yüz min hektarlarla torpağın kolxoz və sovxozların dövriyyəsindən çıxarılaraq kəndli həyətlərinə verilməsi demək idi.
Deməli kəndlidən torpağın alınaraq guya kolxozlara verilməsi barədə iddialar yanlış ictimai rəydən və “elmi” mövhumatdan başqa bir şey ifadə etməməkdədir.
Kolxoz və sovxozların torpaq fondu əsas etibarı ilə varlı mülkədar, qolçomaq mülklərindən edilən müsadirələr və yararsız torpaq sahələrinin münbitləşdirilərək əkin dövriyyəsinə qoşulması hesabına formalaşırdı. Varlı sinif isə Azərbaycan kənd əhalisinin 3-5%-indən artıq deyildi. Bu 3-5%-i bütün xalqın, kəndin ifadəsi hesab etmək olduqca mürtəce yanaşmadır. Əgər bu 3-5%-lik varlı təbəqə xalq idisə, Azərbaycan kəndi idisə, bəs Sovet hökumətindən milyonlarla hektar torpağı heç bir əvəz ödəmədən bəxşiş kimi alan milyonlarla kəndlilər kim idi? Belə çıxır ki, milyonlarla insanın nə xalqa, nə azərbaycan kəndinə aidiyyatı yox imiş- xalq elə həmin Şahmalıyevlər, Zülqədərovlar, Qarabəyovlar və s. imiş ki, onları da Sovet hakimiyyəti torpaq “hüququndan” məhrum edib.
Məhz Manaflı kimiləri bu bir ovuc varlı təbəqənin, hansı ki onların torpaq imperiyası bütün Azərbaycan kəndlilərinin torpaqsız qalması hesabına yaranmışdı,- vəkilliyini edıb buna da “ümummilli”, “ümumxalq” işi adı altında don geyindirəndə bu insanların təhsilinə (hansı ki indi təhsilin 70%-i pulludur, amma  Sovet hökuməti hər kəsi pulsuz oxudurdu, təqaüd verirdi və s.) Sovet hakimiyyətinin xərclədiyi pullara heyfim gəlir.
Manaflı yazır: “Şəki XX yüzilliyin ilk onilliklərində... intibah dövrü yaşayırdı. İqtisadiyyatın aparıcı sahəsi olan ipək sənayesi mövcud olduğu müddət ərzində ən böyük tərəqqi mərhələsinə yüksəlmişdi. İpək istehsal edən fabriklərdə o dövr üçün ən müasir, ən mükəmməl avadanlıqlar tətbiq edilirdi. Çar imperiyasında elektrik enerjisindən istifadə etmək yolu ilə barama açmaq təcrübəsi Şəki sahibkarı Salam Lətifovun zavodunda həyata keçirilmişdi. İqtisadi yüksəliş mənəvi tərəqqi gətirir, təhsilin, mədəniyyətin inkişafı üçün zəmin rolu oynayırdı. 1919-cu ilin may ayının 28-də Şəki bayram ovqatında idi. İstiqlaliyyətin birinci ildönümü qeyd olunurdu... Cümhuriyyətin nazirlər kabinetinin sədri Nəsibbəy Yusifbəyovun xalqa ünvanladığı nikbin məzmunlu müraciəti oxunduqdan sonra camaatın əhval-ruhiyyəsi daha da yüksəldi... Müstəmləkə adlı həqarətli vəziyyətdən xilas olmuş xalq ürək dolusu sevinir, həyatın bütün sahələrini əhatə edən geniş quruculuq işləri aparılırdı. 1920-ci ilin aprelində ac, çılpaq... 11-ci bolşevik ordusu çiçəklənən Azərbaycan üzərinə yeridi...”
İzah: Hətta Çar müstəmləkəçiliyi dövründəki Şəkini parlaq boyalarla təsvir edən Manaflı ingilis işğalını “istiqlaliyyət” kimi qələmə verdikdən sonra nədənsə Sovet hakimiyyətini ancaq qara rəngdə görür. Onun nəzərində Çar müstəmləkəçiliyi, ingilis işğalı guya Şəkidə geniş quruculuq, maarifçilik, Sovet hakimiyyəti dövrü isə qaranlıq zülmət, dağıntı mərhələsidir.
Tarixə bu cür qərəzli münasibət nankorluğun bariz nümunəsidir. Çar müstəmləkəçiliyi elə bir mərhələdir ki, nəinki Şəkidə, bütün Azərbaycan elində maarif və mədəniyyətin tərəqqisindən danışmaq ümumiyyətlə mənasızdır. Olsun ki çarizm dövründə Şəkidə ipəkçilik inkişaf etmişdi, ipəkçilikdə o dövrün ən son texnologiyaları tətbiq olunurdu, amma bir qarın çörəyə gündə 12-14 saat qul kimi işləyən fəhləyə bundan nə? Məgər fabrik sahiblərinin qazandığı milyonlar Şəki fəhləsinin cibinə gedirdi? Sizcə 5-6 min fəhlənin iştirakıyla keçirilən izdihamlı tətillər, hansı ki Bakıdan sonra Azərbaycanda ən böyük fəhlə çıxışlarıydı, məgər fəhlə sinfinin narazlığının və qul həyatına qarşı etirazının ifadəsi deyildimi? Çar Rusiyasında ilk dəfə “elektrik enerjisindən istifadə etmək yolu ilə barama açmaq” Şəki fəhləsinin iş gününün sadəcə 1 saatını özünə, qalan 10-12 saatını isə manifaktura, fabrik sahibinə əvəzsiz işləməsi kimi acı reallığı dəyişdirirdimi?! Fəhlə 12-14 saat ərzində istehsal etdiyi dəyərdən yalnız 1 saatı üçün haqq alırdı, qalan iş gününü isə kapitalistə müftə işləyir, bu saatlar ərzində yaratmış olduğu əlavə dəyərə görə heç qara qəpik də almırdı.
Təbii ki Manaflı kimilər üçün tarixin belə iqtisadi təhlili maraqlı deyil, çünki bu fabrikant Salam Lətifovların fəhlənin gönündən aşılayaraq əldə etdiyi milyonlarla Müsavat partiyasını bəsləməsi faktına kölgə salır.
Sonra Manaflı öz subyektiv hisslərinə qapılaraq tarixə böhtan atmaqda davam edir. Bildirir ki, 1919-cu il mayın 28-də Şəki camaatı “istiqlal” təranələrindən məsti-xumar olmuşdular! Guya ac şəkililər Nəsibbəyin quru söz çələngindən doyunca yeyib geniş quruculuq işləri aparırmışlar.
Əslində 1919-cu ildə Şəki-Zaqatala qəzasında (Nuxa qəzası) əsl vəziyyət necə idi? Gəlin elə müsavat mənbələrinin köməkliyi ilə həmən dövrə qısa tarixi ekskursiya edək. Beləliklə, müsavat hərbi naziri Səmədbəy Mehmandarov baş nazirə yazır: “Kommunist propaqandası hiss ediləcək və çox ciddi nəticələr verir... Gəncə general-qubernatorunun sözlərinə görə bütün Qazax qəzası və habelə Nuxa qəzasında əhali hökumətə əsgər və vergi verməkdən tamamilə imtina etmişdirlər”. Bu, 1919-cu ildə Nuxa qəzasında (Şəki-Zaqatala mahalı) əhalinin müsavata olan münasibətinin hərbi nazir Mehmandarovun şəxsində inkarı mümkün olmayan etirafıdır. Müsavat rəsmisinin dilindən daha bir etiraf: “Zaqatala-Nuxa mahalının əhalisi ümumiyyətlə itaət etməmək adətləriylə fərqlənir. Quldurluq, qarətçilik etmək, tabe olmamaq, hakimiyyətə müqavimət göstərmək... bu əhalinin xarakterinin fərqlənən xüsusiyyətlərini təşkil edir”.
