Страницы

18.03.2019

Evanqelist imperiyası: Azərbaycanın seçimi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib”. Həmin görüş haqqında Azərbaycan mediası bu kimi qısa və rəsmi xəbər paylaşmaqla kifayətləndi. Ancaq bu görüşün önəmi ilə xəbərin təqdimatı tərs mütənasibdir. Niyə?
Mark Şnayer? ABŞ Etnik Anlaşma Fondunun prezidenti? O kimdir? Bu təqdimat Azərbaycan insanına elə bir şey demir. Adı çəkilən şəxslə bağlı bəzi məqamlara diqqət edək. O “Dünya Yəhudi Konqresi”nin keçmiş sədr müavinidir. 60 yaşı var, 6 dəfə evlənib. İmam Şəmsi Əli ilə birlikdə “İbrahim oğulları” adlı kitab yazıb. Həmin kitabda yəhudi və müsəlmanları birləşdirən və ayıran məqamlar qabarıq şəkildə öz əksini tapıb. Mark Şnayerin Amerikadakı müsəlman dini mərkəzləri ilə ciddi əlaqələri var. Məhz o 2010-cu ildə Avropa Şurası səviyyəsində yəhudi və müsəlman dini liderlərin bir araya gəlməsini təmin edib. 2016-cı ildə Hempton sinaqoqunun rəhbəri vəzifəsindən istefa verib.
Mark Şnayer Amerikanın siyasi arenasında da son dərəcə ciddi təsir gücünə malik olan şəxslər sırasında öndə gedir. Diqqət edin: iki il öncə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri və Misir Qətərin üzərinə yeridi. Qətər dünyanın siyasi paytaxtlarında son dərəcə güclü lobbisi olan bir ölkədir. Buna baxmayaraq Qətər rəhbərliyi təhlükəni dəf etmək üçün Mark Şnayerə üz tutdu. O isə Qətər hökumətini respublikaçı siyasətçi olan Nikolas Muzinle ilə caladı. Əslən yəhudi olan Nikolas Muzinle Tramp Administrasiyası ilə mövcud olan əlaqələrini işə saldı. Nəticə göz qabağındadır. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin təkidinə baxmayaraq ABŞ Qətərin əsas müdafiəçilərindən birinə çevrildi. Nikolas Muzinle öz işini görərkən o qədər ifrata vardı ki, ABŞ Ədliyyə Nazirliyi onu rəsmən Qətərin cəsusu elan etdi.
Mark Şnayerlə bağlı daha bir maraqlı fakt: Yerusəlimdəki heyvanxanada şirlərdən biri onun adını daşıyır. Çünki o xəstə şirin müalicəsi üçün xeyli vəsait ayırmışdi. Sonucda müalicə olunan şirə “Ravvin Mark” ləqəbi verildi. Ümumiyyətlə, kifayət qədər varlı olan bu şəxs xeyriyyəçi kimi də tanınır...
Qərb mediası prezident İlham Əliyevlə Mark Şnayerin görüşü haqqında nə yazdı? Təəssüf ki Azərbaycanda bu məqama da elə bir önəm verilmədi. Halbuki “The Associated Press” kimi nüfuzlu media qurumunun bu görüşlə bağlı yaydığı xəbər Qərb ölkələrinin bir sıra nüfuzlu media orqanları tərəfindən tirajlandı. Qərb mediasında Azərbaycan haqqında adətən tənqidi yazılar yer alır. Bu dəfə isə Azərbaycanla bağlı son dərəcə pozitiv yazı ilə qarşılaşdıq. “The Washington Post”da gedən “Rabbi leads US evangelicals in visit to Muslim Azerbaijan” ("Ravvin müsəlman Azərbaycana Amerika evanqelistlərinin səfərinə rəhbərlik edir") məqaləsinə istinad edəcəyik. Öncə məqalənin başlığına nəzər salaq. Necə olur ki, Amerika evanqelistlərinə (xristianlara) yəhudi ravvin rəhbərlik edir? İlk baxışda paradoksal görünsə də, əslində normal qarşılanmalıdır. Çünki evanqelistlər protestan inancının bir qoludur. Protestanlar isə yəhudi məsələsinə çox həssasdır. Onların dini inancına görə, mübarək torpaqlar üzərində musəvi dövlətinin qurulması, Qüdsün yəhudi dövlətinin paytaxtı olması, Qüdsdə yerləşən Əl-Aksa məscidinin sökülməsi və onun yerində Süleyman məbədinin yenidən inşa edilməsi... Allahın hökmüdür. Bu kimi məsələlərdə protestantlarla yəhudilər ortaq mövqedən çıxış edirlər. O da sirr deyil ki, Yaxın Şərqdə yəhudi dövlətinin yaranmasına dəstək verən əsas güc mərkəzi məhz protestant etiqadı olub...
