Страницы

26.12.2019

“Prezidentin Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov “KRISA”dır”

Şok! Rəsmi dövlət nəşri - Prezident Administrasiyasının "RESPUBLİKA" qəzeti Prezidentin keçmiş köməkçisi Əli Həsənovu korrupsiyada, Heydər Əliyevə və İlham Əliyevə xəyanətdə ittiham etdi!

Həmkarım Xeyrəddin Qoca redaksiyaya gəlmişdi. Yetmiş illik yubileyinə hazırlaşmasını xəbər verdi...
Xeyrəddin Qoca ömrünün 70 illiyi yubileyinə yeni kitabla - xatirələr toplusu ilə gəlmək niyyətindədir. O, dostun sevincinə şərik olmağı bacarır. “Respublika” qəzetini təşkil edəndə, işlərimizi məcrasına salıb işləyəndə tez-tez əlaqə saxlayırdı. Bilirdi ki, Heydər Əliyev “Respublika” qəzetinə xüsusi diqqət yetirirdi: çap kağızı ilə təmin edir, ildə iki dəfə Baş redaktorları, AzərTAC-ın rəhbərliyini qəbul edir: hamıdan soruşurdu - çətinliyiniz, ehtiyacınız varmı? O, çap kağızına ehtiyacımızı bilən kimi, tapşırdı: redaksiyaları təcili çap kağızı ilə təmin edin.
Təsəvvür edirsinizmi, cəbhə boyu əlində silah düşmənlə üz-üzə dayanmış əsgərlərimizə, qaçqın və köçkün çadır şəhərciklərində yaşayan soydaşlarımıza gündəlik qəzet göndərmək fikrinə düşdüm: dörd il cəbhəyə (500 nüsxə), çadır şəhərciklərinə (500 nüsxə) gündəlik “Respublika” qəzeti göndərdim. Rabitə naziri Nadir Əhmədov mənim bu təşəbbüsümə görə mətbuatın daşınma xərcini redaksiyadan almadı.
Heydər Əliyevin bilavasitə tapşırığına görə, baş redaktorlar, AzərTAC-ın direktoru Şamil Şahməmmədov hər həftənin beşinci günü Prezident Administrasiyasının rəhbərinin qəbulunda olurduq. Akademik Ramiz Mehdiyev tövsiyələrini verəndən sonra Əli Əhmədov bir həftə ərzində nəşr olunan qəzetlərin xülasəsini məruzə edərdi. Humanitar sahə üzrə şöbə müdiri Fatma xanım, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da burada sakitcə əyləşərdilər. Təxminən 5 il ərzində “siyasi xadim” Əli Həsənovdan ağıllı bir təklif eşitmədim. O deyirdi: 1). Redaksiyanı maddi cəhətdən təmin etməkdən ötrü mənbələr axtarın (yəni icra hakimlərindən torpaq alıb satın, alver obyekti tapın və sairə); 2). Qəzetinizdə məqalə çap etdirən hər kəsdən pul alın (mən bunları eşidəndə dəhşətə gəldim, çünki mən uzun müddət Sovet hakimiyyəti dövründə olduğu kimi, redaksiya əməkdaşlarına və ayrı-ayrı vətəndaşların yazdığı məqaləsinə görə qonorar verirdim).
...Görüşlərin birində Ramiz müəllim soruşdu ki, dövlət qəzetləri köşklərdə niyə satılmır? Mən dedim: Gələn görüşdə səbəbini öyrənib deyərəm. Əli Həsənov orada idi, səsini çıxarmadı. O özbaşına Mirkazımın “Qasid” mətbuat yayımı firmasına qəyyumluq edirdi.
Növbəti görüşədək “Qasid” firmasının Bakı şəhərində olan qəzet satışı köşklərinin hamısının fotoşəklini (13x18) ölçüdə çəkdirdim. Fotoşəkilləri stolun üstünə qoydum. “Buyurun baxın - dedim - bu qəzet köşkü deyil, mikro-dükandır. Gündəlik qəzetləri də bağlama halında necə alırlarsa eləcə köşkdə saxlayır, bir həftə sonra geri qaytarırlar”.
