Страницы

22.08.2019

Baş redaktorun məhkəməsi davam edib, zərərçəkmişlər şikayətçi olmadıqlarını bildiriblər

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən reallıq.info saytının təsisçisi və baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə keçən məhkəmə prosesində şahidlər və zərərçəkənlər ifadə verib. İlk ifadə verən Gəncə şəhər təhsil idarəsinin müdürü Hüseynov Zakir zərərçəkən qismində danışıb. O məhkəməyə verdiyi ifadəsində bildirib ki, İkram Rəhimov ona zəng edərək onun haqqında məlumatı reallıq.info saytında dərc edəcəyini deyib. Bu səbəbdən də o məcbur olub İkram Rəhimova müəyyən vaxtlarda pul verib. Hüseynov Zakir bildirdi ki, pulu (bir dəfə istisna olmaqla) şəxsən özü verməyib, müəyyən adamların vasitəsilə verib.
İkram Rəhimovun vəkili Elçin Sadıqov sual verir:
-İkram bəyi nə vaxtdan tanıyırsız?
Zərərçəkən Hüseynov Zakir cavab verir:
-2000-ci ildən tanıyıram. Həmin vaxtlar Gəncə şəhərində 39 nömrəli məktəbdə direktor işləyirdim, elə həmin vaxtdan tanıyıram.
İkram Rəhimov isə ayağa qalxaraq bildirir ki, sən 2016-ci ildə "Hürriyyət" qəzetinə abunə olmusan. Hər çıxan qəzetin 300 trajını alırdın. Bu zaman isə hakim müdaxilə edir.
-İkram sənə söz verilməyib.
İkram isə bildirir:
-Siz tərəf kimi çıxış edirsiz möhtərəm hakim.
Bu zaman səs-küy çoxalır. Hakim İkram Rəhimovun zaldan çıxarılmasını bildirir. Amma sonra fikirndən dönür və İkram Rəhimov zalda qalası olur.
Sonra təqsirləndirilən İkram Rəhimova söz verilir və o fikirini davam etdirir:
-Hörmətli hakim bu şəxs 300 tıraj Rəsul Quluyevin qəzetini alırdı. Mən də həmin vaxtı qəzetin Qərb regionu üzrə müxbiri işləyirdim. Rəsul Quluyevin qəzetini almasına səbəb isə Rəsul Quluyev hakimiyyətə gələndə Hüseynov Zakirə yüksək vəzifə versin deyə alırdı.
Zakir Hüseynov bildirdi:
-Mən Prezidentimə sadiqəm. Mən YAP-ın üzvüyəm. Dairə Seçki Komisiyasının üzvü olmuşam bunların hamsı yalandı.
İkram Rəhimov fikirini davam etdirir:
-Bizim 2000-ci ildən münasibətimiz var və dostluq edirik. 2014-cü ildə Təhsil idarəsinin işçisi olan Ceyhun Mirzəliyev barəsində rüşvətlə bağlı faktları özün bizə verdin və biz xəbər kimi saytda dərc etdik. Yadındadı?
Hüseynov Zakir İkram Rəhimova:
-Korrupsiya yox, neqativ hallarla bağlı sənə demişəm. Sonra Korrupsiya idarəsi gəldi, onu həbs etdi.
İkram Rəhimov deyir:
-Səninlə bağlı yazılar savaş.orq saytında gedib.
Vəkil Elçin Sadıqov sual verir:
-Siz 2000-ci ildən bu yana rüşvət verirsiz İkram Rəhimova. Həmin illər nə qədər rüşvət verirdiz?
Hüseynov Zakir cavab verir:
-20 AZN,10 AZN.
Vəkil Elçin Sadıqov bildirir:
-Axı həmin vaxtlar valyuta manat yox, şirvan idi.
Hüseynov Zakir:
-Bəli, bəli siz düz buyurursuz manat deyil, 10-20 şirvan vermişəm.
