Страницы

15.12.2019

Rüfət Dahi - Məni

Saldı kədər, qəm dolu ümmanlara aləm məni.
Üzdü bu aləmdəki hər qüssə, kədər, qəm məni.

Meyvəsi saf çıxmadı illərlə bizim bağların,
Düzləri alçaltmaq imiş niyyəti alçaqların.
Qəlbimə dostlar tərəfidən çəkilən dağların
Çoxluğu etmiş qayalardan daha möhkəm məni.

Üzdə gülüb dalda nələr söylədilər sonradan,
Ruzimi böldum, mənə gör neylədilər sonradan,
Süfrədə hər neməti nuş eylədilər, sonradan,
Düşdü işim müşgülə- tərk etdilər ol dəm məni.

Şeytanın ağuşuna almış sizi, zəncir sizi,
Düzdür, o vaxt eyləməmişdim belə təsvir sizi.
Pul verib aldatdılar hərçənd ki bir-bir sizi,
Həm sizi “yandırdı” bu alçaqlığınız, həm məni.

Saldı fələk rahımı zindanlara, oldum qərib,
Heç mənə dostum deyən oğlanlarınüz döndərib,
Gəlməyi vacib deyil əslində, salam göndərib
Bir dəfə yad etməyi eylərdi xətircəm məni.

Sadiq olar dostu deyiblər atalar siddiqin,
Dərk edə bilmir çox adam “dost” sözünün məntiqin.
Baxma ki hecaya bölünmür, bu tapıb təsdiqin,
Zənn edərək böldülər axmaq səni, sərsəm məni.

Düzdü vətən sevgisi dillərdə, dodaqlardadır,
Əsli vətən bizlərə burdan çox uzaqlardadır.
Ruhumuzun mənzili cənnətdəki bağlardadır,
Gözləyir orda nənəm Həvva, babam Adəm məni.

Açdı Rüfət əlləri Beynol hərəmeyn eşqinə,
Gəl mənə rəhm eylə mübarək Səqəleyn eşqinə.
Çoxdu günahım, məni əfv eylə, Hüseyn eşqinə,
Qoyma ki yandırsın o dünyada cəhənnəm məni.

Комментариев нет:

Отправить комментарий