Страницы

31.03.2019

Müsavat partiyası əsl azərbaycanlılara nifrət edirdi

Mir Cəfər Pişəvəri

Bakını qızıl şəhəri, milyonerlər şəhəri adlandırırdılar. Quyulardan təbii təzyiq ilə çıxan bol neft lazımi anbarlar olmadığına görə sel kimi küçələrin və xiyabanların kənarlarındakı arxlardan axaraq dənizə tökülür və suyun üstünü örtürdü. O dövrdə Yaxın Şərqdə heç bir şəhər öz sənaye və ticarəti ilə, öz iqtisadi mövqeyi ilə Bakının qarşısında rəqabət edə bilmirdi. Hələ yarım əsr bundan əvvəl bütün dünyada şöhrət qazanmış bu şəhərdə Avropa və Amerika milyonerləri kapital işə salmaq üstündə bir-birləri ilə rəqabət edirdilər. Yerli əhali içərisində neftdən böyük sərvət əldə edənlər də var idi. Şəhərin ətrafında kəndlərdə də çoxlu milyonerlər meydana gəlmişdi. Balaxana, Binəqədi, Xırdalan və sair kəndlərdə, hətta küçə, ev, həyət və zirzəmilərdə belə neft quyuları qazılır, qara qızıl əldə olunurdu. Həmin qara qızıl mənbələri sayəsində Bakıda müxtəlif müəssisələr, xüsusilə filiz emal edən karxanalar, maşın təmir edən müəssisələr, toxucu və büllursazlıq fabrikləri, dülgərlik və sair emalatxanlar yaradılmışdı. Həmin müəssisələr neft sənayesinin gündən-günə artan tələbatını təmin edirdi. Bundan əlavə Bakı Xəzər dənizinin ən yaxşı və ən əlverişli ticarət limanına çevrilmişdi. İranın ticarət malları həmin liman vasitəsi ilə Rusiyanın bütün nöqtələrinə çatdırılırdı. Türküstanla ticarət əlaqələri sahəsində Bakı limanı ən yaxşı yol hesab edilir və əsas etibarı ilə həmin vasitədən istifadə olunurdu. Ümumiyyətlə demək olar ki, məhz Bakı limanı Xəzər dənizinin ticarət və neft daşıyan gəmilərini meydana çıxarmış, onların təmir və bərpa olunması vasitələrini yaratmışdır.
Bir sözlə desək, Bakı canlı, izdihamlı və hay-küylü, sənayenin inkişafı nöqteyi-nəzərindən gənc və fəal bir şəhər sayılırdı. Keçmişdə əsas etibarı ilə əkinçilik və sənətkarlıqla məşğul olan yerli əhali müəyyən dərəcədə sərvətlənərək fəhləliyi özləri üçün təhqir hesab edir, mədənlərdə və karxanalarda işləmək istəmirdilər. Hətta işləmək istədikləri təqdirdə belə gündən-günə müəssisələrin işçi qüvvəsinə artan tələbatı ödənilmirdi. Buna görə də ətraf rayonlardan, xüsusilə Gürcüstan və Ermənistan, İran və Rusiyadan bir çox adamlar iş axtarmaq üçün Bakıya axışıb gəlir və yerli əhalini belə sıxışdıraraq şəhəri beynəlmiləl bir mərkəzə çevirirdilər. Bakıda iranlı fəhlələrin sayı digər millətlərə nisbətən daha çox idi.
Lakin iranlı fəhlələr maarif, texniki bilik və ixtisas nöqteyi-nəzərindən aşağı səviyyədə idilər. Buna görə də çox azacıq əmək haqqı müqabilində ən çətin və ən ağır işlərə qatlaşırdılar. Ədalət Partiyası da həmin sinfin içərisindən baş qaldırmışdı.
1918-ci ilin payızında baş verən daxili döyüşlər və uzun müddətli mühasirə vəziyyəti nəticəsində bu milyonerlər şəhərinin daxili vəziyyəti gərginləşmişdi. Xarici kapitalistlərin bir çoxu öz fəaliyyət dairəsini genişləndirməyə cəsarət etmirdi. Rusiya kapitalistləri və yerli kapitalistlər öz pullarını xarici ölkələrə göndərir, hətta onların bəzisi Bakıdan qaçıb gedirdilər. Bütün ictimai və iqtisadi sahələrdə ağır böhran törənmişdi. Mədən və karxanaların bir çoxu bağlanmışdı. Türklər belə bir vəziyyətdə Bakını ingilis qoşunlarına verərək öz vətənlərinə qayıtdılar...
Belə deyirdilər ki, guya Müsavat partiyası birinci beynəlmiləl müharibəsindən əvvəl təşkil olunmuşdu. Bu haqda bizim əlimizdə kifayət qədər sənəd və məlumat yoxdur. Mən bu qədər bilirəm ki, həmin partiyanın rəhbəri Məmməd Əmin Rəsulzadə vaxtilə sosial-demokrat olmuş, fəhlalərin 1905-ci il hərəkatında iştirak etmişdi. Bunu da eşitmişəm ki, o İran məşrutə hərəkatına qoşulmuş, demokrat partiyasının mərkəzi orqanı "İraninöv" qəzetinin baş mühərriri olmuşdu. Deyildiyinə görə, pantürkizm və millətçilik əhvali-ruhiyyəsini da müharibədən əvvəl səfər etdiyi İstanbuldan sövqat gətirmişdir.