Vəkil Elçin Sadıqov sual edir:
-İndiyə kimi nə üçün rüşvət verirdiz və susurduz, bu barədə adiyyatı orqanlara şikayət etmirdiz?
Hüseynov Zakir cavab verir:
-İndi şikayət etdim dəə.
Vəkil Elçin Sadıqov sual edir:
-Digər zərərçəkənləri tanıyırsız?
Hüseynov Zakir cavab verir:
-Xeyir, tanımıram.
Vəkil Elçin Sadıqov:
-Bəs nə üçün eyni gündə hamınız  DTX-nə şikayət ərizəsi vermisiz?
Hakim Əlövsət Abbasov vəkilə bildirir:
-Bu nə sualdı verirsən?
Vəkil Elçin Sadıqov isə hakimə bildirir
-Onda mənə sual verməyi öyrədin.
Hakim Əlövsət Abbasov:
-Biz öyrətmirik, tövsiyyə edirik.
Vəkil Elçin Sadıqov sual verir:
-Sizi zəng edib şantaj edən hər bir jurnalistə pul verirsiz?
Hüseynov Zakir isə deyir:
-Nə edim, abrım gedəcək, qorxuram.
Vəkil Elçin Sadıqov:
-Demək sizin işlərinizdə neqativ hallar var, rüşvət var ki, siz qorxursuz?
İkram Rəhimov Hüseynov Zakirə deyir:
-Sən demisən ki, mən səndən telefonla danışarkən şantaj edib rüşvət istəmişəm. Amma istintaq materiallarında telefonda səndən rüşvət istəməyim barəsində bir dənə də olsun fakt yoxdu.
Hüseynov Zakir isə deyir:
-Telefonda istəməmisən, üzbəüz görüşəndə istəmisən.
İkram Rəhimov isə suallarına davam edir:
-İstintaqda verdiyin ifadədə bildirmisən ki, mən sənin barəndə 2014-cü ildə reallıq.info saytında yazı yazmışam. Axı reallıq.info saytı 2016-cı ildə təsis olunub. Mən sənin barəndə bir dənə də olsun tənqidi yazı yazmamışam. Əgər yazmışamsa bunu əyani olaraq göstər.
Hüseynov Zakir cavab verir:
-Onda sən "Hürriyyət" qəzetində yazırdın.
İkram Rəhimov:
-Hardadı o qəzetlər? Gətir göstər.
Hüseynov Zakir:
-Arxivləşdirməmişəm.
Hakim Əlövsət Abbasov sual verir
-Hər-hansı bir şikayətin, iddian var?
Hüseynov Zakir:
-Xeyir, yoxdu.
Hakim Əlövsət Abbasov sual verir:
-Pul tələbin var?
Hüseynov Zakir:
-Xeyr, yoxdu.
Hakim Əlövsət Abbasov Hüseynov Zakirə sual verir:
-İşin yüngülləşdirmə və ya ağırlaşdırması barəsində hər hansı tələbiniz var?
Hüseynov Zakir:
-Cənab hakim sizin ixtiyarınıza qoyuram.
Növbəti zərərçəkən Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonunun 5 saylı regional direktoru Əbilov Rafiq ifadə verdi.
O məhkəməyə bildirib ki, İkram Rəhimovu şəxsən tanımır. Bir dəfə də olsun telefon əlaqəmiz olmayıb, nə də İkram Rəhimova pul verib.
Əbilov Rafiq ifadəsində deyib ki, 2017-ci ilin avqust ayında Şabran rayonunda meşə yanğınları olmuşdu. Həmin vaxtı Nazirlikdən mənə bildirdilər ki, reallıq.info saytında gedən yazıları dərhal sildir. Əbilov Rafiq Nazirliyin işçilərinə deyib ki, mən həmin saytın rəhbərini tanımıram. Sonra bizim nazirliyin işçiləri 300 AZN pul verib həmin yazıları sildirmişdi. Sonra mən bilmədim o pulu nazirliyin işçilərinə verdim, vermədim heç yadımda deyil.
