Страницы

08.04.2019

QARDAŞ MONQOLUSTAN VƏ TUVANIN RUS XALQINA KÖMƏYİ

 1940-cı illərdə Avropa dövlətləri birləşərək Rusiyanın üstünə gəldiyi halda Monqolustan və Tuva respublikaları qardaş Rus xalqına dəstək oldular. Monqolustan və Tuva Mərkəzi Asiyada SSRİ-nin dayaqlarına çevrildilər. Bu respublikalar rəsmi şəkildə elan etdilər ki, müharibədə SSRİ-nin müttəfiqidirılər və Almaniyaya qarşıdırlar. Böyük Vətən Müharibəsi başlayan kimi SSRİ-ni dəstəkləyəcəyini rəsmi şəkildə bəyan edən ilk dövlət Monqolustan oldu. 22 iyun 1941-ci ildə Almaniya və mütəffiqləri SSRİ-yə hücum etdi, elə həmin gün Monqolustan Almaniyaya müharibə elan etdi. Təsadüfi deyil ki, Sovet tarixçiləri Monqolustanı “ilk qardaş respublika” adlandırırlar. Monqolustan hökuməti bəyanat verdi ki, Monqolustanın gələcək rifahı və effektiv inkişafı faşizm üzərində qələbədən asılıdır. Ölkənin hər yerində SSRİ-yə yardım etmək üçün komissiyalar yaradıldı. Ölkə əhalisi kütləvi şəkildə Sovet ordusuna yardım toplamağa başladı. Monqol fəhlə və maldarları ən axırıncı tikələrini belə Sovet əsgərləri üçün ayırdılar. Onsuz da monqol camaatı yüksək həyat tərzi ilə fərqlənmirdi. Monqol fəhlələri iş saatı qurtarandan da sonra qalıb işləyirdlər, sıravi monqollar Sovetləri dəstəkləmək üçün əllərindən gələni edirdilər. SSRİ-yə göndərmək üçün isti geyimlər və ərzaq məhsulları tədarük olunurdu. Monqol xalqı faşist qəsbkarlarına qarşı vuruşan Sovet xalqına əsl ümummilli həmrəylik nümayiş etdirdi. SSRİ-yə eşelon eşelon dalıyca yardım göndərildi.Təkcə bir eşelonda göndərilən malların siyahısı belədir: 30 115 ədəd kürk, 30 500 cüt valenki, 31 257 cüt xəz əlcək, 31 090 yun jilet, 33 300 əsgər qayışı, 2 290 yun gödəkçə, 2 011 xəz ədyal, 12 954 kq mürəbbə, 26 758 ceyranın əti, 316 000 kq mal əti, 84 800 kq kolbasa, 92 000 kq yağ, o cümlədən sadə monqol vətəndaşlarının yolladığı sovqatlarla dolu 22 176 posılka. Monqolustan rəhbəri Yumjaqiyn Çedenbal Ulan-Batorda çıxışı zamanı dedi: “Xalqımız bilməlidir ki, hitlerizmin məhvi bizim ölkəmizi hərbi hücum təhlükəsindən, vuruşan ölkələrin xalqlarının yaşadığı dəhşətlərdən xilas edəcək. Bu məqsədə çatmaq üçün biz gücümüz çatan hər şeyi verməliyik, çünki müvəqqəti əmin-amanlıq davamlı olmayacaq”. 1942-ci ilin payızında Monqolustanın Xovd şəhərindən 1200 dəvədən ibarət nəhəng karvan Rusiyaya yola düşdü. Karvan Rusiyaya Sovet ordusu əsgərləri üçün lazım olan ərzaq və geyim aparırdı. Karvanın yükü monqol qadınlarının tikdiyi 5 min gödəkçədən, 10 min şubadan, 22 min yun corab və əlcəkdən, 7 ton ətdən və başqa məhsullardan ibarət idi. Karvana 19 yaşlı monqol komsomolçu Borondoqiyn Luvsan rəhbərlik edirdi. Karvan çöllük və dağları adlamaqla min kilometrə yaxın çətin yol getdi. Çike-Taman aşırımında onlarla dəvə uçuruma yuvarlandı. Yolda qabaqlarına çıxan köçərilər onlara dəstək oldular, çay-çörək verdilər, xəstələrə yardım etdilər. Üç ay məşəqqətli səfərdən sonra karvan Rusiyanın Biysk şəhərinə yetişdi və monqol xalqının yardımını Sovet hökumətinə çatdırdı. 10 gündən sonra geri qayıdan karvana Sovet adamları Monqolustanda defisit olan və köçərilərin ehtiyac duyduğu un, buğda və bitki yağı yüklədilər. Bu təhlükəli səfərə rəhbərlik etdiyinə görə B.Luvsana Monqolustan Xalq Respublikasının Qəhrəmanı adı verildi.
