Страницы

04.05.2019

“Bir millət – iki dövlət” şüarı mənə aid deyil

Bu əhvalat Azərbaycan Pedaqoji Universitetinin kimya-biologiya fakultəsində oxunan mühazirələrin birində baş verib. 2007-ci ildə. Hadisənin bilavasitə şahidi olmuş bir tələbə mənə danışıb.
Beləliklə, mühazirənin qızğın çağında dosent ulu öndər Heydər Əliyevin milli siyasətindən böyük bir pafosla nitq söyləyir:
- Ulu öndərimizin irəli sürdüyü “Bir millət – iki dövlət” şüarı...
Bu vaxt lap qabaq cərgədə oturmuş bir tələbə öz-özünə astadan deyir:
- Bu şüar mənə aid deyil.
Tərslikdən dosent bunu eşidir. Və dərhal daha böyük bir pafosla soruşur:
- Necə yəni sənə aid deyil?! Qalx ayağa görüm! Hardansan?
- Lənkərandan.
- Sən heç nə danışdığını bilirsən?! Sən ulu öndərimizin dedıklərinə şübhə iləmi yanaşırsan?! Səni iti qovan...
Dosent fikrini tamamlamamış auditoriyanın orta cərgələrinin birində oturmuş bir tələbə də qalxıb deyir:
- Müəllim, bu şüar mənə də aid deyil!
Əsəbdən dosentin sifəti qaralır, daha güclü bir pafosla, az qala çığıraraq soruşur:
- Ədə, sən hardansan?
- Mən ləzgiyəm!
- Bu nə deməkdir?! Bu nə özbaşınalıqdır?! Bu nə ziyankar hərəkətdir?! Siz bilirsiz ki, bu cür hərəkətlərə görə sizi iti qovan kimi...
Dosent fikrini yenə də bitirə bilmir. Auditoriyanın lap arxa cərgəsində, küncdə oturmuş, heç kimdən heç nə ilə seçilməyən orta boylu, qarayanız, kiçik cüssəli bir tələbə ayağa durub iftixar və gözlənilməz bir qürurla uca səslə deyir:
- Müəllim, mənə də aid deyil – mən də avaram!
Dosentin şəstli qamətindən əsər-əlamət qalmır. Sakitcə gedib yerində oturur. Lakin qərar tuta bilməyib durur, pəncərənin qabağına keçib fikrə dalır. Bu üç gənc isə bir müddət ayaq üstə durub dosentə tamaşa edirlər. Sonra bir-birlərinə gülümsəyib otururlar. Auditoriya sükuta qərq olur.
Həqiqətən də heç kimin gözləmədiyi, Azərbaycanda mövcud rəsmi ictimai fikirdən uzaq, qeyri-standart bir vəziyyət yaranmışdı. Kiminin üzündə təəccüb, kiminin üzündə laqeydlik, kiminin üzündə həyəcan, kiminin üzündə təəssübkeşlik oxunurdu.
Dosent fikirləşməkdə davam edirdi - görünür ulu öndərin müdrik milli siyasətinin verə biləcəyi nəticəni düşünürdü. Bəlkə də əksinə, bu üç gəncə münasibətdə “iti qovan kimi” fikrini həyata keçirmək üçün hansısa bir məkrli plan hazırlayırdı.
Kim bilir?!
P.S. Bu şüar kimdə aid deyilsə bura yazsın, bir zəhmət.

Zaxiraddin Ibragimi

Комментариев нет:

Отправить комментарий