Страницы

07.09.2019

İsrail Azərbaycan ərazisindən İrana dron buraxır? - Qərb mediası

The New York Times Magazine “İranı vurmaqdan ötrü təzyiqin gizli tarixçəsi” adlı geniş məqalə dərc edib.
Məqalədə Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliyindən də söz açılır. Amerika, İsrail və Avropanın onlarla indiki və keçmiş məmurları ilə bir neçə ay ərzində aparılmış söhbətlər indiyədək eşidilməyən detalları üzə çıxarıb. İsrail ordusu 2012-ci ildə İranı vurmağa çox yaxın imiş; Obama administrasiyası belə bir hücum halında özünün hərbi qabaqlayıcı planlarını hazırlayıbmış. Hətta Birləşmiş Ştatların qərbində bir səhrada İranın nüvə obyektinin tammiqyaslı maketi 30 min paundluq bombayla dağıdılıbmış.
“İsrail İrana göz qoyduğu zaman amerikalılar da İsrailə göz qoyurdu. İsrail Azərbaycanda bir bazadan İrana kəşfiyyat dronları buraxanda Amerikanın peykləri bunun fotolarını çəkirdi”- məqalədə deyilir.
Keçmiş prezident Barak Obama İsrailin İrana qəfil zərbəsinin mümkünlüyünü ciddi qəbul edirmiş. “Amerikanın kəşfiyyat peykləri İsrail dronlarının Azərbaycanda bazalardan qalxmasını və İranla sərhədin cənub hissəsi üzərində uçmasını izləyirdi. Bu dronlar İranın nüvə obyektlərinin gen-bol şəkillərini çəkir, həm də İranın havadan müdafiə qüvvələrinin bu müdaxiləni müəyyənləşdirmə qabiliyyətini yoxlayırdı. Amerikanın hərbi liderləri israillilərin hücum üçün hansı dövrü seçəcəyi... üzərində baş sındırırdılar. Hərbi planları quranlar Tehranın İsrailin zərbəsinə necə cavab verəcəyi, Amerikanın buna necə cavab verməli olmasını çək-çevir edirdilər” məqalədə deyilir.
İraqa da dron buraxılır? Avqustun 28-də The Guardian qəzetində dərc olunmuş məqalədə də oxşar iddia səslənir. Məqalədə deyilir ki, İraqdakı şiə militantlar İsrailin Azərbaycandan buraxdığı dronlarla bu ölkənin şimalında və mərkəzində hədəfləri vurduğunu iddia edirlər. Region rəsmiləri İraqın həmin hissələrindən İsrail yaxınlığındakı İran mövqelərinə silah göndərildiyini bildirirlər.
İranın müttəfiqi, İraqın Xalq Səfərbərlik Bölmələrinin lider müavini Əbu Mehdi əl-Mühəndis deyib: “Bizdə olan dəqiq və təsdiqlənmiş informasiyaya görə, bu il amerikalılar Azərbaycan ərazisindən İsrailin dörd dronunu buraxıblar. Bu dronlar ABŞ qüvvələri tərkibində uçuşlar gerçəkləşdirəcək, İraqın hərbi bazalarını hədəfə alacaq”.
Azərbaycan isə təkzib edir. “Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur”. Bunu Azərbaycan Müdafiə Nazirliyindən “Turan” agentliyinə bildiriblər . Nazirlikdən vurğulayıblar ki, bütün bunlar dezinformasiya məqsədilə yayılıb.

"Azadlıq" Radiosu

Комментариев нет:

Отправить комментарий