Fikir verin, Zaqatala-Nuxa əhalisinin oyuncaq müsavat hakimiyyətinə itaətsizliyi elə kütləvi və geniş vüsət almışdır ki, qəza general-qubernatoru raportunda bunu qəza əhalisinin yerli-təbii xüsusiyyəti kimi xarakterizə edir- sən demə hökumətə itaətsizlik şəkililərin təbii xasiyyəti imiş! Müsavatçı qubernatorun bu etirafı az qala bütöv bir mahalın əhalisinin anadangəlmə “qarətçi” və “qiyamçı” olmasını iddia edəcək qədər gülüncdür.
1919-cu il avqustun 15-dən 27-nə kimi, cəmi 12 gün ərzində Zaqatala piyada polkundan 100-ə qədər əsgər qaçmışdır və bu proses demək olar ki, hər ay bu qaydada davam etmişdi. Təbii ki müsavat ordusundan qaçanlar çox vaxt silahlarını da özləriylə götürür və qırmızı partizan dəstələrinə qoşularaq yerli bəylərə, müsavat qubernatoruna qarşı vuruşurdular. Məsələn, 1919-cu ildə Şəkidə osmanlı ordusunun keçmiş çavuşu İsmayılın rəhbərliyi ilə “bəy və xanların hakimiyyətinə ölüm” şüarı altında müsavat hökumətinə qarşı kütləvi qiyam baş verdi. Üsyanın əsas zərbə qüvvəsi müsavat ordusunda xidmətdən boyun qaçıran gənclər və torpaqsız kəndlilər idi. Qiyamçılar bir-birinin ardınca bütün inzibati binaları ələ keçirir, inadla şəhər mərkəzinə doğru irəliləyirdilər. Qubernator nizami qoşun hissələrini köməyə çağırdıqdan sonra xalq üsyanı zor gücünə yatırıldı. Müsavat hökumətinə qarşı Şəkidə baş vermiş bu silahlı üsyan tarixdə “Zəğzəglilərin işi” adıyla məşhurdur. Bakıya qaçmaq rüsvayçılığından son anda canlarını qurtaran müsavat qəza hökuməti üsyançılara və onların ailələrinə qarşı geniş repressiya əməliyyatı həyata keçirdi, yüzlərlə insan öldürüldü, həbs edildi. Müsavat-ingilis işğalçı rejimi Şəkidə ağalığını belə qanlı qətllər hesabına cəmi bir neçə ay sürdürdü. Bir neçə ay ona görə ki, belə üsyanlar demək olar hər ay baş qaldırır, yalnız ordu və bəylərin qoçu dəstələrinin üsyançılara qanlı divanından sonra yatırılırdı. Bir tərəfdən yerli bəylərin zülmü, digər tərəfdən torpaqsızlıq və aclıq bölgə əhalisini tez-tez silaha sarılmağa məcbur edirdi. 1919-cu ilin təkcə ikinci yarısında Azərbaycanda çörək 100%, yağ 200%, süd 2 dəfə, yun məhsulları 4 dəfə bahalaşmışdı.
Nə qədər qəribə də olsa Manaflı iddia edir ki, 1919-cu ildə Şəki əhalisi sən demə bu astronomik inflyasiyanın fonunda Nəsibbəy Yusifbəylinin təbrik məktubunu sevinclə qarşılayır, əhval-ruhiyyələri daha da yüksəlirdi. Əslində isə yüksələn əhval-ruhiyyə yox, qiymətlər və bunun fonunda isə müsavat-işğalına qarşı əhalinin nifrəti idi. Şəki əhalisinin müsavat istibdadına olan nifrəti Zəkəriyyə Balaxlinski başda olmaqla kommunistlərin qəza komitəsinə olan inamı daha da artırırdı. 1919-cu ilin sonlarına Şəki qəzasında kommunistlərin nüfuzu o qədər güclü idi ki, Zəkəriyyə Balaxlinskinin rəhbərlik etdiyi partiya komitəsi faktiki olaraq bölgədə real hakimiyyət kimi etibar görürdü.
1919-cu ilin yayında müsavat baş naziri Nəsibbəy Yusifbəylinin Qatır Məmmədin qırmızı partizanları tərəfindən girov götürülməsi bir daha sübut etdi ki, oyuncaq hökumət ölkədə nəzarəti tamamilə itirib.
Manaflı 1918-20-ci illərdə Azərbaycanda müstəqil milli dövlətin olduğunu iddia etməklə də oxucuları aldadır. Sual olunur, əgər belə bir müstəqil hökumət var idisə nə üçün 1919-cu ildə Bakıya gəlmiş İran şahını ingilis generalı qarşılayıb yola salırdı? Bu bir daha nümayişkaranə şəkildə bütün dünyaya, o cümlədən Azərbaycanın guya müstəqilliyini tanımış İran dövlətinə Azərbaycan adlı bu evin sahibinin əslində ingilislər olduğunu göstərmirdimi? Hansı ki 1918-ci il 30 oktyabr “Mudros” müqaviləsində rəsmi şəkildə işğal faktı öz əksini tapmışdır. Ona görə də bütün subyektiv hissləri kənara qoyaraq elmi obyektivlik naminə 1918-20-ci illəri ingilis işğal dövrü kimi xarakterizə və müsavatın sadəcə vassal oyuncaq qurum kimi fəaliyyətini qeyd etmək daha düzgün olardı. Hər kəs yaxşı bilməlidir ki, 1918-20-ci illərdə Cənubi Qafqazda heç bir müstəqil dövlət olmayıb- bu fakta inanmayanlar “Mudros” müqaviləsinin 11-15-ci bəndlərini oxuya bilərlər.
Manaflının yazması ki, guya 1919-cu ildə “həyatın bütün sahələrini əhatə edən geniş quruculuq işləri aparılırdı”, tarixi saxtakarlıqdan başqa bir şey deyil. Bu iddiada olan tarixçilər qoy iqtisadiyyatın, sosial həyatın hansısa bir sahəsindən bir dənə statistik fakt təqdim etsinlər ki, müsavat-ingilis işğalı vaxtı hansısa sahədə cüzi də olsa artım, tərəqqi olub. Manaflı çarizm dövründə Şəkidə ipəkçiliyin tərəqqisindən yazır, hansı ki bu sahə müsavat-ingilis işğalı dövründə tamamilə tənəzzül etmişdi. Müqayisə üçün deyim ki, 1913-cü ildə Şəkidə 60 min pud barama istehsal olunmuşdusa, bu göstərici müsavat vaxtı cəmi 2 min pud təşkil etmişdir, yəni 30 dəfə az. Müsavat vaxtı Şəkidə olan ipək manifakturalarının, fabriklərinin hamısı fəaliyyətini dayandırmış, ipəkçilik tamamilə itib getmişdi. 1913-cü illə müqayisədə 1919-cu ildə iribuynuzlu malqaranın sayı 57%, camış və atların sayı 75%, xırdabuynuzlu mal-qaranın sayı 49%, əkilən sahələrin miqyası 23% azalmış, 330 min hektar əkin sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Neft emalında 22 dəfə azalma qeydə alınmışdır, neftayırma zavodlarının yarıdan çoxu fəaliyyətini tamamilə, qalanı isə qismən dayandırmışdır. Eyni tənəzzül dalğası sosial-mədəni, maarif sahəsində də yaşanmaqdaydı. Belə ki çarizm zamanı Azərbaycanda ibtidai və orta məktəblərin sayı 976, bu məktəblərdə oxuyan şagirdlərin sayı 73 min nəfər təşkil edirdisə, müsavat-ingilis işğalı zamanı anoloji göstərici kəskin surətdə azalaraq cəmi 643 məktəb və bu məktəblərdə təhsil alan şagirdlərin sayı isə 48 min nəfər təşkil etmişdir. Başqa sözlə, müsavat-ingilis işğalı zamanı Azərbaycanda məktəblərin sayı 330 ədəd, şagirdlərin sayı isə 25 min nəfər, yəni 35% azalmışdır. Müsavat-ingilis işğalı zamanı Azərbaycan sözün əsl mənasında bölgədə tarixin ən böyük demoqrafik fəlakətiylə, bəlkə də tarixin ən böyük demoqrafik fəlakətiylə üzləşmişdir: 1918-20-ci illərdə ölkə əhalisinin təqribən 20%-ni, yəni 400 min nəfərini itirmişdir! Əhalinin sayi 2,3 milyon nəfərdən azalaraq 1,9  milyon nəfərə düşmüşdür. Vətəndaş müharibəsi, xarici işğal, milli münaqişələr, aclıq və xəstəliklər respublikanın genefonduna uzun illər bərpası mümkün olmayan zərbə vurmuşdur. Müsavat-ingilis işğalı zamanı respublikada 636 kənd yer üzündən silinmiş, 30 mindən artıq kəndli həyəti məhv edilmişdir. Çarizm zamanı mövcud olan 800 kəhrizdən müsavat-ingilis işğalı zamanı cəmisi 142 kəhriz işlək vəziyyətdəydi.
