Страницы

28.03.2019

"Məndən alınan 200 min dollar rüşvəti qaytarmamaq üçün oğlumu öldürdülər" - DÖVLƏT MƏMURUNA QARŞI ŞOK İTTİHAM

Oqtay Gülalıyev, hüquq müdafiəçisi: "Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş əməkdaşı Emin Hüseynovun atası Hüseynov Bəybala Qaraş oğlu adlı valideyn mənimlə görüşərək başına gələn ağır bir dəhşətdən, faciədən danışdı. Bildirdi ki, başına gələnlərlə – oğlunun müəmmalı ölümü ilə bağlı ötən 19 ay ərzində aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etsə də, heç bir addım atılmayıb. O, bu üzdən başda dövlət başçısı İlham Əliyev olmaqla bir sıra qurumlara və media orqanlarına yazdığı açıq məktubu ictimailəşdirməyimi xahiş edərək oğlunun zəhərləndirilərək öldürülməsinə aydınlıq gətirilməsində ona yardımçı olmağımı xahiş etdi… Bəybala Hüseynovun məktubunu ixtisarla diqqətinizə təqdim edirəm".

“Bakı Dövlət Universitetinin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladım Emin Hüseynovu münasib bir işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər tanıdığım Respublika prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Əli Nağıyevlə görüşüb fikirimi ona çatdırdım. Ümumi söhbət əsnasında oğlumun həqiqi hərbi xidmətdə olmadığını da vurğuladım. O halda general Əli Nağıyev dedi kı, “Mən yuxan ilə məsləhətləşib sənə bir söz deyərəm”. Bir-iki ay keçdikdən sonra o, məni yanına çağırıb “İşi danışmışam, 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul istəyirlər” dedi. O halda bir az tutuldum və pulu necə düzəldəcəyimi fikirləşdim. Həmin an Əli Nağıyev dedi ki, “Fikirləşməyin yeri yoxdur, pul verilməlidir”. Mən ona həmin pulu bir dəfəyə verə bilməyəcəyimi, yarı yarı düzəldib verəcəyimi dedikdə, o, mənimlə razılaşdı. Çox keçmədi ki, qohum-əqrəbadan, dost-tanışdan borca pul götürüb həmin məbləği generala çatdırdım və “oğlumun işi nə olacaq” deyə ona sual etdim. O, cavabında bildirdi ki, “Oğlun əvvəlcə texniki işçi, bir ildən sonra isə rütbə verilməklə müstəntiq vəzifəsinə işə keçiriləcək”. Bir neçə aydan sonra Emin Hüseynovu Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində karküzar-məsləhətçi vəzifəsinə işə götürdülər…
Bir ildən sonra Əli Nağıyevlə görüşdüm və oğluma rütbə verilməsi məsələsini ondan soruşduqda “Tələsmə, o da düzələr” dedi. Bir neçə gündən sonra o mənə “Oğluna sağlamlıq arayışı lazımdır” dedi. Belə bir şərti eşidib olduqca pis oldum. O mənə: “Badamdardakı boş torpaq sahələrini al bizə ver (Bəybala Hüseynov Badamdar bələdiyyəsində məsul vəzifədə çalışıb -red.), oğlunun rütbə məsələsini həll edərik və səhər şəxsiyyət vəsiqələrini göndərəcəm, sən torpaq məsələsini həll et” dedi. Həmin gündən sonra generalın telefonuma cavab vermədiyini gördükdə, özümü narahat hiss etməyə başladım. Çox keçmədi ki, Emin Hüseynov ayrı-ayrı şəxslər tərəfindən izlənilməyə başlandı və bunu mən də hiss etdim. Bu arada oğlumu məzuniyyətə – Türkiyənin Antalya şəhərinə göndərdilər. Orda o 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə zəhərləndirilərək öldürüldü. Maraqlıdır ki, oğlumun ölümündən bir neçə gün öncə onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki iş otağında ona aid əşya və sənədlər çıxarılaraq kabinet boşaldılıb. Oğlumun ölümü ilə bağlı video görüntülər var və həmin görüntülərdə görünür ki, oğlum istirahət etdiyi hotelin idman zalında ani müddət ərzində beyin ölümü keçirir və qəflətən yerə yıxılır. Əldə olan video görüntülərdə baş verənlər tam aydın görünür və lazım gələrsə həmin görüntüləri təqdim edə bilərik. Oğlumun beyin ölümü keçirməsini təsdiq edən kompüter tomoqrafiyanın cavabından, Türkiyə xəstəxanasında verdiyi qanın nəticələrindən və Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin vermiş olduqları rəydən aydın olur ki, oğlum xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində zəhərlənir. Yəni onun belə bir yolla öldürülməsini təsdiq edən bir çox ekspert rəyləri var və lazım gələrsə onları da təqdim edə bilərik. Hadisənin baş verdiyi zaman şübhəli məqamların olması da ortaya çıxır…