 Monqollar 300 kq qızıl, 100 min dollar və 2,5 milyon tuqrik pul topladılar ki, bunun müqabilində 32 ədəd T-34 və 21 ədəd T-70 tankları alındı. Monqol hökuməti tankları Moskvaya gətirib 112-ci tank briqadasına təhvil verdi. Tanklardan başqa monqol deleqasiyası Sovet əsgərləri üçün 237 vaqon ərzaq və lazımi əşya da gətirdi. Sovet ordusuna 1 min ton ət, 90 ton yağ, 80 ton kolbasa, 150 ton şirniyyat, 30 min şuba, 30 min cüt valenki, 30 min xəz gödəkçə verildi. Monqolustan müharibənin axırına kimi 112-ci tank briqadasını ərzaq və geyimlə tam təmin etdi. 1943-cü ildə monqollar 2 milyon tuqrik topladılar ki, bu pul 12 ədəd La-5 döyüş təyyarəsinin hazırlanmasına sərf olundu. 25 sentyabr 1943-cü ildə təyyarələr Smolensk vilayəti ərazisində Sovet komandanlığına təhvil verildi. Stalin aviasiya eskadriliyasının yaradılmasına görə şəxsən monqol xalqına təşəkkür etdi. Enqeliyn Badam adlı məşhur çoban qadın Rus ordusuna 16 dəvə, 93 at, 1600 qoyun, yüzlərlə qoyun dərisi, 10 min tuqrik pul (12 500 baş qoyun almağa bəs edirdi) bağışladı.
 Müharibə dövründə Monqolustan SSRİ-yə onlarla eşelon yardım göndərdi; 1945-ci ildə göndərilən axırıncı eşelonda 127 dolu vaqon vardı. Sovet ordusunun təminatında Monqolustanın ən böyük töhfəsi silah-sursat və atlar oldu. Monqolustan Sovet İttifaqına volfram verirdi ki, bu metaldan alman tanklarını zirehini dağıtmağa qadir olan mərmilərin istehsalında istifadə edilirdi. Monqol hökuməti Sovet ordusuna 500 min at göndərdi. Bundan başqa, monqol maldarları da Sovet İttifaqına 32 min at göndərdilər. Sovet əsgərlərinin mindiyi hər beş atdan biri monqol atı idi. General İssa Plievin dediyi kimi, “monqol atı da Sovet tankı ilə birgə Berlinə girdi”. 1942-1945-ci illərdə hər beş Sovet əsgərindən birinin geyindiyi şinel monqol şineli idi. Özü də ağır vəziyyətdə olmasına baxmayaraq Monqolustan Sovet İttifaqına 700 min iribuynuzlu heyvan, 4,9 milyon xırdabuynuzlu heyvan, 500 ton ət, 64 ton yun, 6 milyon ədəd heyvan dərisi verdi. Monqollar Sovet ordusuna o qədər ərzaq və nemət göndərdilər ki, hətta 1944-ci ildə Monqolustanın bir çox regionlarında ərzaq qıtlığı və aclıq yarandı.
 Monqolların qardaş Rus xalqına dəstəyi səbəbsiz deyildi. Ruslar monqolları məhv olmaqdan qurtarmışdılar. 20-ci əsrin əvvəllərində Monqolustanda kütləvi şəkildə sifilis xəstəliyi yayılmışdı. Ruslar Monqolustana gələndə monqolların yarısı sifilif xəstəliyinə yoluxmuşdu və xalq çarəsizlikdən qırılıb gedirdi. 1930-cu illərdə Sovet həkimləri Monqolustanda bu epidemiyanı dayandırdılar, bir müddət sonra isə tam likvidasiya etdilər. Ruslar orta əsrlərə xas yaşayış sürən monqolları gerilikdən ayırdılar, Monqolustanda proqressiv dövlət qurdular. Digər səbəb isə yapon təcavüzü ilə bağlı idi. Ruslar regionda vaxtında peyda olmasaydılar, militarist Yaponiyanın Kvantun ordusu monqolları Yer üzündən siləcəkdi. Minnətdar monqol xalqı bu yaxşılıqların əvəzini artıqlaması ilə ödədi. SSRİ də qardaş Monqolustana borclu qalmadı və edilən yaxşılıqların əvəzini müharibədən sonra artıqlaması ilə çıxdı. Monqol çöllərində zavodlar tikildi, yollar salındı. Minlərlə monqol tələbələri Sovet məktəblərində təhsil aldı. Ruslar monqolların içindən hətta kosmonavt (Juqderdemidiyn Qurraqça) da yetişdirdilər.