Manaflının inqilabdan əvvəl mövcud olduğunu iddia etdiyi “çiçəklənən” Azərbaycanın faktlarda əksini tapmış gerçək mənzərəsi bu idi. Müsavat vaxtı bircə dənə də olsun nə məktəb, nə fabrik, nə bir bina tikilmədiyi, iqtisadi-sosial həyatın bütün sahələri kəskin tənəzzül etdiyi halda Manaflı kimi girdirmə ziyalılar iddia edirlər ki, geniş quruculuq işləri gedirmiş və guya 11-ci Qızıl Ordu xalqımızı bu “giqant” inkişafdan məhrum etmişdir. İnkişafdanmı məhrum etmişdir, yoxsa məhv olmaqdanmı xilas etmişdir- bu seçimi oxucunun öz ixtiyarına buraxırıq. Sadaladığımız tükürpədici tənəzzül, dağıntı və qırğın faktlarının fonunda siz fikrən “müstəqilliyin” daha bir qədər davam etdiyini fərz edin- sonra baxın görün Azərbaycandan geriyə nə qalacaqdı?!
Bir çox ədəbiyyatlarda, o cümlədən də sözügedən müəllifin məlum kitabında belə bir iddia mövcuddur ki, Sovet hakimiyyəti mövcudluğunun ilk bir ilində Azərbaycanda guya 50 min insan məhv etmişdi.
İzah: Nəzərinizə çatdırım ki, bu rəqəm uydurmadan başqa bir şey deyil və heç bir rəsmi mənbədə öz təsdiqini tapmır. Sadəcə olaraq Mirzəbala Məmmədzadə adlı bir nəfər müsavatçı avantürist 20-ci illərdə Polşa diktatoru Pulsidskidən aldığı pulun qarşılığında antisovet propaqandası üçün nəzərdə tutulmuş nəşrlərdən birində, tamamən öz subyektiv fantaziyasına əsaslanaraq bu uydurma rəqəmi ortaya atmış, bu günkü tarixçilər də əslini araşdırmadan, bu rəqəmi tutuquşu kimi təkrar etməkdədirlər. Əgər Mirzəbala Məmmədzadə “çaşıb” 5 milyon desəydi, bu tutuquşular ağına-bozuna baxmadan elə 5 milyon da təkrar edəcəkdilər! Amma müsavat-ingilis oyuncaq hökuməti zamanı 400 min əhalinin məhvi rəsmi statistik faktdır və istənilən şəxs Azərbaycan Dövlət Statistika Komitəsinin Demoqrafiya şöbəsinə müraciət etməklə bu rəsmi faktla tanış ola bilər.
Manaflı yazır: “Məhz səbəb olduğu çoxsaylı faciələrə və ağır sosial-iqtisadi nəticələrə görə böyük öndərimiz M.Ə.Rəsulzadə kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı yeri, daimi qanayan yarası” adlandırmışdır”.
İzah: Kolxoz quruluşu o adamların gözünə “faciə”, “bəla”, “qanayan yara” kimi görünə bilər ki, onların öz xalqının və ümumilikdə Şərqin tarixindən xəbərləri yoxdur. Məsələ burasındadır ki, kolxoz təsərrüfatı Azərbaycan üçün nəsə yad, kənardan gəlmə, yeni bir şey deyildi- kolxoz quruluşu Azərbaycanda və Şərqdə əsrlər boyu, ta erkən feodalizmdən XIX əsrin ortalarına qədər mövcud olmuş icma təsərrüfatının yeniləşmiş və daha modern formasıydı. Belə ki Şərqdə və Azərbaycanda torpaq üzərində əvvəllər xüsusi mülkiyyət olmamışdır- torpaq və su ehtiyatları icmaya məxsus idi və əhali torpaqdan elliklə, kollektiv surətdə istifadə edirdi. Marks və Engels torpaq üzərində xüsusi mülkiyyət olmamasını və icma təsərrüfatını Şərq tarixinin spesifik inkişaf xüsusiyyəti kimi xarakterizə etmişdirlər. Sonradan çox az sayda olan iri feodallar, mülkədarlar, Manaflı və Rəsulzadə kimilərin mənəvi babaları tədricən icmanın mülkiyyətində olan torpaqları, kəhrizləri, su mənbələrini bu və ya digər yolla ələ keçirməyə başladılar. Bu ilhaq və işğal prosesi 19-cu əsrin ortalarında iri mülkədarlar sinfinin, Şahmalıyevlər, Zülqədarovlar, Şamxorskilər kimi torpaq latifundistlərinin meydana gəlməsi və milyonlarla insanın icma torpaqlarından tamamilə məhrum edilməsi ilə nəticələndi. Bir tərəfdə 80-90 min hektar torpağa təkbaşına sahib olan mülkədar klanı, digər qütbdə isə torpaqdan tamamilə məhrum edilmiş yoxsul, torpaqsız kəndlilər sinfi formalaşdı. Əsrlərdən bəri icmaya, camaata məxsus olan torpaqlar bir ovuc zəngin mülkədarın əlində təmərküzləşdi. Müsavat vaxtı icma torpağının bəylər tərəfindən ələ keçirilməsini əks etdirən bir sənədə nəzər yetirək. 1919-cu il mayın 14-də Öysüzlü kənd icması Müsavat parlamentinə ünvanladıqları şikayət ərizəsində yazırlar: “Qubernator və qəza rəisi açıqcasına bəylərin tərəfini saxlayır... Bəylər üçün qəsdən saxta sənədlər düzəldirlər. Biz keçmiş illərdəki kimi yerləri sürməliyik, bizim qabağımızı heç bir hökumət, heç bir maneə saxlaya bilməz. Bir damla qanımız qalıncaya qədər vuruşacağıq”. “BİZ KEÇMİŞ İLLƏRDƏKİ KİMİ YERLƏRİ SÜRMƏLİYİK”- bəli, bu o yerlər idi ki, yüz illərdi kənd icmasının mülkiyyəti idi, amma cəmi bir neçə ayda peyda olmuş müsavat qubernatoru saxta sənədlə icmanın torpağını alıb bəylərə verirdi. Kəndlilər silaha sarılıb icmanın torpağını müdafiəyə qalxanda isə Müsavat rejimi onlara “bolşevik”, “qiyamçı” yarlığını yapışdırır, kəndləri top və pulemyot atəşləriylə məhv edirdi. Belə aqibətlə Qazax qəzasının Yuxarı Salahlı və Aşağı Əskipara kənd icması da qarşılaşdı. Gəncə qubernatoru Vəkilov daxili işlər nazirinə yazırdı: “Bu gün hərbi nazirlik Yuxarı Salahlı və Aşağı Əskipara kəndləri üzərinə top və pulemyotlarla qoşun hissəsi yeritsin” (MAİ, Fond 894.S2, iş 39 vər.96). Müsavat dövrü arxivlərində bu qəbildən yüzlərlə sənəd var- onların hər bir sətrində dağıdılıb məhv edilmiş yüzlərlə kəndin, öldürülmüş on minlərlə kəndlinin, torpaq arzusu qanla sulanmış, torpaq hüququ top-tüfənglə dəfn olunmuş kəndlinin faciəsi var.