Hər halda Müsavat partiyası 1917-ci il fevral inqilabından sonra açıq fəaliyyətə başlayaraq kiçik və böyük kapitalistlərdən, ziyalılardan, mülkədarlardan, xırda maliklərdən və alverçilərdən ibarət millətçi ünsürləri öz ətrafına toplamış ədəmi-mərkəziyyət (mərkəziyyətin olmaması) və xüsusi pantürkizm şüarları ilə fəaliyyətə başlamışdı. O seçki kampaniyasında kəndlilərin yardımından istifadə edərək parlamentdə əksəriyyəti ələ keçirmişdi. Buna görə də Azərbaycan kapitalistlərinin bu hökuməti əhali arasında Müsavat hökuməti adlandırılmışdı.
Müsavat partiyası öz üzvlərinin mövqeyinə, öz proqram va taktikasına görə tam mənada burjua partiyası olmuşdur. O ziyalılara va xırda burjua ünsürlərinə istinad edərək fəaliyyət göstərirdi. Buna baxmayaraq, fəhlə mühitinin təsiri nəticəsində onun üzvlərinin bir çoxunda solçuluq və sosializm təmayülləri meydana gəlirdi. Onlar çalışırdılar ki, Müsavat partiyasını demokrat, inqilabçı və azadixah bir partiya kimi qələmə versinlər. Bu cəhətdən partiyanın təşkil olunduğu vaxtdan etibarən onun mərkəzi komitəsi və bütün təşkilatlarında üç müxtəlif təmayül özünü göstərirdi. Həmin təmayüllər zaman keçdikcə genişlənərək sonralar ayrı-ayrı fraksiyalar şəklinə düşmüşdü. Bunlar aşağıdakılardan ibarət idi:
1– Digər xırda burjua ünsürləri ilə birliklə mərkəzi mövqe tutmuş Məmməd Əmin Rəsulzadənin dəstəsi.
2 – İnqilabi hərəkatın təsiri nəticəsində sol təmayül göstərən Mirzə Məmmədzadənin dəstəsi.
3 – Sağ cinaha mansub olan Nəsibbəyovun mülkədar va kapitalistlər dəstəsi.
Qeyd etdiyimiz kimi Müsavat partiyası özünü demokrat bir partiya kimi tanıtmaq istəyirdi. O zahirdə qələm, mətbuat azadlığını və sair demokratik azadlıqları özünə şüar qərar vermişdi. Lakin bu partiya əməldə gündən-günə daha çox irtica tərəfinə yuvarlanırdı. Demokratik partiyaları, həmkarlar ittifaqları, müxtəlif cəmiyyətləri və təşkilatları öz təsiri və təzyiqi altına almağa çalışırdı.
Müsavatçılar əsas etibarı ilə iranlı mühacirlərlə müxalifət edirdilər. Müsavat hökumətinin mövcud olduğü dövr iranlı fəhlələr üçün ən ağır dövr olmuşdur. Belə ki müsavatçıların kobud rəftarını görəndə bir çoxları Çar dövrünü arzulayırdılar. Ona görə ki, Çar dövründə heç olmazsa irticaçı qanun həyata keçirilirdi. Müsavatçıların hökuməti dövründə isə hər cür təhqir olunmaqdan əlavə, onlar hökumət və qanun tərəfindən də himayə edilmirdilər. Bugünkü İran "bıçaq çəkənlərindən" min dəfə artıq rəhmsiz olan qoçular biçarə iranlıların başına istədikləri bəla və müsibətləri gətirirdilər. Həmşəri sözü yenidən mod olmuşdu. Müsavat partiyası qoçuları bu işdə daha da şirnikləndirirdi. Buna görə ki, o iranlı fəhlənin öz sinfi mənafeyini başa düşərək digər yerli fəhlələrlə əməkdaşlıq edəcəyini duymuşdu. Bu isə müsavatçıları qorxuya salırdı. Bundan əlavə müsavatçılar tam cəhalət və nadanlıq üzündən İstanbul pantürkizminin irticaçı ünsürlərinin təsiri altına düşərək heç bir səbəb olmadan iranlılarla açıq düşmənçilik edirdilər. Müsavat hökuməti, necə deyərlər, hələ qora olmamışdan özünü möviz adlandıraraq, cahangirlik xülyasına düşüb türk və fars məsələlərini ortaya atırdı… Müsavat partiyası ilə Ədalət Partiyası arasında daima rəqabət və şiddətli mübarizə gedirdi. Bunun isə Ədalət Partiyasının gizli fəaliyyətinə böyük təsiri var idi. Lakin iranlı fəhlələr Müsavat hökuməti əleyhinə olan fəhlə təşkilatlarına kömək göstərməkdən çəkinmir və bununla da geniş siyasi mübarizə üçün təbii olaraq zəmin hazırlanırdı. Çünki, son illərin mübarizəsi nəticəsində iranlı fəhləsinin gözü və qulağı açılmışdı. O siyasi savad, ictimai bilik və təcrübə əldə etmişdi.
Müsavat partiyası həmin səbəblərə görə fəhlələr arasında özünə nüfuz qazana bilmirdi. Bunu da qeyd etmək lazımdır ki, həmin dövrdə yerli əhalidən özünü inqilabi hərəkatda göstərə bilən həqiqi fəhlələr yetişməmişdi. Lakin Ədalət Partiyası karxanalarda və neft mədənlərində özü üçün möhkəm və əsaslı arxa tapmış və fəhlə məntəqələrini mübariz qalaya çevirmişdi. Buna görə o, açıq fəaliyyət edən Müsavat partiyasından əməldə daha irəlidə gedir və daha ciddi tədbirlərə əl atırdı. Ədalət Partiyası fəhlə kütləsini özü ilə birlikdə müvəffəqiyyətlə məqsədə doğru aparırdı.

“Ajir” qəzeti, 18 iyul-28 noyabr 1944-cü il.

praksis01.wordpress.com

Комментариев нет:

Отправить комментарий