Страницы

18.12.2019

Ürəyimdəki ev

İbrahim Quliyev

Sənə ürəyimdə bir ev tikmişəm
Hopub divarına payız sarısı.
Sənə ürəyimdə bir ev tikmişəm
Orda qurd ulayır gecə yarısı.

Orda sənsizlik var, bir də həsrətin,
Orda çiçəkləri külək daramır.
O ev gözlərinə bənzəyir sənin-
Yağışlar yağanda tavanı damır.

Sənə ürəyimdə bir ev tikmişəm
O evin üstündə göy üzü yoxdur.
Orda zaman donub, vaxt ölüb deyən
Orda gecələrin gündüzü yoxdur.

O ev qütb ulduzu batan yerdədir-
İçində fırtına, çölündə tufan.
Orda səs-səmirsiz ölür adamlar
Ölür ayrılıqdan və tənhalıqdan.

Sənə ürəyimdə bir ev tikmişəm
Gecəsi, küçəsi sənin adına.
Gülüm, gəl baş-başa verib ağlayaq
Bu gecə o evdə ölən qadına-
Mənim ürəyimdə ölən qadına...

Комментариев нет:

Отправить комментарий