Vəkil Elçin Sadıqov soruşur:
-Sizin vepef proqramından başınız çıxır?
Əbilov Rafiq:
-Xeyr, başım çıxmır.
Vəkil Elçin Sadıqov:
-Yazını siz öz gözlərinizlə görmüşdüz reallıq.info saytında dərc olunduğunu? Saytda oxumuşduz həmin yazını?
Əbilov Rafiq:
-Bəli, bəli.
Vəkil Elçin Sadıqov:
-Axı həmin saytın ölkədən girişinə blok qoyulub. Sən necə oxuya bilərdin o yazını?
Əbilov Rafiq:
-Uşaqlar göstərmişdi. Vallah mən də bilmirəm.
Hakim Əlövsət Abbasov Əbilov Rafiqə sual verir:
-İşin yüngülləşdirmə və ya ağırlaşdırması barəsində hər hansı tələbiniz var?
Əbilov Rafiq:
-Xeyr, cənab hakim sizin ixtiyarınıza qoyuram.
Növbəti zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, "Hirkan" qoruğunun rəhbəri Mirzəyev Azər ifadə verdi.
O bildirdi ki, İkram Rəhimov onun barəsində şantaj dolu heç bir yazı yazmayıb, rüşvət tələb etməyib:
-Burda İkram Rəhimovun nə işi var mən başa düşmürəm. Burda Emin Haqq deyilən bir jurnalist var, o olmalı idi, O məndən pul tələb edib. Pul vermədiyim təqdirdə bütün saytlarda mənim və qoruq haqqında ağ yalanlar yazıb və yazdırıb. Bununla bağlı mən DTX-ya, Prokrorluğa, digər dövlət strukturlarına müraciət etmişəm.Təəssüf ki, heç kim baxmadı. İkram Rəhimov həmin qoruğa turis kimi gəlmişdi və mənimlə söhbət edəndə bəlli oldu ki, İkram bəy jurnalistdi və mən problemlərimizi danışdım. Bir çox saytlardan yazıları təmənnasız sildirdi. İki saytdan başqa. İkram bəy mənə dedi ki, hər sayt üçün 200 AZN pul verin, həmin yazıları silsinlər. Mən də elə etdim. Bir dəfə Ekologiya Departamentinin müdiri Hikmət Əlizadədən 200 AZN, bir dəfə də mühasibim Kamal İsmayılovdan 200 AZN göndərdim həmin yazıların silinməsi üçün. Mən İkram bəyə nə pul vermişəm, nə də İkram bəy mənim barəmdə şantaj dolu yazılar yazıb.
Hakim Əlövsət Abbasov Mirzəyev Azərə sual verir:
-İşin yüngülləşdirmə və ya ağırlaşdırması barəsində hərhansı tələbiniz var?
Mirzəyev Azər:
-Cənab hakim, sizin ixtiyarınıza qoyuram.
Sonra şahid qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Deportament  müdürü Hikmət Əlizadə ifadə verdi. O bildirdi ki,"Hirkan" qoruğu haqqında İkram Rəhimovun saytında yazılar gedirdi. Mən də həmin vaxtı qoruğun rəhbəri Mirzəyev Azərin xahişi ilə Vüsal Cabbarlı adlı işçimizin vasitəsilə İkram Rəhimova 200 AZN pul göndərdim ki, yazıları silsin.
Vəkil Elçin Sadıqov sual verir:
-Axı Mirzəyev Azər qeyd etdi ki, İkram bəy onun haqqında heç bir şantaj xarakterli yazı yazmayıb. Onun saytı həmin tarixdə bloklanıb. Siz nə əsasında belə bir ifadə verirsiz?
Hikmət Əlizadə cavab verir:
-Vallah yadımda deyil.
Vəkil Elçin Sadıqov:
-Siz Ekologiya Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə xanımı tanıyırsız?
