Страницы

29.03.2019

Çıxış edir xanəndə-nazir Əli Nağıyev

Aygün Muradxanlı

Çox informasiyalı olmaq da bir şey deyil. Tanınan biri bir söz deyəndə yaddaş həmin şəxs haqqındakı “qovluq”u ötürür “yuxarı”, beyin istər-istəməz o “qovluq”un “fayl”larını incələməyə başlayır. Keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin son müsahibələrini oxuyanda bu halı bir də yaşadım.
Əli Nağıyev son müsahibəsində yaman acıqlı görünüb, xeyli giley edib, YAP-ı yaradan iki şəxsdən biri olduğunu xüsusi vurğulayıb, üstəlik keçmiş silahdaşlarını aşağılamağı da unutmayıb. Onun YAP-ın qurulmasında xidmətlərini heç kim danmır. Gerçəkdən də o Heydər Əliyevin yanında bu hakimiyyətin qurulmasında xidmətləri olan şəxsdir. Ancaq sonra nə baş verdi?.. Bu haqda bir az sonra…
Əli Nağıyev keçmiş komanda yoldaşı Əli İnsanovu elə tərifləyir, elə bil onların nazirliyi dönəmində millətin əli bala batıb, bizim xəbərimiz olmayıb. Axı hamı bilir ki, Əli Nağıyev Əmək və əhalinin sosial müdafiəsi naziri postunda olanda bir nömrəli düşməni Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev yox, təriflədiyi Əli İnsanov olub. Onların barışmaz düşmən olduqlarını hamı bilir. Bu düşmənçiliyi kim unudar?
Səhiyyə sisteminin indiki durumundan narazı olub Əli İnsanov dönəmini tərifləyən Əli Nağıyev yalanın lap yekəsini danışır. İndi ən azı yüzlərlə yenidən qurulan, çağdaş avadanlıqla təmin edilən səhiyyə müəssisələri var. İnsanovun zamanında xəstəxanalarda normal tualet də yox idi. Bəlkə İnsanovun rəhbərlik etdiyi səhiyyə sistemini indikindən daha üstün göstərən fikirlər səsləndirməklə o toplumda “bizim dönəmimizdə vəziyyət daha yaxşı idi” düşüncəsini yaratmağa, bununla da bərbad günə qoyduğu sosial müdafiə sistemini təmizə çıxarmağa çalışır? Boş yerə çalışmasın, məncə...
Bu gün ölkədə hər kəs etiraf edər ki, Nağıyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi illər qurumun fəaliyyətinin ən bərbad dönəmi olub. Nağıyev oturduğu kürsünün səlahiyyətlərindən sui-istifadə edərək veteran statusunu da, aztəminatlı ailələrə verilən müavinətləri də, pensiya hüququnu da vətəndaşlara faktiki satıb. Onun nazirliyi dönəmində pensiya yaşına çatanlardan kim daha çox rüşvət verirdisə, aşsüzənə oxşayan əmək qanunvericiliyinin vətəndaşın xeyrinə olan bəndləri ona aid edilirdi. Vahid sistem olmadığından, nazirliyin əməkdaşları rüşvət verməyən vətəndaşlara qanuni haqlarını başa salmır, illərlə çalışan insanları minimum pensiyalar təyin edirdilər.
Bir dəfə çalışdığım media qurumuna gələn şikayət üzrə həyat yoldaşı vəfat edən, 3 uşaqla tək qalan evsiz-eşiksiz, MİS-də süpürgəçi işləyən qadının problemini araşdırmaq üçün nazirliyin yerli strukturlarından birinə getmişdim. Nazirlik əməkdaşı o səfil-sərgərdan qadından gözümün qabağında rüşvət istəyirdi. Dünyanı onun başına uçurmaq istəsəm də, gücüm yalnız müavinət ödəniləcən bank kartını alıb sahibinə verməyə çatdı. Nazirliyə həmin işçi ilə bağlı yazdığımız şikayətlərə isə baxan olmadı...
