Страницы

25.11.2019

Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır

"Almaniya büdcəsi bir Mersedesdən maksimum 2000 avro, bizim hökumət isə ortalama 6000-7000 min manat pul qazanır..."

“Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətlərinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O deyib ki, komitə açıqlama yayaraq ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəyini bildirib: “Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara dağ çəkmək üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub. Çünki hökumət də, Komitə rəhbərləri də bu günə qədər Gömrük orqanlarının fəlsəfəsini anlaya bilmirlər. Gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub. Amma Azərbaycanda hələ də bu prinsip işə düşməyib, Gömrük Domokl qılıncı kimi biznesin, vətəndaşın başı üzərində asılmış, ən çox korrupsiyaya uğramış qurumlardan biridir.
Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Nefçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə qalstuklu müəllimlərə başa saldıq ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdı. Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadı – vəssalam, qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır, vintaçan ilə yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar – yəni, dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir.
Paralel olaraq da Azərbaycan hökuməti avtomobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır. Şanlı Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, özlərindən hoqqa çıxardıb maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar.
Məzlum vətəndaş da məcbur qalıb gedir Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır – bu sui-istifadə halı deyil, Gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır.
Bu gün Azərbaycan hökuməti Gömrük rüsumları və vergiləri vasitəsi ilə hər maşından istehsalçı ölkədən daha çox pul qazanır. Rusiya büdcəsi hər Ladadan cəmi 600 dollar qazandığı halda bizim hökumət bundan 3 qat artıq büdcəyə pul toplayır. Ya da yazıq “nemes” mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) Mersedesdən maksimum 2000 avro qazanırsa, bizim hökumət əlini ağdan-qaraya vurmadan hər Mersedesdən ortalama 6000-7000 min manat pul qazanır. Budur Gömrük siyasətinin fəlsəfəsi?!
Biz dəfələrlə təklif etmişik ki, heç olmasa hibrid avtomobillər üçün rüsumları sıfırlayın, ƏDV-ni ləğv edin, bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi yenə bəyan etmişdi ki, belə etsək bu sui-istifadə hallarına səbəb olacaq, camaat daha çox hibrid gətirəcək. Adam anlamır ki, elə məqsəd də budur ki, camaat daha çox hibrid avtomobilləi gətirsin, ölkənin avtoparkı yenilənsin, ekologiyaya müsbət təsiri olsun. Bax belə insanlar Gömrüyü idarə edirlər və bərk-bərk yapışıblar ki, Komitə ləğv edilməsin, amma edilməlidir.
Gömrük Komitəsinin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyanlıdır”.

Комментариев нет:

Отправить комментарий