Hadisənin baş verdiyi an Təcili Tibbi Yardım maşınının xəstəni dövlət xəstəxanasına deyil, özəl xəstəxanaya aparması və baş verən hadisənin hüquq-mühafızə orqanlarından gizli saxlanılması, qanın zəhərlənməsinə dair qan nəticələrinin gizlədilməsi, Türkiyə Prokurorluğu tərəfindən qan nəticələrinin təqdim olunmaması, həkimlərin verdikləri şübhəli ifadələr, Türkiyə Prokurorluğunda qan nəticələri təqdim olunduqdan sonra təkrar ifadənin alınmaması, oğlum dünyasını dəyişdikdən sonra “otopsi” götürülmədən saxta ölüm arayışının tərtib olunması, Azərbaycan vətəndaşı olmasına baxmayaraq baş vermiş ölüm faktı ilə bağlı Türkiyədəki səfırliyimizə məlumat verilmədən onun Azərbaycana gətirilməsi və s. kimi halların varlığı, məhz ciddi şübhəli məqamlardan varlığından xəbər verir. Vəkillərimin araşdırmasına görə Türkiyə Prokurorluğunun bu işi araşdırmaması və onların sözlərinə görə bu məsələnin açılması iki dövlət arasında narazılıq hissinin baş qaldırmasına səbəb ola bilər deyə, bəzi məlumatların sızdırılması, həmçinin Türkiyədə bizə bu işdə kömək etmək istəyən şəxslərin sözlərinə görə onlar Azərbaycanda yüksək vəzifədə işləyən dostlarından öyrəniblər ki, bu ölüm dövlət səviyyəsində həyata keçirilən bir ölüm faktıdır və sifariş də Azərbaycanın yüksək vəzifəli məmurları tərəfindən verilib.
Ümumiyyətlə, bu işin Türkiyədə açılması qeyri-mümkün oldu. Vəkillərim araşdırma işlərinin dayandırılmasını məsləhət görüb bildirdilər ki, “Bu işi təşkil edən vəzifə sahibləri Türkiyə vətəndaşı olmağımıza baxmayaraq, bizə də istənilən halda problem yarada bilərlər”. Doğrudan da bu günə kimi Türkiyə Prokurorluğu dəlil və sübutlarımı təqdim etməyimə baxmayaraq, baş vermiş ölüm faktı ilə bağlı heç bir araşdırma işi aparmadı. Ona görə də 18 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova bu işdə köməklik göstərilməsi məqsədilə müraciət etdim. Bir daha qeyd edim ki, bu yöndə etmiş olduğum müraciətim hələ də cavabsız qalmaqdadır. Yalnız Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə, guya ki bu işlə bağlı Türkiyə Prokurorluğuna rəsmi müraciət göndərilib. Amma əldə etdiyim məlumatlara görə bu məsələ ilə bağlı Türkiyə Prokurorluğuna kömək məqsədi ilə heç bir müraciət ünvanlanmayıb. Mən düşünürdüm ki, dövlətim mənə sahib çıxacaq, günahsız oğlumun şərəfsiz insanlar tərəfindən qətlə yetirilməsi faktı araşdırılacaq və nəticəsi barədə hər kəs xəbərdar olacaq. Amma nədənsə hamı susmaqdadır.
Oğlumun qanunsuz olaraq Baş Prokurorluğa işə düzəlməsi və bu məqsədlə 200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti mən Əli Nağıyevə çatdırmışam. İstənilən halda Baş Prokurorluq öz əməkdaşının zəhərləndirilərək öldürülməsi faktının araşdırılmasında maraqlı olmalı idi. Bu günə kimi oğlumun ölümündən 19 aydan çox vaxt keçib və ötən müddət ərzində adı çəkilən bu quruma qətl hadisəsi ilə bağlı dəfələrlə müraciətlər etsəm də, Baş Prokurorluq heç bir halda öz münasibətini bildirməyib. Belə bir halın mövcudluğu müəyyən ciddi şübhələrin əmələ gəlməsinə səbəb olur.