1918-20-ci illərdə kənd icmasının torpağını top-tüfənglə alıb bəylərə verən həmin Rəsulzadə, kəndlinin torpaq istəyini toplarla, pulemyotlarla cavablandıran həmin Rəsulzadə, sosialist inqilabından sonra sığındığı xarici ağalarından aldığı pulların müqabilində sifarişli məqalələr yazır və kolxoz quruluşuna Azərbaycanın “ən ağrılı yeri, daimi qanayan yarası” deyib fəryad qoparır və böhtanlar yağdırırdı.
Bir soruşan lazım idi ki, necə olur ağalığınız, əslində isə osmanlıya və ingilisə nökərçiliyiniz zamanı kənd icmasının torpağını alıb bəylərə verəndə və biçarə kəndli dədə-baba torpağının müsadirəsinə etiraz edəndə kəndliləri ot tayasına doldurub diri-diri yandırırdınız, kəndləri “qiyamçı” elan edib top və pulemyot atəşləri ilə yer üzündən silirdiniz- bu Azərbaycanın qanayan yarası olmurdu, amma Sovet hökuməti tarixi ədaləti bərpa edəndə, yüz illərdir bu xalqın məişətində, sosial həyatında dərin iz buraxmış icma təsərrüfatını bərpa edəndə bu olurdu xalqın qanayan yarası?! O icma təsərrüfatı ki, yüz illərdi, əsrlərdi həmişə Şərqdə, Azərbaycanda dominant olub- kolxoz quruluşu məhz bu icmaçı təsərrüfatın yeni, modern əsaslarla bərpası idi.
Bu gün Manaflı kimiləri belə bir saxta fikirləri xalqın beyninə yeridirlər ki, guya tarixən bizim millətə fərdiyyətçilik xas olub, məhz Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi siyasi fırıldaqçılar xaricdə mətbuatda hay-küy salırdılar ki, guya kommunizm, kollektivçilik bizim xalqın mentalitetinə yaddır. Əslində isə bu danılmaz həqiqətdir ki, Şərqdə və Azərbaycanda Qərbdən və Avropadan fərqli olaraq torpaq üzərində həmişə icma mülkiyyəti dominantlıq təşkil etmişdir, hansı ki onun son qalıqlarını müsavatçılar topla-pulemyotla silib yox edirdilər.
Qızılhacılı və Çaylı icmalarının faciəsi müsadirə və terror dalğasının yüzlərlə faktından sadəcə bir neçəsiydi. Qızılhacılıda müsavat yerli hökuməti icmanın mülkiyyətində olan minlərlə hektar yeri silah gücünə müsadirə edib bəylərə verdilər. Buna müqavimət göstərən çoxlu sayda kəndli öldürüldü, yüzlərlə ev dağıdıldı. 300 evdən ibarət olan Çaylı icmasında 125 nəfər həbs edildi və bir qism kəndlilər güllələndi, kəndlilərə məxsus 100 hektar əkin və otlaq sahəsi müsavatçılar tərəfindən yandırıldı. 1918-20-ci illərdə kənd icmasının mülkiyyətində olan torpaqları silah gücünə müsadirə edib bəylərə verən müsavatçılar bunu “demokratiya” adlandırdıqları halda, kommunistlərin torpağı bəylərdən müsadirə edib kənd icmasının sərəncamına qaytarmasını qırmızı terror və talan kimi qələmə verirdilər. Fikir verin, Göyçay qəzasının Bəydovul kəndlilərinə məxsus 1000 ha torpağı Müsavat hökuməti müsadirə edərək mülkədar Sultanovun ixtiyarına verir- bunu müsavatçılar “qanuni” hesab edirlər, amma Sovet hakimiyyəti mülkədar Sultanovdan zəbt etdiyi torpağı alıb kəndliyə qaytaranda, kənddə kolxoz təşkil edəndə həmin müsavatçılar bunu “xalqın əmlakının talanı” kimi qiymətləndirirlər! Belə çıxır ki, müsavatçıların nəzərində ancaq mülkədar Sultanovlar insan idi və buna görə də onlar bu bir ovuc qaraguruha “xalq” deyə xitab edirlər.
1930-cu illərdə Şəkidə, Kəlbəcərdə Sovet hakimiyyətinə silah çevirənlər məhz elə bu bir ovuc qaraguruh idi ki, hansı ki Manaflı bütün insani utanma hisslərindən imtina edərək bu beş-on nəfər qulduru “xalq”, onların silahlı qəsdini isə “xalq üsyanı” kimi xarakterizə edir.
Sizə elə gəlməsin ki, Sovet hakimiyyəti 1920-30-cu illərdə bəylərin, mülkədarların, qolçomaqların haqqı olan torpaqları onların əlindən alırdı, xeyr! Onların haqqı hər kəs kimi bir həyət torpaq idi! Sovet hökuməti əvvəlcə Çar, sonra isə Müsavat dövründə bəylərin min bir fırıldaqla ələ keçirdiyi icma torpaqlarını yenidən kənd icmasının sərəncamına qaytarırdı! Bu proses iki formada həyata keçirilirdi: 1-ci forma kəndli həyətləri, 2-ci forma kolxoz quruculuğu idi.
Manaflı iddia edir ki, kolxoz quruculuğu Azərbaycan üçün guya çox ağır “sosial-iqtisadi” nəticələr törətdi. Guya məhsuldarlıq aşağı düşdü, ölkədə ərzaq vəziyyəti pisləşdi və buradan da müəllif belə bir nəticə hasil edir ki, kolxoz quruculuğu guya özünü doğrultmadı. Manaflı Şəki hadisələrinin bir səbəbini də kolxoz quruculuğunun guya törətmiş olduğu “ağır” sosial-iqtisadi vəziyyətlə əlaqələndirir. Görəsən doğrudanmı belə idi?!
İzah: Müsavatdan “miras” kimi Sovet hakimiyyətinə ancaq iqtisadi xarabazarlıq irs qalmışdı. Hansı ki bu dağıntıların aradan qaldırılması on illərlə vaxt tələb edirdi, amma Sovet hökuməti bütün gücünü səfərbər edərək qısa bir dövr ərzində xalq təsərrüfatının bərpasına nail oldu. İnqilabdan dərhal sonra elə bir sahə yox idi ki, tərəqqiyə nail olmasın. Məsələn, 1920-ci ildə Azərbaycanda cəmi min hektar pambıq sahəsi qalmışdısa, 1923-cü ildə pambıq əkini 21 min hektara çatmışdı. Müsavat dövrü tamamilə iflasa uğrayan baramaçılıqda qısa müddət ərzində dəfələrlə artım oldu- 1921-ci ildə barama tədarükü 6 min puda, 1923-cü ildə isə daha 10 dəfə qalxaraq 60 min puda çatdı.
Müsavatın Azərbaycan iqtisadiyyatında yaratmış olduğu dağıntıdan sonra hər il, həm də iqtisadi-sosial həyatın bütün sferalarında artıma nail olmaq möcüzə idi. Müsavatın iqtisadiyyata vurduğu dağıntının böyüklüyünü təsəvvür etmək üçün sadəcə onu demək kifayətdir ki, neft sənayesi kimi strateji bir sahədə məhsul istehsalını 1913-cü il səviyyəsinə yalnız 1928-ci ildə çatdırmaq mümkün oldu. Beləki 5 min neft quyusundan Müsavat dövrü sadəcə 400 quyu işlək vəziyyətdə qalmışdı, qalan 4600 quyu istismara yararsız hala düşmüşdü. Əgər neft kimi diqqət mərkəzində olan bir sahədə 1913-cü ilin səviyyəsinə ancaq 8 ildən sonra çatmaq mümkün oldusa, indi təsəvvür edin ki, Müsavat ölkə iqtisadiyyatını necə tanınmaz hala salmışdı.
