Страницы

07.03.2019

Vahid Əhmədov: Əhaliyə satılan elektrik enerjisi və təbii qazın qiymət siyasətinə baxılmalıdır

"Azərbaycanda əhaliyə satılan elektrik enerjisinin və təbii qazın qiymətləri ilə bağlı məsələyə yenidən baxılmalıdır". Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Deputat deyib ki, hazırda ölkə başçısı tərəfindən Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir: "Dövlət başçısı tərəfindən aparılan bu islahatlar bütün sahələri əhatə edəcək. Burada həm iqtisadi, həm sosial, həm struktur islahatları, həm də digər islahatlar aparılır. Hesab edirəm ki, qiymətlərin aşağı salınması ilə bağlı da müəyyən islahatlara ehtiyac var. Yəni, Azərbaycanda qiymət siyasətilə bağlı müəyyən problemlər mövcuddur. Çünki ölkə başçısı tərəfindən sosial sahələrdə müsbət hər hansı addımlar atılan kimi, dərhal bəzi işbazlar bazarda qiymətləri obyektiv və ya subyektiv şəkildə artırmağa başlayır. Yəni bu məqamdan sui-istifadə halları mövcud olur. Ona görə də bu məsələlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır".
V.Əhmədov qeyd edib ki, elektrik enerjisi və təbii qazın əhaliyə satılması ilə bağlı qiymət siyasətinə yenidən baxıla bilər: "Bilirsiniz ki, bu sahələr dotasiya ilə işləyir. Ona görə də bu sahədə qiymətlərin aşağı salınması və ya limit siyasətinin ləğv edilməsi məsələlərini oturub araşdırmaq lazımdır. Şübhəsiz ki, bu sahədə qiymətlər aşağı olarsa, bu ilk növbədə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün böyük dəstək olardı. Ancaq bunu hesablamağa ehtiyac var. Elə etmək lazımdır ki, əhali üçün, həm də kənd təsərrüfatı istehsalı ilə məşğul olan insanlar üçün müsbət olsun. Eyni zamanda dövlətin də imkanları nəzərə alınmalıdır".

Комментариев нет:

Отправить комментарий