Страницы

21.02.2019

Vəzirov: Klançılıq – Azərbaycan tarixində ən böyük faciədir

1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın 1-ci katibi işləmiş Əbdürrəhman Vəzirov Moskvada fəaliyyət göstərən Azərbaycan diasporasının “Paxlava TV” kanalına müsahibə vermişdir.
Müsahibədə Ə.Vəzirov Azərbaycanın indiki rəhbərliyinə tənqidi münasibət sərgiləmiş və ajiotaj yaradacaq maraqlı fikirlər səsləndirmişdir: “Mircəfər Bağırovun dövründə Azərbaycanda korrupsiyanın izi-tozu da yox idi. Onun dövründə heç korrupsiya sözünün özü yox idi. Bağırovun dövründə klançılıq da yox idi. Azərbaycanın həyatında klançılıq Əliyevin dövründə yarandı. Respublikamıza gəlmiş klançılığı mən ən böyük tragediya hesab edirəm. Mən bunu öz xalqımın tarixində elə bir minus sayıram ki, didib məhv etmək lazımdır. Xalqı gəncəlilərə, bakılılara, qarabağlılara, naxçıvanlılara bölməklə heç nə əldə etmək olmaz. Bu, əsl faciədir”.
Vəzirov hakimiyyətdən getməyinin səbəbini belə izah etmişdir: “Respublikaya rəhbərlik etdiyim dövrdə klançılıq məni dəhşətə gətirdi və buna görə dəfələrlə postumu tərk edib getmək istədim. Mən görəndə ki rəhbər vəzifələrə adamlar öz şəxsi keyfiyyətlərinə görə yox, hansısa klana mənsub olmalarına görə qoyulur, respublikadan çıxmağı və əvvəlki iş yerimə, diplomatik xidmətə qayıtmağı arzulayırdım. Hələ 1985-ci ildə mənə Azərbaycanın rəhbəri olmaq təklif olunmuşdu, amma mən ağır mirasa bələd idim, bilirdim ki, respublikada klançılıq siyasəti nəticəsində hakimiyyətə gəlmiş gücə qalib gələ bilmərəm. Əlimdən gələni etdim, amma alınmadı. Klan mənə güc gəldi”.
Vəzirov bildirmişdir ki, milyonlarla azərbaycanlının bir tikə çörək dalınca xarici ölkələrə üz tutması ona çox pis təsir edir və o bunu respublika rəhbərliyinin bivec siyasəti ilə əlaqələndirmişdir: “Adını ümummilli lider qoyan rəhbərin dövründə milyonlarla adam ölkəni tərk etmir. Ümummilli lider xalqı birləşdirən adama deyilir, parçalayan yox! Bizim xalqın həyatında ilk dəfə qaçqın və mühacir sözləri yaranmışdır, bu isə ümummilli liderlikdən yox, başqa stildən xəbər verir. Azərbaycanlılar heç vaxt mühacirətə getməmişdilər. Mən xarici ölkələrdə çox olmuşam, gürcüləri də, erməniləri də, yəhudiləri də çox görmüşəm. Bu və ya digər səbəbdən öz ölkələrini tərk etmişdilər. Amma bu vaxta kimi xarici ölkələrdə bircə nəfər də olsun azərbaycanlıya rast gəlməzdin. Xalqımızın tarixi boyu ilk dəfədir ki, insanlarımız xarici ölkələrə səpələniblər. Tarixdə ilk dəfədir azərbaycanlı mühacirlər yaranıb. Milyonlarla insan bir tikə çörək dalınca başqa ölkələrə üz tuturlar. Bu hal mənə çox əzab verir. Hətta bu münasibətlə Dünya azərbaycanlılarının həmrəylik günü də yaranıb. Mənim fikrimcə, bu çox kədərverici haldır. Mənim xalqım daha yaxşı taleyə layiq idi”.

Комментариев нет:

Отправить комментарий