“The Washington Post” yazır ki, Mark Şnayerin rəhbərlik etdiyi evanqelist qrup bir ilkə imza atıb. Belə ki bu, evanqelistlərin nümayəndə heyətinin Bakıya ilk səfəri idi: “10 milyonluq Azərbaycanın əsas hissəsi şiələrdən ibarətdir. Ancaq burada sünnilər, xristianlar və 30 min yəhudi də yaşayır...12 rahibin qatıldığı nümayəndə heyəti prezident İlham Əliyev, xarici işlər naziri, müsəlmanların şeyxi, yerli kilsə liderləri və İsrail səfiri ilə görüşüb”.
Görüş zamanı İlham Əliyev bildirib ki, Bakıda ilk dəfə Yəhudi Mədəniyyət Mərkəzi açılacaq, yəhudi qanunlarına uyğun yeməklər verilən restoran və yəhudi qonaqlar üçün otel tikiləcək...
Nümayəndə heyəti həmçinin Bakıdakı yəhudi məktəbində olub. Orada hebru dilində İsrail ilə bağlı mahnılar oxunub. Cənab Şnayer deyib: “Obrazlı desək, özümü cimdikləməli oldum. Burda- bir müsəlman ölkəsində mövcud olan yəhudi məktəbindəyəm. Yəhudi uşaqlar İsrail nəğmələri oxuyur. Bu, bir fenomendir...”
Qəzet qeyd edir ki, ötən il Amerika evanqelistlərinin nümayəndə heyəti Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində olub: “Hər iki ölkə evanqelistlərin üzərindən Tramp administrasiyası ilə əlaqələri möhkəmləndirməyə çalışır”. Söhbət körfəz ölkələrinin İsrailə yaxınlaşmasından, İranın isə təcrid olunmasından gedir...
Məqalədə qabardılır ki, Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycanın İsrail ilə diplomatik əlaqələri var, Bakıdan Təl-Əvivə birbaşa təyyarələr uçur, İsrailin baş naziri 2016-cı ildə Azərbaycanda səfərdə olub...
Evanqelsitlərin nümayəndəsi olan rahib Kelvin Battle deyib ki, bu səfər “tamamilə ağlasığmaz” olması ilə yadda qalıb...
Məqalədə Azərbaycanda mövcud olan dinlərarası tolerant münasibət haqqında bir neçə dəfə müsbət fikirlər vurğulanıb. 
Xatırladım ki, rəsmi statistikaya görə, ABŞ əhalisinin dördə biri evanqelistdir. İlk baxışda az görünə bilər. Ancaq Amerikanı Amerika edən məhz evanqelistlərdir. Təsadüfi deyil ki, ABŞ-a bəzən “Evanqelistlərin imperiyası” deyilir.
Onu da qeyd etmək gərəkir ki, məhz evanqelistlərin tələbi ilə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıdı. O da yaddaşlardan silinməyib ki, 20 il Türkiyədə yaşayan amerikalı rahib Endryü Bransonla (Andrew Brunson) bağlı Türkiyə ilə ABŞ arasında münasibətlər sınma nöqtəsinə qədər gərildi. Sonda rəsmi Ankara evanqelist rahibi buraxmaq zorunda qaldı...
Bir daha xatırladıram ki, Amerikada əhalinin 74 faizə qədəri xristiandır. Onların da 49 faizi protestant (protestantların isə 25,2 faizi evanqelistdir), 23 faizi katolik, 2 faizə yaxını mormonlardır. Musəvilər 2,1 faizlə xristianlardan sonra ikinci yerdə gəlir. Amerikada müsəlmanların faizi isə cəmi 0,8-dir.
Evanqelistlər Amerikada “dövlət daxilində dövlət” və “paralel dövlət” kimi tanınır. Və belə bir güc mərkəzi ilə qarşılıqlı anlaşma içində olmaq Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. 
Siyasət belədir. Bəzən ortada olan görüntü aldadıcı olur. İlk baxışda adi sayılan sadə işin arxasından böyük güclərlərin iradəsi boylanır. Azərbaycan dövləti dominant güclər arasında mövcud olan ziddiyyətlərdən yararlanmaqla öz marağının keşiyində dayanmağa çalışır...

Elbəyi Həsənli               musavat.com

Комментариев нет:

Отправить комментарий