Oğlum hərbi xidmətdə (xəstəliyi ilə əlaqədar) olmayıb, amma onun birinci dərəcəli dövlət qulluğuna, Baş Prokurorluğa işə qəbulu zamanı Baş Prokuror tərəfindən dərkənar qoymuş olduğu ərizəsi və işə qəbulu zamanı hazırlanmış şəxsi işi və s. hal-hazırda prokurorluqda saxlanılır. Yəqin ki bu da araşdırıla bilər. İlkin olaraq onun kargüzar-məsləhətçi, bir il sonra isə rütbə verilərək müstəntiq vəzifəsinə keçirilməsi üçün məndən 200.000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin alınması, Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə rəhbərliyin vermiş olduğu göstərişdir. Bu işlə bağlı mənə heç bir məlumatın verilməməsi, heç bir sənədin göstərilməməsi, hansı ki, heç bir istintaq araşdırması aparılmır və belə hallar istintaq sirri deyil, eyni zamanda Baş Prokurorluğun saysız-hesabsız müraciətlərimə biganə qalaraq cavab verməməsi olduqca şübhəli məqamların ortaya çıxmasına əsas verir. Türkiyədə bizə kömək etmək istəyən dostların “Bu ölüm faktı dövlət tərəfındən, yəni yüksək vəzifəli məmurların sifarişidir, odur ki, bu işin başını buraxın” deməsi, məndə yeni-yeni şübhələrin baş qaldırmasına əsas verir. Bunlar da onu söyləməyə əsas verir ki, dostlar haqlı imiş və ona görə də saysız-hesabsız müraciətlərimə bir kimsə cavab vermir. Deməli, oğlumun ölümünü sifariş verənlərin əsas məqsədi birinci dərəcəli dövlət qulluğuna yararsız olduğu halda, məndən işə qəbul zamanı alınmış 200 000 (iki yüz min) ABŞ dolları məbləğində rüşvəti ört-basdır etmək, işə qəbul zamanı qol qoyulmuş qanunsuzluğun izini itirmək olub. Düşünürəm ki, bu iz heç də itən deyil, mən oğlumun ölümünü sifariş və təşkil edənlərin hər birindən bunu soruşacağam.
Oğlumun ölümündə sifarişçilərin istifadə etdikləri şəxslərdən biri də onlara istirahət üçün turpaketi təşkil edən “Avanqard Travel” turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Belə ki, adı çəkilən bu xanım heç bir əsas olmadan oğlum istirahətdə olduğu zaman, ona mənbəyi və mənşəyi bəlli olmayan yaxta-tur gəzintisi hədiyyə edir və oğlumun zəhərləndirilməsi də həmin anlarda baş verir. Bu günə qədər Y. Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğunu və kimlər tərəfindən həyata keçirildiyini heç bir halda açıqlamır. O, əsas gətirir ki, “Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən bu işi məhkəməyə ver, o halda mən adları məhkəmədə açıqlayacağam” deyir. Bunları təsdiq edən audio-səs yazıları da var. Nə qədər çalışsam da, mən bu günə qədər onun ifadəsini aldıra bilmirəm. Y.Nağıyeva bu işi təşkil edənlərə çox arxayındır və elə düşünür ki, Azərbaycanda cürət edib bu məsələni məhkəməyə verə biləcək bir şəxs yoxdur. Nəinki Y.Nağıyeva, hətta bu işin iştirakçısı olan hər kəs arxayındır ki, bu məsələ ilə bağlı heç kim cürət edib cinayət işi aça bilməz, amma mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya inanıram. İnanıram ki, onların vermiş olduqları tapşırıqlar əsasında bu məsələ ilə bağlı cinayət işi açılacaq və hər kəs lazımi cəzasını da alacaq”

P. S. Məncə əlavə şərhə ehtiyac yoxdur. Hamının düşünüb nəticə çıxarmasına, aidiyyatı qururmların isə məsələni araşdırıb ölçü götürməsinə ehtiyac var…

Xural.com

Redaksiyadan: . Hüquq Müdafiəçisi Oktay Gülalıyevin qeyd olunan yazısında adıçəkilən dövlət məmurların və əlaqədar qurumların da cavab haqlarını dərc etməyə hazırıq.

http://muxalifet.az/mndn-alinan-200-min-dollar-rusvti-qaytarmamaq-ucun-oglumu-oldurdulr-dovlt-mmuruna-qarsi-sok-ittiham

Комментариев нет:

Отправить комментарий