Страницы

03.03.2019

Daşnak erməni dövlətinin xaç atası Ənvər paşa

Hələ tarixdən məlumdur ki, axırıncı erməni dövlətinin varlığına 387-ci ildə Bizansla Sasanilər arasında bağlanmış müqaviləylə son qoyulmuşdur və Daşnak Ararat Respublikasının timsalında ermənilərin növbəti dövləti bir də 1500 il sonra- 1918-ci ildə yaradıldı. Heç şübhəsiz ki erməni dövlətinin yaradılması bir çox böyük imperiyaların, o cümlədən ingilislərin və Çar Rusiyasının daimi maraqları arasında olsa da, Ararat Daşnak Respublikasının yaradılması heç də sözügedən imperiyaların xidməti hesab oluna bilməz. Belə ki istər Çar Rusiyası, istərsə də İngiltərə imperiyası erməni dövlətini düşmən Osmanlı imperiyasına məxsus ərazilərdə yaratmaq istəyirdilər. Bu da olduqca təbii idi. Qafqaz Çar Rusiyasının müstəmləkəsi olduğundan Rus imperatoru ona aid olan ərazilərdə erməni dövləti yaratmaqda əlbəttə ki maraqlı ola bilməzdi. Bəli, Çar Rusiyası Qafqaza ermənilərin köçürülməsində maraqlı idi, amma Rus imperiyasının ərazisi hesab olunan Qafqazda erməni dövləti yaratmaqda əsla. Ona görə də sonuncu Rus imperatorları hamısı ermənilərə və erməni kilsəsinə ancaq Anadoluda, Van ərazisində erməni dövləti yaratmaq sözünü verirdilər. 1-ci dünya müharibəsində Rusiya, İngiltərə və Fransa müttəfiq olduqlarından erməni dövlətinin düşmən blokda yer alan Osmanlı imperiyası ərazilərində yaradılması planlaşdırılmışdı.
Bəs necə oldu ki, erməni dövləti Qafqazda, həm də Azərbaycan torpaqları hesabına yaradıldı?
Heç mübaliğəsiz demək olar ki, bu birbaşa Osmanlı imperiyasının və Müsavat firqəsinin «xidmətlərinin» nəticəsində olmuşdur. Belə ki Osmanlı sultanları erməni məsələsini öz üzərlərindən uzaqlaşdırmaq və belə demək mümkündürsə, erməni problemini Qafqaza ixrac etmək məqsədilə tarixi Azərbaycan torpaqlarında ermənilər üçün dövlət yaradılmasını özü üçün problemdən yeganə sərfəli çıxış yolu hesab edirdilər. Ona görə də erməni problemini Anadoludan Qafqaza «sürüşdürməyə» nail oldular. Bu məqsədlə Osmanlı sultanı Müsavat firqəsinə və Azərbaycan Milli Şurasına təzyiqlər göstərirdi. Hətta Osmanlı sarayı Ararat Respublikasının Müsavat və Milli Şura tərəfindən tanınmayacağı təqdirdə Azərbaycana hərbi «yardım» göstərilməyəcəyini azərbaycanlı nümayəndə heyətinin diqqətinə çatdırmışdılar. Ararat Respublikasının yaradılmasına Müsavat firqəsi heç vaxt qarşı çıxmamışdı, əksinə, Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymi çərçivəsində daşnaklarla çox yaxşı əməkdaşlıq təcrübəsinə malik idi. Problem ancaq Ararat Respublikasına paytaxt kimi verilməsi tələb olunan İrəvanla bağlı idi.
