Страницы

29.07.2019

Ya Hüseyn

Sinəni qıldın sipər tiri-bəlayə, ya Hüseyn,
Yetməsin ta rəxnə dini-Mustafayə, ya Hüseyn,
Can fəda səntək vəfalı aşinayə, ya Hüseyn,
Cəzbeyi-eşqinlə gəldim Neynəvayə, ya Hüseyn,
Neynəvadə ney kimi gəlləm nəvayə, ya Hüseyn.

Canım üçün tək səni xilqətdə canan bilmişəm,
Qəlbimə ismin edib həkk, özgə ismin silmişəm,
İltifat etsən diri, etməzsən əlhəqq ölmüşəm,
Lütf qıl, qurbanımı məndən qəbul et, gəlmişəm
Əldə can nəqdim Minayi-Kərbəlayə, ya Hüseyn.

Xaliqin ey bəhri-xilqətdə əmanət gövhəri,
Başını təndən cüda qıldı xəyanət xəncəri,
Verdik əldən damənin, aldı cəhalət hər yeri,
Sənsən Allahın yolu, sənsən hidayət rəhbəri,
Göstərirsən xəlqə yol yerdən səmayə, ya Hüseyn.

Xaliq etməklə səni xəlq, etdi xəlqə mərhəmət,
Şəmsi-həqsən, lütf nurunla dolubdur hər cəhət,
Olmaya adəmdə ta iblisə aid bir sifət,
İnqilabın aləmi-nasutə dərsi-mərifət,
Mərifətsiz yetməyib kimsə Xudayə, ya Hüseyn.

Asimani-mərifətdə mehrü mahimsən mənim,
Hicrə bitab aşiqəm, fəryadu ahimsən mənim,
Varlığınla yox olur dərdim, pənahimsən mənim,
Mən həqir əbdin, müəzzəm padişahimsən mənim,
Bir nəzər sal mən fəqirü binəvayə, ya Hüseyn.

Hər dəm, ey yar, aşiqin rəhm eylə əşki-alinə,
Bəllidir gülzarə həsrət bülbülün əhvali nə,
Yanmasın qoy atəşi-hicran ilə, yan halinə,
Qoyma tənha Əmrini, lütf et, çıx istiqbalinə,
Yetsə rehlət vədəsi dari-bəqayə, ya Hüseyn.

Ağasəlim Əmri

Комментариев нет:

Отправить комментарий