 Böyük Vətən Müharibəsi dövründə monqollar Sovet İttifaqını təkcə ərzaq və malla dəstəkləmədilər. Minlərlə monqol könüllü şəkildə Sovet ordusunun tərkibində düşmənə qarşı vuruşurdu. Ovçuluq və süvarilikdə pərgar olan monqollar snayper, kəşfiyyatçı kimi fəaliyyət göstərir, kavaleriya hissələrində bacarıqla xidmət edirdilər. Monqollar SSRİ-yə hücum etmək istəyən yapon ordusu ilə də vuruşdular. Sovet ordusunun Yaxın Şərq cəbhəsindəki hər 10 əsgərindən biri monqol idi. Yapon militaristləri Monqolustanı tutmaq, İrkutsk və Baykal hüdudlarına çıxmaqla qərbdən hücuma keçən alman faşistlərinə dəstək verərək onlarçün əlverişli şərait istəyirdilər. Lakin Sovet və monqol igidlərinin Xalxin-Qolda yapon ordusunu məğlubiyyətə uğratması bu planı pozdu. Çin ərazisinə soxulan yapon ordusu Çin ordusunu darmadağın edərək ölkənin əsas şəhərlərini ələ keçirmişdi. Lakin Sovet ordusunun müdaxilə etməsi vəziyyəti büsbütün dəyişdi. Moskva Yaxın Şərq cəbhəsinə 1285 təyyarə, 1600 top, 14 000 pulemyot ayırdı. Monqol hökuməti orduda əsgərlərin sayını 4 dəfə artırdı, zabitləri Sovet hərbi məktəblərinə oxumağa göndərdi. 8 avqust 1945-ci ildə Sovet İttifaqı Yaponiyaya müharibə elan etdi. Bundan dərhal sonra- 10 avqust 1945-ci ildə Monqolustan da Yaponiyaya müharibə elan etdi. Monqol ordusu Mancuriya döyüşlərində aktiv iştirak etdi. Təkcə döyüş əməliyyatlarının ilk həftəsi monqol ordusu 450 kilometr irəlilədi. Sovet və monqol qoşunları Çini yapon işğalçılarından tam təmizlədi. Yaponiya məğlub oldu və 2 sentyabr 1945-ci ildə kapitulyasiya aktı imzaladı. Bu avantürada Yaponiya 500 min əsgər itirdi. Sovet hökuməti monqol xalqına təşəkkür etdi, monqol ordusunun onlarla hərbçisinə Sovet mükafatları verildi.
 Müharibə başlayan kimi Tuva öz bütün qızıl ehtiyatını (30 milyon rublluq) Moskvaya yolladı, o cümlədən hər il 10-11 milyonluq qızıl çıxarılmasını da SSRİ-yə bağışladı. Alman faşistlərinə qarşı Sovet xalqının müharibəsini Tuva xalqı öz müharibəsi kimi qəbul etdi. O vaxt hələ SSRİ-nin tərkibində olmayan bu kasıb respublika Sovet ordusuna əlindən gələn yardımı göstərdi. Tuvalılar 10 ədəd Yak-7B döyüş təyyarəsi alıb Sovet ordusuna verdilər. Tuvalıların puluna 2 tank briqadası da yaradıldı və tam təmin olundu. Hər Tuva ailəsi SSRİ-yə 10-dan tutmuş 100-ə kimi mal-heyvan göndərdi. Sovet ordusu Tuvadan 50 min at, 750 min mal-qara aldı. Müharibə illərində tuvalılar Sovet ordusuna 52 min cüt xizək, 19 min cüt əlcək, 16 min cüt valenki, 12 min şuba, 70 min ton qoyun yunu, 400 ton ət, 68 ton bal, o cümlədən mürəbbə, yağ, un, arpa, araba və digər lazımi məhsul və avadanlıqlar yolladılar. Tuva köçəriləri 10 milyon akşa pul miqdarında hədiyyələr toplayıb 5 eşelonda SSRİ-yə yola saldılar. Onlar Sovet hospitallarına 200 min akşa pul miqdarında ərzaq da göndərdilər. Alman aqressorları ilə vuruşmaq üçün minlərlə tuvalı könüllü surətdə Sovet ordusuna qoşuldu. Tuvalılardan ibarət tank briqadası və kavaleriya diviziyaları yaradıldı. Onlar Ukrayna, Moldava, Rumıniya, Macarıstan və Çexoslovakiyada vuruşdular və şərəfli döyüş yolu keçdilər. Qələbə tuvalılara ağır başa gəldi: 10 min Tuva könüllüsündən cəmi 300 nəfər sağ qaldı.

İbrahim Sel, “Avrasiya tarixi”

























Комментариев нет:

Отправить комментарий