Bu gün hər nə qədər təbliğ olunsa ki, Sovet hökumətini guya ancaq neft sənayesi maraqlandırırdı, bu cəfəngiyatdan başqa bir şey deyil. Fikir verin, neft sənayesində məhsul istehsalı 1913-cü il səviyyəsinə 1928-ci ildə çatdığı halda, kənd təsərrüfatında bu uğura daha tez, 1925-26-cı illərdə çatmaq mümkün oldu. Eyni inkişaf tendensiyası kütləvi kolxoz quruculuğundan sonra da davam etdi. Belə ki 1932-39-cu illərdə kolxozların gəliri 8 dəfədən çox artmışdı. Müsavat vaxtı tarlalarda bir dənə də traktor olmadığı halda, 1921-25-ci illərdə 130 traktor, 1930-cu ilə qədər isə 1200 traktor kəndlilərin ixtiyarına verilmişdi. 1940-cı ildə isə əkin sahəsində işləyən traktorların sayı 6 minə çatırdı. Müqayisə üçün deyim ki, Müsavat dövründə traktor qalsın bir tərəfə, kəndlilərin 60%-nin əkin sahəsini becərmək üçün heç bir aləti yox idi.
Kolxoz quruculuğunun ilk illərindən Azərbaycan kəndlisi ilk dəfə olaraq mədəni həyatla tanış oldu. Türkiyə, İran kimi böyük müsəlman dövlətlərinin şəhərlərində belə bağça olmayanda Azərbaycanın kəndlərində kolxoz hesabına bağçalar, körpə evləri, tibb məntəqələri yaradılırdı. Məsələn, 1930-cu illərdə təkcə pambıqçılıq rayonlarında kolxoz hesabına kəndlərdə 30 min uşaq üçün 630 bağça və 825 uşaq meydançası, 20 min uşaq üçünsə 200 daimi, 113 mövsümi körpələr evi yaradılmaşdır ki, kolxozçuların uşaqları kolxoz hesabına təlim və tərbiyə alsınlar, valideynlər işdə olarkən uşaqları başsız və nəzarətsiz qalmasınlar. 1930-cu illərin kəndində olan bu mədəni səviyyəyə indi hətta Bakı şəhərində belə qibtə etmək olar. 80 il bundan əvvəl Sovet kəndində bağçaya gedən uşaqların sayı hazırda Bakı şəhərində bağçaya gedən uşaqların sayından çox olmuşdur. İndi Manaflı kimilərindən soruşmaq lazımdır ki, doğrudanmı kolxoz quruluşu kəndlinin mənafeyinə uyğun deyilmiş və guya kəndli kolxozun ona təqdim etdiyi bu nailiyyətləri (hansı ki o dövrdə ən inkişaf etmiş dövlətlərin şəhərlərində bu mədəni xidmətlər yox idi) top-tüfənglə qarşılayırdılar və kolxozun onlara bəxş etdiyi bu təminatlı həyatdan narazı idilər?!
Bu gün Azərbaycanda 3 minə qədər kənd var, amma bu kəndlərdə heç üç dənə bağça yoxdur. Lakin bir kənddə, İsmayıllı rayonunun İvanovka kəndində kolxoz var və bu kənddəki bağça indi də fəaliyyət göstərir. Bilirsiniz nə üçün? Çünki Sovet vaxtı bağçalar kənd və rayonlarda kolxoz və sovxozların hesabına yaradılırdı- kolxoz və sovxozlar dağılan kimi bu tədris-tərbiyə ocaqları da dağılıb tarix oldular.
Kolxoz elə bir sosialist təsərrüfat modeli idi ki, hər bir kolxozçu ailəsinin hərtərəfli təminatını qarşılaya bilirdi. Kolxozun hesabına kəndlərdə həkim məntəqələrindən doğum evlərinə qədər hər bir səhiyyə, mədəni iaşə və tədris ocaqları kolxozçuların xidmətindəydi. Kolxoz təsərrüfatları inkişaf edib zənginləşdikcə kənd əhalisinə göstərilən bu xidmətlərin çeşidi və keyfiyyəti də yüksəlirdi. İnkişafa gəlincə isə kolxoz-sovxoz təsərrüfatları Manaflının iddia etdiyinin əksinə olaraq həmişə dinamik inkişaf edən sahə olmuşdur. Məsələn, 1932-37-ci illər ərzində hər bir kolxozun gəliri 6 dəfə, hər bir kolxozçu həyətinə düşən gəlirsə (pulla) 3 dəfədən çox, hər bir əməkgününə düşən pul 4 dəfəyə qədər artmışdır. Bu isə o deməkdir ki, Manaflının iddia etdiyinin əksinə olaraq Sovet kəndində əhalinin kolxoz və Sovet hakimiyyətinə qarşı kütləvi silahlı çıxışını şərtləndirəcək obyektiv şərait yox idi.
Kolxozun təsərrüfat üstünlüklərindən mənim uzun-uzadı gətirdiyim bu faktlar olsun ki oxucunu yorar və o dövr haqqında daha çox qiyabi təəssurat yarada bilər, ancaq hazırda Bakıdan 220 km məsafədə olan İvanovka kəndinə getsəniz bunu birbaşa öz gözlərinizlə görərsiniz. 15-20 il bundan öncə Azərbaycan kəndlərindən işsizlik və yoxsulluq səbəbiylə gənclərin xarici ölkələrə və paytaxta kütləvi köçü başlayanda İvanovka kəndi yeganə təsərrüfat idi ki, mənfəətlə işləyirdi və heç kəs bu kəndi tərk etmədi. Bu gün İvanovka kolxozu milyonlarla manat dövriyyəyə malik varlı təsərrüfatdır və bütün kənd əhalisini daimi işlə təmin edır.
Bir neçə il əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova telekanalların birində canlı yayım zamanı Tovuz rayonundan bir nəfər qadın iki övladının ali təhsilli olduğu halda iş tapa bilmədiklərindən şikayətləndi. Deputat Bəxtiyar Sadıqovun qadına cavabı belə oldu: “İndi Sovet dövrü deyil ki, kənddə kolxozlar, sovxozlar ola və əhalini işlə təmin edə. Gedib özünüz başınızın çarəsinə baxın”.
Kolxozun dəyərini onu itirdikdən sonra anlamışıq. Ölkə iqtisadiyyatına 20 ildə sovxoz və kolxozların dağılmasından 100-150 milyard dollar zərər dəyəndən sonra başa düşmüşük ki, kənd yerində böyük təsərrüfatın varlığı nə demək imiş.
Kolxozu özünü doğrultmamaqda, qeyri-məhsuldar olmaqda ittiham edən Manaflı kimilərin nəzərinə onu da çatdırım ki, bu gün fərdi kəndli təsərrüfatı ölkəsi olan Azərbaycan Sovet Azərbaycanının 30-40 il əvvəlki göstəricilərinə çata bilməmişdir; pambıqçılıq, çayçılıq, ipəkçilik, üzümçülük kimi ənənəvi sahələr isə tamamilə məhv edilmış vəziyyətdədir. 1931-ci ildə Sovet hökuməti Şəkidə ipək kombinatı tikib istifadəyə verdi. Bu kombinat öz təyinatına görə İttifaqda ikinciydi və 6 min Şəki sakininə daimi iş yeri təmin edirdi- hansı ki bu gün tamamilə fəaliyyətini dayandırıb.