Hikmət Əlizadə:
-Bəli, tanıyıram.
Vəkil Elçin Sadıqov:
-Necə olur ki, Mətbuat xidmətinin rəhbəri İradə xanım Mətbuat günü ilə əlaqədar olaraq İkram bəyİ diplomla təltif edir?
Hikmət Əlizadə:
-Bilmirəm.
Hakim Əlövsət Abbasov vəkilə deyir:
-Bu nə sualdı verirsən yenə?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Vüsal Cabbarlı məhkəməyə şahid qismində ifadə verdi:
-Deportamentin direktoru Hikmət bəyin göstərişi ilə 200 AZN pul aldım. Jurnalist nömrəsi vermişdi, həmin nömrəyə zəng etdim. Görüşdük həmin jurnalistə 200 azn pul verdim. Həmin jurnalist İkram bəy deyildi. Bu jurnalisti (İkram Rəhimovu) heç görməmişəm, tanımıram.
"Hirkan" qoruğunun mühasibi Kamal İsmayılov şahid qismində ifadə verərək bildirdi:
-İkram bəy reallıq.info saytında "Hirkan" qoruğu və rəhbərimiz Azər Mirzəyev haqqında şər və böhtan xarakterli yazılar yazırdı. Ona görə də rəhbərimiz məndən xahiş etdi ki, 200 AZN İkram bəyə pul verim bir daha bizdən yazı yazmasın. Və mən də 200 AZN verdim.
İkram bəy deyir:
-Mən sizin qoruğunuz və ya rəhbəriniz haqqında heç bir yazı yazmamışam. Rəhbəriniz də az əvvəl çıxışında bildirdi. Mən qoruq haqqında heç bir yazı yazmamışam. Həmin yazılar bakunews və xalqxəbər saytında getdiyinə görə həmin pullar verilib və mənə də çatmayıb.
Hikmət Əlizadə:
-Mənə elə gəlir ki, sizin saytınızda gedən yazılara görə verilib həmin pullar.
Vəkil Elçin Sadıqov bildirir:
-Sənə elə gəlir deyə İkram bəy burda mütttəhim olmalıdı?Bu nə fikirdi, bu nə sözdü?
Zərərçəkən qismində Həsənov Elnur ifadə verir:
-Saytda yazı çıxmışdı, 300 AZN pul vermişəm, amma bilmirəm bu saytdı ya yox. Şəxsən tanımıram. İlk dəfədi bu jurnalisti görürəm.
Zərərçəkən Əflatun Nuruyev:
-Raquf Mirzəyevə 200 AZN pul vermişəm. Amma bilmirəm həmin pul İkram bəyə çatıb, ya yox.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Yusifov Sadiq zərərçəkən qismində ifadə verdi:
-2017-ci ildə 9-cu mikrorayonda ağac kəsilmişdi, yerində obyekt tikiləcəkdi. Həmin vaxt xəbər gəldi ki, İkram bəy orda şəkil çəkib, saytda bu haqda xəbər dərc etmək istəyir. Mən də məcbur oldum zəng etdim ki, yazını dərc etməsin, qarşılığında pul verəcəm.
Vəkil Elçin Sadıqov əlavə olaraq qeyd etdi:
-Telefon danışıqlarında göstərildiyi kimi, İkram Rəhimov bildirir ki, nə ağac,nə kəsim, özünüzdə görürsüz ki, İkram bəyin ağacların kəsilməsilə bağlı heç bir məlumatı yoxdur.
Növbəti məhkəmə prosesi aprel ayının 24-də saat 17-00-da olacaq.
İkram Rəhimov 2018-ci il il oktyabrın 26-da saxlanılıb. Məhkəmənin qərarı ilə hədə-qorxu gələrək pul tələb etmək ittihamı ilə həbs olunub. Həbsdən öncə İ.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

azerbaycanrealligi.com

Комментариев нет:

Отправить комментарий