Mənim sözlərimdən Əli Həsənov qızardı, pərt oldu, qəzəbləndi, rabitəsiz sözlər danışdı: “Sizin hər birinizi sabah ora göndərsək, görək necə işləyə bilərsiniz?...”
Aydın oldu ki, Əli Həsənov Mirkazımın mikro-dükanlarında dəyişiklik ediləcəyindən narahat oldu. Lakin onun bazarını pozan olmadı.
Mirkazım səmimi, ürəyi təmiz bir adam idi. Əli Həsənova inanırdı. Əli Həsənov Mirkazımın deputat seçilməsinə də kömək etmişdi: Elə ki, mətbuat işi Əli Həsənova tapşırıldı, Mirkazımın bütün gəlir mənbələrini ələ keçirdi. “Qasid” mətbuat yayımı firması tənəzzülə uğradı. Köşkləri yoxa çıxdı.
Mən Mirkazımla görüşəndə deyirdim: Mirkazım nə oldu? Niyə bu günə düşdün, redaksiyalara olan borcu verə bilmirsən? Şefin niyə firmanı dağıdır?
Mirkazım dedi: Onluq deyil.
Əgər onluq deyilsə, köşklərin gəliri hara axır? Niyə jurnalistlər şəhərdə təzə köşklərə: “Əli Həsənov köşkləri” deyirlər?
Mənim Əli Həsənova hörmətim zaman ötdükcə yoxa çıxırdı. “Şəkinin səsi” qəzetinin qocaman baş redaktoru rəhmətlik Salis yadıma düşəndə fikrimdən bu sözlər keçir: “Allah sənə rəhmət eləsin, Salis! Sən nə uzaqgörən imişsən”.
“Şəkinin səsi” qəzetinin manşetinin sağ tərəfində Heydər Əliyevin fotoşəkli ilə yanaşı Salis öz fotoşəkilini verirdi. Oradaca SSRİ Nazirlər Sovetinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin imzası ilə Moskvadan - Şəkiyə göndərdiyi məktubun surəti verilirdi. Böyük rəhbər Salisə yazırdı: Moskvada da sənin qəzetini oxuyuram, xoşum gəlir.
İnsanı duyğulandıran bu münasibət qədranlığın, insani münasibətin heyrətamiz nümunəsi idi.
“Şəkinin səsi” qəzetinin ikinci səhifəsinin yuxarısında həmişə kiçik bir məqalədə təkrar-təkrar bu sözlər yazılırdı: “Prezidentin Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov “KRISA”dır. Vəzifədə olan kimsə haqqında belə sözün mətbuatda yazılması etikadan kənardır. Salislə telefonla danışanda demişdim ki, bu hörmətsizlikdir, belə yazmayın. O dedi: “Naxçıvandan başlayıb gördüyü işləri ifşa edəcəm: povest yazıram. Əli Həsənov öz işçisini göndərib ki, daha qəzetdə yazmayım, mənə prezident təqaüdü vermək istəyir”. Salis qəh-qəhə çəkib gülürdü: “O kimdir ki, mənə təqaüd versin, atasını yandıracam”.
İllər keçdi... Xəbər tutdum ki, “Azərbaycan” nəşriyyatında sexlərdə ağır alman çap dəzgahları, linotipləri yoxa çıxarıb, Əli Həsənov binanı hissə-hissə təmir etdirir, özəlləşdirir. Mən təmir zamanı binanın şəklini çəkdirdim, aparata göndərmək istəyirdim, görsünlər ki, “yüksək statuslu” məmur nəşriyyatı söküb dağıdır. Rəhmətlik Salisin sözü yada düşürdü.
Nəşriyyatın işçiləri narazılıqla deyirdilər: Əli Həsənov xarici çap maşınlarını sökdürüb satdı, binanın içərisini dəyişdirdi, icarəyə verdi. Binanı sökə-sökə gedir. Deyirlər “Kaspi” Universiteti yaratmaq istəyir. Arvadı Sona xanımı da rektor təyin edəcək.
Hadisələrin gedişi də nəşriyyat işçilərinin sözlərində bir həqiqət olduğuna şəhadət verirdi.
