Страницы

13.07.2019

Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?

Azərbaycanda bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanır.
Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib.
Azərbaycanda 2015-ci ildə peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 faiz idisə, 2018-ci ildə bu göstərici 1,6 faiz olub.
2019-cu ildə Səhiyyə naziri digər ölkələrdən qızılca xəstəlinin Azərbaycana gətirilməsi hallarının qarşısını almaq məqsədilə immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalamışdı. Nazirliyin məlumatında Azərbaycanda 2013-cü ildən qeydə alınmayan xəstəliyin ölkəyə 2018-ci ilin sonundan gətirildiyi və ölkəyə 160 min doza peyvəndin gətirildiyi deyilirdi.
Bakıda poliklinikaların birində çalışan, adının çəkilməsini istəməyən pediatr deyir ki, iki-üç il qabaq peyvəndlərdən kütləvi imtina halları artmışdı, qızılca xəstəliyi yayılandan sonra isə "camaat qorxuya düşərək vaksinasiyaya gəlməyə başlayıb".
Bakıda yaşayan Nəsibə Məmmədova övladına peyvənd etdirməyin əleyhinədir. O düşünür ki, uşaqlar həyatlarındakı bütün seçimləri özləri etməlidir, peyvəndlər də buna daxil olmalıdır. Menecer işləyən Məmmədovanın bir oğlu var. Onun sözlərinə görə, həyat yoldaşı ilk başlarda vaksindən imtina qərarına qarşı olsa da, sonradan razılaşmağa məcbur olub: "Mənə çox dedilər ki, uşağa bir şey olar, qorxmursanmı, nə bilim o xəstəlik var, bu xəstəlik var. Bəyəm peyvənd olunmayan uşaqlara nəsə olur? Yox. Hələ elə bir şey görməmişəm". Peyvənddən rəsmi olaraq imtina edən Nəsibə Məmmədova deyir ki, həm həkimlər, həm də qohumlar ona uşağın vaksin olunmasına görə bir növ "təzyiq edirlər", o isə fikrindən daşınmağa hazır deyil. 26 yaşlı ana övladını tibbi müayinələrə aparmağa davam etdiyini, imtinanın təkcə vaksinlərə aid olduğunu deyir və hesab edir ki, buna görə 3 yaşlı oğlunun "həyatı təhlükədə ola bilməz": "Məncə övladlarımıza seçimləri uşaq vaxtından verməliyik. Onlar o vaxt özləri başa düşməsə də gözləyə bilərik. Əgər nə vaxtsa Azərbaycanda hansısa dəhşətli epidemiya olsa bu qərarı yenidən müzakirə edə bilərik, amma hələ buna ehtiyac duymuruq".
Hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur, özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycana vaksin preparatları 2014-cü ildə UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçib. Qurumdan deyilib ki, hazırda ölkədə Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndləşməni dəstəkləyir. Qurum bu gün dünyanın bir çox ölkələrində vaksinasiyadan imtina tendensiyasını 2019-cu ildə dünya səhiyyəsinə ən böyük təhlükələr siyahısına daxil edib. ÜST-nin məlumatına əsasən, 2019-cu ilin ilk üç ayı ərzində dünya boyu qızılca xəstəliyinə tutulma halları ötən ilin eyni dövrü ilə müqayisədə dördqat artıb.
Azərbaycanda peyvəndləşməni icbari edən qanun yoxdur - bu, valideynin seçiminə buraxılır. Peyvənddən imtina etmək istəyən valideynlər notariusda peyvəndlərdən yazılı imtina etməli və sənədi qeydiyyatda olduğu poliklinikaya aparmalıdır. Bu zaman valideyn uşağının xəstələnməsi hallarındakı bütün məsuliyyəti öz üzərinə götürmüş olur.
Səhiyyə Nazirliyi bildirib ki, peyvəndlərdən yazılı imtina edənlərin ən çox göstərdiyi səbəblər "sosial şəbəkələrdə peyvənd əleyhinə yanlış məlumatların olması, dini baxışlar, peyvənddən sonra autizm qorxusu, peyvənddən sonra gələcəkdə uşaqda sonsuzluq qorxusu, peyvənddən sonra baş verə biləcək ağırlaşmalardan ehtiyat edilməsi" olur. /bbc.com/

Комментариев нет:

Отправить комментарий