Buğa kimi erkəklərin cibindən çıxan 1-ci qrup əlillik vəsiqələrinin, əlil statusu almaq üçün aylarını nazirliyin qapılarında keçirən qazilərin başına dəyən polis dəyənəklərinin də müəlliflərindən idi Nağıyev. Nazirliyin binası önündə tez-tez şikayətçilər toplansa da nə nazir, nə də onunla eyni mərtəbədə oturanlar öz haqlarını tələb edənlərin səsini eşitmirdilər. Çünki bu səsləri Əli Nağıyevin Segah üstə vurduğu zəngulələr batırırdı.
Onun nazirlik dönəminin şahidləri danışır ki, hobbisi muğam olan nazirin kabinetində davamlı dinlədiyi muğam ifaçılarına qoşulub xaric-xaric zəngulələr vurması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin az qala gündəlik iş prinsipinə çevrilibmiş. Rəhbərlik etdiyi qurumun yarıtmaz işinə şaxsey-vaxsey getmək yerinə kabinetində “gözəllər içrə sən ey mahi-parə, bir dənəsən” oxuyan nazir indi cəmiyyətin bugününün günahkarlarını axtarır. Müsahibəsində buna səbəb kimi ziyalıların susqunluğunu göstərir.
Permete, permete, Əli Nağıyev. Bu məsələdə də sizin günah payınız var. Azərbaycanda siyasi, sosial tələblərlə keçirilən mitinqlərin çoxu qardaşınız Nazim Nağıyevin polis rəisi olduğu Səbayel rayonunda baş tuturdu. Onun əmri ilə ölkədə başına dəyənək dəyməyən etirazçı ziyalı qalmamışdı. Yəni, ziyalı susqunluğu haqqında danışarkən ən yaxın çevrənizdəki və sizdən güc alan insanların davranışlarını götür-qoy eləsəz, həyatınızda bir dəfə haqqı söyləyib insanları sevindirmiş olarsınız.
Hərəkətlərindən dolayı yaratdığı qəzəb Əli Nağıyevi vəzifəsi ilə bərabər Azərbaycandan da uzaqlaşdırdı. 2003-cü ildə İlham Əliyev prezident seçiləndən sonra Əli Nağıyev digər nazirlərə hücum çəkib haqq-hesab çürütməkdən başqa özünə iş tapa bilmədi. Günlərin birində tutduğu vəzifədə yenilik etmək bacarıqsızlığını, eyni zamanda gözəllik aşiqi olmasını nəzərə alıb onu “gözəllər içrə mahi-parə”lər diyarı, füsünkar təbiətli, ən əsası müxalifətin olmadığı Belorusa səfir göndərdilər.... Ki orda heç bir iş görmək lazım olmadığı üçün heç bir işlə məşğul olmayıb rahat zənguləsini vursun.
Qəribəsi odur ki, yaşı 73-ə gələn eks-nazir, 0 baqajlı diplomat Əli İnsanova qoşulub iddialar səsləndirir, sanki dövlət dağılıb, bircə o və əbədi düşməni keçmiş səhiyyə naziri əl-ələ verib durumu dəyişmək gücündədirlər. Yenə şükür “indi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq... Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha” deyən keçmiş təhsil naziri Misir Mərdanova.
Amma Əli Nağıyev susmur, danışır, danışır, acığını başqalarından çıxır, böyük ehtimalla keçmiş baş nazir Artur Rasizadəni nəzərdə tutaraq iddia edir ki, “1996-cı ildən bu millətin başına 50 faiz erməni olan biri keçdi, ikinci şəxsi oldu, əlini ağdan qaraya vurmadı, heç nə etmədi, ancaq kürəkənini milyarder etdi”. Əgər o keçmiş baş naziri deyirsə, onun almanlarla, fransızlarla, polyaklarla qohumluğu var, ermənilərlə yox.
Məncə, biz Əli İnsanov, Əli Nağıyev kimi keçmişlərlə bağlı beynimizdəki “faylları” birdəfəlik qapadıb onların izi-tozu olmayan gələcək qurmalıyıq. Yoxsa hələ çox danışacaqlar...

Комментариев нет:

Отправить комментарий