Страницы

17.11.2019

Əli Nağıyev: “Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı”

Sabiq nazir: “Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev demokrat.az-ın suallarını cavablandırıb. Əli Nağıyev müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin və digər şəxslərin 1989-cu il mayın 18-də “Molodyoj Azerbaycana” qəzeti vasitəsilə Əbdürrəhman Vəzirova ünvanladığı dəstək müraciətinə mövqeyini geniş şəkildə ifadə edib.
Əli Nağıyevin fikirlərini ixtisar etmədən oxuculara təqdim edirik.

– Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin və digər şəxslərin 1989-cu il mayın 18-də “Molodyoj Azerbaycana” qəzeti vasitəsilə Əbdürrəhman Vəzirova ünvanladığı dəstək müraciəti birmənalı qarşılanmayıb. Əli Həsənovun Yeni Azərbaycan Partiyasına gəlməsində sizin rolunuzun böyük olduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?
– Sualınızın birinci hissəsinə cavab olaraq onu deyim ki, Əbdürrəhman Vəzirov Azərbaycan xalqının düşməni və xalqımızı satan adamdır. Dağlıq Qarabağ probleminin bugünki vəziyyətə düşməsinin birinci günahkarı Kamran Bağırovdursa, ondan daha böyük günahkarı məhz Əbdürrəhman Vəzirovdur. Yəni, Əbdürrəhman Vəzirov Azərbaycan xalqı tarixində bu qədər böyük şərəfsizdir. O cür şərəfsizə hər hansı dəstək ifadə edənlərin özləri də şərəfsizlərdir. Bu sizin sualın birinci hissəsinə mənim cavabımdır. Sualınızın ikinci hissəsinə cavab olaraq deyə bilərəm ki, mən Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanımışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissəsinin müdiri vəzifəsində çalışırdı. Xalamoğlu Rafiq Naxçıvan universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi. Mən təhsilimi Sankt-Peterburqda davam etdirib, elmlər namizədi dissertasiyasını müdafiə etmişəm və təhsilin insan həyatında nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirəm. Təhsil mənim təəssübümdür. Təhsilsiz millət naxırdır, təhsil millətin keyfiyyətidir. Nahaq deyil ki, böyük Sabirimiz deyirdi:

Qurd isə, şaqal isə biyabanda olardı,
Şəhr içrə bu heyvanlarına şükür xudaya.

Və yaxud dahi Cavid deyirdi:

Ol kəs ki elmdən məhrum cəhl ilə fanatikdir
Demə insan ol nadana ki, bir heyvanı natiqdir.

Sadəcə olaraq, mən Əli Həsənovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, sonra da gəlib Naxçıvan Dövlət Universitetində adi bir vəzifədə işləməsini qəbul edə bilmirdim. Bu təəssüb mənə yer edirdi. Bu, Əli Həsənovun deyil, onun təhsilinin təəssübü idi. Yəni, mənə görə Əli Həsənov ən azı Naxçıvan Dövlət Universitetində kafedra müdiri olmalı idi. Mən növbəti dəfə ora gedəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım. Mən yerli və yaxud qohum təəssübünü də qəbul edirəm, amma qədərincə. Mənim çox qohumum yoxdur. Yəni, nə əmim, nə dayım, nə də bibim olmayıb. Bir xalam var, onun oğlu da Naxçıvan Universitetində tədris hissəsinin müdiri idi. Mən nazir olanda xalam oğlu yanıma gəlib Bakıda iş istədi. Ona dedim ki, qələt edirsən. Məgər biz Naxçıvanı boşaldırıq? Sən Naxçıvanda yaşayanlardan artıqsan? Yəni, nazir olan zaman mən cəmi 2 nəfər naxçıvanlı işə götürmüşəm. Onlara da partiya təəssübü ilə vəzifə vermişəm. Onlardan biri YAP-ın Nərimanov rayon təşkilatının sədri, digəri isə partiya aparatında mənim işçim idi. Mən vəzifələrdə olanda heç zaman qohumbazlıq və yerlibazlıq etməmişəm. Əgər Gəncəli və ya Şirvanlı mənim qohumumdan, yaxud yerlimdən bir neçə baş yuxarıdırsa, mən onları qoyub öz yerlimi və ya qohumu işə götürürəmsə, demək ki, mən Azərbaycana xəyanət edirəm. Əgər onlar bərabər səviyyədirsə, onda qohumu və ya yerlini işə götürmək olar. Təəssüb bu qədər olar, mən ədalətli olmaq buna deyirəm. Əli Həsənəvu da işə götürəndə yalnız və yalnız təhsilinə görə bunu etmişəm. Çünki mən özüm də Rusiyada təhsil almışam və o təhsilin nə olduğunu yaxşı bilirəm. Ümumiyyətlə, mən təhsilin insan üçün nə olduğu gözəl dərk edirəm. Böyük Cavid demişkən:

Kişi ürfan ışığından parlar,
Şübhəsiz, bilgidə Allah gücü var.

Sonradan 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə də Əli Həsənovun Siyasi Şuranın üzvü seçilməyinə təsir etmişəm. Bakıya gələndən sonra isə onu YAP-ın Aparatında işə götürmüşəm. Həmin dövrdə Sürət Hüseynovun adamı olan Nizami rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib, ondan poçtun 2 otağını Əli Həsənova verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənova iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O gələndən sonra Əli Həsənovu əvvəlcə Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının idealogiya şöbəsinin müdiri gərək böyük adam olsun. Yəni, mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib Əli Həsənovu işə götürməyimə görə irad bildirdi. Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi? Allah rəhmət etsin o böyük kişiyə! Heydər Əliyev mənə münasibətdə çox böyük kişi olmuşdu, mən bunu heç zaman yaddan çıxartmaram. Mənim bu sözümdən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: “Yaxşı, ciddi nəzarət elə”. Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb, Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi. Növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, Əli Həsənovun yalanını televiziyada canlı yayım zamanı üzünə söylədi. Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyanı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağırıb soruşuram, o da deyir ki, mən partiyanı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm. Bəli – Əli Nağıyev düz deyir. Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən səsini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdü. Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!
Mən bu söhbətləri ona görə edirəm ki, Prezident İlham Əliyev bu cür üfunətçi adamların ətrafında olmasının onun adına necə xələl gətirməsini bilsin.

Zaur Hacılı         demokrat.az

Комментариев нет:

Отправить комментарий