Əli Həsənovun arvadı Sona xanım İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Ərinin sayəsində genişmiqyaslı ictimai fəaliyyət göstərir. Azərbaycan və rus dilində nəşr olunan “Kaspi” qəzetlərinin təsisçisi, bir neçə şəhərdə fəaliyyət göstərən “Kaspi” liseyinin və eyni adlı respublika mətbuat yayımı şirkətinin rəhbəri və s. Bununla yanaşı, şair, nasir, ədəbiyyatşünas kimi tanıdılır. Əli Həsənov onu rektor hazırlayır: Ədəbiyyatşünaslıqdan heç bir nəzəri biliyi olmayan Sona xanım “Hüseyn Cavidin poetikası” mövzusunda doktorluq “yazıb” təntənə ilə müdafiə edib, VAK-da da təsdiq elətdirib.
Əli Həsənov “Kaspi” Universiteti binasını başa çatdırana qədər, güman ki, onu akademik edəcəyi arzusunda idi...
Sona xanım elmi iş yazmaq qabiliyyətində deyil. Əlli ildən çoxdur ki, ədəbiyyatşünaslıq üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi olmuşam. Bu sahədə ölkəmizdə olan mütəxəssisləri və onların yetirmələrini tanıyıram. Kimin nəyə qadir olduğunu bilirəm. Ölkəmizdə qanun və qanunçuluğa hörmət etməyən, vəzifə məsuliyyətini dərk etməyən, vəzifəsindən sui-istifadə edən “yüksək statuslu” məmur elə bilirdi ki, onun özbaşınalığına qarşı heç kəs etiraz etməyəcək.
Əli Həsənov “yüksək statuslu” vəzifəsində işləyəndə mən Sona xanımın dissertasiya müdafiəsinə qarşı etirazımı açıq-açığına bildirmişəm. Mən bu gün də tələb edirəm ki, elm aləmində yayılan “xərçəng xəstəliyinin” kökü birdəfəlik kəsilməlidir. Elmi bazara çevirmək xalqa xəyanətdir.
“Şərq” qəzetinin 20 oktyabr 2019-cu il tarixli sayında yüksək statuslu məmur Əli Həsənovun “Mən həyatımın hər anı üçün cavab verməyə hazıram” məqaləsini oxuyanda Nəriman Nərimanovun “Dilin bəlası” komediyasındakı Şamdan bəy obrazı yadıma düşdü. Şamdan bəy bütün həyatını yalan üstündə kökləmişdi, kütlə tərəfindən ifşa olundu.
Əli Həsənovun illərlə ictimaiyyəti Şamdan bəy kimi aldatması, cinayət xarakterli işləri mətbuatda və saytlarda açıq-açığına yazılmaqdadır.
Məlumatlarda deyilir: “...hələ işdən çıxarılmamışdan öncə İqtisadiyyat Nazirliyində Əli Həsənovun biznesi və obyektləri ilə bağlı araşdırma aparılıb... Həmin obyektlərin dövriyyəsi və əldə edilən qazanca müqabil olaraq vergi verilmədiyinə dair rəy hazırlanıb... Əli Həsənov işdən çıxarıldığı günün səhərindən etibarən yoxlamlara start verilib... Hazırda aparılan yoxlamaların ilkin nəticəsi milyonlarla manat vəsaitin büdcədən yayındırılmasına dəlalət edir”.
Əli Həsənov hələ işdən çıxarılmamış qorxu və təlaş içində çırpınırdı: “Bu insanlar mənim haqqımda kompramat axtarsalar da, heç zaman tapa bilməyəcəklər”. (Bax: “Şərq qəzeti”, 20 oktyabr 2019-cu il). Belə anlaşılır ki, Əli Həsənov aydan arı, sudan durudur.
Əli Həsənov kimdir? Onun öz sözləri ilə açmağa çalışacağam.