15-20 il əvvəl fərdi kəndli təsərrüfatını tərifləyib göylərə qaldıranlar və tələm-tələsik sovxoz və kolxozları dağıdıb özəlləşdirənlər indi bu gün əksinə, fərdi kəndli təsərrüfatının, xüsusilə də kiçik kəndli pay torpaqlarının özünü doğrultmadığını, kənd təsərrüfatını dirçəltmək üçün böyük kollektiv təsərrüfatların yaradılması zərurətini hökumət səviyyəsində etiraf etməkdədirlər. Səbəb odur ki, fərdi kəndli təsərrüfatları texnika, traktor, kombayn almaq, təsərrüfatda son texnologiyaları tətbiq edəcək qədər vəsaitə sahib olmadıqlarından pay torpaqları kustar üsullarla, primitiv metodlarla becərilir, növbəli əkin sistemi tətbiq olunmur, nəticədə torpaq gücdən düşür, şoran basır, məhsuldarlıq azalır. Fərdi kəndli təsərrüfatları bu problemləri həll etməyə qadir deyil. Məsələn, bu gün suvarılan əkin sahələrinin yarıdan çoxunda şoranlaşma gedir. 1 hektar torpağın yuyulması, şorandan təmizlənməsi üçün ən azı 5-10 min manat vəsait lazlmdır və bu iş bir neçə ildən bir təkrar olunmalıdır. Kəndli şikayətlənir ki, o fərdi təsərrüfatından bu qədər pul qazana bilmir və bu layihələri öz imkanına edə bilməz. Deməli ən elementar problemlərin həlli qarşısında fərdi təsərrüfat acizdir. Eyni proses 20-30-cu illərdə yaşandığından Sovet hökuməti çox duzgün olaraq iri kollektiv təsərrüfatlar yaradırdı. Bu gün isə mövcud rejim problemlərdən çıxış yolunu iri fermer təsərrüfatların yaradılmasında görür, hansı ki bu tədricən torpaqların beş-on nəfər varlı fermerin əlində təmərküzləşməsi deməkdir və sosial baxımdan olduqca ədalətsiz yoldur. Bu kəndlilərin tədricən pay torpaqlarından məhrum ediləcəkləri deməkdir.
Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə hökumət 2020-ci ilə kimi 210 min hektar ərazidə bir neçə iri fermer təsərrüfatı (özəl sektor üçün) yaratmağı hədəfləyir və bu ərazilərin şorandan təmizlənib əkin üçün tam yararlı standartlara çatdırılması üçün 2,2 milyard dollar dövlət vəsaitinin xərclənməsi nəzərdə tutulur. Əminliklə demək olar ki, bu məbləğ sonralar “inflyasiya” bəhanəsiylə 2-3 dəfə artırılacaq və bunula da hökumət milyardlarla dövlət vəsaiti hesabına bir neçə varlı oliqarx üçün fermer təsərrüfatları yaradacaqdır. Bundan əlavə bu ğün on minlərlə hektar torpaq oliqarxların nəzarətinə keçib. Haramı düzündə 80 min hektar ərazi bir tək Bəylərə (prezidentin mühafizə rəhbərinə) məxsusdur. Bir sözlə, iri oliqarxlar bütün vasitələrdən istifadə etməklə kəndlilərin pay torpaqlarını “udmaqda” davam edirlər. Amma nədənsə Manaflı kimilərini on minlərlə ailənin pay torpaqlarından məhrum olunması faktı qətiyyən narahat etmir, amma ümumxalq mülkiyyəti olan kolxozlar və sovxozlar ox olub bu kateqoriyadan olan adamların gözünə batırdı. Fərdi kənd təsərrüfatının bu günkü durğunluğu fonunda tarix bir daha sübut etdi ki, kolxozlar və sovxozların timsalında iri ictimai mülkiyyətə əsaslanan təsərrüfatların alternativi yoxdur. Təsadüfi deyil ki, bu gün hətta Türkmənistanda əkilən torpaqların yarısı kolxozlar və sovxozların balansında qalmaqdadır, amma bu modeli Manaflı xislətlilər dağıtdılar, “qazancımız” 100-150 milyard dollar iqtisadi zərər, kəndlərdə kütləvi işsizlik və yoxsulluq oldu.
“Bolşevik istibdadı”, “çeka cəlladları”, “asmaq-kəsmək xislətinə sahib bolşevik rejimi”, “amansız represiya”- bu pafoslu sözləri Həbibulla Manaflı Sovet hakimiyyətini xarakterizə etmək üçün işlədir. Həm də bilirsiniz hansı hadisə ilə əlaqədar olaraq? Nə var, nə var, 1931-ci ilin martında Sovet Məhkəməsi banditbaşı Bəhrambəy Nəbibəyovun qardaşları Hüseynbəy və Vahidbəy Nəbibəyovlara cəmi 3 il azadlıqdan məhrumetmə həbs cəzası verdiyi üçün.
Həbibulla Manaflı bunu kütləvi represiya və qanunsuzluq hesab edir.
İzah: Gərək sizlər Allahınıza şükür edəsiniz ki, Sovet hakimiyyəti belə banditləri məhkəmədə mühakimə edib, istintaq işi aparıb və günahları (qiyama yardım və yataqlıq etmə suçundan) sübuta yetirildikdən sonra çox cüzi, cəmi 3 il həbs cəzasına məhkum edib. Əgər bu faktı kimlərsə Sovet rejiminin tiranlığı, cəlladlığı kimi başa düşürsə, onda belələri üçün müəyyən müqayisələr aparmağı məsləhət görürük. Həbibulla Manaflının tərifləyib göylərə qaldırdığı 1918-20-ci illər inglis-müsavat işğalı zamanı müsavatçı bəylər görün üsyan rəhbərlərinin ailələri və üsyana yardım və yataqlıq edən kəndlilərə hansı cəzanı verirdilər.
Qırmızı partizan hərəkatının rəhbəri Qatır Məmmədin anası Gülxanım, qardaşı Adil, əmiləri Aslan və Yusifəli də daxil olmaqla bütün ailə üzvləri- 40 nəfərdən çox qohum-əqrəbası müsavatçı bəylər Haqverdi ağa Adıgözəlbəyov və Quşbazoğlu tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, ailə namusuna toxunulmuşdur. Yenə 1919-cu ildə müsavatçı bəylər Şadıllı kəndinin 29 nəfər sakinini qırmızı partizanlara yemək verdikləri üçün ot tayasına dolduraraq diri-diri yandırmışdılar. Kommunist Əli Bayramovun başı müsavat jandarmları tərəfindən 1920-ci ilin martında kəsilmiş, heç bir məhkəmə və istintaq işi aparılmamışdır. Bu qəbildən minlərlə fakt sadalamaq olar. İndi necə olur, müsavatçı bəylərin məhkəməsiz, istintaqsız dinc kəndliləri ot tayasına doldurub diri-diri, həm də kütləvi halda yandırmalarına, məhkəməsiz, hökmsüz insanları ən vəhşi metodlarla öldürmələrinə “demokratiya” deyirsiniz, Sovet hökuməti banditbaşılara cəmi 3 il həbs cəzası verdikdə bunu “istibdad”, “represiya” və s. və i. kimi qələmə verməyə çalışırsınız.
Fikir verin, 1923-cü ildə “İttihadi İslam” partiyası Göyçay qəzasında Sovet hakimiyyəti əleyhinə qanlı qəsd təşkil edir (türk Camal Paşanın rəhbərliyi ilə). Əməliyyat zamanı silahlı qəsdə rəhbərlik edənlərdən Əhməd Yüzbaşı (Qədir oğlu) çekistlər tərəfindən həbs edilir. Bilirsiniz bu banditbaşının cəzası nə olur? Cəmi 5 il həbs. Əhməd Yüzbaşının 70 yaşı olduğunu nəzərə alaraq Sovet məhkəməsi yüksək humanizm nümayiş etdirərək onun barəsində çıxarılmış ölüm hökmünü 5 illik həbslə əvəz edir.
