Страницы

01.06.2019

ABŞ-İran müharibəsi olacağı təqdirdə kürdlər ABŞ-ın tərəfində vuruşacaqlar

Kürd siyasi partiyaları İrana qarşı ittifaq yaratmağa səsləyirlər

ABŞ və İran arasında münasibətlərin müharibə həddinə çatdığı bir ərəfədə kürd partiya və təşkilatları bəyanat verərək ABŞ-ın tərəfində olduqlarını bildirməkdədirlər.
“Kürdistan Azad Həyat Partiyası”nın (PJAK) həmsədri Zilan Veyin partiyanın beşinci qurultayı zamanı çıxışı zamanı demişdir ki, ABŞ İrana qarşı hərbi əməliyyata start verərsə, onlar da İrana qarşı döyüşə qatılacaqlar: “Müharibə başlasa, biz əlimizi əlimizin üstünə qoyub oturmayacayıq. Siyasi partiya kimi biz demokratik cəhbə təşkil edəcəyik. Bu məsələdə bizim öz gündəmimiz və siyasətimiz var”.
Veyin bildirmişdir ki, İrana xarici müdaxilə etnik azlıqların, o cümlədən kürdlərin hüquqlarını nəzərə almalıdır. Onun sözlərinə görə ABŞ-ın İrana qarşı son hərəkətləri “İran rejimiini daha da repressiv etmişdir”.
PJAK öz rəsmi saytında bütün kürd siyasi partiya və təşkilatlarını İrana qarşı mübarizədə birləşməyə çağıran bəyanat dərc etmişdir. Təşkilat öz dövlətlərinin olmasını arzulayan bütün kürd insanlarını “plüralist, dünyəvi və demokratik” dövlətin yaradılması yolunda birləşməyə səsləmişdir. Bəyanatdan aydın olur ki, azad kürd dövlətinin yaradılması üçün “ilk növbədə İranla mübarizə aparmaq lazımdır”. Bunun üçün PJAK bütün kürd siyasi partiyalarını birləşdirəcək, onlar arasındakı mübahisələri və ziddiyyətləri aradan qaldıracaq komissiyanın yaradılmasını təklif etmişdir. Bəyanatda PJAK İran məsələsində “bütün kürd siyasi partiyalarının mövqelərinə nəzarət üçün vahid siyasi şuranın, vahid milli kürd ordusunun və beynəlxalq tədbirlərdə iştirak üçün diplomatik şuranın yaradılmasının vacibliyini” vurğulamışdır.
PJAK-ın saytında dərc olunan bəyanatının altında şərh yazan kürd izləyicilər bu çağırışı bəyənmiş və təqdir etmişlər: “Trampla ittifaq- İran, Suriya və İraq kürdlərinə müstəqil olmaq üçün yeganə şansdır. Xoşbəxtliyimizdir ki, Trampın kürdlərə ehtiyacı var”. Lakin şərhlərdə kürdlərin birləşmə ehtimalına şübhə edənlər də var: “Kürdlərə birləşmək çətin olacaq. Bizdə elə kürd əsgərləri var ki, İran generalları ilə selfi çəkdirirlər”.
PKK-nın İran qolu sayılan, yarandığı gündən İran hərbçilərinə və sərhədçilərinə hücumları ilə yadda qalan PJAK-a bu çağırışda “Kürdistanın Azadlığı Partiyası”nın (PAK) da qoşulduğu barədə məlumat verilmişdir.
Kürd millətçiləri kimi solçuları da gözlənilən müharibədə ABŞ-ın tərəfində olacaqlarını sərgiləməkdədirlər. “İran Kürdistanının Komala Partiyasının” rəhbərliyi ABŞ-ın hökumət dairələri ilə intensiv görüşlər keçirmişdir. Partiyanın sədri Salah Bəyaziddi 2019-cu ilin martında ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin məsləhətçiləri Conatan Şentser və Con Xanna ilə görüşmüşdür. Görüş Demokratiyanın Müdafiəsi Fondunda baş tutmuşdur. Görüşdə “İranda insan hüquqlarının pozulması, xüsusən kürd mədəni və siyasi hüquqlarının tapdalanması” məsələləri qabardılmışdır. Daha sonra Bəyaziddi Xadson İnstitutunun elmi əməkdaşları Abram Şulski və Erik Braunla görüşmüşdür. Görüşdə “islam İranında kürdlərin və digər etnik və dini qrupların 40 il ərzində hüquqlarının pozulması” müzakirə olunmuşdur. Bundan başqa Bəyaziddi ABŞ dövlət katibinin İran üzrə köməkçisi Endrü Pik və Dövlət Departamentinin daha bir məmuru ilə şam yeməyi yeyərək İran məsələsində kürdlərin mövqeyini onların nəzərinə çatdırmışdır. Görüşdən sonra Bəyaziddi onlara elektron məktib göndərərək “İranda insan hüquqlarının pozulması ilə bağlı gələn həyəcanlı və qorxulu xəbərlərin müzakirəsi üçün yenidən qəbul olunmasını” xahiş etmişdir. Bu görüşlərin nəticəsi kimi ABŞ Dövlət Departamenti özünün insan hüquqları ilə bağlı məruzəsində göstərmişdir ki, İran polisi “İran Kürdistanının Komala Partiyasının” üzvünü həbs etmiş və iztirablara məruz qoymuşdur. Partiya üzvünün İran Kürdistanının paytaxtı sayılan Sənəndəcdə polislə silahlı toqquşma zamanı tutulduğu məlum olmuşdur.