İctimaiyyətə bəllidir ki, Əli Həsənov Moskva Dövlət Universitetində aspiranturada təhsil alanda MDU-nun tarix fakültəsinin akt zalında BDU-nun tarix fakültəsinin dekanı ilə görüşün sonunda hələ sərbəst həyata qədəmlərini qoymağa hazırlaşan gənc tələbələr toplantısında Azərbaycan KP MK birinci katibi Əbdürrəhman Vəzirovu dəstəkləyən bəyanat qəbul etmişlər (“Molodyoj Azerbaydjana” qəzetinin 1989-cu il 18 may tarixli sayında gənclərin dəstək müraciətinə mövqeyi ətraflı şərh edilmişdir). Burada söhbət ağlı başında olan aspirant və tələbələrin andından gedir. Bu andı xatırlamayan Əli Həsənov dönə-dönə təkrar edir ki, “1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləmişəm”. (?)
Oradaca Əli Həsənov yazır: “Ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər?”
Əli Həsənovun bu sualına Yeni Azərbaycan Partiyasının qurucularından Əli Nağıyevin sözü ilə cavab vermək istəyirəm, özü nəticə çıxarsın ki, bu yüksək statuslu məmurun “bütün siyasi proseslərdə fəal iştirakı” dövründə nə baş verib?
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev Əbdürrəhman Vəzirovu xalqın düşməni, satqın, ona dəstək verənləri də şərəfsiz adlandırır. Sonra Əli Həsənovun bütün siyasi proseslərdə mütərəddid iştirakını reallığı ilə ortaya qoyur.
Hörmətli Əli Nağıyevin fikrini olduğu kimi oxucuya təqdim edirəm: “...Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanımışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissənin müdiri vəzifəsində çalışırdı. Xalam oğlu Rafiq Naxçıvan Universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan Universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi. Mən təhsilimi Sankt-Peterburqda davam etdirib, elmlər namizədi dissertasiyasını müdafiə etmişəm və təhsilin insan həyatında nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirəm. Təhsil mənim təəssübümdür. Sadəcə olaraq, mən Əli Həsənovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, sonra da gəlib Naxçıvan Dövlət Universitetində adi bir vəzifədə işləməsini qəbul edə bilmirdim. Bu təəssüb mənə yer edirdi. Bu, Əli Həsənovun deyil, onun təhsilinin təəssübü idi. Yəni, mənə görə Əli Həsənov ən azı Naxçıvan Dövlət Universitetində kafedra müdiri olmalı idi. Mən növbəti dəfə ora gedəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım. Əli Həsənovu da işə götürəndə yalniz və yalniz təhsilinə görə bunu etmişəm. Çünki mən özüm də Rusiyada təhsil almışam və o təhsilin nə olduğunu yaxşı bilirəm. Sonradan 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə də Əli Həsənovun Siyasi Şuranın üzvü seçilməyinə təsir etmişəm. Bakıya gələndən sonra isə onu YAP-ın aparatında işə götürmüşəm. Həmin dövrdə Surət Hüseynovun adamı olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib ondan poçtun 2 otağının Əli Həsənova verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənova iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O, gələndən sonra Əli Həsənovu əvvəlcə Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının ideologiyası şöbəsinin müdiri gərək böyük adam olsun... Mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib, Əli Həsənovu işə götürməyimə görə irad bildirdi. Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi? Mənim bu sözümdən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: “Yaxşı, ciddi nəzarət elə”.
Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, Partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi. Növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, Əli Həsənovun yalanını televiziyada canlı yayım zamanı üzünə söylədi. Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyanı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağırıb soruşuram, o da deyir ki, mən partiyanı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm. Bəli - Əli Nağıyev düz deyir. Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən səsini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdür. Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsil kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “Lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”.
Əli Həsənov haray-həşirlə, təlaşla yazdığı məqalədə köhnə dostu Qurban Məmmədov haqqında münasibətini açıqlayır.
(Əli Həsənov xarici ölkələrdən föhş, böhtan və təhqir söyləyən Qurban Məmmədovla Moskvada təhsil illəri bir yataqxanada yaşamasını, dostluq etməsini, şəkil çəkdirməsini etiraf edir. Doğrudanmı onun indi Qurban Məmmədovla əlaqəsi tam kəsilmişdir? Bəs onda Yutub-da Əli Həsənovun ailə biznesi sərgüzəştlərindən niyə danışılmır?)
Əli Həsənov məqaləsində yazır: “Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, uçuruma yuvarladıb”.