Bundan başqa elə götürək 1930-cu il Şəki hadisələrini, qolçomaq qiyamının rəhbəri olmuş Molla Mustafa əvvəlcə qaçaraq Gürcüstan ərazisində gizlənir və burdan Türkiyəyə keçmək istəyərkən Sovet çekstləri tərəfindən həbs edilərək Bakıya gətirilir (1932). Amma qəribədir ki, Sovet məhkəməsi yüzlərlə insanın qətlində əli olan bu banditbaşını sadəcə olaraq Solovetsk adasına sürgün etməklə kifayətlənir (10 il). Bu quldurbaşı sürgündə Sovet çörəyi yeyib osmanlı ləhcəsiylə şeirlər yazır, ayda bir dəfə ailəsiylə məktublaşırdı da. Və gələcəyə o qədər nikbin baxırdı ki, hətta 1937-ci ilin ortalarında ailəsinə yazdığı məktubda ədalətli Sovet məhkəməsinin onu əhv edəcəyinə inamını ifadə edirdi. Bəli, kommunist fədailərin torpaq altda sümükləri cürüyəndə, quldurbaşı Molla Mustafa Solovetsk adasında şeir yazıb əhf ediləcəyi günü gözləyirdi.
1956-cı ildə Bağırovun məhkəməsi zamanı ifadə verən Padarov Hacı Məhəmməd İbrahim oğlu bildirmişdir ki, ona məlum olmayan səbəblərdən ingilis-türk agenti Molla Mustafa hələ də yaşayır və ailəsiylə məktublaşır. Həbibulla Manaflı yazır ki, 1966-cı il avqustun 30-una aid olan 27 saylı qeyddə yazılıb: “Şeyxzadə Mustafa Məmməd oğlu 8.XII.1937-ci ildə güllələnib”. Və guya Padarov yalan ifadə verib. Lakin nəzərə alsaq ki, Padarov Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin 1954-cü ilə qədər sədr müavini olub, onda respublikanın bu baş çekistinin ifadəsinə bu dərəcədə qeyri-ciddi münasibət bəsləmək olmaz. Belə ki Molla Mustafa üçlər məhkəməsi tərəfindən 10 il sürgünə məhkum edilibsə, necə ola bilər ki, məhkəmə qərarı olmadan Molla Mustafa Şeyxzadə güllələnib? Onun güllələnməsi barədə ortada məhkəmə qərarı yoxdur (ən azından belə fakt məlum deyil).
ƏLAVƏ. Belə bir məsəl var, deyirlər iki şəxsin səhvi bağışlanmazdır: həkimin və müəllimin. Birincisinin səhvi insanı fiziki cəhətdən öldürür, ikincisinin səhvi isə insanı mənəvi şikəst edir. Xamelion vicdanlı tarixçilərin əsərlərini, yazılarını oxuyanda mənim bu məsəlin həqiqiliyinə şübhəm qalmır. Məni bu yazını qələmə almağa vadar edən digər səbəb məktəb dərsliklərinin birində oxuduğum bu sətirlər oldu: “Gəncə qəzasının düzgün olmayaraq elliklə kollektivləşmə qəzası elan olunması burada kollektivləşməyə qarşı müqaviməti artırmışdı. 1930-cu ilin mart ayında qəzanın Bitdili kəndində yoxsullarla hökumət dairəsi arasında ciddi toqquşma baş vermiş, günahsız qanlar axmışdır”.
Bəli, 1930-cu ildə Bitdili kəndində baş vermiş fırıldaq -anoloquna ancaq Mirzə Cəlilin “Ölülər” pyesində rast gəlinə bilən “şeyxnəsrullahlıq” nümunəsi- tariximizin bir rüsvayçılıq nümunəsi məktəblilərə Sovet hakimiyyətinə qarşı antisovet qiyamı, milli azadlıq hərəkatı kimi qələmə verilir. Guya 1930-cu ilin martında yoxsulların Sovet hökumətinə qarşı qiyamı baş verib, özü də Bitdili kəndində.
Beləliklə Bitdili “imamı”nın zühuru: fırıldaq və həqiqətlər.
1930-cu ilin martında əvvəlcə bütün Bitdili kəndinə, sonra isə bütün Gəncə qəzasına və küll halında Azərbaycana belə bir xəbər yayıldı ki, Bitdili kəndinə “imam” zühr edib. Müxtəlif kəndlərdən, rayonlardan minlərlə insan sözügedən kəndə axın edir, “imamın” ruhunun zühr etdiyi iddia olunan evin ətrafına toplaşırdılar. Təbii ki mollalar heç kəsi içəri buraxmır və bununla da “imamın” zühuru məsələsi marağı daha da artırırdılar. Əslində bu ssenarinin səhnələşdirilməsinə illər öncə hazırlıqlar başlanmışdı. Bunun üçün xüsusi “oyunçular” seçilmiş, illərlə onların yaşadıqları bölgələrdə gözdən, əldən-ayaqdan şikəst olması rəyi formalaşdırmış və bu iş üçün seçilmiş şəxslər illərlə qoltuq ağacıyla, gözü bağlı gəzərək hər kəsi əlil olduqlarına inandırmışdılar. Nəhayət ssenarinin tamaşaya qoyulduğu an yetişir. Əvvəlcədən hazırlanmış “kar” və “əlillər” meydanda öz yerlərini almışdılar. Pirin şeyxi molla Əmiraslan izdiham qarşısında çıxış edərək bildirirdi ki, “imamın ruhu şəfavericidir, o möcüzə göstərmək kəramətinə sahibdir”. Bunun sübutu kimi əvvəlcədən təyin olunmuş əlillər içəri buraxılır- az sonra onlar böyük sevinc və həyəcan içində qoltuqağaclarını ataraq, gözlərini açaraq qaçmağa, sevincdən atılıb düşməyə başlayırdılar. Bu rolu o qədər ustalıqla oynayırdılar ki, minlərlə kütlə “imamın” möcüzəsindən vəcdə gəlir, “Allahu-əkbər” sədaları, həyəcanlı qışqırtılar yüksəlirdi. Kütləvi psixoz vəziyyətindən istifadə edən kəndin varlı təbəqəsi hesab edilən qolçomaqlar, onların kolxoz quruluşunun əleyhdarı olan digər əlaltıları, mollalar toplaşan kütlə arasında antisovet propoqandası aparır, “imamın” zühurunun guya Sovet hakimiyyətinə, “allahsız” rejimə qarşı hərəkətə keçmək üçün müqəddəs işarə olduğunu təbliğ edirdilər. Onlar kolxozda işləməyə gedənlərin, kolxoz qurulmasında iştirak edənlərin Allahın qəzəbinə düçar olacaqlarını söyləyir, əhalini kommunistlərə qarşı hərəkətə keçməyə təhrik edirdilər.
Molla Əmiraslan insanları inandırmağa çalışırdı ki, “imamın” zühuruna qədər kolxozda işləmək günahdır. Məqsəd əhalinin kolxozlara qatılmasını, kolxozda iştirakını əngəlləmək idi. Dindar cildinə girmiş qaragüruh kütləni daha da qəzəbləndirmək, həyəcana gətirmək üçün hətta bir neçə kommunistin, komsomolçunun və kolxoz quruluşu fəalının qətlə yetirilməsini belə təşkil etmişdilər.
Bizim qocaman müəllimlərimizdən, artıq vəfat etmiş Cəmil Əhmədli danışırdı ki, mollalar Sovet hakimiyyətinin fəalı kimi tanınan bir neçə şəxsi məqsədli surətdə al-dillə “imamın” ruhunun olduğu otağa dəvət edir, sonra isə onlar qapıdan çıxarkən öz əlaltılarına göz vururlarmış ki, şəxs kafirdir, “müqəddəs ruh” onu qəbul etmədi- elə ordaca həmin şəxsin kütlə tərəfindən daş-qalaq edilərək öldürülməsini təşkil edirmişlər.