Beləliklə sultan sarayında bağlı qapılar arxasında gedən siyasi alver nəticəsində Müsavat firqəsi Azərbaycan xalqının maraqlarını özünün partiya maraqlarına satdı və paytaxtı İrəvan şəhəri olmaqla Daşnak Ermənistanının dövlət müstəqilliyini tanıyacağı ilə bağlı sultan qarşısında öhdəlik götürdü. 1918-ci il mayın 29-da Milli Şuranın iclasında M.Ə.Rəsulzadə, Xan Xoyski başda olmaqla müsavatçılar Ararat Daşnak Respublikasının dövlət müstəqilliyini tanıdıqlarını və İrəvan mahalı da daxil olmaqla İrəvan şəhərinin ermənilərə verilməsini nəzərdə tutan bədnam qərar qəbul etdilər. Bununla da 30 min kvadrat kilometr tarixi Azərbaycan torpaqları daşnaklara bağışlanmış oldu.
Beləliklə Milli Şura M.Ə.Rəsulzadə başda olmaqla fəaliyyətinə Azərbaycan torpaqlarında 1500 il sonra erməni dövləti yaratmaqla başladılar. Bu bədnam qərardan 5 gün sonra- 1918-ci il iyunun 4-də Batumi konfransında Osmanlı sultanı Ararat Respublikasının dövlət müstəqilliyini rəsmən tanıdığını bəyan etdi. Bu barədə Ənvər paşa deyirdi: «Əgər erməni xalqı ingilis-rus siyasəti naminə Osmanlıya qarşı fitnə-fəsada son qoyarsa, Osmanlı müstəqil erməni dövlətinin yaradılmasının əleyhinə deyildir» (MDA, fond 970, siyahı 1, iş 1, vərəq 33).
Bəli, Daşnak Ermənistanı siyasi həyata vəsiqəni belə aldı. Ona bu vəsiqəni Osmanlı imperiyası və Müsavat firqəsi öz əlləriylə təslim etdilər. Amma heç kəs Ənvər paşadan soruşmadı ki, «müstəqil erməni dövləti» nə üçün Anadoluda, Vanda yox, Azərbaycan torpaqlarında yaradılır? Axı ermənilər həmişə tarixi vətənləri kimi Anadolunu göstərirlər və hətta bu gün də Türkiyənin Van vilayətini özlərinə tarixi vətənləri və paytaxtları hesab edirlər.
Osmanlı paşaları və sultanı erməni məsələsini «qardaş» Azərbaycanın torpaqları hesabına həll etməkdə o qədər həvəsliydilər ki, hətta Aleksandropolun (Gümrü) Ararat Respublikasına paytaxt verilməsinə belə qarşı çıxdılar. Dərd orasındadır ki, hazırda Ermənistan dövlətinə aid olan Aleksandropolu (ikinci böyük şəhəridir) Osmanlı paytaxt kimi ermənilərə versəydi, bu gün İrəvan mahalı Azərbaycanın tərkibində qalmış olardı. Lakin 1918-ci ildə Osmanlı qoşunu Aleksandropolu ələ keçirdiyindən bunu Ararat Respublikasına vermək istəmirdi, əvəzində Xan Xoyski İrəvanı ermənilərə verməyə razı oldu. Osmanlı Aleksandropolu əlində saxlaya bilmədiyindən indi bu gün hər iki şəhər- İrəvan da, Gümrü də ermənilərin əlindədir.
90 il bundan əvvəl Bakı Sovetində erməni Şaumyanın sədr olmasından bu gün kommunistlər əleyhinə şou düzəldənlər yaxşı olar ki «23 aylıq» tarixə yaxşı-yaxşı baxsınlar. Onda görərlər ki, onların «milli büt» səviyyəsinə qaldırmaq istədikləri M.Ə.Rəsulzadələr, F.X.Xoyskilər, N.Yusifbəylilər 1500 il sonra tarixi Azərbaycan torpaqlarında erməni dövlətini necə tanıyıb, İrəvan mahalını da paytaxt kimi ermənilərə necə bağışlamışdırlar! Amma belələri unutmasınlar ki, Nəriman Nərimanov Sovet Rusiyasının Anadoluda Şərqi Ermənistan dövləti yaratmaq planlarını Leninlə danışaraq Kreml divarları arasında birdəfəlik dəfn etmişdir.
Tarixi faktlar inadlı şeydir, onlarla hökmən hesablaşmalı olursan, tarix isə kimin kim olduğunu çox yaxşı göstərir və sübut edir.

kommunist.biz

Комментариев нет:

Отправить комментарий