Xatırladaq ki, “İran Kürdistanının Komala Partiyası” 1969-cu ildə Tehranda kürd tələbələr tərəfindən yaradılmışdır. Solçu partiya kimi yaradılsa da, proqramından aydın olur ki, “Komala heç vaxt sosialist düşərgəni təqdir etməmiş, Sovet sistemini nümunə kimi görməmiş, əksinə Sovet sistemini tənqid edən realist və azad solçuların simvoluna çevrilmişdir”. Partiyanın proqramında göstərilir ki, “Sovet sistemi bu gün bütün dünyanın sol qrupları və təmayülləri üçün ikrahedici, nifrətəlayiq və arzuolunmaz hesab edilməkdədir”. “Komala” İran İslam İnqilabında iştirak etsə də, 1979-cu ilin yayında Pasdaranda üsyan qaldırmış və İmam Xomeyniyə qarşı çıxmışdır. Hal-hazırda “Komala” İrana qarşı ABŞ-ın qurmaq istədiyi kürd ittifaqının fəal təşkilatlarından biridir. Təşkilat İrana qarşı “vahid demokratik koalisiyanın” yaradılmasını istəyir və İranın daxili etirazlar vasitəsilə zəiflədilməsini planlaşdırır.
ABŞ siyasətçiləri də öz növbələrində Kürdistana dəstək verdiklərini dilə gətirmişlər. Keçmiş vitse-prezident Dik Çeyninin məsləhətçisi olmuş Con Xanna hal-hazırda İsrailyönlü Demokratiyanın Müdafiəsi Fondunun baş məsləhətçisidir. O bildirmişdir: “Kürdlər- İran ekspansionizminə qarşı bizim ən qiymətli partnyorlarımızdan biridir”. Xanna Türkiyə, İraq və xüsusən də İran kimi regional dövlətlərin Kürdistan üçün problemlər yaradacağından narahatlığını dilə gətirmişdir: “Vacibdir ki, ABŞ və Kürdistan digər Qərb tərəfdaşları ilə birgə sıx əməkdaşlıq etsinlər və siqnal versinlər ki, Kürd regionunun işlərinə qarışmaq yolverilməzdir. Heç kimim ixtiyarı çatmır Kürdistana hücum etsin və daxildə problemlər yaratsın”.
Xanna bildirmişdir ki, o İranı Kürdistanın təklükəsizliyi, eləcə də ABŞ üçün “1 nömrəli problem” kimi görür: “Şübhə yoxdur ki, İŞİD-in məğlubiyyətindən sonra Tehran ABŞ-ın İraqı, ola bilsin Kürdistanı da tərk etməsini istəyir”. ABŞ-ın regionda belə problemlərlə üzləşdiyi bir ərəfədə Xanna ABŞ və Kürdistanı daha sıx əməkdaşlıq etməyə çağırmışdır: “ABŞ və Kürdistan regiondakı bütün təhlükələrə qarşı bir olmalıdırlar. Fərqi yoxdur Kürdistan İraqdan ayrılacaq, ya yox, ABŞ və Kürdistan strateji əhəmiyyət daşıyan hərbi, siyasi və iqtisadi münasibətlərini davam etdirməlidirlər. Bu həm bizim marağımızdadır, həm də kürd xalqının təhlükəsizliyi üçün vacibdir”.
ABŞ senatoru Con Kennedi isə kürd xalqına verdiyi dəstəyə görə bütün Amerika adından öz təşəkkürünü bildirmişdir. Senatın xarici işlər komitəsində Suriya kürdlərinin müdafiəsi üçün amerikan həbçrlərindən istifadə olunmasını təklif edən senator demişdir ki, kürd xalqının öz müqəddəratını təyin etmək hüququ vardır: “Bizim ölkəmizin təməli azadlıq yanğısı olan adamlar tərəfindən qoyulmuşdur. Düşünürəm ki, kürd xalqı da ilk amerikanların istədiyini istəyir və o buna layiqdir”.
Senator Kevin Kramer də kürdlərə rəğbət və minnətdarlığını bildirmişdir. Senatın Suriya və kürdlərin taleyi ilə bağlı olan komitəsinin- silahlı qüvvələr üzrə komitəsinin üzvü olan Kramer demişdir: “Heç kim ABŞ-a regionda kürd xalqı qədər əməkdaşlıq əlini uzatmamışdır. Bizim kürd xalqı qarşısında böyük borcumuz vardır”. ABŞ prezidentinin kürdlərə güclü siyasi dəstək verəcəyini bəyan edən Kramerin sözlərindən o da aydın olur ki, ABŞ Suriyadan öz qoşunlarını ona görə çıxarmağa razılıq vermişdir ki, Suriyada onun funksiyasını kürd polisi yerinə yetirəcək.

Комментариев нет:

Отправить комментарий