Vəziyyətin getdikcə gərginləşdiyini nəzərə alan yerli Sovet hökuməti orqanları “imamın” zühur etdiyi iddia olunan evə reyd keçirirlər. Əhali arasında qarşıdurma yaratmamaq üçün əvvəlcə “pirin” ətrafinda toplanmış kütlə arasında izahat işi aparılır. Yalnız bundan sora Gəncə Dairə Milis idarəsinin rəisi Rüstəm Əliyevlə rayonda məsul işə ezam edilmiş çekist Əlövsət Məmmədov evə daxil olurlar. Qolçomaq və bir neçə dindar əbasına bürünmüş qaragüruhun səhnələşdirdiyi tamaşa tragikomik bir şəkildə başa çatır. Bir neçə dəqiqə sonra çekist Əlövsət Məmmədov əlində bir göyərçin, onun ardınca isə milis rəisi Rüstəm Əliyev ağzı açıq bir sandıqla izdihamın qarşısına çıxırlar. Əlövsət Məmmədov əlindəki göyərçini göyə qaldıraraq kütləyə xitabən “Bax budur Bitdili imamı!” deyir.
Beləliklə, məlum olur ki otağın mərkəzinə qoyularaq içində imamın ruhunun zühur etdiyi iddia edilən sandıqdan bir göyərçin, bir ovuc dən və sudan başqa hec nə çıxmayıb. “Bitdili imamı” mifi saxta sabun köpüyü kimi partlayıb dağılır.
Fırıldağın ifşa olunduğunu görən molla Əmiraslan qarışıqlıqdan istifadə edərək aradan çıxdı. O cinayətkar əməllərini gizləndiyi Hacı Qəhrəmanlı pirində davam etdirməkdəydi. Bir neçə nəfərdən ibarət dəstə cinayətləri üçün olduqca orijinal metoddan istifadə edirlər. Dəstə üzvləri gündüzlər kəndlərdəki kommunistlərin, Sovet hakimiyyəti fəallarının, kolxoza üzv olanların evlərini müəyyənləşdirir, elə ki gecə oldu Qızıl Ordu formaları geyinərək nişan aldıları evlərə basqınlar təşkil edir, maddi əmlakı dağıdır, ot tayalarını yandırır, mal-qaranı tələf edir, arpa və buğda ehtiyatını çaya, kanala tökərək axıdır və böyük ziyançılıqlar törədirdilər. Müqavimət göstərənləri isə amansızlıqla qətlə yetirirdilər. Bununla da cinayətkar dəstə nəinki kommunistləri, Sovet hakimiyyəti fəallarını, onların ailələrini qorxu, xof altında saxlamaq istəyirdilər. Hələ üstəlik basqınlara, qətllərə Qızıl Ordu “forması” geyindirməklə əhalidə, xüsusilə də kommunistlərdə Sovet hökumətinə qarşı narazılıq və inamsızlıq təlqin edirdilər.
Nəhayət bir müddət axtarışdan sonra, xoş bir təsadüf nəticəsində 4 nəfərlik cinayətkar qrup elə Hacı Qəhrəmanlı Pirindəcə yaxalandılar. Pirdən silah-sursatla yanaşı bir neçə qızıl əsgər forması da aşkarlanaraq götürüldü. Dəstəbaşı molla Əmiraslan milisə ifadəsində bütün bu hadisələri, o cümlədən “Bitdili imamının” zühuru fırıldağını yerli qolçomaqlarla əlbir Sovet hakimiyyətindən qisas almaq üçün təşkil etdiyini etiraf etmək məcburiyyətində qaldı. Onu da qeyd edək ki, molla Əmiraslanın qaynatası Fərəculla bəy rayonda tanınmış varlı qolçomaqlardan idi və kolxoz təsərrüfatının təşkili zamanı onun da minlərlə mal-qarası ümumxalq işi naminə müsadirə edilərək yeni yaradılan təsərrüfata daxil edilmişdi.
Təbii ki var-dövlətini muzdurların, yoxsul kəndlilərin dərisindən şallaqla, qamçıyla çıxaran Fərəcullabəylər, molla Əmiraslanlar dənizdə bir damla idilər və fəhlə-kəndli hökumətiylə təklikdə bacara bilməyəcəklərini yaxşı başa düşürdülər. Ona görə də geniş əhali kütləsini öz təxribatlarına cəlb etmək, əhalini Sovet hakimiyyətinə qarşı hərəkətə gətirmək üçün onların dini hisslərindən məharətlə istifadə edir, “Bitdili imamının zühuru” kimi fırıldaqlar uydururdular.
Yerli Sovet hökuməti qurumları “Bitdili imamı” fırıldağının üstünü vaxtında açmasaydılar nələr baş verəcəkdi? Əmin olun ki, bir neçə gün sonra molla Əmiraslan zühur etmiş “imamın” (əslində boş sandıqçaya qoyulmuş göyərçinin) adından bütün müsəlmanları Sovet hakimiyyətinə qarşı cihada çağıracaq və iddia edəcəkdi ki, guya allahdan buyruq belədir və “imam” bu hökmü insanlara bəyan etmək üçün zühur edib, göndərilib. Nələr baş verəcəkdi; minlərlə günahsız insan toqquşmalara təhrik olunacaq, bir yalanın güdazına gedəcəkdilər. Nə üçün? Onun üçün ki, Fərəcullabəylərin qoyun sürüsü kolxozdan alınıb yenidən onun özünə qaytarılsın. Deməli minlərlə insanın ölümü bir sürü qoyuna, beş-on ata-eşşəyə görə caiz hesab edilirdi. Bəli, molla Əmiraslanlar, qolçomaq Fərəcullabəylər öz xalqına, öz camaatına qoyunu-keçisi qədər də dəyər vermirdi.
Vaxtilə öz qoyun sürüsünü, mal-qarasını minlərlə insanın həyatından daha qiymətli hesab edənlər bu gün bu millətə “azadlıq” aşiqləri, qəhrəman kimi təqdim olunurlar. Belələrindən bir soruşan lazımdır ki, fırıldaqçılıq nə zamandan qəhrəmanlıq olub və yaxud da bu fırıldaqlar üzərində quraşdırılan tarix elə “Bitdili imamı” kimi saxta və qısaömürlü olmayacaqmı? Axı atalar yaxşı deyiblər: Yalan ayaq tutar, amma yeriməz.
Ola bilsin ki sizin yalanlarınız bu 20 ildə ayaq tutub, amma çətin ki, yeriyə.
QEYD. Burada diqqət yetiriləsi digər əsas məqamlardan biri molla Əmiraslanın və onun 3 nəfərlik dəstəsinin varlılara toxunmadan ancaq yoxsul kəndlilərə, kommunistlərin ailələrinə, Sovet hakimiyyəti, kolxoz quruluşu fəallarının evlərinə gecə vaxtı, həm də Qızıl əsgər paltarı geyərək təşkil etdikləri qanlı basqınlardır. Çünki tarixi ədəbiyyatlarda tez-tez belə ittihamlar səslənir ki, Qızıl Ordu xalqa, hətta yoxsul ailələrə qarşı talan və zorakılıqlar edirdi. Moskvaya ünvanlanan bəzi dövlət sənədlərində bu kimi fikirlər var. Bu gün həmin faktları əllərində bayraq edənlər Sovet hakimiyyəti haqqında işğalçı hökumət imici formalaşdırmağa çalışırlar. Molla Əmiraslanın və onun quldur dəstəsinin timsalında bir daha məlum olur ki, Qızıl Ordunun ayagına yazılan qarət və cinayətlərin çoxu elə məhz əks-inqilabi ünsürlər tərəfindən, həm də yoxsul əhalidə Sovet hökumətinə qarşı narazılıq yaratmaq məqsədiylə həyata keçirilmişdir. Unutmaq olmaz ki, molla Əmiraslan kimiləri tək deyildilər- əks-inqilabçıların çoxlu sayda belə sabotaj, təxribat qrupları mövcud idi.

http://azerbaycaninqaratarixi.blogspot.com/2012/09/ski-usyan-1930.html

Комментариев нет:

Отправить комментарий