Opponentlər, demək istədiklərini dəqiq ifadə edə bilmədiklərindən Əli Həsənov öz məqaləsində müasir medianın şəffaflığını, yüksək inkişafını xatırladıb onların hücumlarını asanlıqla rədd edir. Eyni zamanda belə bir təsəvvür yaratmağa çalışır ki, media siyasətindəki uğurlar onun adı ilə bağlıdır...
Dövlətimizin başçısı İlham Əliyev deyir: “Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”...
Azərbaycan mətbuatının qısa zaman kəsiyində yüksəlişi, uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, Heydər Əliyev böyük ictimai-siyasi xadim kimi həmişə milli mətbuatın qayğısını çəkmişdir. 1993-2003-cü illərdə onun dövlət başçısı kimi media aləmi ilə sıx təması, jurnalistlərin maddi rifah halının, iş şəraitinin yaxşılaşdırılması qayğısına qalması milli mətbuatın inkişafına faydalı təsir göstərmişdir...
Təbii ki, Heydər Əliyevin media aləmində yaratdığı ənənə ilə pərvəriş tapan məfkurəli və təcrübəli jurnalistlərin nüfuzlu, çoxtirajlı qəzetlərinin kiminsə, hətta “yüksək statuslu məmurun” qəyyumluğuna ehtiyacı yoxdur.
Dövlətin kütləvi informasiya vasitələrinə, daha dəqiq desək, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması və qəzetlərə yardım göstərilməsi tapşırığını yerinə yetirməklə məşğul olan məmurlar qətiyyən iddia edə bilməzlər ki, media siyasəti ilə məşğul olurlar. Əgər bu məmurlar ictimaiyyətin qınağına tuş gəlirlərsə, demək, dürüst və şəffaf işləməyiblər. Ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi onlara görk olmalıdır: “Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.
Son 10-12 ildə Əli Həsənov ona tapşırılan media aləmində jurnalistlərin tərkibinin saflaşması, ləyaqətli seçimi qayğısına qalmayıb (Donuz otaran da kiçik formatlı qəzetlərdə baş redaktorluq edib). Jurnalistika kursları təşkil etmək əvəzinə, müxtəlif mövzularda müsabiqə yolu ilə bilikli jurnalistlərdən çox, kəmsavad jurnalistləri müsabiqəyə cəlb edib, onlarda plagiatlıq vərdişi yaradıb (Vüqar Səfərlinin oğlunun min manat xatirinə nazirliyin saytından çıpışdırdığı yazını müsabiqəyə təqdim etmək halları da olub).
Jurnalistikanın inkişafına və redaksiyalarda işlərin təşkilinə dövlətin ayırdığı milyonlara göz dikənlər maddi yardımdan nəzərdə tutulduğu kimi məqsədyönlü istifadə etməmişlər.
Korrupsiyaya uğrayan bu adamlar ehtiyacı olan jurnalistlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Prezidentin qayğı və mərhəmətinə dürüst yanaşmayıb “qızıl həqiqət və ədalət” nizamını pozmuşlar. Etiraf edək ki, jurnalistlər ordusunda ciddi narazılıq, inciklik yaradıblar.
Təbii ki, bu xoşagəlməz münasibət yüksək statuslu məmurun dirijor çubuğu, Vüqar Səfərlinin “riyazi savadı” gücünə yaranmışdır. Müşahidə qrupunun rəhbəri Həsən “şefi” Əli Həsənovun qorxusundan dinib-danışmamış, gözünü yummuşdu.
Haşiyə: “Ensiklopediyanın baş redaktoru səslənən telefon dəstəyini sevincək götürür. O gözləmədiyi yad bir səs deyir:
— Salam, mən filankəsəm... Sizi təbrik edirəm, Siz mənim müdirim olacaqsınız, mən də sizin müavininiz, əl-ələ verib qardaş kimi işləyəcəyik, təbrik edirəm.
— Sağ olun, xoşxəbər olasınız”.
Bu sözləri yüksək statuslu məmur oxusun, xatırlasın. Bilsin ki, “quyunu dərin qazan, özü də düşər”. Atalar sözü hədər deyil. O, günahsız, nəcib, müdrik şəxsiyyətə qəsd edən, axırına çıxan nəsilbənəsil zəlil olmalıdır”.
Əli Həsənov məqaləsində yazır: “Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən, cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm”.
Həqiqətən də belədir. Şöbə müdiri Əli Həsənov bütün qeyri-dövlət qəzetlərində, demək olar ki, hər gün şəkli ilə bərabər “ölkənin sözçüsü” kimi təqdim olunur, hadisələrə münasibətini bildirirdi. Məndə belə bir təəssürat oyanmışdı ki, o rəhbərlik etydiyi şöbənin genişşaxəli, miqyaslı işlərinə girişə bilmədiyindən diqqətdə olmaq istəyir. Sən demə, ikinci əsas, gizli peşəsi ailə biznesi obyektləri yaratmaqla ciddi məşğul olurmuş.
Novxanıda bağ salıb ev tikdirmişdi. Mən şahidi olduğum beş yerdə əlavə torpaq sahəsi də almışdır.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həmkarlarından fərqli olaraq daha özünü “ölkənin sözçüsü” kimi deyil, bütün Azərbaycanda geniş səlahiyyətə malik yüksək statuslu məmur, ölkə prezidentinin köməkçisi kimi təqdim etdi. (O, məqaləsində yazır: “...Mənim kimi yüksək statuslu bir məmur, ölkə prezidentinin köməkçisi...”)
Bu ona görə idi ki, öz şəxsi problemlərini həll edəndə, kiməsə təsir göstərəndə Şamdan bəy kimi yalan, uydurma sözlərinə adamları inandıra bilsin.
Mənimlə telefon söhbətində əmin oldum ki, səlahiyyət həddini aşıb. 2007-ci ildən “Respublika” qəzetini bağlatmağı qarşısına məqsəd qoyan Əli Həsənovla əlaqəmi kəsmişdim. 2018-ci ildə mənə telefonla zəng vurdu. Aramızda olan danışığı olduğu kimi yazıram:
“- Kimdi? Eşidirəm...
- Əli Həsənovdu.
- Buyurun — qəzəblə dilləndim.
- Siz Prezidentə yazırsız ki, Əli Həsənov “Respublika”nı müflisləşdirib. Mən neyləmişəm?
- Əməllərindən xəbərin yoxdur?! İstəyirsən birini deyim: 2008-ci ildən yeni mətbəənin açılışına gələn Prezidentimiz İlham Əliyev göstəriş verdi ki, dövlət qəzetləri rəngli nəşr olunduğuna görə, öz işlərini qaydaya salmaq üçün hər redaksiyaya 250 000 manat yardım verilsin. Necə oldu? Bütün redaksiyalar köməyi aldı, “Respublika”ya yardım vermədin, mənimsədin.
Əli Həsənov dedi:
- O mənlik deyil, prezidentlikdir.
- Ağlına gələni niyə danışırsan? - dedim. Atası yaratdığı, qayğı göstərdiyi qəzetə, balası deyir kömək eləmə!..
Bu dialoq Əli Həsənovun səlahiyyətini aşdığını göstərirdi. Həm də mənə məlum oldu ki, Prezidentə şəxsən göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilir.
Əli Həsənovun mənə telefon açmasının səbəbi, məni inandırmaq idi ki, Prezident 250 000 manat köməyi “Respublika”ya verməyib.
Əgər həqiqətən belə olsaydı, mənə rəsmi xəbər verərdilər ki, “Respublika” rəngli nəşr edilməsin. Son 12 ildir ki, “Respublika”nın rəngli nəşri redaksiyada təbii borcun yaranmasına səbəb olub. Günlərin bir günü Prezidentin “Respublika”ya diqqət yetirəcəyindən Əli Həsənov qorxuya düşmüşdü. Əli Həsənov onun qanunsuz, xəyanətkar hərəkətlərindən heç kəsin xəbər tutmaması üçün “Respublika” qəzetinin bağlanmasını, əgər bu mümkün olmasa baş redaktorun uzaqlaşdırılmasını qarşısına məqsəd qoymuşdu...

(Davamı növbəti saylarımızda)

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/25246-bumerang?fbclid=IwAR038hTbwyynLL6p9OkOQ8dgH23unDueuQ0BFogAL56WSV2JZeYJsLH_YYg

Комментариев нет:

Отправить комментарий